Təzə səslər, nəfəslər

 

II YAZI

 

Əlimə keçən ilk şeir kitablarından söz açmaq istəyirəm. Deyim ki, vaxtilə belə kitablar əksər hallarda çətinliklə, cavan müəlliflərin səbr və intizarını qıra-qıra çap olunurdu. Ədəbiyyatda özünü təsdiq etmək üçün həmin cavan müəlliflər o ilk kitabı illər boyu gözləyirdilər. Əlbəttə, o cavan müəlliflərin bir çoxu məhz bu ilk kitabdan sonra böyük ədəbiyyat auditoriyasına yol tapırdılar. Amma indi vəziyyət tamamilə dəyişib. Kitab çap elətdirmək sən demə, onu yazmaqdan asan imiş... Amma qəribə burasıdır ki, o kitab müəlliflərinin-cavan şairlərin ədəbiyyata gəlişi çox sakit və soyuqqanlıqla qarşılanır, tənqidçilər bu müəlliflər və onların ilk kitabları haqqında susurlar. Səbəbi onda deyil ki, belə müəlliflərin və ilk kitabların sayı çoxdur və onlar haqqında söz demək vaxt tələb edir. Yox, səbəb bu deyil. Əsas səbəb odur ki, həmin kitablarda şeir var, amma poeziya yoxdur. Amma mən içində poeziya qığılcımları közərən ilk kitablardan söz açmaq istərdim.

"Sənə qədər" şeir kitabının müəllifi Rəbiqə Nazimqızıdır və istərdim onun bu ilk kitabındakı şeirləri barədə söhbətimə müəllifin öz sözləriylə başlayım: "Mən bilmirəm şeir niyə yazılır. Heç o barədə də düşünmürəm ki, onu oxumaq kimə və nəyə lazımdır. Bu yəqin ki, ovqat məsələsidir... bu kitabdakı şeirlər, böyük ehtimalla, ucadan oxunmaq üçün deyil, onları öz-özünə pıçıldamaq olar".

Rəbiqə xanımın bu fikrinə tam şərikəm ki, şeir ovqat məsələsidi. O ki qaldı "pıçıldamaq" məsələsinə, bunu ehtimalsız-filansız qəbul etmək də olar, etməmək də, bu da elə ovqat məsələsidir. Amma bizim poeziyada "pıçıltı şeiri" deyilən bir anlam yoxdur.

Rəbiqənin ilk kitabında artıq onun bir şair kimi formalaşdığını təsdiq edə biləcək amillər çoxdur. Birincisi: o, müasir bədii təfəkkür istiqamətinə meyl edir, şeirlərində mümkün qədər sərbəst olmağa çalışır və bu sərbəstliyin əlamətləridir ki, görünən nəsnələrə tamam yeni baxış bucağından yanaşır, bəzən bu sərbəstlik təkcə məzmunda deyil, şeirin formasında da özünü büruzə verir. İkincisi: Rəbiqənin şeirlərinin əksəriyyəti o biri zəriflərin şeirləri kimi qadın duyğuları üstündə köklənib, amma fərq orasındadır ki, Rəbiqə bu duyğuları sırf hissiyyat selinə, axınına tapşırmır, ağılla onu idarə edir. Deyim ki, onun ürəyi ilə qəlbi arasında həssaslıqla soyuqqanlılığı özündə birləşdirən bir ağıllı qadın əyləşib. Bu qadın deyir ki:

 

   Mənə heç nə demə,

   Tüpürə bilərəm hər şeyə-

   Elə qısqanaram səni,

   Qapıların şüşəsi sınar.

   Heç nə vecimə olmaz-

   Hardasa bir ürək yıxılar.

   Mənə heç nə demə...

   Ağıla, nağıla, noğula aldanmaram-

   Hamının yanında öpərəm üzündən.

   Sənə görə tüpürə bilərəm hər şeyə...

   Gündüzə, gecəyə, səhərə nifrət edərəm

   Sən yanımda olmayınca...

 

Rəbiqə hiss və duyğularını, şeirə ötürüləsi həyəcanlarını mikroşeirlər-fraqmentlər formasında ifadə edir. Bunu çox təbii qəbul edirəm: o şeir ki, bütünlükdə ənənəvi olaraq axırıncı iki misra ya bənd üzərində qurulursa, bu pis mənada ənənədir, lazımdır o fikri qısa və lakonik şəkildə kiçik bir şeir-fraqmentdə ifadə edəsən. Məsələn, bu şəkildə:

 

   Söz verdim..

   Səni düşünməyim yazanda.

   Misralardan

   Sənsizlik tökülür, ona görə.

  Bütün misralarımı sıxıb

   Bir qaba yığsam,

   Neçə qram sevgi çıxar?

   Köhnə pencəyini ata bilmirsən,

  Ürəyin gəlmir.

   Deyirsən, bəlkə, bu il də geyindin...

   Bax, belə yaşayır içində

   sənə lazım olmayan sevgim...

 

Bu şeir-fraqmentlər ilk baxışdan söz oyunu təsiri bağışlayır. Təbii ki, belə deyil. Rəbiqənin əksər şeirləri bu mikrobiçimə uyğunlaşıb.Bu şeirləri müəyyən mövzulara, motivlərə, şeir ölçülərinə ayırmaq qətiyyən mümkün deyil. Amma bu sərbəst şeirlərdə ümumən şeirə məxsus olan musiqi, ritm, misralar arasındakı kommunikasiya gözlənilir. Ola bilsin, bu tipli şeirləri qəbul edənlərin sayı qəbul etməyənlərin sayından çox olmasın. Ya da Rəbiqənin bəzi şeirlərini bəyənib, digərlərini heç bəyənməyənlər də olsun. Məsələn, məni bu kitabdakı şeirlərin bir çoxu heç də qane eləmir. O yerdə ki, Rəbiqənin şeiri müəyyən fikrin poetik konstruksiyasına aparıb çıxarır, o şeiri qəbul edirəm, amma hansı bir fikirsə şeirdə poetik libasa bürünmürsə, sadəcə adi fikir səviyyəsində donub qalırsa, o şeiri oxuyur və... unuduram. Məsələn, Rəbiqə yazanda ki:

 

   Hər gecə ağlayan bir qadın tanıyıram

   Elə bilir Tanrının yazığı gəlir

   yastığı qucaqlayıb ağlayanda.

   Hər gün dostlarıyla davaya çıxır

   boş şeylərdən ötrü.

   Elə bilir bu cür etiraz edəndə

   onu daha çox sevəcəklər.

 

"Qadın" adlı bu şeirdə fikir yavan-yalxıdır və bu şeiri, istəyirsən, qırx misrada ifadə elə, istəyirsən, elə yeddi misrada saxla, fərq etməz. Burada şeir üçün maraqlı görünə biləcək nə fikir var? Bir az kəskin desəm, bu şeir mətbəxdən kənara çıxa bilməyən adi giley-güzardır. Amma Rəbiqə yazanda ki:

 

  Dünyanın ən gözəl dərdidi,

   yaddaşı itirmək cəhdidi səni sevmək.

   Bir az həyəcan,

    bir az sakitləşmək istəyidi,

   Bir də gözləməyə öyrəşməkdi

    səni sevmək.

   Bəzən ağlayıb boşalmağa,

   Evdən qaçıb harasa baş almağa

   bəhanədi səni sevmək.

   Sənə bənzəyən bütün kişilərə

   gülümsəməkdi,

   Onları tanımaq istəməkdi səni sevmək.

   Təəccübləndirmək arzusudu,

   İtirmək qorxusudu səni sevmək.

   Səni sevmək ölçü meyarıdı

   bütün duyğulara.

 

Bu şeirdəki fikrin sərbəst şəkildə, bütün misralar boyu məntiqi inkişafı göz qabağındadır. Hər iki misranı mətndən ayırıb mikroşeir kimi də təqdim etmək olar. Rəbiqənin şeirlərində mətnin bir özü, üzdə görünən, misralarda ifadə olunan zahiri tərəfi var, bir də mətn başa çatdıqdan sonra səni düşünməyə vadar edən "gizli" tərəfi. Yəni şeir son nöqtəsi qoyulandan sonra başa çatmır, şeir o nöqtədə sona varırsa, tədrici "ölümü" başlanır. Tutaq ki: "Telefonda "qızımı öp" dedin, Səsin qulağımda ilişib qaldığından Xəttin o üzündəki uşaq Bütün gecəni yatmadı" - dördmisralıq bu şeirdə ("Güman") gümanlar, fərziyyələr üçün meydan açılır. Əlbəttə, bu tipli şeirlər bizim poeziyada tək-tük deyil. Bunu kənardan, Avropadan və ya okeanın o tayından gələn bir təsir də hesab eləmirəm. Keçən əsrin 60-cı illərindən üzü bəri yol alıb gələn modernist şeir təmayülünün inkişafında bu da bir məqamdır.

Mən Rəbiqənin şeirləri barədə çox qısa qeydlərimi elə onun kitabının girişində bəyan etdiyi bu sözlərlə bitirmək istəyirəm: "...onsuz da ən yaxşı şeir çoxdan yaradılıb, mən də, başqaları da onu misralara köçürə bilmirik və yəqin ki, heç vaxt da köçürə bilməyəcəyik. Sadəcə, sözlər bizi çəkib aparır-hərəni öz yoluyla, kimini yaxına, kimini uzağa".

"Dərdiyim bənövşə" Nisə Qədirova adlı bir cavan müəllifin ilk şeirlər kitabının adıdır. Bu müəllif Sumqayıtda yaşayır və həmin kitaba da ön sözü Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, tanınmış şair Sabir Sarvan yazıb. Təbii ki, ilk şeirlər kitabına yazılan kiçik müqəddimələr "uğur olsun" xeyir-duası üstündə köklənir və şair dostumuz da bu ənənəyə sadiq qalıb.

Amma gəlin, dostumuzun yazdığı o müqəddiməni unudaq, o xeyir-duanı da yaddan çıxaraq və səbrlə, təmkinlə həmin kitabdakı şeirlərə diqqət yetirək.

Mənim fikrimcə, Nisə adlı bu cavan şair poetik istedaddan məhrum deyil və ilk kitabındakı bir neçə şeiri də bunu sübut edir. Məsələn, "Bənövşə" şeiri:

 

   Tərdi dərdiyim bənövşə,

   Heyif... solacaq əlimdə.

   Xırda-xırda ləçəyini,

   Fələk yolacaq əlimdə.

   Tər-təmizdi dünyam kimi,

  Ömrü qısa röya kimi,

  Çəkiləcək xülya kimi

   "Günah" qalacaq əlimdə.

   Yandırdı əlimi közü,

   İtirdim gəldiyim izi,

   Çöllərin ismətli qızı,

   İndi öləcək əlimdə.

 

Mən bu şeiri Azərbaycan poeziyasında bənövşəyə həsr edilən poetik topluda - "Bənövşə çələngi"ndə görmədim və buna çox-çox təəssüfləndim. Nədir bu şeirin məziyyəti? Qısaca belə deyərəm ki, bu şeirdə BƏNÖVŞƏ obrazı poetik rəsm səviyyəsindədir, yəni şeirdə duyğuların, hisslərin rəsmini, cizgilərini görürük. Bənövşə ən qısaömürlü çiçəkdir. Yazda bitir, dünyaya baharın gəlişini soraq verir və bu qısa ömrüylə insanda gözəllik, eşq, məhəbbət duyğuları oyadır. Nisə Qədirova bənövşə ilə insan duyğuları arasında poetik bir assosiasiya yaradır və on iki misrada onun doğuluşundan "ölümünə" qədər o qısa ömrünü poeziyada əks etdirir. Amma bənövşə ölürmü? Söhbət bioloji ölümdən gedirsə, bəli, ölür, amma dünyaya gözəllik bəxş edirsə, onun ölümündən yox, ölümsüzlüyündən söz açmaq lazım idi. Dünyaya yeni baharlar gələcək, çöllərdə yeni bənövşələr bitəcək, bu bənövşələr onları dərən hər kəsin qəlbində xoş duyğular oyadacaq.

Nisə xanımın kitabında bir neçə belə nümunə gətiriləsi şeirlər var və bu şeirlərin ən xoşagəlimli cəhəti budur ki, onlarda yaşanılan hisslər, duyğular öz poetik ifadəsini tapa bilir. Ola bilsin, onun az sonra nümunə gətirəcəyim, bəyəndiyim şeirlərinin içində zəif, biri o birindən məntiqi baxımdan aralı düşən, uyuşmayan misralar da var, amma yaxşı şeirlərinin hər birində poetik səmimiyyət var. Yaxşı bir şeir üçün səmimiyyət də azdır, ən əsası poetik fikirdir. Poetik fikir isə hər bir şeirin mahiyyətidir, həmin şeirin olumu ya ölümü o fikrin nə dərəcədə poetik olmasından asılıdır. Nisənin kitabındakı şeirləri də bu baxımdan təsnif eləsək, yaşamalı şeirlərin sayı çox olacaq. "Bənövşə", "Dünyada", "Görüşək", "Ağlarsan", "Gileylənirəm", "Mən dərdi daşımadım" , "İstəyirəm" və s. şeirlərində Nisə özünütəsdiqə can atır. Bir tənqidçi kimi yox, bir oxucu kimi deyə bilərəm ki, Nisənin gəraylıları mənə daha xoş təsir bağışlayır. Belə düşünürəm ki, Nisənin klassik aşıq poeziyasına heyranlığı kortəbii deyil,ağılla, fəhmnəndir. Ənənəyə yaradıcı yanaşmaqdır:

 

  Sıxıb könlümə həsrəti,

   Durub üzü hara gedim?

   Zalım fələk dərdlərimə

   Eləmədi çarə, gedim.    

   Ərimir sinədən qarım,

  Qışa dönəcək baharım.

   Gözlərimdə lal vüqarım,

   Ürəyimdə yara gedim.

   Yol ağzında durub baxdım,

   Neyləyirəm "qızıl taxtı"?

   "Cilvələndi" qara baxtım,

   Çəkdi məni dara, gedim.

 

 Amma bütün bunlarla yanaşı, deyim ki, Nisənin "şeir ərazisi" çox dar və məhduddur.

Hər bir şair özünəməxsusluğu ilə seçilməlidir və əgər bu özünəməxsusluq nəzərə çarpmırsa, onda həmin şairin poetik inkişafından və səviyyəsindən söz açmaq mümkün deyil.Rəhmətlik Belinski deyirdi ki, rəvan və ahəngdar şeir ancaq poetik formaya olan qabiliyyəti üzə çıxarır, həqiqi natiqliyin yanında ritorika nədirsə, belə şeir də həqiqi poeziyanın yanında eyni şeydir. Şeirin poetik olması üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq azdır, hətta hiss özü də təklikdə hələ kifayət eləməz, burada fikir lazımdır ki, hər cür poeziyanın da elə əsl məzmununu təşkil edən budur. Nisənin şeirlərində digər qadın şairlərin şeirlərində rast gəldiyim kədər və küskünlük motivləri, "ağlamalı" çalarlar diqqətdən yayınmır və bu şeirlərdə poetik fikir hisslər burulğanı içində görünməz olur, ya da elə əvvəldən şeirdə gözə dəymir. Bu, təkcə Nisə Qədirovanın deyil, əksər cavan şairlərimizin şeirlərinə xas olan qüsur sayıla bilər. Məsələn, "Görüşək" şeirində ikicə gözəl misra var: "Əlimdə saralmış gülüm qalaydı Sinəmdə viranə könül qalınca". Qalan on misra bu iki misranın yanında çox solğun görünür və əslində, heç nəyə xidmət eləmir. Yaxud, "Unut" şeirində bütün poetexniki elementlərə riayət edilib, amma poetik fikir yoxdur. Demək istəyirəm ki, Nisə zəriflərin şeirlərində tez-tez diqqəti cəlb edən "Məni unut" motivinə təzə heç nə əlavə eləməyib.

 Nisə Qədirova ümidverən şairdir. Səliqəli yazır, şeir dilində pəltəklik hiss olunmur. Doğrudur, Nisə "Yol" şeirində "Əzablarımla savaşlı", "Bir ovuc torpağam" şeirində "Ayrı bir biçimdə, ayrı həvəsdə" kimi şeirə uyuşmayan yavan-yalxı misralara üz tutur, istərdim bunların sayı az olsun. Həm də onun hissləri, duyğuları məhdudluqdan xilas olsun, nədən yazırsa-yazsın, o yazacağı şeir təkcə bir kitabın deyil, poeziyanın faktına çevrilsin. Şeirlərinin cərgəsində "Bənövşə"lərinin sayı artsın.

  

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet.- 2009.- 4 aprel.- S.21.