Səmimiyyət işığı
TALEH HƏMİDİN
YARADICILIĞI HAQQINDA QISA DÜŞÜNCƏLƏR
Səmimiyyət insan
xarakterinin bəlkə də ən vacib keyfiyyətlərindən
biridir. Özü də bu səmimiyyət təbii olanda zərifləşir,
ülviləşir, sahibinə əzəmət və
qürur gətirir. Yaradıcı adamın səmimiyyəti
isə mütləq onun sənətinə hopur. Bəstəkarın
təranələrində, rəssamın rəng
harmoniyasında, qələm əhlinin söz
düzümündə səmimiyyətin işığı,
işığın parlaq nuru apaydın görünür.
Şair-publisist Taleh Həmidin
nəinki yaradıcılığında, hətta sənətə
və sənətkarlara, dostlara və simsarlara, həyata və
həyatdakılara münasibətində qəribə bir səmimiyyət
var. Bu səmimiyyət həm kövrəkdir, həm də qətiyyətli;
həm zərifdir, həm də mətin; həm görünəndir,
həm də hərarətli.
Talehi tanıdığım 35 ildə bu səmimiyyətin
onu tərk etdiyini görməmişəm, duymamışam,
eşitməmişəm. Onunla çox-çox səfərlərimiz
olub. Bu səfərlərdə dostlar və yoldaşlar, səfərdaşlar
Taleh Həmidin diqqətinə, qayğıkeşliyinə,
dadlı-dadlı, şirin-şirin söhbətlərinə
heyran qalıblar. Onun duzlu-məzəli söhbətlərinin
ovsununa düşməmək mümkün deyil.
Bu sadaladıqlarım və
sadalamağa ehtiyac duymadığım neçə-neçə
mənəvi-əxlaqi dəyərlər, insani keyfiyyətlər
Taleh Həmidin şəxsiyyət kamilliyinin əlvan
çalarlarıdır. Məni sevindirən odur ki,
bütün bunlar Talehin həyat və həyat
davranışının kredosu olmaqla yanaşı, onun
yaradıcılığının mayasını, cövhərini
halallaşdırır. Atalar demişkən, "urvası
halallıqla yoğrulanın kündəsi küt getməz".
Cəsarətlə deyirəm ki, Taleh Həmidin bədii
yaradıcılığı qranit kimi möhkəm və əzəmətlidir.
Onun sırf özünəməxsus yaradıcılıq
dünyası var. Şair özü bu aləmi belə dəyərləndirir:
... Ya sevincim, ya qəmim,
Məni özgə duyar
kim?...
... Ay mənim yazı
masam,
Özümün olan
dünyam...
Bəli, məhz bu
dünya şəriksiz və şübhəsiz Taleh Həmidin
dünyasıdır. Qəmi kişi qəmi, kədəri ər
kədəri, həzinliyi şair kövrəkliyi, sevinci bayram
xonçası olan bir dünya. Həmin dünya həm də
ona görə halaldır ki, oradan minlərlə könül
dünyasına pay düşür: Şair Taleh Həmidin
misralarında, publisist Taleh Həmidin fikir zəncirbəndində,
naşir Taleh Həmidin peşəkarlıq səriştəsində.
Peşəkarlıq
demişkən, Taleh Həmid bir naşir, bir redaktor kimi də
seçiləndi, həm də sözübütövdür. Nəşriyyat
və redaksiya işi elədir ki, bəzən özün istəmədən,
özündən asılı olmayaraq adamın
sözünün yalanı da çıxır. Ya da müəllifi
bir növ "başdan eləmək" üçün
yalan dada çatır. Ancaq Taleh Həmidi nə "Ulduz"
jurnalında əməkdaşlığı dövründə,
nə "Yeni fikir"də, nə "Müstəqil qəzet"də
redaktorluğu çağında, ümumiyyətlə onu
tanıdığım uzun bir zaman kəsiyində
sözünə xilaf çıxan görməmişəm. Mənəviyyatı
kimi sözü də həmişə kəsərli və
bütöv, dəqiq və realdır.
Tanıyan oxucuların
bir daha əminliyi və az tanıyan şeirsevənlərin
Taleh Həmidi daha dərindən duymaları və səmimiyyətinin
işığını görmələri üçün
onun dörd cilddə seçilmiş əsərlərini vərəqləmək,
vərəqləyibən oxumaq, oxuyuban da dərinliyinə
varmaq kifayətdir. Kifayətdir ki, Taleh Həmidin avtobioqrafik
ömür kitabını vərəqləyə-vərəqləyə
onun xarakterinin incəlikləri bir daha canlılığı
və saflığı ilə gözlərimizdə
canlansın. Şeir və poemalarını oxumaq kifayətdir
ki, Taleh Həmid duyğularının, Taleh Həmid
düşüncələrinin ləngəri və dinamikliyi,
lirizmi və ülviyyəti duyğularımıza tumar çəksin.
Bu məqamda istəyirəm
Taleh Həmidin ayrı-ayrı misralarından seçmələri
nümunə kimi göstərim. Soruşa bilərsiniz ki, niyə?
Əvvəla ona görə ki, bir qəzet məqaləsində
şairin yaradıcılığını geniş təhlil
etmək imkan xaricindədir. İkincisi
isə oxuculara çatdırmaq istəyirəm
ki, Taleh Həmidin misraları dolğundur, sanballıdır,
fikir dərinliyindən
su içib və nəhayət fəlsəfi siqləti var.
"Günəşdən
gizlənir yay çiçəkləri,
Bir sərin,
bir asta meh gözləyirlər...
... Günəşin
eşqiylə yaşasalar da,
Günəşin
özündən hayalanırlar."
"Hər
gün bir cür nağıl verir,
Ağılsız da ağıl verir,
Dərsimizi
paxıl verir,
Bu
dünya başqa dünyadı."
"Yanımda
dolandı, yanımda gəzdi,
Gedib
özgələrdən sordum
ömrümü."
"Ürəklər
öləndən sonra
Çiçəklər
neyləyə bilər?
Onlar
ölüm qarşısında
Səndən,
məndən acizdirlər."
"Cavabsız,
soraqsız yığılıb qalır,
Suallar mənimlə,
ömür qocalır."
"Ata
var ki, ümid verir övlada,
Daş
üstündə ümidləri göyərə."
Talehin poeziyası ismətli
poeziyadır. Şair sözün niqabını çox həssaslıqla
və ehtiyatla götürüb fikrini təzə gəlin kimi
bizə göstərir. Sanki tez də onun üzünə zərif
tül örtür. Bu tül şair misralarının
hüsnünü gizlətmir, əksinə, onun lətafətini
daha cazibəli, daha füsunkar edir.
Taleh Həmid emosional və
həssas insandır. Mənim fikrimcə, şairin romantik
duyğuları, həqiqət axtarışları və hisslərinin
ülviyyəti üçün emosiya mütləq vacibdir.
Taleh Həmidin hər
gün gördüyümüz və hər gün
rastlaşdığımız məqamlara, reallıqlara
münasibəti bambaşqadır, bizi heyrətləndirir. Məncə,
elə poeziyanın gücü də insanları heyrətləndirməsindədir.
Taleh Həmidin,
yuxarıda dediyim kimi, sözlərində dərin məna var.
Məncə, bu mənaların qəribə fikir
çalarları var və həmin çalarlar Talehin daxilini
duymaqda oxuculara bələdçilik edir.
Taleh Həmidin
poeziyasının bir qatı mərhəmət duyğusu ilə
bağlıdır. Məncə, onun mərhəmətinin
kökündə insana məhəbbət, insan ləyaqətinə
ehtiram, insanlığa rəğbət marağı durur.
Taleh Həmidin tərcümeyi-hal
xarakterli publisistikası
var. Məncə, onun publisistikasının əsas
qayəsi və dəyəri keçmişi
aydın, həqiqət
işığında dərk
edib ləyaqət və ehtiramla gələcəyə çatdırmaqdır. Bu istəyinə
də məharətlə
nail olub.
Taleh Həmid fikir
azadlığını sevən şairdir. Məncə, onun
şair azadlığının mayasında dərk edib
qavradığı həyat həqiqəti və zərurət
durur.
Qeyri-adiliyi ilə heyrət
doğuran dahi Holland rəssamı Van Qoq yazır ki,
"insanları sevməkdən nəcib heç nə
yoxdur". Məncə, Taleh Həmidin ilhamının
büllurluğunun və coşqunluğunun kökündə
onun insanlara dəruni məhəbbəti durur.
İngilis yazıçısı
Uilyam Tekkereyin isə belə bir müdrik fikri var: "Rəftar
əkərsən - adət biçərsən, adət əkərsən
- xasiyyət biçərsən, xasiyyət əkərsən
- tale biçərsən". Məncə, Taleh Həmid
xoş rəftarı, səmimi xasiyyəti və Tanrı bəxş
etdiyi tale qisməti - şair ömrü ilə özünə
kifayət qədər məhəbbət və rəğbət,
hörmət və ehtiram qazanıb. Bu cür qazanılanlar isə
itib batmır, əksinə zaman keçdikcə, vaxt
uzaqlaşdıqca o daha da aydın, daha möhtəşəm
görünür.
İlham RƏHİMLİ,
sənətşünaslıq
doktoru,
professor
525-ci qəzet.- 2009.- 4 aprel.- S.25.