"Şah Abbas" üçün İmza günü
AZƏRBAYCAN YAZIÇILAR
BİRLİYİNDƏ DAHA BİR MÜSBƏT ƏNƏNƏNİN
ƏSASI QOYULDU
Ötən gün Azərbaycan
Yazıçılar Birliyinin (AYB) "Bayatı" kitab evində
yazıçı-dramaturq, "Ulduz" jurnalının
baş redaktoru Elçin Hüseynbəylinin yeni işıq
üzü görmüş kitabı - "Şah Abbas"
tarixi romanı ilə bağlı İmza günü
keçirildi. Tədbiri AYB-nin katibi Rəşad Məcid
açaraq, İmza gününün keçirilməsini
yüksək qiymətləndirdi və qeyd etdi ki, bu tədbirlərin
keçirilməsi fikrini Birliyin sədri, xalq
yazıçısı Anar irəli sürüb: "Bu mərasimlər
ictimaiyyət arasında kitabın təbliğinə, kitaba
diqqətin artmasına, oxucu auditoriyasının genişlənməsinə
xidmət edəcək. İnanıram ki, AYB-də İmza
günü keçirilməsi ənənəvi hal alacaq və
həm bu tədbirlərə, həm də ümumən kitaba
maraq göstərənlərin sayı daha da
çoxalacaq".
"Dünya ədəbiyyatı"
dərgisinin baş redaktoru Səlim Babullaoğlu E.Hüseynbəylini,
eləcə də bütün ədəbiyyatsevərləri
yeni bir ənənənin başlaması münasibətilə
təbrik etdi.
Tanınmış
dramaturq Əli Əmirli hər bir yeni kitabın işıq
üzü görməsini müəllif üçün qələbə
adlandırdı: "Elçin Hüseynbəyli də bu qələbəni
dadan yazıçılardandır. O, məhsuldar
yaradıcılığı ilə seçilən
yazıçıdır. Arzu edirəm ki, bu məhsuldarlığını
hər zaman qoruyub saxlaya bilsin. Mən bu İmza günü tədbirini
ədəbi sahədə irəliyə atılmış
addım kimi dəyərləndirirəm".
Şair Elxan Zal
Qaraxanlı Azərbaycan ədəbiyyatında tarixi roman
janrının durmadan inkişaf etdiyini, E.Hüseynbəylinin
bu janrın gözəl nümunələrini
yaratdığını önə çəkdi.
Şair İlyas
Tapdıq, professor Ənvər Əhməd də öz
çıxışlarında müəllifi təbrik,
İmza günü keçirilməsini isə təqdir etdilər.
Daha sonra müəllif kitabının satılan nüsxələrini
imzaladı. Qeyd edək ki, saat 16-ya qədər 43 nüsxəsi
satılan "Şah Abbas"ın qiyməti 10-50 manat
arasında oldu.
Aynur QULİYEVA
525-ci qəzet.- 2009.- 4
aprel.- S.23.