"Müasir
Ukrayna tarixi" kitabının təqdimatı
keçirilib
Aprelin 3-də BSU-nun
Ukrayna Mədəniyyət mərkəzində
Avropaşünaslıq kafedrasının dosenti H.Məmmədovun
"Müasir Ukrayna tarixi" (XX əsrin sonları-XXI əsrin
əvvəlləri) dərs vəsaiti kitabının təqdimetmə
mərasimi keçirilib. Tədbirdə Ukraynanın Azərbaycandakı
səfiri B.Klimçuk da iştirak edib.
Təqdimetmə mərasimini
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal
Abdullayev açaraq, Azərbaycan-Ukrayna münasibətlərindən
danışıb, iki ölkə arasında dostluq əlaqələrinin
tarix boyu möhkəm olduğunu, müasir dövrdə bu əlaqələrin
daha da möhkəmləndiyini qeyd edib. Universitetdə ukrayna
dilinin, tarixinin, mədəniyyətinin ixtisas səviyyəsində
keçildiyini önə çəkən K.Abdullayev bu
yaxınlarda BSU-da T.Şevçenko adına "Ukrayna linqofon
kabineti"nin də açılacağını bildirib. "Müasir
Ukrayna tarixi" kitabının vaxtında ərsəyə gəldiyini
deyən rektor onun iki ölkənin əlaqələrinin daha
da möhkəmlənməsinə xidmət edəcəyinə
əmin olduğunu dilə gətirib. Rektor gələcəkdə
bu kitabın ukrayncaya tərcümə olunmasının
vacibliyini də qeyd edib.
Ukrayna səfiri
B.Klimçuk təqdim edilən kitabı yüksək dəyərləndirərək,
onun nəşrində əməyi olan hər kəsə,
xüsusən rektor K.Abdullayevə minnətdarlığını
bildirib. Ukraynanın keçdiyi tarixi yola ekskurs edən səfir
bu yolun heç də asan olmadığını diqqətə
çatdırıb. Tarixin doğru, obyektiv
yazılmasının hər bir xalq üçün, onun gələcək
taleyi baxımından mühüm amil olduğunu deyən
diplomat, bu mənada, sözügedən nəşri önəmli
vəsait kimi səciyyələndirib. B.Klimçuk da
kitabın ukrayncaya çevrilməsini gərəkli sayıb.
Mərasimdə
kitabın müəllifi H.Məmmədov, BSU-nun elmi işlər
üzrə prorektoru M.Əliyev, Avropaşünaslıq
kafedrasının müdiri E.Nəcəfov, Slavyan ölkələrinin
tarixi kafedrasının dosenti A.Cəlilov, ADPU-nun Türk və
Şərqi Avropa xalqlarının tarixi və tarixin tədrisi
metodikasının dosenti R.Əliyev, BDU-nun dosenti
S.Hüseynova, universitetin Slavyan ölkələri
kafedrasının dosenti və tələbələr də
çıxış ediblər.