Oqtay Kazımi "bir-iki günə yazılan" mahnıları bəyənmir

 

"Bir-iki günə yazılan mahnıya mahnı deyə bilmirəm. Düşünürəm ki, qısa müddətdə yazılan mahnının keyfiyyəti aşağı olar. Mənim aləmimdə, yaxşı mahnı 8-9 aya, bəlkə bir ilə ərsəyə gəlir. Burada söhbət mövzu qıtlığından getmir, çünki mövzu çoxdur. Əsas mahnını professional şəkildə təqdim etməkdir". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında xalq artisti, bəstəkar Oqtay Kazımi deyib. Bəstəkar tez-tez mahnı yazmağı xoşlamadığını da vurğulayıb: "Yaradıcılığımda hələlik heç bir yenilik yoxdur. Tez-tez mahnı yazmağı sevmirəm, həm razılaşmıram ki, bir-iki günün içində mahnı yazmaq olar. Müğənnilərin əksəriyyəti bu gün nədənsə məhəbbət mövzularına müraciət etməyə üstünlük verirlər. Baxmayaraq ki, mənim yaradıcılığımda da haradasa məhəbbət mövzuları çox olub, lakin mən bu gün daha çox həyati mövzulara üstünlük verirəm". Bəstəkar son vaxtlar müğənnilərin ifasında bayağı musiqilərin səslənməsinə toxunub: "Bunun əsas günahkarı müğənnilərdir. Çünki məşhur mahnıları, xalq mahnılarını oranjeman etdirib elə kökə salırlar ki, adam qulaq asmaq istəmir. O qədər qəribə ifalar nümayiş etdirirlər ki, adam bilmir, bu mahnı hansı xalqa məxsusdur. Şəxsən mənim özümün bir mahnımı - "Ayrılıq olmayaydı" mahnısını gənc müğənnilərdən biri neçə il bundan əvvəl yeni oranjemanda oxumuşdu. Mən o mahnını həzin mahnı kimi yazsam da, o, oranjeman etdirib ritmikləşdirmişdi. İndi zəmanə bir qədər dəyişib, gənclər daha çox ritmik mahnılara üstünlük verir. Gördüm, bu mahnı da ritmik formada gənclər tərəfindən daha yaxşı qarşılanır, ona görə etiraz etmədim, baxmayaraq ki, bu, mənim xoşuma gəlmədi. Çünki gənclərə güzəşt etmək lazımdır. Onlar axtarışda ola-ola özlərini bu sənətdə tapmalıdırlar. Gənclərin daim axtarışda olması onların inkişafı deməkdir. Həm çox istedadlı gənclər yetişir, onları ruhdan salmaq olmaz, əksinə hər birimiz onları dəstəkləməliyik. Eyni zamanda onlara düzgün yol göstərməliyik".

 

 

525-ci qəzet.- 2009.- 3 aprel.- S.7.