Azərbaycanda muğam təntənəsi - dünyanın musiqi bayramı

 

Azərbaycan martın 18-dən 25-dək möhtəşəm bir sənət bayramına - Beynəlxalq Muğam Festivalına ev sahibliyi etdi. İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində dünya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrildi, Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərinin bir daha Azərbaycana yönəldi. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirdi, festival proqramı həm rəngarəng, həm də yaddaqalan oldu. Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan bu irimiqyaslı tədbir Bakının bu il İslam ölkələrinin paytaxtı elan olunmasının heç də təsadüfi olmadığını göstərdi. Muğamla bağlı möhtəşəm tədbirin keçirilməsi muğam sənətinin tarixində yeni bir mərhələnin başlanmasına rəvac verdi. Eyni zamanda muğam sənətinə həsr olunmuş və belə yüksək səviyyədə keçirilən beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və elmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı olduğunun göstərdi. Qərblə Şərq arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının keçirilməsi bir daha sübut etdi ki, xalqımızın əsrlər boyu qoruyub saxladığı, daha da təkmilləşdirdiyi muğam sənəti dünyanın mədəni irs siyahısına daxil olan ən layiqli nümunələrindəndir. Azərbaycan Bəstəkarlar İttifaqı, başda qurumun sədri xalq artisti, professor Firəngiz Əlizadə olmaqla festivalın təşkilində, keçirilməsində yaxından iştirak etdi. Festivalın bədii tərtibatı məhz Firəgiz xanımın əməyinin məhsulu idi. Bəstəkarlar İttifaqının üzvləri "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının ilk günündən fəal şəkildə çalışdılar.

Festivalda iştirak edən 47 ölkənin nümayəndələri ölkəmizə təşrif buyurmuşdular. Martın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpoziumun açılışı oldu. Simpoziumun açılış mərasimində çıxış edən YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq Bakıda belə bir beynəlxalq festivalın keçirilməsini yüksək qiymətləndirdi. O dedi ki, Fransa muğamla ilk tanışlıqdan bu musiqiyə valeh olub. Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Vim Van Zanten muğamın incəliklərindən, bu sahədə aparılan tədqiqatlardan danışdı. Qonaq dedi ki, musiqi festivalının və simpoziumun keçirilməsinin səbəbi odur ki, Azərbaycanın ən böyük dəyərlərindən biri olan muğam bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına düşüb. İnanırıq ki, Azərbaycan musiqisi, mədəniyyəti bundan sonra digər xalqlar tərəfindən daha da yaxından öyrənilərək seviləcək. Martın 20-dək davam edən simpoziumun iclaslarında Almaniya, Çin, Özbəkistan, Kanada və Tacikistandan olan tanınmış alimlər ilə yanaşı Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin də məruzələri dinlənildi. Dünyanın müxtəlif ölkələrindən ənənəvi Şərq musiqisini tədqiq edən 30-dək alimin, musiqi xadiminin iştirak etdiyi beynəlxalq simpozium xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə, inkişafına təkan verdi. Simpoziumun materialları müxtəlif dillərə tərcümə edilərək çap olunub.

 Martın 20-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində muğam üzrə beynəlxalq elmi simpoziumun yekunlarına həsr olunmuş "dəyirmi masa" keçirildi. Professor Firəngiz Əlizadə bütün iştirakçıları salamladı və bölmə iclaslarında dinlənilən məruzələri yüksək qiymətləndirdi. F.Əlizadə bildirdi ki, muğamla bağlı keçirilən simpoziumlar, festivallar mədəniyyət sahəsində dünya alimlərinin gözəl işbirliyinə bariz nümunədir: "Biz "Muğam aləmi" beynəlxalq festivalı çərçivəsində muğamı təbliğ etməklə yanaşı, həm də bu musiqinin nəyə qadir olduğunu, hansı kökə, tarixə məxsusluğunu göstərəcəyik. Festival iştirakçıları bir daha Azərbaycan muğamlarının və bütövlükdə musiqimizin özəlliklərini, orijinallığını dərk edəcək və bu tədbirlərdən xüsusi zövq alacaqlar. Simpozium bu istiqamətdə yeni beynəlxalq tədbirlərə yol açdı".

Təklif edildi ki, növbəti simpoziumlarda, beynəlxalq festivallarda müəllif musiqisi və muğam sənəti, müxtəlif xalqların ənənəvi musiqisində muğamın rolu, onun mənbəyi və digər bu kimi mövzulara daha geniş yer ayrılsın.

"Muğam aləmi" festivalı çərçivəsində keçirilən beynəlxalq elmi simpoziumda 20-dək ölkəni təmsil edən alimlərin 80-ə yaxın məruzəsi dinlənildi. Tədbirdə Almaniyadan, Rusiyadan, Niderlanddan, Fransadan, Tunisdən gələn nümayəndələr, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Zemfira Səfərova, akademik Bəkir Nəbiyev, akademik Vasim Məmmədəliyev və başqaları çıxış etdilər. Birmənalı olaraq vurğulandı ki, simpozium çərçivəsində dinlənilən məruzələr muğamın öyrənilməsi, tədqiqi baxımından olduqca vacibdir.

Martın 20-də Muğam Mərkəzində "Muğam aləmi" I Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimi keçirildi. Tədbirdə nitq söyləyən Prezident İlham Əliyev ölkəmizdə keçirilən birinci Beynəlxalq Muğam Festivalını yüksək qiymətləndirərək dedi: "Bu hadisə bizim üçün çox önəmlidir. Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci Beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir".

Sonra mərasim iştirakçıları xalq artisti Firəngiz Əlizadənin quruluşunda hazırlanan ədəbi-bədii muğam kompozisyasını izlədilər. İlk olaraq elektronik musiqinin müşayiətilə səhnədə kainatın vizual görüntüsü əks olundu və bu sözlər səsləndirildi: "1977-ci ildə "Voyajer" ABŞ kosmik raketi fəzada yeni sivilizasiyalar axtarışı üçün səyahətə çıxdı. Bəşəriyyət tarixini əks etdirən ən mühüm materiallar qızıl disklərə yazılaraq raketdə yerləşdirildi. Bu məlumatlar toplusunda Azərbaycan muğamının kodu vardı".

Konsert zamanı xanəndələrimiz 7 əsas muğamımızı oxudular və böyük şair Bəxtiyar Vahabzadənin "Muğam" poemasından müvafiq parçaları Bakı Bələdiyyə Teatrının aktyoru, tanınmış qiraət ustası, əməkdar artist Azad Şükürov səsləndirdi. Yeri gəlmişkən, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin simvolizə etdiyi kimi, "Rast" muğamı oxunarkən səhnədə kainatın cisimləri ağ fonda Venera, "Şur" oxunanda mavi fonda Yer, "Segah"da yaşıl fonda Ay, "Çahargah"da qırmızı fonda Mars, "Bayatı-Şiraz"da qızılı fonda Günəş, "Şüştər"də bənövşəyi fonda Pluton, "Humayun"da qara fonda Saturn planeti əks olunurdu. Muğamları I Respublika Muğam Müsabiqəsinin laureatları Təyyar Bayramov, Babək Niftəliyev, Vəfa Orucova, Arzu Əliyeva, həmçinin istedadlı gənc xanəndələr İlkin Əhmədov, Güllü Muradova və Elməddin İbrahimov təqdim etdi.

Martın 22-də Azərbaycan Dövlət Muğam Teatrında "Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində Azərbaycan muğamının dostları ilə görüş keçirildi. Professor Firəngiz Əlizadə iştirakçıları salamlayaraq bildirdi ki, bu müsabiqə bir çox ölkənin sənətçilərinə özlərini tanıtmaq, nəyə qadir olduqlarını sübut etmək imkanı yaradıb: "İnanıram ki, beynəlxalq simpoziumda olduğu kimi bu dəfə də iştirakçılar bir-birindən maraqlı görüşlərin, ifaların, musiqilərin şahidi olacaqlar".
   Tədbirdə çıxış üçün söz alan Çin-Sinjan muğam ansamblının bədii rəhbəri Dolqun Səpar Azərbaycana ilk dəfə gəlməsindən və burada gördüklərindən məmnun qaldığını söylədi: "İlk dəfədir ki, Azərbaycana gəlirəm. Altı gün ərzində burada gördüklərim məni olduqca valeh etdi. Azərbaycan həqiqətən da çox gözəl bir ölkədir".

Dolqun Səpar bildirdi ki, Bakıda keçirilən beynəlxalq muğam festivalı xalqlar arasında mədəni əlaqələrin yaranmasına yaxşı imkanlar açacaq. O dedi ki, Azərbaycan və uyğur muğamları arasında çox yaxın əlaqələr mövcuddur.

 Daha sonra Tacikistanın xalq artisti Afzalşo Şodiyev, həmçinin Azərbaycanın əməkdar artisti Gülüstan Əliyevanın çıxışları dinlənildi. Azərbaycan xalqının "yeznəsi olmaqdan" həmişə fəxrlə danışan ABŞ vətəndaşı musiqiçi Cefri Verbokh tar, kamança və udda Azərbaycan muğamlarını böyük ustalıqla ifa etdi. Tədbirin sonunda Firəngiz Əlizadənin təklifi ilə müxtəlif ölkələrin xanəndələri birlikdə bəzi zərb muğamlarından hissələr oxudular. Həmin gün Azərbaycan Dövlət Kukla Teatrında beynəlxalq muğam müsabiqəsinin açılışı oldu. Müsabiqəyə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 20 iştirakçı qatılmışdı. Azərbaycanı yarışmada beş ifaçı - Təyyar Bayramov, Vəfa Orucova, Babək Niftəliyev, Arzu Əliyeva və Səbuhi İbayev təmsil edirdi. Bakıda keçirilən "Muğam aləmi" Beynəlxalq festival çərçivəsində muğam müsabiqəsinə martın 24-də yekun vuruldu. Azərbaycan xanəndəsi Təyyar Bayramov münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin baş mükafatı "Qran-pri"yə layiq görüldü. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan müsabiqədə Özbəkistan təmsilçisi Yulduz Turdıyeva birinci, İran musiqiçisi Məhəmməd Motamedi ikinci, misirli Mustafa Səid üçüncü yeri tutdu. Müsabiqədə müxtəlif nominasiyalar üzrə fərqlənmiş müsiqiçilər də mükafatlandırıldı.

Təhsil Nazirliyinin təsis etdiyi "Ən yaxşı musiqi ifaçısı" mükafatını nazir Misir Mərdanov əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədova, Mədəniyyət və Turizm Nazirliyinin "Qarabağ şikəstəsi"nin ən yaxşı ifaçısı nominasiyası üzrə mükafatını nazir Əbülfəs Qarayev Tacikistan sənətçisi Xurşed İbrohimova, Azərbaycan Bəstəkarlar İttifaqının "Ən gənc ifaçı" mükafatını isə İttifaqın sədri, xalq artisti Firəngiz Əlizadə Arzu Əliyevaya təqdim etdi.

Martın 25-də Heydər Əliyev Sarayında Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasiminə həsr edilən konsert oldu. Bağlanış mərasiminə həsr edilən konserti əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimovun idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri Fikrət Əmirovun "Şur" simfonik muğamı ilə açdı. Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Mövlamova "Şur" təsnifini ifa etdilər. Azərbaycan musiqisinin ən gözəl incilərini dinlənildi. "Muğam aləmi" beynəlxalq festivalının bağlanış mərasiminə həsr edilən konsert proqramı zənginliyi ilə fərqlənirdi. Hər bir ifa sürəkli alqışlarla qarşılandı. Xalq artisti Firəngiz Əlizadənin bədii quruluş verdiyi konsertdə Azərbaycan musiqisinin əzəməti səhnədə əks olunan vizual görüntülərlə təmasa girərək möcüzəvi muğam dünyası barədə real təəssürat yaratdı. Bu zaman səhnədə Avropa üslublu Azərbaycan musiqisi ilə milli musiqi harmonik kadensiyalarla bir-birinə ötürülürdü. Namiq Mənanın milli musiqi alətimiz sazın müşayiəti altında iştirakçıları meyxana ilə səhnəyə dəvət etməsi böyük tarixə malik Azərbaycan folklorunun, mədəniyyətinin göstəricisi kimi daha orijinal alındı. Gənc opera sənətçilərimizin ifasında milli operalarımızdan "Leyli və Məcnun", "Aşıq Qərib" və "Şah İsmayıl"dan göstərilən səhnəciklər konsertə əlavə gözəllik verdi.

Bütövlükdə "Muğam aləmi" Beynəlxalq Festivalı mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrildi, ayrı-ayrı xalqların nümayəndələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq etdi, xalqların daha da yaxınlaşmasına mühüm bir töhfə oldu. "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun muğamın qorunub saxlanması, gələcək nəsillərə çatdırılması sahəsində atdığı daha böyük bir addımdır. Bu festival bütün türk dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut etdi. Bir həftəlik möhtəşəm muğam bayramından sonra çoxsaylı qonaqlar islam mədəniyyətinin paytaxtı olan, Şərq və Qərb mədəniyyətini özündə sintez edən gözəl Bakıdan festivalın bir daha təkrarlanacağı arzusu ilə ayrıldılar.

   

 

İltifat HACIXANOĞLU,

Azərbaycan Bəstəkarlar

İttifaqının mətbuat katibi

 

525-ci qəzet.- 2009.- 3 aprel.- S.5.