CANAVARLAR
"Külli-məxluqatın ən zəifi
insandır..."
İlyas Əfəndiyev
... sonra Boz canavar yenə
yoluna davam etdi, başını aşağı salıb -
qurumuş kol-kosun çör-çöpü az qala burnuna,
susuzluqdan cadar-cadar olmuş dodaqlarına
sürtülürdü - irəlidə, qancıq isə arxada
gedirdi və ara-sıra özü ilə Bozun arasında
addımlayan küçüklərə baxsa da,
küçüklərin qulaqlarının,
quyruqlarının azacıq tərpənişi, titrəyişi
belə, görünür, onun gözlərindən
yayınmasa da, nəzərlərini Boza dikmişdi. Boz
dayananda, qancıq da yerində donub dayanırdı, Bozun
qulaqlarının, boynundakı, belindəki tüklərin,
quyruğunun azacıq titrəyişi-tərpənişi ona nə
deyirdi, hansı işarəni verirdisə, bunu başa
düşdüyünü, anladığını elə o
andaca qancığın gözlərinin ifadəsi büruzə
verirdi.
Boz canavar
haçansa buralardan keçmiş erkək canavarın
sidiyinin qoxusunu hiss etdi, bir an burnunu qupquru qurumuş kolun dibinə
dirəyib, torpağı iylədi, sonra onun özündə də
bir sövq-təbii yarandı ki, bu yerlərdə iz qoysun,
arxasını kola yaxınlaşdırıb, sağ
ayağını qaldırdı, amma nə qədər
gücəndisə də, torpağa bir damla da sidik sala bilmədi
və onun susuzluqdan qurumuş sidik kisəsi,
görünür, beləcə gücənmədən
sancdı, ya bədənində hansısa başqa bir
narahatlıq baş verdi, çünki Boz acıqla
mırıldayıb, başını yuxarı
qaldırdı, havanı iylədi, sonra yenə
başını aşağı salıb, Şərqə
doğru yoluna davam etdi.
Qancıq
ayaq saxlayıb, elə bil, bütün bu günlər ərzində
daha da dərinə düşmüş, dibə
çökmüş gözləri ilə beş
addımlıqdan Bozun hərəkətlərini müşahidə
etdi, sonra o da tərpəndi və qurumuş kolun yanından
ötəndə, haçansa bir cavan erkək canavarın bu
kolun dibində qoyduğu işarəti hiss etdi, amma bu, onun diqqətini
yayındırmadı - onun bütün diqqəti ancaq Bozda
idi.
O vaxt ki,
Boz cavan və güclü bir canavar kimi ərsəyə gəldi,
o vaxt ki, bu cavan və güclü erkək canavar öz
yuvasını və ailəsini qurmaqdan ötrü
doğulduğu və böyüdüyü yuvadan, o
yuvadakı canavarlardan həmişəlik ayrıldı, o vaxt
ki, təbiət onu qancığı ilə
rastlaşdırdı - həmin çağlarda Bozun əldə
etdiyi və həmişə də nəzarətdə saxladığı
böyük ərazisi onun yeni yaranmış ailəsi
üçün, bu ailədə doğulan, böyüyüb
ailəni tərk edən yeni-yeni nəsillər
üçün, bəlkə də, dünyanın ən
gözəl canavar məskənlərindən biri idi. Münbit
torpaq, vaxtlı-vaxtında yağan yağışlar,
dağların qış-yay qarlı zirvələrindən
axıb gələn çaylar bu ərazini dırnaqlı
heyvanların - ceyrandan tutmuş dovşanacan sevimli məkanına
çevirmişdi və Boz canavar bütün bu ərazinin
qorxunc və zəhmli sahibi, mahir ovçusu kimi
qancığı ilə bərabər neçə illər
idi ki, özü kimi sağlam və güclü canavar nəsillərini
böyüdüb təbiətə ötürürdü.
Bozun ərazisində
heç nə bu dəhşətli quraqlıqdan xəbər
vermirdi, yəqin ki, Boz da, qancıq da (və oradakı
dırnaqlı heyvanlar da!), ümumiyyətlə, heç
quraqlığın nə olduğunu bilmirdilər də. İnişilki
balalar böyümüşdülər, ayrılmaq vaxtları
idi, amma yuvada qalıb, qancığın yeni doğduğu
builki küçüklərə qulluq etdilər və elə
ki, küçüklər bir az özlərini tutdular,?
payızın əvvəlləri idi - inişilki balalar - cavan
canavarlar ayrılıb, Bozun yuvasından həmişəlik
getdilər. Bu dəhşətli quraqlıq da elə o
vaxtlardan başladı, günlər keçdi, bu fəlakət
ərazidəki ağacları, kolları qurutdu,
çayların suyu çəkildi, torpaq cadar-cadar oldu və
aclıq dırnaqlı heyvan sürülərini Şərqə
tərəf - sulara doğru qovmağa başladı, amma
sürülərin ardınca öz ərazisindən
çıxan Bozla qancıq küçüklərə
görə geri qalmışdı, sürüləri izləməkdə
gecikmişdi, o sürülər çox irəliyə
getmişdilər, onların heç qoxusu da gəlmirdi.
Boz canavar
artıq neçə müddət idi ki, ac və susuz ailəsi
- qancığı və iki küçüyü ilə
qurumuş ağacların, kol-kosun arasıyla Şərqə
tərəf gedirdi. Onlar rastlarına çıxan qurumuş
çay çuxurlarının dibində qalmış və
iylənmiş lili yalaya-yalaya susuzluqlarını az da olsa,
yatırırdılar, amma ət yox idi və aclıq
onları məhv edirdi.
Boz hərdən
ayaq saxlayıb, dişi ilə qurumuş kolların gövdəsini
dartır, köklərini torpaqdan çıxarırdı və
o köklər tamam qurumamışdısa, Boz onları
qancıqla küçüklərə tərəf
atırdı, küçüklər əvvəlcə hərisliklə
o yarıqurumuş köklərin üstünə
atılırdılar, sonra onları iyləyə-iyləyə,
elə bil, iyrənib kənara çəkilirdilər,
qancıq isə o kökləri gəmirib, şirəsini udub,
çeynədiyi məhlulu ağzından yerə
tökürdü. Küçüklər təzədən o
məhlulun üstünə atılırdı, amma yenə onu
iyləyib, kənara çəkilirdilər. Bəzən Boz
özü də dartıb torpaqdan
çıxartdığı o yarıquru kökləri gəmirirdi,
amma bu vaxt başını aşağı salıb,
arxasını qancığa və küçüklərə
çevirib, quyruğunu da dal ayaqlarının arasına
alırdı, elə bil, istəmirdi ki, qancıq da,
küçüklər də onun bu yarıquru kökləri
gəmirdiyini görsün...
Küçüklər
Ana canavarla Bozun arasında uzanıb, gözlərini
yummuşdu və onlar nəfəs aldıqca, boş
qarınlarının nazik dərisi qalxıb-endikcə,
görünür, aclıq daha artıq əzab-əziyyət
verirdi, küçüklər zəif səslə zingildəyir,
tez-tez səksənərək gözlərini
açırdılar. Qancıq böyrü üstə
uzanıb, həmin an, elə bil ki, bütün bu Şərq
yolçuluğunun işgəncəsindən zinhara gəlib,
heç nə ifadə etməyən gözlərini Boza zilləmişdi,
Boz isə gərgin və narahat gözləri ilə diqqətlə
bir xeyli uzaqdakı quru kolluğa tərəf baxırdı. Orada
- o quru kolluğun arxasında güclə seziləcək
kölgə kimi nəsə vardı və Boz bilirdi ki, o
kölgə, o "nəsə" bütün bu müddət
onların ardınca gələn, onları izləyən ac və
kimsəsiz çaqqaldır. Boz canavar sövq-təbii, yəqin,
burasını da bilirdi ki, o ac və yalqız çaqqal
onlardan, yəni Bozun ailəsindən hansınınsa ölməyini
gözləyirdi; gözləyirdi ki, sağ qalanlar gedəndən
sonra o cəsədlə qarnını doyuzdura bilsin.
Amma canavar
dünyasının öz qanunları var idi.
Bu
qanunları hətta o dəhşətli quraqlıq, o ac
yolçuluq da poza bilməzdi...
Boz
canavarın özünün həmişəki ovçu cəldliyi
ilə sıçrayıb qaçaraq, quru kolluğun
arxasında sinmiş o çaqqalı tutub, gətirib,
küçükləri və qancığını yedirtməyə
taqəti yox idi, yəqin, elə buna görə də gözlərini
o quru kolluqdan çəkib, qancığa baxdı. Ana
canavarın bayaqdan bəri heç nə ifadə etməyən
gözlərinin ifadəsi bircə anın içində dəyişdi
və o gözlərin, o baxışın o an nə dediyini, yəqin,
ancaq Boz canavar başa düşürdü.
Və
Şərqə tərəf yolçuluq təzədən
başlayırdı...
Gün
çıxırdı, batırdı, bu ac və susuz
yolçuluq isə beləcə davam edirdi.
İrəlidə
addımlayan Boz ayaq saxlayıb, qulaqlarını şəklədi,
qancıq da, küçüklər də Bozun həyəcanını
donaraq, dayandılar və bir müddətdən sonra uzaqdan
insan səsləri eşidilməyə başladı. Boz yerə
sindi, qancıq da eləcə yerə sinərək, quyruğu
ilə küçükləri yavaşca qarnına tərəf
itələdi və insan səsləri get-gedə daha səlis
eşidildi, nəhayət, qurumuş
çör-çöpün arasından bir neçə
insanın kölgəsi göründü.
Onların
səmti başqa idi - Şimala tərəf gedirdilər.
Bu adamlar
geoloqlar idi və təbii ki, Bozun da, qancığın da
bundan xəbəri yox idi, amma onlar üçün, yəni
Boz və qancıq üçün bir şey tamam aydın idi
ki, o insanlardan barıt iyi gəlmir.
Boz da,
qancıq da barıt iyini dərhal hiss edirdilər, bilirdilər
ki, bu qorxulu qoxu qana aparıb çıxarır və Boz da,
Bozla birlikdə ova çıxan qancıq da gizlənib, o
barıt iyi verən insanları pusurdu, eləcə də
gözə görünmədən barıt iyi verən
insanların arxasınca düşüb, onları izləyirdilər.
Hər dəfə atəş səsi eşidiləndə, Boz
da, qancıq da nəfəslərini qısıb
dayanırdılar, əsəbdən və gərginlikdən ləhləyə-ləhləyə
susurdular və birdən-birə qəfil və yüngül
bir meh kimi uzaqdan gələn qan qoxusunu dərhal hiss edir,
kiçicik bir səsi, hənirtini belə eşidirdilər.
Məsələ
burasında idi ki, ovçuların arasında həvəskarlar,
naşılar da az olmurdu və çox zaman onların (bəzən
elə peşəkar ovçuların da!) güllələri
boşa çıxır, ya da şikarı
yaralayırdılar. Boz da, qancıq da o saat hiss edir, başa
düşürdülər ki, şikar yaralanaraq, qanı axa-axa,?
qan qoxusu verə-verə - qaçır və bundan sonra Boz da,
qancıq da artıq ovçuları yox, o yaralı
şikarı izləməyə başlayırdı və
axırda da yaranın zəif saldığı o şikarı
- ceyranı, yaxud da qabanı, cüyürü tapıb, onlara
hücum edərək, boğazlarını üzüb, təzə
ət əldə edirdilər; bəzən ovçulardan,
güllə səslərindən hürküb qaçaraq, ərazidəki
sıldırım qayalardan sürüşüb qopan və
yerə dəyərək belini, ya qılçını
sındıran dağ keçilərini də eyni aqibət,
Bozla qancığın küçüklərini isə hələ
qanı laxtalanmamış, istisi çəkilməmiş təzə
ət gözləyirdi.
Ancaq bu dəfə
Şimala doğru gedən o insanlardan barıt iyi gəlmirdi, hətta
barıt iyi gəlsəydi belə, Bozun əvvəlki
ustalıqla barıt qoxusu gələn insanları izləməyə,
yaralanmış, canını götürüb qaçan
şikara sahib olmağa gücü çatmayacaqdı və
görünür, Boz canavar özü də bunu başa
düşürdü, çünki onun uzaqdan uzağa
Şimala tərəf addımlayan o insanlara dikilmiş gözlərində
tamam bir biganəlik var idi və bunu, əlbəttə,
qancıq da hiss edirdi.
Ac yolçuluq qurtarmaq
bilmirdi...
Boz qəflətən
ayaq saxladı, burnunu torpağa dirədi və qabaq pəncələri
ilə tələsik torpağı eşməyə
başladı. Qancıq da, küçüklər də ayaq
saxladı və görünür, küçüklər o
saat hiss etdilər ki, Bozun beləcə tələsik
torpağı eşməyi nə isə yeməklə
bağlı bir işdir və onlar daha artıq bir aclıq
hissi ilə Boza - bu yekə, ancaq tamam arıqlamış,
qabırğaları çıxmış canavara baxdılar.
Nəhayət, Boz dişi ilə torpaqdan böyük bir
dozanqurdu dartıb çıxartdı (bu da o dəhşətli
quraqlığın bir möcüzəsi idi!) və
başının sərt hərəkəti ilə onu səbirsizliklə
yeməyə nəsə gözləyən küçüklərə
tərəf atdı.
Vızıltıyla
küçüklərin qabağına düşən
dozanqurdunun hələ hərəkət etmək,
canını qurtarmaq taqəti var idi və belə də eləmək,
pis qoxu verə-verə qaçıb canını qurtarmaq istədi,
amma aclıq bu gözlənilməz balaca şikardan
şaşırmış küçükləri tez özlərinə
gətirdi, onlardan biri cəld irəli atılıb, dişi ilə
pis qoxu ifraz edərək vahimə-vəlvələ içində
canını qurtarmağa çalışan dovzanqurdunu
qamarladı, elə həmin anda da qurdu ağzında
xırçıldadıb, uddu. İkinci küçük var
gücü ilə qardaşının üstünə cumdu və
gecikmiş həmlə ilə dozanqurdunu onun ağzından
çıxarmaq istədi, amma bunun artıq mənasız bir
cidd-cəhd olduğunu başa düşəndən sonra nazik
və taqətsiz səsi ilə zingildəyə-zingildəyə
qaçıb, anasının ayaqlarına qısıldı.
Sonra yenə yolçuluq
davam etdi...
Şərqə
tərəf bu ac və uzun yolçuluğun ən
dözülməz vaxtı günortaçağı idi və
elə ki, günorta başlayırdı, Boz bir qurumuş
ağacın kölgəsində yerə
çökürdü, qancıq da, küçüklər də
o kölgəlikdə dincəlmək, yatmaq istəyirdi, amma
aclıq hissi dincəlmək istəyindən qat-qat artıq
idi və aclıq onları yatmağa qoymurdu, bu - onların
Şərqə - ətə doğru
yolçuluqlarının ac mürgü ilə ac gerçəklik
arasında olan çox çətin və ağır bir məqamı
idi.
Bu dəfə
də qurumuş cır fındıq ağacının qupquru
da kölgəsində qabaq pəncələri üstə yerə
çökmüş Boz canavar gözlərini qıyıb, həmişəki
diqqətlə gəldikləri səmtə baxırdı -
yox, onları izləyən o çaqqalın kölgəsi
daha görünmürdü, ən əsası isə Boz
çaqqalın qoxusunu daha hiss etmirdi və bu, elə bil, ona
bir az rahatlıq gətirdi, gözlərinin ifadəsindən
bir parıltı keçdi - ani bir parıltı, amma
küçüklərin yanında böyrü üstə
uzanmış Ana canavar Bozun gözlərindəki o ani
parıltını o andaca tutdu və görünür,
qancığın içində nəsə təhtəlşüur
bir ümid yarandı, başını dikəltdi, ancaq o
ümid də Bozun gözlərindəki o parıltı kimi
ani də keçib getdi. Qancıq yavaşdan
mırıldadı, onun hirslənməyə, həmişəki
acıqla mırıldamağa, dişlərini
qıcırtmağa taqəti yox idi və küçüklər,
elə bil, analarının mırıltısındakı bu
köməksizliyi, əlacsızlığı daha artıq
hiss etdilər, hürküb, ikisi də birdən
başını qancığın qurumuş əmcəyinə
sıxaraq, gözlərini yumdular.
Boz canavar
küçüklərə baxdı və onun zəndlə
baxan gözləri, elə bil, tamam zəifləmiş,
aclığın tamam əldən saldığı bu
küçükləri diqqətlə yoxlayırdı, bəlkə
də, Boz öz canavar beyni ilə nələrisə
götür-qoy edirdi, Qancıq da öz növbəsində
eyni zənd və diqqətlə Bozun gözlərinin
içinə baxırdı və açıq-aşkar
görünürdü ki, qancıq narahatdır -
öz-özünə mırıldayır, uzandığı
yerdə vurnuxurdu.
Sonra Boz
gözlərini küçüklərdən çəkdi.
Gün
yavaş-yavaş batırdı, bir azdan qaranlıq düşəcəkdi,
gecə gələcəkdi və Boz böyrü üstə
uzanıb, yarıaçıq gözlərini batmaqda olan
günəşə zilləmişdi. Ana canavar da böyrü
üstə uzanıb, gözlərini yumaraq, başını
qarnına tərəf əymişdi, elə bil, qarnına
sığınmış küçükləri bu quru və
mülayim havada da qızdırmaq istəyirdi.
Adətən
- xüsusən də növbəti nəslin
küçükləri doğulandan sonra - günəş
beləcə yavaş-yavaş batmağa başlayanda Boz
canavarın - gecələr ovçusunun - da ov instinktləri
oyanmağa başlayırdı, yuvada o tərəf-bu tərəfə
vurnuxur, eşiyə çıxıb, qulaqlarını şəkləyir,
quyruğunu qaldırıb bulayır, belədən-belə
yaxınları-uzaqları gözdən keçirirdi, sonra
qulaqlarını qısıb, quyruğunu sallayıb, bir
müddət səssiz-səmirsiz və hərəkətsiz
dayanırdı, sonra da ehmallıca addımlaya-addımlaya
meşənin qaranlığı içində gözdən
itirdi; gözdən itirdi ki, bəzən gecənin
yarısı, bəzən də sübh tezdən yuvada onu
gözləyən və yaxınlaşan nəfəsini,
ovladığı şikarın qoxusunu, az qala, neçə
kilometrdən hiss edən qancığa, küçüklərə
təzə ət - ərazilərində tez-tez rastına
düşən, hələ bədəni isti qalmış
ceyran, yaxud cavan qaban, bəzən də dovşan əti gətirsin
- bu, asılı idi həmin gecənin ruzisindən.
Uzun,
çox zaman da tox və rahat günorta yuxusundan sonra qancıq
da, küçüklər də acmağa
başlayırdı, küçüklər bir-birinə macal
vermədən, bir-birinin üstünə
mırıldaya-mırıldaya analarını əmsələr
də, artıq böyüdükləri üçün
süd onlara bəs eləmirdi, gecə yaxınlaşdıqca
onların da içində ət ehtirası baş
qaldırırdı və elə ki, Boz canavar qaranlıq
içində gözdən itirdi, küçüklər də,
qancıq da qulaqlarını şəkləyib tez-tez
havanı iyləyə-iyləyə onun qayıtmasını
gözləyirdilər.
O vaxtlar da
bəzən elə olurdu ki, şikar qəhətə
çıxırdı (hətta o ərazidə belə!),
yaxud Bozun pusqusundan qaçıb canını qurtarırdı
və Boz yuvaya ətsiz (və acıqlı!)
qayıdırdı, amma yuvadakı o aclıq uzun çəkmirdi,
Boz canavar çox zaman növbəti gecədə
ovladığı cəmdəyi sürüyüb yuvaya gətirirdi.
Küçüklər
hələ doğulmamışdan qancıq da ova Bozla birlikdə
gedirdi və uzun illərin birgə həyatı bu iki
canavarın arasında elə bir uyğunlaşma, elə bir
tam müvazilik yaratmışdı ki, kiçicik bir hənirtidən,
ani bir baxışdan elə həmin andaca bir-birlərini duyur,
başa düşürdülər. Ovda da belə idi - onlar nə
edəcəklərini yaxşı bilirdilər, amma elə ki,
küçüklər doğulurdu - Boz ova tək gedirdi,
qancıq isə küçüklərlə birlikdə yuvada
qalırdı.
Bu - əvvəllər
belə olurdu.
Ac Şərq
yolçuluğu isə qurtarmaq bilmirdi...
Və həmin
axşam gecənin yaxınlaşması böyrü üstə
uzanıb, yarıaçıq gözlərini batan günəşə
zilləmiş Boz canavarın içində,
görünür, ümidsiz bir biganəlikdən başqa,
heç bir hissiyyat yaratmırdı və aclıq duyğusu bədəninin
bütün hüceyrələrinə hopmuş Boz gözlərini
batan günəşdən çəkib yenə
küçüklərə baxdı.
Boz canavar
axır vaxtlar küçüklərə beləcə tez-tez
baxırdı...
Bəxtlərinə
bu dəhşətli quraqlıq düşmüş, Bozla,
qancıqla birlikdə yaşamaq üçün Şərqə
üz tutmuş küçüklər, görünür,
qancığın doğub Bozla birlikdə böyüdərək,
gələcək ailələrə ötürdükləri
sonuncu nəsil idi, çünki Boz da, qancıq da təbiətin
onlara verdiyi canavar ömrünün çoxunu artıq
yaşamışdılar.
Sonra Boz
gözlərini küçüklərdən çəkib
qancığa baxdı.
Qancıq
bu baxışları o andaca hiss etdi, gözlərini
açıb, başını Boza tərəf uzatdı və
canavarlar eləcə bir müddət bir-birlərinə
baxdılar.
Boz qalxıb
arxa ayaqları üstə çöməldi və gözlərini
yenə qancığın gözlərinin içinə zillədi.
Qancıq
nəsə hiss edib, əsəbi halda ayağa
sıçradı və analarının bu qəfil əsəbiliyi
küçükləri hürkütdü, ikisi də arxa
ayaqları üstə çöməlib,
uçuna-uçuna bir-birinə qısıldı. Qancığın
qulaqları dik qalxmışdı, quyruğunu tez-tez
arıqlayıb sümükləri çıxmış
ombalarının sağına-soluna çırpırdı,
dodaqlarını gərib, get-gedə artan bir həyəcan və
narahatlıqla mırıldayırdı və bu dəm batan
günəşin işığında qancığın
dişləri, xüsusən iri köpək dişləri, elə
bil, daha da ağappaq ağarırdı.
Boz canavar,
elə bil, qancığın əsəbiliyini hiss etmirdi,
mırıltısını eşitmirdi, eləcə
yarıaçıq, yorğun gözlərini Ana canavarın
gözlərinin içinə zilləmişdi və birdən
o, bəlkə də, son gücünü toplayıb qıvraq
vaxtlarındakı cəldliklə ayağa
sıçradı, başını batan günəşə
tərəf tutub, var səsi ilə ulamağa başladı,
sonra gözlərini batan günəşdən çəkib,
eləcə ulaya-ulaya başını aramla sağa, sola
çevirdi. Boz canavarın başının hərəkəti
batan günəşin ala-qaranlığı içində o
ulama səsini bütün ətrafa yayırdı.
Qancıq
isə darısqal qəfəsdəymiş kimi, Bozun
arxasında o tərəf-bu tərəfə vurnuxurdu, elə
bil, bu bomboş və geniş sahədə özünə
yer tapa bilmirdi. Boz canavarın birdən-birə bu cür
ulamağı, analarının onları tamam yaddan
çıxarıb, bu cür vurnuxmağı, özünə
yer tapa bilməməyi küçükləri elə
hürkütmüşdü ki, onlar nə edəcəklərini
bilmədən bir-birlərinə qısılıb,
ala-qaranlıq içində gah analarına, gah da Boza baxırdılar.
Aclıq onları zəiflədib əldən
salmışdı və bu anlarda gördüklərinin və
hiss etdiklərinin dəhşəti kiçik bədənlərini
didib-dağıdan o aclıqla birlikdə küçükləri
uçum-uçum uçundururdu.
Boz canavar,
bəlkə də uzun ömründə heç zaman beləcə
bütün içi ilə ulamamışdı və onun budəfəki
ulamağı bu tərəflərə çökmüş
sükunət içində, elə bil, sadəcə yalquzaq
ulamağı yox, yavaş-yavaş düşən gecənin
özünün ölümdən-itimdən, əlacsızlıqdan
xəbər verən səsli vahiməsi idi.
Bozun
belinin, boynunun tükləri qabarmışdı, sifətinin əzələləri
titrəyib-oynayırdı, quyruğunu dik qaldırıb, eləcə
dümdüz tutmuşdu, sonra canavar necə gözlənilmədən
ulamağa başlamışdısa, elə də qəfildən
səsini kəsdi və cəld, qətiyyətli addımlarla
qancığa tərəf gəlib, bir göz
qırpımında özünü onun ayaqları altına
atdı.
Qancıq
daha artıq bir əsəbiliklə, kin-küdurətlə
Bozun ətrafında fırlana-fırlana birdən-birə
böyüyüb az qala hədəqəsindən
çıxan, get-gedə də qaranlıq içində daha
artıq işıldamağa başlayan gözləri ilə
ona, yəni böyrü üstə yerə uzanmış və
gözlərini yummuş Boza baxmadan, eləcə acıqla
mırıldayırdı, küçüklər də
uçuna-uçuna bir-birinə daha da sıx qısılaraq,
gözlərini analarından çəkmirdi. Bu dəm
küçüklər Boza baxmırdılar, onların
bütün diqqəti analarında idi.
Bir
neçə müddət beləcə davam etdi və birdən
Boz gözlərini geniş açıb, başını dikəltdi,
hansısa daxili bir qüvvə ilə od saçan gözlərini
qancığa tuşlayıb, ağzını geniş
açdı və elə bil, bədəninin bütün
hüceyrələrindən qopub gələn qorxunc, qəddar
bir mırıltı ilə qancığın üstünə
mırıldadı. Həmin an Boz yenə sağlam,
güclü və zəhmli bir canavar idi və onun bu qəddar
mırıltısı da, heç şübhəsiz ki, əmr
idi - Boz canavar əmr edirdi: məni parçalayın və
yeyin! - və bu qəzəbli əmri pozmaq mümkün
deyildi.
Canavar
dünyasının öz qanunları var idi.
Ana canavar
yəqin ki, günəş yavaş-yavaş batarkən Bozun
yarıaçıq gözlərindən belə bir əmrin
veriləcəyini hiss etmişdi, amma o, hətta
hörümçək toru kimi bütün bədənini
sarımış aclıq içində belə, dişlərini
bir-birinə sıxıb acıqla, kinlə
mırıldaya-mırıldaya bütün daxili ilə Bozun
verəcəyi o əmrə qarşı etiraz edirdi, eyni zamanda
o canavar etirazında bir əlacsızlıq və min illərdən
bəri genlərə hopmuş, genlərdə gizlənmiş
itaət də var idi.
Və
qancıq qəflətən Bozun üstünə
atıldı.
Qancıq
bir həmləyə köpək dişləri ilə Boz
canavarın xirtdəyindən yapışdı, ac və təcrübəli
ovçu kimi, dişlərinin arasındakı xirtdəyi var
gücü ilə dartaraq, Bozun boğazının
yırtılmış dərisi arasından
çıxartdı və qana bulaşmış
dodaqlarını gərib küçüklərə tərəf
mırıldadı. Analarının bu
mırıltısı, Bozun boğazından axan qanın
qoxusu bayaqdan bəri qorxudan və anlaşılmazlıqdan
uçuna-uçuna bir-birinə qısılmış
küçükləri, elə bil, silkələyib
ayıltdı, küçüklər bir göz
qırpımında Bozun üstünə atılıb,
boğazından axan qanı hərisliklə yalamağa
başladılar.
Boz canavar
hələ xırıldayırdı, amma qancıq bu
xırıltıya məhəl qoymadan (bəlkə də, bu
xırıltıya son qoymaq üçün!) xirtdəyi
ağzından çıxartdı və elə o anda da Bozun
qarnının nazik dərisini dişlərinə keçirib,
yenə bir həmlə ilə dartaraq dərini cırıb
dağıtdı. Bozun arıqlayıb boşalmış
qarnından qanla bərabər, boş bağırsaqları da
quru torpağın üstünə töküldü və
qancıq ağzını Bozun qarnının içinə
soxub, köpək dişləri ilə ürəyini dartıb
qoparanacan, Boz canavar hələ sağ idi,
dağıdılmış boğazı ilə nəfəs
alırdı.
Sonra
hər şey bitdi.
Qancıq
Bozun qarnından dartıb çıxartdığı ürəyi
torpağa atdı və bəlkə də bütün
ömrü boyu heç vaxt bu dərəcədə olmayan bir
qəzəb və zəhmlə küçüklərə
baxdı. Bir-birinə macal vermədən, acgözlüklə
Bozun boğazından axan qanı yalayan küçüklər
analarının o baxışları altında yerlərində
donub, boyunlarını qısıb dayandılar, sonra
qancığın gözlərindəki o zəhmdə
hansı bir işarə hiss etdilərsə, Bozun ürəyinin
- qanın içində yerə düşüb qalmış
isti ət parçasının üstünə
atıldılar, hərəsi bir tərəfdən o ət
parçasını dartışdıraraq, qopardıqları
tikələri diri-diri udub qurtardıqdan sonra, ikisi də birdən
qana bulaşmış başlarını Bozun qarnına
soxdular.
Qancıq,
elə bil, birdən-birə boşaldı, o əsəbilik, o
zəhm yox olub getdi və başlarını Bozun qarnından
çıxartmayan, marçıltıları eşidilən
kuçüklərə tərəf baxdı, sonra tənbəl
bir hərəkətlə gözlərini küçüklərdən
çəkib, Bozun torpağın üstündə
düşüb qalmış başına baxdı, sonra yenə
eləcə tənbəl bir hərəkətlə
çönüb arxasını küçüklərə,
Boz canavarın cəsədinə çevirdi, dal ayaqları
üstə çöməlib, başını qaranlıq
göyə qaldırdı və yavaş-yavaş artan bir səslə
ulamağa başladı.
Küçüklərin
ikisi də tamam qana bulaşmış başlarını Bozun
qarnından çıxardı və bəlkə də,
ömürlərində birinci dəfə analarının bu
səslə, bu nəfəslə ulamağını
eşitdikləri üçün, bu sədalar, elə bil,
onların bu Şərq yolçuluğunun
aclığından sonrakı acgözlüklərini, nə qədər
bacarırlarsa ət qamarlamaq ehtiraslarını üstələdi,
bir müddət arxadan analarına baxa-baxa hərəkətsiz
dayandılar və yəqin ki, o küçüklər bu
yolçuluqdan sağ çıxıb, sağ
qalacaqdılarsa, o səs, o səda ömürlərinin sonuna
kimi onların yaddaşında olacaqdı.
Sonra
aclıq küçükləri yenə özlərinə gətirdi
və onlar başlarını Bozun isti və qan qoxulu
qarnının içinə soxdular.
...Dan
yeri sökülürdü.
Küçüklər
yeyib doymuşdular və Boz canavarın cəsədindən
aralıda bütün bu Şərq yolçuluğu ərzində
ilk dəfə tox qarnına yatmışdılar. Ana canavar
çənəsini qabaq pəncələrinin üstünə
dirəyib eləcə arxası cəsədə tərəf
qarnı üstə yerə çökmüşdü və
onun yarıaçıq gözləri alatoranlıq içində
harasa çox uzaqlara zillənmişdi. Səhərin
işığı yavaş-yavaş bu tərəflərə
yayıldıqca, qancığın baxışı da,
boşalmış dərisi sallanan, qabırğaları
çıxmış bədəni də, boynunun, belinin,
quyruğunun öləzimiş tükləri də
yorğunluqdan və taqətsizlikdən xəbər verirdi.
Qancıq
ayağa qalxdı, küçüklərin yanından
ötüb Bozun cəsədinə yaxınlaşdı, amma cəsədə
baxmadı, elə bil, cəsədi heç görmürdü
və dayandı. Küçüklər Bozun içində
yeməli yumşaq nə vardısa - ciyərlərini, dalağını
yemişdilər, arıq budlarını didişdirib yeyə-yeyə
adda-budda sümüyəcən çatmışdılar və
artıq tamam açılmış səhərin
işığında Bozun adda-budda görünən o bud
sümükləri də açıq ağzındakı iri
köpək dişləri kimi ağarırdı. Qancıq cəsədə
baxmadan bir neçə dəfə onun ətrafında
fırlandı, yenə cəsədin qabağında ayaq
saxlayıb, elə bil, uzun qaçışdan sonra idi - Bozla
birlikdə təqib etdikləri şikarı boğazlayıb,
nəfəsini kəsdikləri zamanlarda olduğu kimi - birdən-birə
ləhləməyə başladı və ləhlədikcə
də ac yolçuluqları ərzində ağzının
yapışqan kimi qatılaşmış şirəsi
dişlərinin arasından sallanırdı.
Bir
müddət də beləcə davam etdi və nəhayət,
qancıq asta addımlarla cəsədə daha da
yaxınlaşıb, budun adda-budda ağaran sümüklərini
yalamağa başladı, sonra yavaş-yavaş
küçüklərin dişlərinin batmadığı
və sümüklərdə qalmış əti yedi, bud
sümüklərini tamam təmizləyib, cəsədin bel
sümüklərini sümürtdəyib, gəmirib
dayandı. Cəsədin aşağı tərəfi tamam
yeyilib qurtarmışdı, yuxarı tərəfi isə hələ
ki, qalmışdı və açıq-aşkar hiss olunurdu
ki, qancıq doymayıb, acdı, amma yuxarı hissəyə
keçmədi, budların yerə sərilmiş dərisinin
iç tərəfini gəmirərək, aşağı
hissəni ayırdı, yuxarı hissəni dişlərinə
alıb, kənara - küçüklərin
yatdığı yerdə onların başının
yuxarı tərəfinə çəkdi, sonra geri
qayıdıb, budun sümüklərini ağzına alaraq var
gücü ilə sıxıb sındıra-sındıra
iliklərini sümürtdəməyə başladı.
Qancıq Boz
canavarın cəsədinin qalıqlarını dişlərinə
alıb irəlidə, küçüklər isə
analarının ardınca Şərqə tərəf gedirdilər
və küçüklər, görünür, üç
gün istədikləri qədər ət - Bozun cəsədini
yediklərinə görə az qala, aclıqdan, bu Şərq
yolçuluğundan əvvəlki vaxtlarda olduğu kimi
gümrah idilər, üç gün içində
gözgörəti böyümüşdülər və bu,
təkcə ona görə gözə çarpmırdı
ki, Bozun əti onlara güc vermişdi, bədənləri ətə-qana
dolmuşdu - bu, öz yerində, amma bəlkə, daha artıq
dərəcədə ona görə ki, onların hərəkətləri,
baxışları, qulaqlarının, tüklərinin,
quyruqlarının titrəyişi-tərpənişi dəyişmişdi.
Küçüklərin
beləcə gözgörəti böyüyüb-bərkiməsi,
elə bil, qancığın qayğı-nəvazişini
azaltmışdı, Bozdan sonrakı bu üç gündə
qancıq daha artıq dərəcədə sərt və
ötgəm olmuşdu, hərdən acıqla
küçüklərin üstünə
mırıldayır, dişlərini qıcırdaraq, pəncəsi
ilə onları vurur, başı ilə özündən kənara
itələyirdi və bu son üç günün ən
gözlənilməz cəhəti də o idi ki, güc
toplamış küçüklər də eləcə
acıqla, eləcə dişlərini
qıcırda-qıcırda analarının üstünə
mırıldamağa başlamışdılar.
Şərqə
gedən yol isə bitmirdi...
Onlar gecələr
gedirdi, səhər isə qancıq küçüklərə
cəsədin qalan ətindən yeməyə icazə verirdi və
küçüklər həmişəki acgözlüklə,
bir-birləri ilə boğuşa-boğuşa
ağırlaşdığı üçün bir az
yumşalmış əti get-gedə artan bir səriştə
ilə yeməyə başlayırdı. Qancıq kənarda
dayanıb zəndlə onlara baxırdı və lazım
bildiyi vaxt küçükləri qovub, onları cəsədə
yaxın buraxmırdı. Doymamış küçüklər
hirslə mırıldaya-mırıldaya cəsədə tərəf
nə qədər həmlə etsələr də, Ana
canavarın pəncələri arasından Bozun ətinə
yaxınlaşa bilmirdilər, nəhayət, yorulub
yatırdılar və yalnız bundan sonra qancıq da gəlib,
küçüklərin yanında uzanırdı, qoruduğu
cəsədi öz yanına çəkirdi, sonra başı
və arxa ayaqları ilə küçükləri
qarnına sıxıb özü də mürgüləyirdi.
Axşam təzədən yola düzülürdülər və
bütün bu müddət ərzində qancıq rütubətin
qoxusunu hələ ki, hiss etmirdi.
Rütubət
- həyat, yəni ət demək idi.
Qancıq
özü cəsədin ətindən, demək olar ki, yemirdi,
küçüklərin təmizləyə bilmədiyi
sümükləri gəmirir, ətdən,
qığırdaqdan tamam təmizləyir, sonra sümükləri
dişinə alıb sındırır, ağzında
xırçıldada-xırçıldada, iliyin təmini
hiss edə-edə udurdu.
Küçüklər
daha Ana canavarın qurumuş əmcəyini, elə bil, tamam
yaddan çıxarmışdılar və boş-boşuna əmilməkdən
yara olmuş o əmcəyi daha ağızlarına
almırdılar.
Bozun cəsədinin
başı yox idi, Ana canavarın dişləri arasından
yuxarı hissənin dərisi sallanırdı,
küçüklər qabırğaların və bel
sümüklərinin ətini yeyib qurtarmışdılar,
qollarında, boynunda hələ ət qalmışdı və
neçə gündən bəri cəsəd tamam iylənmişdi,
amma Şərqə aparan bu yolun quraqlığı, elə
bil, dünyada həyat deyilən nə vardısa, yox
etmişdi - cəsədin iyinə nəinki qarğa-quzğun
uçub gəlmirdi, bircə milçək, bircə həşərat
belə yox idi.
Qancıq, cəsəd
ağzında, ayaq saxladı və küçüklər dərhal
başa düşdülər ki, yemək məqamları
çatıb, anaları ilə üz-üzə dayanaraq
ağızlarının suyu axa-axa aşkar bir səbirsizliklə
həmin məqamı gözləməyə başladılar.
Ana canavar bu dəfə ləng tərpənirdi, nəhayət
Bozun qalıqlarını küçüklərin
qabağında yerə atıb kənara çəkildi. Küçüklər
o cəsəd qalıqlarının üstünə
atılıb tələm-tələsik qopardıqları tikələri
az qala bütöv uda-uda yeməyə başladılar.
Qancıq kənarda
qarnı üstə yerə çöküb əvvəlcə
bir müddət küçüklərə baxdı. Onun
yarıaçıq gözlərinin yorğun
baxışlarında aşkar bir kədər var idi: ət
qurtarırdı, küçüklərin bu yeməyi - sonuncu
yemək idi və qancıq bunu başa düşürdü.
Ana canavar
başını Şərqə tərəf qaldırıb,
nəmi qurumuş qara burnunu havaya tutdu,? görünür,
havada rütubət qoxusu axtarırdı.
Küçüklər
bunun fərqində deyildilər və bir-birinə macal vermədən,
bir-birinin üstünə mırıldaya-mırıldaya
acgözlüklə Bozdan qalan əti təpişdirirdilər.
Sonra qancıq
başını aşağı salıb, gözlərini
rütubət qoxusu gəlməyən səmtə - uzaqlara
zillədi və yenə də onun baxışlarında
aşkar bir kədər var idi.
Ana canavar o dəm
nə fikirləşirdi? Nə hiss edirdi?
Bozun cəsədindən
yalnız sümüklər və boş dəri qaldı. Küçüklər
doymadıqları üçün çılpaq
sümüklərdən, dəridən əl çəkmirdilər
və axır ki, daha bir şey yeyə bilməyəcəklərini
başa düşüb, bu dəfə acıqla bir-birinin
üsünə mırıldadılar. Onların bu
acıqlı mırıltılarında, elə bil,
yavaş-yavaş oyanan, genlərindən qopub gələn
canavar qəddarlığın başlanğıcı var idi
və doymamış, ac küçüklər bir-birinin
üstünə atılır, bir-birini dişləmək, pəncələri
ilə bir-birinin üzünü çırmaq istəyirdilər.
Qancıq
ayağa qalxıb hirslə onların üstünə gəldi,
pəncəsi ilə hərəsini bir tərəfə
atdı və qəzəblə mırıldadı. O,
küçüklərin heç birinə baxmırdı,
başını aşağı salıb, yerə
baxırdı və onun bu qəzəbli
mırıltısı da küçüklərə yox, elə
bil, yerə, bütün bu ətrafa
ünvanlanmışdı.
Qancıq
cəsədin qalıqlarının yanına gəldi, burada da
dayanıb, bir müddət eləcə acıqla
mırıldadı, sonra susdu, başını qaldırıb
o tərəf-bu tərəfə baxdı, sonra da təzədən
başını aşağı salıb, dərinin
içini yaladı, arxa ayaqları üstə çömələrək
sındıra bildiyi sümükləri dişinə alıb
sındırmağa başladı. Küçüklər tələsik
analarının yanına qaçaraq, arxa ayaqları üstə
qalxıb, bir-birinə macal vermədən başlarını
az qala qancığın ağzına soxmaq istəyirdilər.
Qancıq
ağzını onlardan qaçıraraq sındırıb
çeynədiyi sümükləri yerə -
küçüklərin qabağına tökürdü,
küçüklər də analarının
ağzının şirəsinə və iliyə
bulaşmış sümük qırıntılarından uda
bildiklərini udur, uda bilmədiklərini acgözlüklə
yalayırdılar.
Ana canavar
qabaqda, küçüklər isə onun ardınca gedirdilər.
Onlar
üçün artıq gecənin-gündüzün fərqi
yox idi - gedə biləndə, gedirdilər, elə ki, daha
addımlamaq mümkün deyildi, yerə sərilib
yolçuluqlarının yuxu ilə gerçəklik
arasındakı məqamına girirdilər.
Bozun dərisi,
qancığın sındıra bilmədiyi sümükləri
uzaqlarda qalmışdı.
Rütubətin
qoxusu isə hələ də hiss olunmurdu.
Bozdan sonra
küçüklərin iştahı, elə bil, daha da
artmışdı, yeməyə isə heç nə yox idi və
aclıq küçükləri yenə də
arıqladıb, əldən salmışdı. Onlar
üçün analarının ardınca addımlamaq da,
görünür, bir məşəqqətə çevrilmişdi.
Qancıq özü də tamam üzüldüyü, taqətdən
düşdüyü üçün asta addımlarla gedirdi,
amma küçüklər yenə də ona çata bilmirdi,
bəzən dayanırdılar, qancıq geri qayıdıb pəncəsi
ilə, başı ilə onları irəli itələyirdi və
belə anlarda küçüklər yenə də əvvəlki
vaxtlarda olduğu kimi zəifləmiş səslə zingildəyirdilər.
Küçüklərin bu zingiltisində şikayətdən
daha artıq bir yalvarış var idi və bu yalvarış əlacsız,
köməksiz qancığı acıqlandırırdı,
o, qurumuş dodaqlarını geri çəkərək
dişlərini qıcırda-qıcırda küçüklərə
mırıldayırdı, ancaq bunun daha bir təsiri, qorxusu yox
idi - küçüklər eləcə yalvarışla
zingildəyə-zingildəyə dillərini analarının
qupquru qurumuş, yaraları qupquru qaysaq bağlamış əmcəyinə
sürtürdülər.
Küçüklər
daha gedə bilmirdilər.
Bu dəfə
də qancıq başını geri çevirdi:
küçüklər on addımlıqda
dayanmışdılar və analarının
mırıldayıb, onları
çağırmağının heç bir nəticəsi
olmadı, küçüklər yerlərindən tərpənmədi.
Qancıq geri qayıtdı, yenə də başı ilə,
pəncəsi ilə onları irəli itələdi, ancaq
küçüklər irəli addımlamaq əvəzinə,
yerə yıxılır, güclə titrəyən
ayaqları üstə qalxıb yenə zəif səsləriylə
zingildəyirdilər.
Ana canavar
yəqin başa düşdü ki, bu - sondur;
küçükləri daha irəli itələmədi,
onların yanında ora-bura addımlamağa başladı və
elə bu dəm birdən-birə ani və yüngül bir meh
kimi rütubət qoxusu ötüb keçdi, qancıq, elə
bil, səksəndi, cəld başını qaldırıb
Şərqə tərəf baxdı, bir-neçə andan
sonra, görünür, rütubət qoxusunu daha aydın hiss
etdi. Onun qulaqları şəkləndi, boynunun, belinin tükləri
qabardı və quyruğunu dik qaldırıb, bir müddət
eləcə dayandı, sonra yenə küçüklərə
yaxınlaşıb, bir-bir onların sifətini -
gözünü, ağızlarını yalamağa
başladı.
Küçüklər
dillərini çıxarıb analarının
yaladığı yerləri yalayırdı, elə bil,
qancığın ağzının şirəsi ilə
qidalanmaq istəyirdilər, ancaq qancığın
ağzının şirəsi daha yox idi, qurumuşdu. Küçüklərin
zəif zingiltisi kəsilmişdi və qancıq
başının, pəncələrinin hərəkəti ilə
ehtiyatla yenə onları irəli itələmək istədi,
küçüklər get-gedə daha artıq zəifləyən
səslə təzədən zingildəməyə
başladılar, qancıq bir az sərt hərəkət
etdikdə isə, yerə yıxılırdılar.
Qancığın
bütün cidd-cəhdindən heç bir şey
çıxmadı.
Aclıq
küçükləri açıq-aşkar məhv edirdi.
Qancıq
daha küçükləri irəli itələmədi,
aralanıb arxa ayaqları üstə yerə çöməldi.
Şərqdən gələn o rütubət qoxusu indi
açıq-aydın hiss edilirdi, qoxu, görünür, Ana
canavara bu yolçuluğun sona çatacağından xəbər
verirdi və qancıq bir müddət o qoxu gələn səmtə
baxdı, sonra mırıldayıb başını
küçüklərə tərəf çevirdi. Küçüklər
qancığın o mırıltısında, elə bil, nəsə
hiss edib zingiltilərini kəsdilər və titrəyən
ayaqları üstə güclə dayanaraq, getdikcə artan bir
təlaşla analarına baxdılar. Qancıq quyruğunu o tərəf-bu
tərəfə bulaya-bulaya diqqətlə küçüklərə
baxırdı və o dəm onun o diqqətli
baxışları ilə nə dediyini, yəqin, yalnız
özü, bir də küçüklərin gen
yaddaşı başa düşürdü.
Və birdən
qancıq yerindən sıçrayıb, eyni ilə Boz canavar
kimi, özünü küçüklərin
ayaqlarının altına atdı və
şaşırmış küçüklər ani olaraq
geri çəkildilər, amma birdən-birə - qəribədir
- elə bil, onlara haradansa güc gəldi, irəli
atılıb, hərəsi bir tərəfdən
analarının boğazından yapışdı.
Küçüklər
dişləri ilə Ana canavarın boğazından
yapışıb, nə qədər sıxsalar, nə qədər
cəhd etsələr də, dərini yırta bilmirdilər və
taqəti olmasa da, incisə də onların bu əfəlliyi
qancığı qəzəbləndirirdi. Onun
özünün içində aclıq hissi o qədər
güclü idi ki, ağrını hiss etmirdi, daha doğrusu,
həmin anda aclıq ilə ağrı bir-birinə
qarışmışdı və Ana canavar sövq-təbii
istəyirdi ki, hər şey tez qurtarsın, bitsin, amma bir tərəfdən
zəiflik, gücsüzlük, bir tərəfdən təcrübəsizlik,
bir tərəfdən də, görünür, həmin anlarda
belə, onların daxilindən çəkilib getməmiş
instinktiv məhəbbət imkan vermirdi ki, küçüklər
analarının boğazını yırtsınlar, onu
boğsunlar.
Ana
canavarın boğazı qanamışdı və dillərinə
dəyən təzə qan təmi, elə bil,
küçüklərə daha artıq bir hərislik gətirdi,
onlar artmış bir ehtirasla Ana canavarın boğazını
gəmirməyə başladılar, amma analarının xirtdəyini
heç cürə dişlərinə keçirə bilmirdilər.
Ana canavar
başını yanpörtü göyə tərəf tutub,
gözlərini yummuşdu və birdən-birə o da
boğazından axan qanın qoxusunu hiss etdi, bu hissiyyatda onun
aclıq əzablarının sona çata biləcəyi ilə
bağlı bir informasiya var idi və bu informasiya
qancığı qıcıqlandırıb-şirnikləndirdi,
onda ani və vəhşi bir hərislik sövq-təbiisi
oyandı. Həmin anlarda daxilindəki hansısa qeyri-adi bir
qüvvənin köməyi ilə Ana canavar özünü məcbur
edə bildi, məcbur edə bildi ki, nə qədər əldən
düşmüş olsa da, o isti qan qoxusunun dəli
ehtirası ilə bir göz qırpımında yerindən
sıçrayıb, küçükləri
parçalamasın, o dözülməz aclıq əzabından
qurtarmasın...
Ana
canavarın gözü açıldı, ani olaraq tərtəmiz
göy üzünə baxdı, sonra gözlərinin
qapağı taqətsiz halda üst-üstə
düşdü, elə bil, göy üzünün bu təmizliyi
içində Şərqdən gələn rütubət
qoxusu daha aydın hiss olundu, bu qoxu boğazından axan təzə
qanın qoxusuna qarışdı və həmin
qarışıq qoxular içində qancıq yenə də
içindəki hansı bir qüvvədənsə güc
alıb, həyatında sonuncu dəfə acıqla
mırıldadı, sonra sərt hərəkətlə
boğazını küçüklərin dişindən
çəkib çıxartdı, başını arxaya
uzadıb, bir az geri sürüşdü, eləcə
böyrü üstə qarnını küçüklərin
ağzına tərəf qabartdı.
Ana canavar
təhtəlşüur olaraq küçüklərə
kömək etmək istəyirdi.
Qancıq
sərt hərəkətlə boğazını onların
dişindən çəkib çıxaranda,
küçüklər əvvəlcə, elə bil,
çaşdılar, nə edəcəklərini,
analarının nə istədiyini, onlara nə dediyini başa
düşmədilər, sonra onların içindən bir
qorxu hissi ötüb keçdi, elə bil, hətta o anlarda belə,
Ana canavardan gələn doğma bir istilik birdən-birə
dondu, küçüklərin özünüsaxlama instinktləri
bütün qalan hissləri qovub, onların içindən
çıxardı və elə ki, Ana canavar sonuncu dəfə
eləcə mırıldadı, qarnını onların
ağzına tərəf dikəltdi, küçüklər
onun, yəni Ana canavarın nə dediyini, nə istədiyini -
onun sonuncu əmrini o andaca başa düşdülər,
analarının qarnının aşağı tərəfinə
atılıb, qurumuş əmcəyi ilə qarnı
arasındakı seyrək tüklü yumşaq dərini gəmirə-gəmirə
dartışdırıb yırtdılar, isti qara ciyərdən
gələn hərarəti, yumşaqlığı və
qoxunu duyub, başlarını o yırtıqdan içəri
soxdular, Ana canavarın qara ciyərini didib dağıdaraq,
ağızları qana, şirəyə bulaşa-bulaşa
qopardığı tikələri acgözlüklə təpişdirməyə
başladılar.
Ana canavar
heç bir ağrı hiss etmirdi, görünür, onun
bütün duyğuları da, elə bil, damar kimi kirəc
bağlamışdı və beyni hansısa bir
informasiyanı qəbul etmək imkanında deyildi.
Yumşaq
qara ciyər tikələrini qoparıb yeyə-yeyə hənirtiləri
artmağa başlayan küçüklərin səsi bu
dünyada Ana canavarın çox uzaqlardan eşitdiyi son səs
oldu, sonra tamam bircə an Ana canavara elə gəldi ki,
küçüklər onu əmir, əmcəyi isti südə
və küçüklərin ağzının şirəsinə
bulaşıb,? sonra isə həyat sona yetdi.
...yemiş,
doymuş, güc toplamış iki canavar küçüyü
bir-birinin dalına düşüb gedirdi...
...
sövq-təbiiləri onları Şərqdən gələn
rütubət qoxusuna doğru aparırdı.
26 yanvar 2009
ELÇİN
525-ci qəzet.- 2009.- 4 aprel.- S.26-29.