Yaşları yetmişə
yetmiş dostlarım haqqında iki yazı
Məşhur kino
rejissoru, Azərbaycanın xalq artisti, professor Tofiq
İsmayılovun 70 yaşı tamam olur. Tofiqlə 60-cı illərdə
hər ikimiz Azərbaycan radiosunda işlədiyimiz zaman
tanış olduq. 1964-cü ildə Moskvada Ali Ssenari
Kurslarını bitirib Bakıya qayıdandan sonra Radionun
Uşaq verilişləri şöbəsinin müdiri təyin
edildim, Tofiq İsmayılov bu şöbənin rejissoru idi. Birlikdə
çalışmağa başladıq, bir çox zənnimcə
maraqlı verilişlər hazırladıq. Uşaq verilişləri
şöbəsinin "Ulduz", "Xoruz" adlı
populyar verilişləri vardı.
Yeri gəlmişkən
o illər Uşaq şöbəsində redaktor kimi
çalışan, tanınmış jurnalist Mailə
xanım Muradxanlının mənə
xatırlatdığı bir əhvalatı burda yada salmaq istəyirəm.
Məşhur Xoruz baba - istedadlı aktyor Hüseynağa
Sadıqov balaca dinləyicilərin sevimlisinə
çevrilmişdi. Bu verilişi onsuz təsəvvür etmək
mümkün deyildi və aktyor özü də bunu
yaxşı bilirdi. Bir dəfə hansı işiyləysə
əlaqədar rayona getmiş, verilişin yazılma vaxtına
qədər gəlib çıxmamışdı. Verilişi
proqramdan çıxarmaq istəyirdilər. Mailə xanım
xatırlayır ki, şöbə müdirimiz (yəni mən)
bunu etməyə qoymadı: - Xoruz banlamasa səhər
açılmaz? Dedi və "Xoruz" jurnalı ilk dəfə
Xoruz babasız efirə çıxdı.
"Xoruz"
jurnalında uşaqlara tapmacalar söylənilirdi və
çoxlu cavablar alırdıq. Tofiqlə danışdıq
ki, axı bu radiodur, uşaqların fantaziyasını
canlandırmaq üçün yalnız sözlə yox, səslər
vasitəsiylə də tapmacalar vermək yaxşı olar. Müxtəlif
quşların cəh-cəhini, dənizin uğultusunu,
çay, bulaq şırıltısını, külək,
yağış, qasırğa səslərini lentlərə
yazdıraraq efirə verdik və balaca dinləyicilər bu səsləri
tanıyıb xeyli cavab yazdılar. Tofiqlə "Şəhərin
bir günü" adlı sözsüz, yalnız
küçə, nəqliyyat vasitələrinin, təbiət
səslərindən ibarət Səs novellası da
hazırladıq. Əfsus ki, sırf radioya xas olan bu
janrlar sonralar davam etdirilmədi. O illər Tofiqlə ən
böyük işimiz isə Mirzə Cəlil Məmmədquluzadənin
üç əsəri - "Ölülər", "Dəli
yığıncağı", "Danabaş kəndinin məktəbi"
pyesləri əsasında "Ölülər", "Dəlilər",
"Dirilər" adlı radio trilogiya oldu. Bu
işin əsas zəhməti əlbəttə rejissorun - Tofiq
İsmayılovun boynuna düşdü. Bilmirəm,
bu çox mükəmməl rejissor və aktyor işinin bəhrəsi
olan trilogiya radionun fondunda qalıb ya yox, qalmayıbsa, çox
heyf.
O illər Tofiqlə
yalnız əməkdaşlıq etmirdik, həm də
dostlaşdıq, çox-çox illər sonra isə qohum,
quda olduq. Tofiqin qızı Sevinc gəlinimizdir, oğlum Turalın
həyat yoldaşıdır.
Radiodan sonra Tofiq Moskvaya
Ali rejissor kurslarına daxil oldu, oranı bitirdi, artıq kino və
televiziya filmləri rejissoru kimi fəaliyyətə
başladı. Bu illər ərzində Tofiq iyirmidən artıq kino,
televiziya və sənədli film çəkdi. "Abşeron"
romanı əsasında çoxseriyalı film,
"Çarvadarların yolu ilə", "Mən mahnı
qoşuram", "Gilas ağacı" kimi sevilən kino əsərlərinin
quruluşunu verdi. Məlik Məmməd
nağılı əsasında çəkdiyi film ABŞ-da
nümayiş etdirilməsi üçün seçilən 17
sovet filmindən biriydi.
Tofiqin çəkdiyi
filmlər arasında ikisini xüsusi qeyd etmək istərdim. Məşhur
rəqqasəmiz Əminə Dilbaziyə həsr olunmuş
"Prima" filmini və ölməz müğənnimiz
haqqında çəkdiyi "Oxuyur Müslüm Maqomayev"
filmlərini. Nə qədər təəccüblü
görünsə də Tofiqin filmi bu böyük sənətkar
haqqında çəkilmiş yeganə ekran əsəridir.
Əlbəttə müğənninin
ayrı-ayrı çıxışları, konsertləri,
ifaları lentə alınıb, amma yaradıcılıq
yolunu tam şəkildə əks etdirən tək film Tofiqin
yaratdığı əsərdir. Odur ki,
böyük müğənnini itirdiyimiz günlərdə
Bakı və Moskva telekanalları rejissorun adını belə
çəkmədən məhz bu filmdən böyük
parçalar nümayiş etdirirdilər.
Kino və televiziya sahəsində
yorulmaz enerjiylə çalışan, bir insan ömrü boyu
bu qədər film çəkən, uşaqlar
üçün kitablar yazan, Ali məktəbdə pedaqoji fəaliyyətlə
məşğul olan Tofiq İsmayılov Türkiyəyə
getdi və on beş il ərzində İstanbulun Memar Sinan
Universitetinin müəllimi - oldu. Deyən gərək, dərsini de,
aldığın kafi maaşla sakitcə dolan, yaşın da
daha o yaş deyil... Amma belə yaşasaydı
Tofiq - Tofiq olmazdı. İstanbulda neçə illik fəaliyyəti
boyu Tofiq İsmayılov həyatını yalnız Memar Sinan Universitetindəki
tələbələr yetişdirməyə deyil,
bütün türk dünyasının sənətinə,
türk xalqlarının qarşılıqlı mədəni
əlaqələrinin gəlişməsinə, Azərbaycanın
Türkiyədə daha geniş tanıdılmasına həsr
etdi. İstanbul Bələdiyyəsinin o vaxtkı kultur işləri
dairəsinin müdiri dostu, dostumuz Şenol Dəmirözlə
birlikdə İstanbulda nələr təşkil etmədi:
türk dünyası sinema (kino) festivalları, ədəbiyyat,
opera günləri, konsertlər, ünlü sənətçilərimiz
Üzeyir Hacıbəyliyə, Adil İsgəndərova, Qara
Qarayevə, Rəsul Rzaya, Bəxtiyar Vahabzadəyə həsr
edilmiş tədbirlər... Şenolla birlikdə bütün
müstəqil və muxtar Türk Cümhuriyyətlərini -
Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı,
Türkmənistanı, Tatarıstanı,
Başqırdıstanı bir-bir gəzib-dolaşdılar,
türk xalqlarının illər boyu qırılmış mənəvi
və mədəni bağlarını yenidən bərpa etməyə
çalışdılar. Türk dünyasının məşhur
kino ustaları - türkiyəli Xalid Rəfiq, mərhum
qırğız rejissoru Tolamuş Okeyev, türkmən Xocaqulu
Narliyev və onun xanımı aktrisa Maya Aymedova, özbək
Şöhrət Abbasov, tatar Bolot Mansurov Tofiqin yaxın
dostları, İstanbuldakı kino bayramlarının daimi
iştirakçıları idi. Rəhmətlik
Çingiz Aytmatovla da dostluq edirdi, onunla, habelə qazax
yazıçısı Muxtar Şaxanovla birlikdə ssenarilər
yazmışdı.
Tofiq İsmayılovun
İstanbul dövründəki ən vacib işlərindən
biri - yazdığı üç cildlik "Türk
cümhuriyyətlərinin sinema tarixi" oldu. Bir elmi
institutun görə biləcəyi (bəlkə də görə
bilməyəcəyi) işi Tofiq İsmayılov təkbaşına
etmiş, Türk dünyasının mükəmməl kino
salnaməsini yaratmışdı. Bu kitab təbii ki,
yalnız yazılı mənbələrə əsaslanmır,
onu araya-ərsəyə gətirmək üçün
müəllif yüzlərlə bədii və sənədli
filmə baxmalı olmuşdu. Bu filmlərin
əksəriyyəti onun şəxsi kinotekasında
saxlanılır. Məncə bu türk
xalqlarının kino sənətinə aid unikal
kolleksiyadır və yaxşı olardı ki, indi Tofiq
Bakıya qayıtdığı zaman bu zəngin filmlər xəzinəsində
toplanmış əsərləri öz təqdimatları və
şərhləri ilə televiziya kanallarımızda
nümayiş etdirsin.
Tofiq İsmayılovun 70
illiyi münasibətilə qələmə aldığım
bu yazıda onun fəaliyyəti haqqında çox söz deyə
bilərdim. Amma professor Nizami Cəfərov "525-ci qəzet"də
məni qabaqlayaraq görkəmli sənətkarımız
haqqında müfəssəl bir məqalə dərc etdirib və
mənim demək istədiyim sözlərin çoxunu deyib.
Mənə isə on il
bundan qabaq Tofiq İsmayılovun 60 illiyi münasibətilə
yazdığım yazıdan bəzi fikirləri yenidən təkrarlamaq
qalır. Onun xasiyyətinə, davranışına az-çox bələd
olan qohum kimi o vaxt yazırdım ki, Tofiq çox ailəcanlı,
balacanlı, nəvəcanlı bir insandır. Özünü
oda-közə vurur ki, ailəsi yaxşı dolansın.
Həmişə deyirəm, Tofiq, üç qızın var,
nəvələrin var, hamısı normal yaşayır, bir az toxta, özünü düşün,
axı 60 yaşın var. Kimə deyirsən? İndi on il keçəndən sonra, 70 yaşında da
Tofiq eyni fədakarlıqla övladlarından başqa yeddi nəvəsinin
yolunda ömrünü fəda etməyə hazırdır.
Söhbət nəvələrdən
düşdüsə bir məzəli və mənalı xatirə
də yadıma düşdü. Tofiqlə mənim iki ortaq nəvəmiz
var - Rəsul və Anar, Turalla Sevincin övladları.
Rəsul dörd-beş
yaşlarında olanda Bakıda Axundov kitabxanasının
yanından keçərkən bu binanın fasadında
ucaldılmış heykəlləri ona göstərdim, bax o
da mənim atam, Turalın babası, sənin ulu baban Rəsul
Rzadır - dedim sən onun adını daşıyırsan. Balaca
Rəsul tərs-tərs üzümə baxıb: - Bəs
Tofiq baba hanı? - deyə soruşdu.
İndi Rəsul
artıq böyük oğlandır, Ali məktəb tələbəsidir,
şübhəsiz dərk edir ki, Tofiq İsmayılovun heykəlini
o özü ucaldıb - filmləriylə, kitablarıyla,
Türk dünyasına xidmətləriylə, Bakıda və
İstanbulda yetişdirdiyi yüzlərlə tələbələriylə.
70 yaşın mübarək
Tofiq!
27 mart 2009
Vəfalı dost
Görkəmli
tərcüməçi, naşir, təşkilatçı, əsl
ədəbiyyat adamı Azər Mustafazadənin 70 yaşı
tamam olur. Bu münasibətlə
yazdığım yazıya başlıq qoyandan sonra bir qədər
tərəddüd keçirdim. Bəlkə onu dəyişdirim-deyə
düşündüm... Axı bu başlıq
dostum Azərin qəlbini sızlada, kövrəldə bilərdi.
Bir neçə il əvvəl o çox
sevdiyi həyat yoldaşı Vəfa xanımı itirmişdi.
İndi o vəfasız dost idi. Vəfasız,
amma vəfalı. Başlığı dəyişmədim,
çünki Vəfa xanımın xatirəsinə də,
Moskvada Ədəbiyyat institutunda birgə oxuduğu gənclik
dostlarına da, ümumən yoldaşlıq etdiyi başqa
insanlara da, müxtəlif sahələrdə
çalışdığı işlərə də
etibarı cəhətdən Azəri məhz "vəfa"
sözüylə səciyyələndirmək düz olar.
Ömrü
boyu çeşidli işlərdə fəaliyyət göstərib. Adicə ədəbi
işçi, sonra "Literaturnı Azərbaycan"
jurnalının məsul katibi olanda da, Mərkəzi Komitənin
mühüm şöbələrindən birinin müdiri
işləyəndə də, "Literaturnaya qazeta"nın
Azərbaycan üzrə müxbiri kimi çalışanda da,
Şəki kimi böyük rayona rəhbərlik edəndə
də, bir müddət işsiz qalanda da, nazir müavini vəzifəsini
daşıyanda da Azər həmişə eyni Azər olub,
işinə sədaqətli, fəaliyyətinə namusla
yanaşan, zəhmətkeş, xeyirxah...
Azərbaycan
ədəbiyyatını rus dilinə çevirmək kimi
ağır zəhmətə qatlaşanda da, indi bəzi
başqa nəşriyyatların dağıldığı,
sıradan çıxdığı bir vaxtda qədim "Azərnəşr"i
yaşadanda da həmişə ədəbiyyatımıza, mədəniyyətimizə
ləyaqətlə xidmət edib. Azərbaycan
ziyalısı deyəndə ilk ağlıma gələn
insanlardan biri Azərdir. Təmənnasız,
iddiasız, heç kəsin yerində gözü olmayan
gözü tox bir ziyalı, heç kəsə həsəd
çəkməyən alicənab, fədakar insan. Hərdən Azərlə zarafat edirik ki, o öz
adını artıq "Azərnəşr" sözündə
ədəbiləşdirib, çünki çətin
zamanlarda bu nəşriyyatın ayaqda qalması ilk növbədə
Azərin xidmətidir.
İnsanlar
kimi kitabların da öz taleyi olur. Və
müxtəif illərdə - insanlar kimi kitablar da uğurlu, ya
uğursuz günlər yaşayır, sevildikləri vaxtlar da
olur, gözdən düşdüyü vaxtlar da. Acı da olsa etibar etməliyik ki, son vaxtar,
bütün dünyada olduğu tək, Azərbaycanda da
Kitabın bəxtinə ağır sınaqlar
düşüb. Belə sınaqlardan
çıxmaq hər insana, hər kitaba nəsib olmur.
Belə bir bazar, daha sərt desəm
baqqal mülahizəsi var ki, kitabın dəyəri onun
populyarlığında, alış-veriş meyarlarıyla ölçsək,
satılıb-satılmamasındadır. Amma satılmayan
adamlar da var, satılmayan kitablar da...
İstərdim
ki, məni düzgün başa düşsünlər. Məlumdur ki, ədəbiyyatın müəyyən
populyar janrları var, məsələn çox oxunan dedektiv
janr. Əgər bu janrda yaranmış əsərlər
Edqar Po, Konan Doyl, Aqata Kristi, Jorj Simenon, ya elə bizim
Çingiz Abdullayev kimi istedadlı müəlliflərin qələmindən
çıxıbsa, bu kitablar ədəbiyyatın
malıdır, onun dəyərli örnəkləridir. Amma axı tək bir oxucunu cəlb etmək
üçün yazılan bayağı "əsərlər"
də meydana çıxır. Özəlliklə
bizim günlərdə pulu-varı olan hər adamın öz
cızma-qarasını çap etməyə imkanı varsa.
Ciddi ədəbiyyat isə geniş oxucu
marağını cəlb etməyə də bilər. Amma belə kitabları nəşr olunmaq və deməli
yaşamaq haqqından məhrum etsək həqiqi ədəbiyyatın
siması necə olar?
Bu
söhbəti ona görə salıram ki, Azər "Azərnəşr"də
kitab çap etmək siyasətində bazar
iqtisadiyyatının qanunlarına müəyyən qədər
riayət etməyə məcburdursa da, həqiqi dəyəri
olan kitabların işıq üzü görməsinə də
həmişə ciddi məsuliyyətlə yanaşır.
Ən son bir misal. Uzun illər
Yazıçılar İttifaqına rəhbərlik etmiş,
xalq yazıçısı İmran Qasımovun çoxdan bəri
kitabları çıxmırdı.
Ədəbiyyatımızda
öz yeri olan, qədirşünas adamların xatirələrində
yaşayan insanları - dünyasını dəyişmişləri
belə hörmətlə anmaq - ziyalılığın, nəcibliyin
əlamətidir. Ölülərə-dirilərə
böhtan, föhş atmaq isə naqislik kompeksindən əziyyət
çəkənlərin şakəri, özünə "təsəllisi"
uğursuzluqlarının nişanəsidir.
İnsan ömürlüyündə yüksəliş
anları da olur, diqqətdən kənarda qaldığı
vaxtlar da. Mərdanəlik - hər iki məqamda
mənliyini qoruyub saxlamaqdır. Ləyaqət
ondadır ki, zirvələrə ucalanda başın gicəllənməsin,
hamıya yuxarıdan aşağı baxmayasan, zirvələrdən
enəndə isə giley-güzar etməyəsən,
bütün dünyadan küsüb-inciməyəsən,
hamını suçlamayasan. Azər
bütün bu təbəddülatlardan eyni cür
başıucalıqla keçən, həmişə şəxsiyyətini
qoruyanlardandır.
Yazımın
əvvəlində olduğu kimi axırlarına yaxın da Vəfa
xanımı xatırlamaq istəyirəm. Təbii
ki, Azər onun itgisini çox ağır yaşadı. Tale elə gətirdi ki, bu gün iki qızı da
ailələriylə birlikdə xarici ölkələrdə
yaşayır. Azər tənhalığın
acısını da eyni mətanətlə, eyni dözümlə
keçirir. Yalqızlığının
ağrılarını heç kəsə göstərmir, bəlkə
ancaq bir neçə dostuyla əvvəlki vaxtlardan daha
çox, daha sıx ünsiyyətdə olmağa ehtiyac duyur.
Ancaq yetər, yetmiş yaşı tamam olan gün -
martın 27-də qələmə aldığım bu
yazımda Azəri qəmli sözlərlə riqqətləndirmək
istəmirəm. Ona - varlığı
üçün, belə olduğu üçün, etibar və
sədaqəti üçün minnətdarlığımı
bildirmək istəyirəm, ayrı vaxt demədiyim sözləri
- "belə bir dostum olduğu üçün qürur
duyduğumu" ona çatdırmaq istəyirəm.
Yetmiş
yaşın mübarək Azər!
27 mart 2009
ANAR
525-ci qəzet.- 2009.- 4 aprel.- S.24-25.