Tarixi abidələrin
sökülməsi xarici
qurumları narahat edir
BAKIDA BUNUNLA BAĞLI BEYNƏLXALQ KAMPANİYALAR
KEÇİRİLƏCƏK
Dünən D.Əliyeva
adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətində
"İslam" Demokratiya və İnsan Haqları Mərkəzi
"Tarix, mədəni və təbii irsi qoruma şəbəkəsi"
ilə birgə "Avropa mədəni irs siyasəti və Azərbaycan
gerçəkliyi" mövzusunda mətbuat konfransı
keçirib. Cəmiyyətin sədri Novella Cəfəroğlu
bildirib ki, adıçəkilən şəbəkə
üç ildən çoxdur fəaliyyət göstərir
və quruma 30-dan artıq təşkilat daxildir. Onun sözlərinə
görə, şəbəkə 2006-cı ildə, yəni
İçərişəhərdə söküntü
işləri aparılmağa başlayanda yaradılıb və
əsas məqsəd də bu problemlə mübarizə
aparmaqdır. Amma bütün səylərə baxmayaraq Azərbaycanın
tarix və mədəniyyət abidələrinin, yaşıllıqların
məhvi davam edir. N.Cəfəroğlu bununla bağlı beynəlxalq
qurumlarla əməkdaşlığın zəruriliyini
vurğulayıb.
"İslam"
Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri
Aytəkin İmranova isə deyib ki, baxmayaraq Azərbaycanın
bütün qanunlarında, o cümlədən mədəniyyət,
tarix və mədəniyyət abidələrinin qorunması
haqqında qanunlarda, Konstitusiyada abidələrin sökülməsi
bilavasitə qadağandır, amma ölkədə bu proses
gedir. Şəbəkə indiyə kimi ölkə rəsmilərinə,
millət vəkillərinə və digər müvafiq
orqanlara bununla bağlı müraciətlər edib. Eyni zamanda
məhkəməyə şikayət verilib. Hazırda iş
Ali Məhkəmədədir və cavab alındıqdan sonra
Avropa Məhkəməsinə şikayət ünvanlanacaq. İçərişəhərdə
sökülmə işlərinin davam etdiyini deyən
A.İmranova Respublika sarayının arxasında qış
parkı tikintisi adı ilə binaların uçurulduğunu
söyləyib. Bildirib ki, Şəmsi Bədəlbəyli
küçəsində dövlət siyahısında qoruma
altında olan binaların 5-6-sı artıq sökülüb.
A.İmranova tarix və mədəniyyət abidələrinin
qorunması ilə bağlı beynəlxalq sənədlərin
olduğunu və Azərbaycanın onların hansısa
qoşulduğu ilə bağlı da monitorinq
aparacaqlarını deyib. Əlavə edib ki, hazırda Avropada əsas
istiqamət tarix, mədəniyyət və müxtəlif
növ işləri qorumaq üzrə fəaliyyət həyata
keçirilir və bu məqsədlə bir sıra şəbəkələr
yaradılıb. Skandanaviya ölkələrində,
Belçika, Fransa və Avropanın digər dövlətlərində
belə şəbəkələr mövcuddur. Orada daha sivil və
rahat yolla problemlər həll edirlər. A.İmranova əlavə
edib ki, bu yaxınlarda Belçikada beynəlxalq tədbirdə
məruzəçi kimi iştirak edib. "Orada qədim şəhərlər
necə var, elə də qorunub saxlanıb. Heç kim deyə
bilməz ki, Avstriyanın, Belçikanın, yaxud da hansısa
bir Avropa ölkəsinin göydələnlər tikməyə
imkanı yoxdu. Amma heç bir yerdə bizdəki kimi kütləvi
tikinti getmir və bunun üçün tarix, mədəniyyət
abidələri dağıdılmır ,yaşıllıqlar
məhv edilmir". A.İmranova deyib ki, tədbirdə Avropa
Parlamenti mədəniyyət komissiyasının rəhbərləri,
parlamentarilər, Belçikadan olan nazirlər iştirak edirdilər.
Keçmiş SSRİ məkanından isə Estoniya və Azərbaycan
tədbirdə təmsil olunurdu. "Konfransda qeyd etdim ki,
artıq bu işi aparmaq üçün daxili, hüquqi, mədəni,
elmi, ictimai və maliyyə mexanizmlərinin gücü yetərli
deyil. Yəni qərar qəbul edənlərə bu vasitə
ilə təsir etmək mümkün deyil. Xarici şəbəkə
nümayəndələri isə bildirdilər ki, beynəlxalq
təşkilatların razılığı əsasında bu
il yaxud da gələn ildən Bakı ilə bağlı beynəlxalq
kampaniyalar keçirəcəklər". Beynəlxalq şəbəkələrə
inteqrasiya məsələsinin də gündəmdə
olduğunu deyən A.İmranova bildirib ki, xarici mədəni
qurumlarla əməkdaşlığı genişləndirmək
niyyətindədilər. A.İmranova bu təşkilatların
məsələyə müdaxiləsinin nəticəsi
olacağını güman edir. "Çünki beynəlxalq
təşkilatların çağrışları Azərbaycanda
daha çox eşidilir. Avropa parlamenti, YUNESKO yanında həmin
şəbəkələr məsləhətçi statusu
olan təşkilatlardı və onların səsləri təbii
ki, eşidiləcək".
P.SULTANOVA
525-ci qəzet.- 2009.- 3 aprel.- S.5.