Ədəbiyyat tariximizin unikal mənbəyi
Bu yaxınlarda XVI-XVII əsrlər
görkəmli Azərbaycan şairi, ədəbiyyatşünası
və rəssamı Sadiq bəy Əfşarın "Məcməül-xəvas"
təzkirəsi çapdan çıxıb. Əsərin Azərbaycanın
elmi və ədəbi fikir tarixində hansı yeri
tutmasını göstərmək üçün onun mərkəzinə
qoyulan yazı prinsipləri barədə danışmaq kifayətdir.
Sadiq bəy bəhs etdiyi dövrün müasir dillə desək,
insan mənzərələrini yaratmış, bu mənzərəni
gah görünən-vizual mənzildə saxlamış, gah da
onların vasitəsi ilə - insan xislətinin xüsusən ədəbiyyata
uğraşdığı zaman nələr meydana qoya biləcəyini
"miniatür dəqiqliyi" ilə göstərə
bilmişdir. Nəyə görə "miniatür dəqiqliyi"?
Ən müxtəlif qələm adamları ilə əlaqəli
təzkirədə nəql edilən əhvalatlar ilk
baxışdan adi detallardır, onların xarakterlərinin bu və
ya digər ayrıntılarını göstərir, ancaq əsərin
bütövlükdə bu kiçik, "miniatür"
ayrıntılardan təşkil edilməsi, zəif fonun əslində
mövzunun məğzini təşkil etməsi Sadiq bəy
kitabdar dövrünün ilk baxışdan asan oxunmayan
kitabıdır.
Sadiq bəy Əfşar
(mənbələrdə Sadiq bəy Sadiqi və Sadiqi Kitabdar
kimi də yad edilir) dövrünün mükəmməl
bilikli, istedadlı şəxsiyyətlərindən biri olub. Təəssüf
ki, indiyə qədər Azərbaycanda onun ədəbi və
elmi irsindən yalnız orta əsr rəssamlığının
nəzəri və əməli problemlərindən bəhs edən
205 beytlik "Qanunüs-süvər" mənzum risaləsi
çap edilmişdir (1971). Orta əsr ədəbiyyatşünaslığımızın
möhtəşəm abidələrindən olan "Məcməül-xəvas"
təzkirəsini 1948-ci ildə İran alimi, azərbaycanlı
doktor Əbdürrəsul Xəyyampur fars dilinə tərcümə
edərək Təbrizdə orijinal türk mətni ilə
çap etdirmiş və bu kitab hal-hazırda əlyazma səviyyəsində
nadir nüsxədir.
Sadiq bəy Səfəvi
dövlətinin banisi Şah İsmayıl Xətainin
zamanında Şamdan (Suriyadan) könüllü olaraq ona
qoşulmaq üçün gələrək, İraq və
Azərbaycanda yerləşən xudabəndəlü adlı
türk-əfşar tayfasının mənsubu olub. 1533-cü
ildə Təbrizin Vercü məhəllərində
dünyaya gələn Sadiq bəy 20 yaşında,
atasının qətlindən sonra özünə bir himayədar
tapmadığından ata ocağını tərk edərək
macəralı bir həyata atılmış, qələdər
və dərvişlərə qoşularaq səyahətlərə
çıxmışdır. Bu macəralı həyat, ən
dar macalda belə görüb-götürmə vərdişi,
adi, təsadüfi detallarla həyatın və sənətin
xüsusi mənası arasında bağın həmişə
diqqətdə saxlanılması onun həm də qüdrətli
bir ədəbiyyatşünas kimi yetişməyində əvəzsiz
rol oynamışdır. Sadiq bəyin bu təzkirəsində
zahirən dövrün ədəbi xronologiyası verilir, ancaq
diqqətlə mütaliə etdikdə ədəbiyyatşünaslıq
və tənqid əsərinin məğzində bu
dövrün fövqündə dayanan BÖYÜK HƏQİQƏTİ
görmüş oluruq. Həqiqət isə yalnız bu
üsulla ifadə edilə bilir...
Sadiq bəy II Şah
İsmayılın hakimiyyəti illərində (1576-1577) Səfəvilərin
saray kitabxanasına işə qəbul olunur, I Şah Abbas
dövründə (1587-1629) kitabdar - kitabxana rəhbəri kimi
yüksək vəzifəyə təyin olunur. Sərt xarakterə
malik olduğuna görə bir müddət sonra vəzifə
başından uzaqlaşdırılsa da, ömrünün
sonuna qədər rəsmən bu vəzifədə olur və
maaşını alır.
Sadiqi 1602-ci ildə
İsfahanda, yaşı yetmişə çatdığı
bir zamanda əsərlərini toplayaraq bir külliyyat tərtib
etmişdir. Bunlardan üç əsər- "Məcməül-xəvas",
"Divan" və "Münşəat" türkcədir.
Sadiq bəyin ədəbiyyatşünaslar
üçün ən böyük maraq kəsb edən əsəri
onun təxminən h.1007-1008 (1597-1598)-ci illərdə
cığatay türkcəsində yazdığı "Məcməül-xəvas"
təzkirəsidir. Əsər osmanlı torpaqlarından
tutmuş bugünkü İran, Azərbaycan, Orta Asiya, Əfqanıstan,
Pakistan və Hindistana qədər böyük bir ərazinin
konkret bir zaman çərçivəsində (I Şah
İsmayıl dövründən müəllifin həyatda
olduğu günlərədək) ədəbi və ictimai-siyasi
mühitini əhatə edir. Bu əsər müəllifin uzun
müddətli səyahətlərinin, müşahidələrinin,
topladığı zəngin məlumatların məhsuludur. O,
səyahət etdiyi ölkələrdə dövrünün
məşhur şair və digər sənət adamları ilə
görüşmüş, onlarla söhbətlər etmiş,
təzkirəsini də bu məlumatlar əsasında
yazmışdır. Sadiqi ona qədər geniş
yayılmış təzkirələrdən ən çox Nəvainin
"Məcalisün-nəfais"inə maraq göstərmiş,
ona müvafiq olaraq əsərini səkkiz bölməyə
ayırmışdır. Təzkirənin ən önəmli cəhətlərindən
biri ondan ibarətdir ki, Azərbaycan, Osmanlı,
çığatay türkcəsini gözəl bilən
müəllif bu üç türk xalqının ədəbiyyatını,
görkəmli şair və ədiblərini bir topluda birləşdirərək
oxuculara, tədqiqatçılara onlar haqqında əvəzsiz
məlumatlar vermişdir. Məlumat və işarətlərin
unikallığı bir də onunla şərtlənir ki, təzkirə
müəllifi indi bizim "ədəbi proses"
adlandırdığımız burulğanın içinə
girməmiş, sadəcə ona çox orijinal bucaqdan
yanaşa bilmişdir. Görkəmli ədəbiyyatşünas
alim Turxan Gəncəinin dediyi kimi, "Sadiqi bu əsərdə
siyasi hüdudları və sülalələr
arasındakı ixtilafları bir tərəfə ataraq
türk dili və ədəbiyyatını bir bütün
halında götürmüş və türk dilinin
üç ədəbi şivəsinin şairlərini
tanıdaraq əsərlərindən örnəklər
vermişdir. Bu təzkirə onun Nəvainin əsərlərini
yaxından bildiyini və dövrünün türk şairlərini
şivə fərqi gözləmədən tədqiq etdiyini və
bu üç şivəni də mükəmməl bildiyini
göstərir".
Müqəddimə, 8 məcmə
və xatimədən ibarət bu təzkirənin tədqiqatçıları
göstərirlər ki, əsər Nəvainin üslubuna və
təzkirəçilik ənənəsinə uyğun bir
şəkildə yaradılsa da, öz orijinallığı və
elmi bədii dəyəri ilə bu janrda yazılmış
orta əsr təzkirələri içərisində
xüsusi bir mövqeyə malikdir.
Birinci məcmədə dövrün şairlik
istedadına malik hökmdarlarından Şah Təhmasib, Məhəmməd
Xudabəndə, II Şah İsmayıl, moğol hakimi
Humayün, Osmanlı padşahı Sultan Süleyman, Şeybani
sülaləsindən olan Übeyd xan Özbək, Abdulla xan
Özbək, Krım xanı Qazi Gəray və
başqaları haqqında məlumat verir, onların əsərlərindən
nümunələr gətirir.
Əsərin ikinci məcməsində
şahzadələrdən Şah İsmayılın
oğlanları - Bəhram Mirzə, Alxas Mirzə və Sam Mirzə,
nəvələri - İbrahim Mirzə, Sultan Həsən Mirzə,
Bədi Əz-Zəman Mirzə, Sultan Mustafa Mirzə, Ürgənc
hakiminin oğlu Məhəmməd İbrahim xanın adları
salınıbdır. Bunlardan "Cahi" təxəllüsü
ilə şeir yazan İbrahim Mirzənin (1540-1576) Azərbaycanca,
aşıq şeiri üslubunda yazdığı 27 şeiri
son zamanlarda Tehranın saray kitabxanasında aşkar edilərək
surəti AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutuna gətirilmişdir.
Üçüncü məcmə
səltənətin sütunu olan, yəni dövlətdə
yüksək mövqeyə malik türklər
haqqındadır. On bir nəfəri əhatə edən bu fəsildə
məşhur Azərbaycan türklərindən Məhəmməd
bəy Əmani, Yusif bəy Cavaşlu və
başqalarından söz açılır. XVI-XVII əsrlərdə
yaşamış Məhəmməd bəy Əmanini şəxsən
görən Sadiq bəy onun haqqında maraqlı məlumat
verir: "Bayburtludur. Özü türk, əməli saleh,
işi ibadət, pisliklərdən uzaq bir insandır. Türk
olmasına baxmayaraq "Müqəddəmat" ("Elmlərə
giriş") mütaliəsinə rəğbət göstərir,
şeir də deyir. Müəllif Yusif bəy Çavuşlu
haqqında yazır ki, "şeir təbi Mövlana
Füzuliyə yaxındır. Divanını onun rədif və
qafiyələri ilə bağlayıb". Maraqlıdır
ki, Yusif bəyin təzkirədə nümunə kimi
verilmiş üç qəzəlindən biri şairin London
muzeyində mühafizə olunan divanında yoxdur.
Fəsillərdən
biri peyğəmbər nəslindən olan şairlərə
həsr olunub. Təzkirəçinin öz ustadlarından biri
saydığı Mir Süni ilə başlayan bu fəsildə
otuz doqquz şəxs haqqında məlumat verilir. Onlardan hər
biri öz dövrünün tanınmış şəxsi
olmaqla yanaşı həm də şeir yazmışlar. Lakin
şairliklə yanaşı onların həm də bir peşələri,
dolanmaq üçün sənətləri olmuşdur.
Təzkirəçi
yeddinci məcmənin əvvəlində yazır:
"Türk, fars və ərəb dillərində söz demək
qüdrətinə malik olub, ərəb və əcəmdə
şöhrət tapmış türk şairləri
haqqında...". İyirmi səkkiz şairdən bəhs
olunan bu fəsil böyük Azərbaycan şairi Məhəmməd
Füzuli ilə açılır. Sadiqinin Füzuli
haqqında dediyi sözlər ədəbiyyat tariximiz
üçün ən önəmli məlumatlardandır:
"Bayat elindəndir. İbrahim xanın xidmətinə
Bağdada gedib. Xan mərhum Sultan Süleyman Xondgarın
yanından köçüb İraqa gəldiyindən
Mövlana Füzuli Hillədə sakin olur. Zahiri elmləri
öyrənməyə başlayır və az bir vaxtda
böyük uğur qazanır. Həqiqətən, heç kəsə
belə bir istedad səadəti üz verməyib ki, türk,
fars və ərəb kəlamını bu səviyyədə
bilsin. Türkcə qəzəl və qəsidələr
divanı, "Şah və gəda", "Leyli və Məcnun",
"Bəngü Badə" münazirəsi və
"Rövzə" əsərlərini yazıb. Farsca qəzəl
və qəsidələr divanı, "Rindü Zahid",
"Səhhət və Mərəz", ərəbcə qəzəl
və qəsidələr divanı yazmışdır". Təzkirəçi
sonda belə bir cümlə işlədir: "Təxminən
otuz min beyt əşarı bar kim, bu həqir öz xətti
birlə mütaliə qıldım". Bəzi tədqiqatçılar
(H.Araslı, M.Quluzadə) bu cümləni Sadiqinin Füzuli əsərlərini
orijinaldan oxuması kimi başa düşmüşlər. Filologiya
elmləri doktoru Cənnət Nağıyevaya görə isə
Sadiqi burada "mütaliə qılmaq" deyərkən
heç də oxumağı nəzərdə
tutmamışdır. Orta əsrlərdə "mütaliə
qılmaq" ifadəsi həm də yazmaq mənasında
işlədilirdi. Sadiq bəy Füzulinin əsərlərini
öz əli ilə köçürdüyünü demək
istəmişdir. Kitabı tam şəkildə mütaliə
etdikdən sonra Füzulinin bu panoramada mövqeyini bir də
xatırlamalı olursan, Şekspirin sözləri yada
düşür: həqiqi şair zamana müqavimət
göstərən şairdir...
Təzkirənin ən
böyük səkkinzinci fəsli "Əcəmin müasir
fəsahət və bəlağət sahibləri
haqqında" adlanır. 222 şairi əhatə edən bu fəsildə
müəllif müasiri olduğu, şəxsən
tanıdığı bir sıra şairlər haqqında dəyərli
məlumatlar verir. Təzkirəni oxuduqca görürük ki,
Sadiq bəy üçün təqdim etdiyi şairin şəxsi
insani keyfiyyətləri çox böyük önəm
daşıyır. Bu keyfiyyətlərdən bəhs edən
hissələri xəyalən də olsa bir yerə toplamalı
olsaq, o dövr üçün (elə iudinin özü
üçün də-!) çox səciyyəvi olan bir əsər
alınar. Son dərəcə səciyyəvi cəhətdir
ki, orta əsrlər təzkirəsi kimi təqdim edilən
kitab əslində bir neçə mətndən ibarətdir. Onların
hər biri orta dövr insanının sənətə,
dövrana, insana, gerçəkliyə münasibətini eyni
zamanda həm fərqli, həm də oxşar şərh
planında açıqlayır. Bizcə, kitabın ən
önəmli keyfiyyətlərindən biri də budur. Məsələn,
kitabda Həsən bəy Əczi haqqında yalnız bu
sözləri oxuyuruq: "Təbrizlidir. Dostcanlı və
söhbətcil bir cavandır. Şeirində çox incəlik
və təzəlik var. İnsanlarla rəftarında olduqca səmimidir".
Təzkirədə Mövlana Zəmirinin dövrünün
hökmdarlarını mədh etməməsi yüksək dəyərləndirilir,
onun mənəvi ucalığı kimi qiymətləndirilir:
"Zəmanəsinin böyüyü-kiçiyi,
türkü-farsı-hamı onun söhbətlərinə can
atır, ehtiyac duyurdu. Yüz min beyt şeiri var.
Hökmdarların mədhinə bir beyt də yazmayıb. Himmətinin
ucalığına bu özü bir sübutdur".
Kitabın tərtibçisi,
mətnin tərcüməçisi, şeirləri yeni əifbaya
çevirən, ön söz və şərhlərin müəllifi
filologiya elmləri namizədi Əkrəm Bağırov təzkirəni
çapa hazırlarkən əsərin Təbriz Dövlət
Kitabxanasında saxlanan külliyyatındakı mətninə əsaslanmış,
yeri gəldikcə doktor Əbdurrəsül Xəyyampurun Təbriz
çapı ilə tutuşduraraq müqayisəli mətn
ortaya çıxarmışdır. Qeyd etmək
lazımdır ki, Xəyyampurun istifadə etdiyi mənbələr
təzkirənin Türkiyənin İstanbul Universiteti
kitabxanasında saxlanan iki, Nurosmaniyyə kitabxanasındakı
bir əlyazma nüsxəsinə əsaslanır. Ə.Bağırov
Sadiq bəy külliyyatının Təbriz əlyazmasının
fotosurəti üzərində işə başladıqda məlum
oldu ki, fotosurət naqisdir, bir çox səhifələri
oxunmur. Bu nüsxənin əsli ilə tanış olmaq
üçün Təbrizə ezam olunan Ə.Bağırov
nüsxə ilə tanış olmuş, təzkirənin
fotosurətini əldə etmişdir ki, bu da kamil bir mətnin
ortaya qoyulmasında, qaranlıq məqamlara aydınlıq gətirilməsində
mühüm rol oynadı.
Kitabın elmi redaktoru
AMEA-nın müxbir üzvü professor Teymur Kərimlidir.
Paşa ƏLİOĞLU
Cavanşir YUSİFLİ
525-ci qəzet.- 2009.- 4 aprel.- S.22.