Mart çıxdı, dərd çıxmadı

 

Zurna-balabanlı novruz "kanikulumuz" başa çatdı. Bu ərəfədə boğaza qədər yığılan söhbətləri bölüşməyin vaxtı çatıb. Kanalların kiflənmiş ritorikası bütün bayram dövrünü burnumuzdan gətirdi. Təkrarçılıqdan əl çəkə bilməyən, deyərdim, buna istedadı çatmayan TV-lərimizin primitiv Novruz anlayışı o rayon sənin, bu bölgə mənim gəzərək, seyriçiləri bezdirdi. Pafos qulaqlarımıza, ordan da əsəblərimizə doldu. Aparıcılar yenə var-gücləriylə mikrofona bağırdılar: ÇIXIŞ EDİR A-Z-Ə-R-B-A-Y-C-A-N-I-N XALQ ARTİSTİ...

"TRT-avaz" açıldı. Bizim bu taydakılarla canlı əlaqəyə girən TRT-çilər, zurnalı, nağaralı körpüdən keçdiklərinə elə peşman oldular ki, qayıdanda sevinclərindən ağladılar. Hər şeyə sevincək mahnı bəstələyən, mahnı olmayanda çırtma çalıb oxuyan, şadyanalıq eləməyə bəhanə gəzən, ayaq üstə ucadan şeir deməklə necə də sadiq yaltaq, ən bərk qışqıran vətənpərvər olduğunu göstərən azərbaycanlı qardaşlarını görüb matı-mutu quruyan abilərimiz bu bayram qiyamətinin içində çaşıb qalmamaq və yönlərini itirməmək üçün tələsik öz peşəkar auralarına qayıtdılar. Bu köy düyününə oxşayan Novruz vur-çatlasını car çəkmək bacarığından başqa bir məzmun daşımadı. "Elə bu saatda, elə bu an, elə bu dəqiqə, elə bu gün, elə bu axşam, elə indi, elə bu bayramda, elə bu verilişdə..." budaq cümlələriylə missiyalarını yerinə yetirdiklərini düşünüb ədəbazlanan aparıcılarımızsa söz qıtlığını bu əttökən şablonluqla gizlədiklərini, tamaşaçını aldatdıqlarını güman etdilər. Söz və fikir yoxsulluğu ucbatından aparıcılarımız verilişlərə dəvət olunan peşəkar adamlarla dialoq yarada bilmir, türkün tarixindən və milli bayramı olan Novruz qaynaqlarından danışan alimlərə qoşulmurdular.

Arabir qaydaya görə ziyalı qonaqlara üz tutur, sonra yenə öz daimi mövzularını - asanlıqla bacardıqları yeganə alababat işi - müğənniləri təqdim etmək, onlarla birgə atılıb düşmək işini yerinə yetirirdilər. Dəxli olmayan replikalar, məzmunsuz əlavələr, yersiz danışıqlar, heç nəyə xidmət eləməyən boşboğazlıqlar efiri doldurmaqdan başqa bir şey deyildi.

 Efirsə, dolmurdu. Dünyaya mesaj olan Novruz layihəsi, "TRT- avaz"da canlı yayımla bütün türk dünyasının üzvləri olan ölkələrlə bağlantı qurmaq, hər ölkədə keçirilən Novruzu yayımlayaraq, türkün nə boyda bir mədəniyyəti olduğunu Orta Asiyadan şimala, ordan şərqə, Çinə, Tibetə, Xəzərə, Qara dənizə, Ərəbistan yarımadasına uzanan bir türk məkanını sərgiləmək kimi məqsəd bizim televiziyaların təqdimində bir etnosluq şadlıq evində yığışıb böyük toy-düyün keçirib atılıb-düşməkdən başqa bir mənzərə yaratmırdı. Onlar eyniylə kiminsə toyunda, ad günündə, xatirə gecəsində, yubileyində sevindikləri kimi sevinir, sağlıq deyir, çığırtıyla şüarlar söyləyir, arada efirə doldurulan bığlı-saqqallı, qalstuku dizə qədər sallanan, qarınlı-qadalı, qaraguruh musiqiçilərdən ibarət ansambllara bir tuş da verdirirdilər. Bu vur-çatlasınlardan gələn səfeh bir şadyanalıq enerjisi, ucuz, saxta, şüursuz millətçilik üfunəti ürək bulandırırdı. Burnumuzu tutub kənara çəkilirdik. Özümüzü zəhərlənməkdən qoruyurduq. Bütün kifirliklərin təmizliyi üzərimizə düşür deyə özümüzü qoruyuruq.

 "TRT- avaz"ın açılışında çıxış edən ünlü Tarkan işləri lap düzəltdi. Ortaq bir kültürü sərgiləmək üçün yaradılan vahid türk kanalının səhnəsinə çıxıb "TRT- avaz"ın yaranmasını kutladı və kültürlərin birləşməsinin yaxşı hal olduğunu söylədi. Üstəlik Novruz bayramı qeyd olunan bütün xalqları təbrik etdi.

Həftə boyu anons edilən Novruz proqramları da əlimizi üzümüzdə qoydu. "Yatmış gözəl"sə ümumiyyətlə, firor elədi. Bu qeyri-peşəkar və çiy verilişi texniki qüsurlarıyla (montaj, işıqlanma, rejissor işi, rakurs seçimi kimi) yanaşı ssenari hazırsızlığı, dramatuji xəttin alabaşına olması, verilişin ideyasının özünü doğrultmaması olduqca primitiv və həvəskarcasına çəkilmiş bir proyektə çevirdi. İstedadlı aktyor Çingiz bəy olmasaydı, yaradıcı qrup ümumiyyətlə, bu işin altından necə çıxacaqdı, o maraqlıdır. Digər Novruz şənlikləri də eyni ilə bu cür - süjet xətti olmayan, olsa da özünü ifadə edə bilməyən - qondarma konsert proqramı şəklində hamını yola verdi. Gah qalanın altında bir xan təlxəklə boş-boş söhbət etdi, gah bir kəndli eşşəyi harasa sürüyüb apardı, gah da hansısa bilinməz obraz ortalıqda var-gəl etdi. Şəki estetikasına müraciət edən yaradıcı heyət nə demək istədiyirdisə, onu deyə bilmədi. Ortaya doldurulan massovkadan, aktyorların sayından, dekorativ elementlərdən bilinirdi ki, babat pul xərclənmiş bir layihədir. Amma nə fayda? Anlaya bilmədik ki, bütün bunlar nə üçündür? Onsuz da yenə müğənni tayfası gəlib həmişəki mahnılarını ifa etdi. Guya proqram hazırladıqlarını göstərmək istərkən elə bütün günü verdikləri konsertlərdən seçilməyən bir gəvəzəlik nümayiş etdirildi. Gözə kül üfürmək nəyə lazım idi? Elə ortaya bir normal aparıcı qoyub müğənniləri bir-bir təqdim edərək oxutdurmaq daha səliqəli və praqmatik effekt yaratmazdımı?!

Hər il eyni ssenariylə gəlib çıxan kosa və keçəl yenə də gəldi. Bütün kanallarda eyni sözləri dedilər, eyni hərəkətləri elədilər yenə, yeni heç nə olmadı. Şəhərdə keçirilən tədbirin də çulunu çıxaran Rafaellə Coşqunun keçəli və Kosanı canlandırması oldu. İstedad hər yerdə sözünü deyir. Hətta ssenari və quruluş zəif olsa belə.Azacıq bir istedad işıltısı bütün biabırçılıqları pərdələyə bilir.

Azərbaycanda istedadlı adamlar-televiziyaçılar.... əlbəttə, var. Hardadır görən illərcə külüng vurub efirdə simaya çevrilə bilən, fərdləşən imzalar? Nərgiz Cəlilova, Mehriban Ələkbərzadə, Sevil Nuriyeva, İradə Tuncay və çoxları, hardadı onlar? Nə qədər istedadlı gənc qapı arxasındadır. İstedadlı televiziya biliciləri indi nə işlə məşğuldur ki, tamaşaçı kabel televiziyasına onu yerli telekanalların caynağından aldığına görə minnətdardır. Yoxsa Aqil M.Quliyev yaxşı veriliş hazırlaya bilməz, Emin Mirabdullayevinmi gücü çatmaz, ya Fuad Əlişov bacarmaz? Hələ boyu ştativə çatmayan yaşından kinematoqrafın içində böyüyən Elxan Cəfərov televiziyada yaxşı layihələrə imza ata bilməzmi? Azərbaycanda kompyuter montajı, cizgi üsulu mövcud olmayanda Fuad Əlişovun "Space" telekanalında istedadıyla sehrbazlıq edib hazırladığı verilişləri bu gün də hələm-hələm montajçı yığa bilmir. Bu uşaqlar sənətlərinin bilicisi və fanatlarıdır. Amma nə yazıq ki, potensiallarını özlərinə və cəmiyyətə yararsız olan işlərə sərf etməyə məcbur, hətta məhkumdurlar. Türkiyədə gül kimi işini - teatr rejissorluğunu qoyub basa-basa vətənə dönən Namiq Ağayev indi başını qatmağa müğənni axtarır. Bu uşaqlar hamısı istedadlıdır. Hardadır indi onlar? Mən deyim, bilməyənlər də bilsin. Kinematoqrafın, televiziya sənətinin sıfıra endiyi bir dönəmdə səfeh müğənnilərə axmaq-axmaq klip çəkməklə məşğuldular onlar. Telerəhbərlər onları yığıb yaxşı maaşla təmin eləmir çünki, çünki azad və rahat işləməkçün şərait yoxdur. Bir işə başlayacaqsan, min nəfər istedadsız küt tökülüb sənə öyüd verəcək, ağıl öyrədəcək. Hərə bir qulp qoyacaq. Bu "hərə" də ta balacadan böyüyə kimi eyni zümrənin bir zənciridir. Yaxşı pul verib keyfiyyətli iş almaq heç kəsə sərf eləmir. Əvəzinə qəpik-quruşa muzdlu fəhlə kimi heç yerdə yarımayanlar efirə gəlib televiziyaçı olur - veriliş hazırlayır, montaj masası arxasında oturur, çəkilişə gedir, əlinə kamera alır. Əvvəllər işlədiyim kanalların birində rəhbər öz rayonlarından qoyunotaran bir oğlanı gətirib baş operatora demişdi ki, bunu operator elə. Bu yazıq uşaqları da qınamıram. Onların günahları yoxdur. Gənc yazıq heç yerdə özünə gün ağlaya bilmir. İş axtara-axtara gedib çıxır televiziyalara. Başda oturan da heç nə tələb eləmir, çünki başı çıxmır, o da elə bilir, elədiyi bir şeydir. Elə bilir adamları yan-yana oturdub kamerayla çəkmək, sonra kadrları yan-yana yamamaq veriliş hazırlamaqdır.

 İstedad nə qədər lovğa olsa da, utancaqdır. Onun, hətta məcbur qalanda da fırıldaq işlətməyə, basməmmədi iş görməyə üzü gəlmir. Çünki istedad vicdanlı olur. Əlbəttə, orda hələ də çürüyən istedadlı dostlarımız, həmkarlarımız var. Amma bir gün gələcək onların da canı boğazlarına yığılacaq.

"Hörmətli televiziya tamaşaçıları, siz indi efirdə gördüyünüz ucuz ətin şorbasıdır, başqa heç nə". Nəsə məndə, muzdlu fəhlələrdən ibarət böyük bir qul bazarında yaşayırıq kimi bir hiss var. Maaşlar az, zəhmət sərfi çox. Ən istedadlı - gündüz çıraqla aranan yazarlar - qəzetlərdə 15 manata köşə yazır. Ölkədə bu ucundan girib, o biri ucundan çıxa bilmədiyin "avtoticarət mərkəzi" tikilib. Təki vətən yaşasın! Gərək vicdanla deyək ki, olduqca möhtəşəm və müasirdir. Xaricin tikililərini tərifləyiriksə, özümüzdəkiləri də dilə gətirmək lazımdır. Yaxşıdır və gözəldir. İçində kafedən tutmuş, əyləncəyə, mağazalara, firma dükanlarına qədər hər şey var, hətta yanında tikintisinə artıq start verilmiş "Disneyland" də yaradılır. Bu bizim gələcək nəsillərçün komfortdur. Azərbaycanda belə dünyaca məşhur yerlərin olması diqqət çəkəcək və ölkəmizə status qazandıracaq bir amildir. Sağ olsun Amerika. Hara gedirsə, özüylə Disneyini, Donaldını aparır. Öz cizgi qəhrəmanlarını bu qədər qiymətləndirən ikinci bir ölkə tanımıram. Hələ ki o mərkəzdə alış-veriş edə bilməyən həmvətənlərim darıxmasınlar. Deyir, "saxla samanı, gələr zamanı". Bu gün olmasa da sabah, sabah olmasa da, 5 ildən sonra, 5 il olmasa da çox yaxın 10, 20, 30, 40, 50... ildə əvvəlcə iş yerləri, sonra maaşları olacaq, sonra maaşları artacaq, sonra bir az da artacaq, çoxlu pulları olacaq və gedib özlərinə ordan hər şey ala biləcəklər.

Nə qədər göydələnlər, yerdələnlər, ağacdələnlər haqda yazmaq olar? Biz yorulduq, amma bu işlərin ardı-arası kəsilmir, yeni dələnlər peyda olur. Özümüz də şəhərimiz kimi dəlik-deşik olmuşuq. Hər yeri qazılmış bir şəhərdə yaşamaq sizə asan gəlməsin. Əvvəla toz əlindən pəncərəni aça bilmirik. Boğazımız qıcıqlanır, farengit olmuşuq. Hər dəfə bir çuxura düşüb əlimizi-ayağımızı əzirik. Düzdür, bu dəlik-deşik şəhərin indiki görüntüsü adamın ürəyini sıxır, amma yaxın 10, 20, 30, 40, 50.. il ərzində hər şey yapıxıb, abad hala düşəcək...  

 

  

Aysel ƏLİZADƏ

ayselalizade@yahoo.com

 

525-ci qəzet.- 2009.- 4 aprel.- S.20