Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
M. MƏRDANOV
(əvvəli ötən şənbə
sayımızda)
Ötən hissədə
dünya səviyyəli universitet yaratmağın üç
yolundan birincisi - mövcud universitetlərin səviyyəsinin
yüksəldilməsi və müasirləşdirilməsi barədə
məlumat verməyə çalışmış, nümunə
kimi uzun müddət kommunist ideologiyası hökm
sürmüş, Çində bu istiqamətdə atılan
addımlar və əldə olunan nəticələri diqqətinizə
təqdim etmişdik.
Təcrübə
göstərir ki, dünya səviyyəli universitetlərin
yaradılması prosesində idarəetmə sistemini əsaslı
surətdə yeniləşdirmədən bu yanaşma
uğurla tətbiq edilə bilməz. Bu baxımdan Malayziya və
Sinqapurun təcrübələri maraqlıdır. Tarixdən
məlumdur ki, Malayziya Böyük Britaniyanın müstəmləkəsi
olarkən Sinqapur onun əyalətlərindən biri idi. Malayziya
müstəqillik əldə etdikdən sonra Malayziya Universiteti
iki şəhərcikdə fəaliyyət göstərirdi,
onlardan biri Kuala Lumpurda, digəri isə Sinqapurda yerləşirdi.
1980-ci ildə bunlardan birincisi Malayziyanın aparıcı
Universitetinə, digəri isə Nanyonq Universiteti ilə birləşərək
Sinqapur Milli Universitetinə çevrildi. Hazırda Sinqapur Milli
Universiteti dünya səviyyəli universitetdir və
"Tayms" jurnalının reytinq siyahısında 30-cu yeri
tutur, Malayziya Universiteti isə bu siyahıdakı 200 universitet
arasında yer tutmamışdır, bununla belə öz
reytinqini yaxşılaşdırmaq istiqamətində
çalışır. Tədqiqatçılar bu iki
universitetin çox da böyük olmayan inkişaf tarixini tədqiq
edərək Malayziya Universitetinin geridə qalmasının səbəblərini
müəyyən etmişlər. Səbəblərdən biri
kimi Universitetə sərbəst tələbə seçmək
səlahiyyətinin verilməməsi, qəbul zamanı əhalinin
böyük hissəsini təşkil edən yerli
malaylılara daha çox imtiyaz verilməsi, qəbul edilən
əcnəbilərin sayına məhdudiyyət qoyulması
göstərilir. Hökumət belə bir tələb irəli
sürüb ki, qəbul edilən əcnəbilərin sayı
ümumi qəbulun 5 faizdən artıq ola bilməz. Sinqapur
Milli Universitetində isə əcnəbilərin sayı
bakalavr səviyyəsində 20 faiz, magistratura və doktorantura
səviyyəsində 43 faiz təşkil etmişdir. Nəticədə
Malayziya Universitetinin illik büdcəsi 118 milyon, Sinqapur Milli
Universitetinin illik büdcəsi 205 milyon ABŞ dolları, bu
universitetlərin adambaşına illik xərcləri isə
müvafiq olaraq 4053 və 6300 ABŞ dolları təşkil
etmişdi.
Geriliyin daha bir səbəbi
onunla bağlıdır ki, Malayziyada dövlət müəssisələrinin
fəaliyyətini tənzimləyən sərt qanunlar və
maliyyələşmə sistemi qüvvədədir, buna
görə də ən səriştəli müəllimləri,
o cümlədən əcnəbi müəllimləri və
alimləri işə götürmək və onlara kifayət
qədər əmək haqqı vermək çətindir. Sinqapur
Milli Universiteti isə, əksinə, dünyanın hər
yerindən ən yaxşı müəllim və alimləri cəlb
edir, onlara dünya bazarı səviyyəsində əmək
haqqı verir, müəllimlərin fəaliyyətinin səmərə
və keyfiyyətinin yüksəldilməsi və sağlam rəqabətin
inkişafı üçün həvəsləndirici amillər
tətbiq edir, bununla da ən yaxşı və istedadlı
müətəxəssisləri Universitetdə saxlaya bilir. Bu səbəbdəndir
ki, hazırda Malayziya Universitetinin ən yaxşı alimlərindən
bəziləri Sinqapur Milli Universitetində işləməyə
üstünlük verirlər.
Bu iki universitetin təcrübəsi
göstərir ki, dövlət öz universitetlərinin beynəlxalq
səviyyədə uğurla rəqabət aparması
üçün əcnəbi tələbə və müəllimlərin
sayı və tədqiqatlara ayrılan qrantlar kimi meyarlara imkan
yaradan maliyyə və tənzimləmə şərtləri
müəyyən etməlidir. Həmin şərtlərlə
yanaşı, ali təhsil müəssisələrinə idarəetmə
müstəqilliyinin verilməsi, şirkətlərin və
xeyriyyəçilərin universitetlərə vergisiz ianələr
ayırmasına imkan yaradan qaydaların tətbiq edilməsi də
mühüm əhəmiyyət kəsb edən şərtlərdəndir.
Göründüyü kimi, dünya səviyyəli universitet
yaratmaq istərkən dövlətin funksiyaları daha
çox əlverişli maliyyə imkanlarının
yaradılmasına və geniş səlahiyyətlərin
verilməsinə yönəldilməli, digər funksiyalar isə
universitetə həvalə olunmalıdır.
Yeri gəlmişkən,
dünya səviyyəli universitetlərin yaradılması və
bu prosesdə dövlətin rolu ilə bağlı Kaliforniya
Universitetinin professoru Sala-i-Martinin tədqiqatlarındakı
fikirlər maraqlıdır: "Əgər məşhur bir
futbol komandasının oyunu bir sıra universitetlərdə tətbiq
olunan qaydalarla məhdudlaşdırılsaydı, həmin
komanda nə dərəcədə yaxşı oynayardı. Əgər
bütün oyunçular dövlət tərəfindən
müəyyən olunmuş məvacib alan dövlət
qulluqçuları olsaydılar, onların rəsmi oyunlarda və
təlimlərdə necə oynadıqları və özlərini
necə apardıqlarından asılı olmayaraq, hər oyunda
oynamalarına icazə verilsəydi, nə baş verərdi. Klubun
gəlirləri oyunun nəticələrindən asılı
olmasaydı, klub dünyanın ən yaxşı
oyunçularını işə götürmək
üçün məvacibi yüksəltməsəydi və
pis oyunçulardan tez yaxa qurtara bilməsəydi, komandanın
strategiya və taktikası məşqçi tərəfindən
deyil, dövlət tərəfindən müəyyən edilsəydi,
nə baş verərdi. Əgər bu yanaşmaya bəraət
qazandırmaq və onunla razılaşmaq mümkün deyilsə,
onda nəyə görə universitetlərimiz belə şəraitdə
işləməlidir. Bu ona dəlalət edir ki, qəlbimizin dərinliklərində
bizi daha çox uşaqlarımızın təhsili deyil,
futbol maraqlandırır".
Təcrübə
göstərir ki, mövcud ali təhsil müəssisələrinin
səviyyəsini yüksəltməyə mane olan əsas amillərdən
biri də onların fəaliyyətsizliyi və mühafizəkarlığıdır.
Bu keyfiyyətlər daha çox böyük tarixə malik
universitetlərə aiddir. Onlar əksər hallarda irəliyə
yox, geriyə baxır, öz tarixi nüfuzlarını yeniliklərə
qarşı bir silah kimi istifadə etməyə
çalışırlar. Ekspertlər tövsiyə edirlər
ki, belə hallarda hökumətlər həmin maneələri
aradan qaldırmaq üçün mövcud ali təhsil müəssisələrinə
daha çox sərmayə qoymaqla kifayətlənməməli,
həm də onlara təsir göstərməli və nəticə
etibarilə, idarəetmə sistemlərində dəyişikliklərin
edilməsinə, yeni rəhbərlərin və əməkdaşların
işə götürülməsinə nail
olmalıdırlar.
Qeyd etdiyimiz kimi,
dünya səviyyəli universitet yaratmağın ikinci yolu ali
təhsil müəssisələrinin birləşdirilməsidir.
Son illərdə Fransa və Danimarka əsasən bu yolla gedirlər.
2004-cü ildə Böyük Britaniyada Mançester Viktorian
Universiteti və Manşester Universitetinin Elmi-Texniki İnstitutu
birləşdirilməklə Böyük Britaniyanın ən
böyük universiteti meydana gəldi və yeni universitet
öz məqsədini rəsmi şəkildə bəyan etdi:
"2015-ci ilədək dünyanın ən yaxşı 25
universitetinin sırasına daxil olmaq". Daha sonra isə
Böyük Britaniyanın Kardif Universiteti və Cənubi Uels
Tibb Kolleci də birləşdirildi.
Birləşdirmələrin
böyük üstünlüyü ondan ibarətdir ki, əksər
hallarda ali təhsil müəssisələrinin möhkəmlənməsinə
səbəb olur. Lakin bu müsbət tendensiya ilə
yanaşı, əks təsir də istisna edilmir. Bəzi
hallarda birləşdirmə problemlərin həlli əvəzinə,
daha da mürəkkəbləşməsinə səbəb
ola bilər. Məsələn, Fransada birləşmələr
nəticəsində fransız universitetləri
üçün ən böyük maneə olan məsələlər
- abituriyentləri seçmək imkanının olmaması, sərt
inzibati idarəetmə qaydaları və digər problemlər
öz müsbət həllini tapmadığından arzu olunan
nəticələrə nail olunmadı.
Danimarkada isə uğur
qazanmaq üçün daha çox imkanlar olmuşdur,
çünki ölkənin bütün universitetlərinin
daha çevik və fəal ali təhsil müəssisələrinə
çevrilməsi istiqamətində aparılan islahatlar
çərçivəsində birləşdirmələr cəmiyyət
tərəfindən rəğbətlə qarşılanmışdır.
Universitetlərin birləşdirilməsi
nəticəsində yarana biləcək daha bir təhlükə
ondan ibarətdir ki, universitetlərin təşkilati və idarəetmə
mədəniyyətləri arasındakı mövcud ziddiyyətlər
böyüyür və arzu olunan inkişafa mane olur. Misal
üçün belə bir hal Mançester Viktorian
Universitetinin və Mançester Universitetinin Elmi-Texniki
İnstitutunun birləşdirilməsi nəticəsində
baş vermişdir. Əlbəttə, bu birləşmədən
yaranmış Mançester Universitetinin dünya səviyyəli
universitet adı uğrunda apardığı mübarizənin
nəticələrini gələcək göstərəcəkdir.
Nəhayət, dünya
səviyyəli universitet yaratmağın
üçüncü yolu - yeni təhsil müəssisələrinin
yaradılması barədə. Bu yolla gedən ölkələr
sırasında Qazaxıstanı misal göstərmək olar.
Bu ölkə öz iqtisadiyyatının neftdən
asılılığını azaltmaq və rəqabət
qabiliyyətini yüksəltmək istəyir. Bu istəyin nəticəsi
olaraq Qazaxıstan Astanada yeni Beynəlxalq Universitet yaratmaq qərarına
gəlmiş və bu istiqamətdə bir sıra addımlar
da atmışdır.
Daha bir uğurlu təcrübə
kimi Hindistan Texnoloji İnstitutlarının
yaradılmasını göstərmək olar. Müstəqillik
qazandıqdan sonra Hindistan dərhal özünün iqtisadi
inkişaf proqramında elmə və texnikaya, təhsilə
ciddi diqqət yetirməyə başladı. 1951-ci ildə
Xaraqpur şəhərində YUNESKO-nun köməyi ilə
Massaçusets Texnoloji İnstitutunun nümunəsi əsasında
birinci Hindistan Texnoloji İnstitutu yaradıldı. 1958-ci ildə
yenə YUNESKO-nun müvafiq proqramı çərçivəsində
keçmiş SSRİ-nin dəstəyi ilə Bombeydə
(hazırda Mumbay) ikinci Hindistan Texnoloji İnstitutu təşkil
edildi. 1959-cu ildə Almaniyanın köməyi ilə Madras
şəhərində (hazırda Çennay) və ABŞ
Universitetləri Konsorsiumunun köməyi ilə Konpurda
üçüncü və dördüncü Hindistan
Texnologiya İnstitutları yaradıldı. 1961-ci ildə
Böyük Britaniyanın sənaye dairələri və
hökumətinin yardımı ilə Dehlidə beşinci
Hindistan Texnoloji İnstitutu təşkil edildi. 1994-cü ildə
daxili imkanlar hesabına Qulahaitidə altıncı Hindistan
Texnoloji İnstitutu yaradıldı. Nəhayət, 2001-ci ildə
Rurnidə sayca yeddinci Hindistan Texnologiya İnstitutunun əsası
qoyuldu.
Yeni təhsil müəssisələrinin
yaradılması Hindistan dövləti tərəfindən hərtərəfli
dəstəklənirdi. 1956-ci ildə ölkənin Baş
naziri Cəvahirləl Nehru demişdi ki, "Hindistan inkişaf
etmiş ölkələrin ən yaxşı təcrübələrindən
istifadə etməklə ali təhsil müəssisələrini
inkişaf etdirərkən öz xalqının ümidlərini
və gələcəyini nəzərə almağa
çalışırdı". Hindistan parlamenti həmin təhsil
müəssisələrinə "ölkə əhəmiyyətli
institut" statusu vermişdi, yəni Texnoloji
İnstitutlarına elmi fəaliyyət və idarəetmə
sahəsində ən yüksək müstəqillik, mühəndislik,
texnologiya, tətbiqi elmlər və idarəetmə sahələri
üzrə yüksək keyfiyyətli və əhəmiyyətli
tədris proqramları təklif etmək, bakalavr, magistr və
doktor dərəcəli mütəxəssislər yetişdirmək
səlahiyyəti vermişdi. Həmin təhsil müəssisələrinə
tələbə qəbulu ümumi imtahan yolu ilə ciddi
müsabiqə əsasında aparılır. Hazırda
Hindistan Texnoloji İnstitutları mühəndislik və tətbiqi
elmlər sahəsində ixtisas dərəcəsi əldə
etmək istəyən ən yaxşı tələbələri
qəbul edir. Bu İnstitutların bir neçə məzunu
dünyanın müxtəlif ölkələrində təhsil,
elmi tədqiqatlar və innovasiyaların tətbiqi sahələrində
yüksək məsul vəzifələr tuturlar. "Tayms"
jurnalının 2005-ci il reytinq siyahısında texniki profilli
universitetlər arasında Hindistan Texnologiya İnstitutları
Massaçusets Texnologiya İnstitutu və Berkli Kaliforniya
Universitetindən sonra üçüncü yeri tutmuşdu.
Daha bir uğurlu təcrübə
2007-ci ilin fevralında London İqtisadiyyat Kollecinin nümunəsi
əsasında yaradılmış Paris İqtisadiyyat
Kollecidir. Bu təşəbbüsün məzmununda birləşdirmə
nəticəsində Fransa şəraitində təhsil müəssisəsinin
tamamilə yeni növünün yaradılması dayanır. Dörd
ali məktəb, Paris -1 (Sorbon) Universiteti və milli elmi-tədqiqat
mərkəzi tərəfindən dəstəklənən Paris
İqtisadiyyat Kolleci həmin ali təhsil müəssisələrinin
ən yaxşı iqtisadiyyat fakültələrini öz tərkibində
birləşdirən özəl müəssisə kimi fəaliyyət
göstərir. İlkin mərhələdə maliyyələşdirmə
yalnız dövlətin və regionun vəsaitləri
hesabına deyil, həm də özəl şirkətlərin
və ABŞ fondlarından birinin vəsaitləri hesabına təmin
edilmişdi. Ənənəvi fransız universitetlərindən
fərqli olaraq, Paris İqtisadiyyat Kolleci tələbə
seçiminə kifayət qədər ciddi yanaşır,
professor-müəllim heyətinin xeyli hissəsi
dünyanın ən nüfuzlu universitetlərindən cəlb
olunanlardır.
Qeyd etmək
lazımdır ki, dünya səviyyəli universitetlərin
yaradılmasının üç yanaşması heç də
ideal şəkildə və bir-birindən təcrid olunmuş
formada tətbiq edilmir, ölkələr bu nümunələr
əsasında tərtib edilmiş starategiyaların
inteqrasiyasından da istifadə edə bilirlər.
Əlbəttə, təqdim
edilən üç yanaşmadan hansını seçməklə
yanaşı, seçilmiş yanaşmanın necə
reallaşdırılması da maraqlıdır. Mövcud təhsil
müəssisələrini müasirləşdirmək və
ya birləşdirmək yolu ilə dünya səviyyəli
universitet yaratmaq qərarına gəlmiş ölkələr,
həm də belə universitetləri seçmək
üsullarını müəyyənləşdirməlidir. Hökumət
bu prosesə mərkəzləşmiş qaydada rəhbərlik
etmək qərarına gələrsə, onda o, ölkənin
bu məqsəd üçün ən yararlı təhsil
müəssisələrini seçməli, yaxud ən fəal
ali təhsil müəssisələrinə müstəqil
şəkildə özünü dəyişməyə imkan
verən həvəsləndirici maliyyə mexanizmləri tətbiq
etməklə həmin ali təhsil müəssisəsinə
"müəyyən məsafədən" rəhbərlik
etmək yolunu seçməlidir.
Beynəlxalq təcrübə
belə ehtimal irəli sürməyə imkan verir ki, orta və
böyük ərazili ölkələrdə ən səmərəli
yol sonuncu, yəni yeni universitetlərin yaradılması
yoludur. Çinin "Layihə -211", Cənubi Koreyanın
"Breyn - 21" proqramları, Almaniyanın
üstünlük mərkəzləri yaratmaq təşəbbüsü,
Çilidə minillik institutlarının yaradılması
yuxarıda deyilənə əyani misaldır.
2004-cü ilin
yanvarında Almaniyanın Təhsil və Elmi Tədqiqatlar
Nazirliyi dünya səviyyəli ali təhsil müəssisəsinə
çevrilə biləcək 10 universitet seçmək
üçün milli müsabiqə keçirildiyini elan etdi. Uzun
müzakirələrdən sonra Almaniya elm şurasının
və elmi-tədqiqat fondunun nümayəndələrindən
ibarət birgə komissiya yaradıldı. 2006-cı ilin
yanvarında həmin komissiya 27 namizəddən 10 universitet
seçdi. Maraqlıdır ki, seçilmiş 10 universitetdən
7-si iki əyalətdə (Baden - Vütemberq və Bavariyada)
yerləşirdi. Seçilmiş təkliflərin dörd il ərzində
həyata keçirilməsinə kömək etmək məqsədilə
2-3 milyard ABŞ dolları məbləğində əlavə
maliyyə vəsaiti ayrılmışdı.
Tədqiqatlar göstərir
ki, universitetin yaradılması (birləşdirilməsi, təkmilləşdirilməsi)
barədə qərar verdikdən sonra dövlətin əsas vəzifəsi
bu vacib məsələnin həlli üçün maliyyə
vəsaitinin ayrılmasına kömək etmək, həm də
belə layihələrə yardım göstərərkən,
yardımın nisbətən uzun müddətə (5-7 ilə)
edilməsini nəzərdə tutmaqdan ibarət
olmalıdır. Bu prosesdə universitetə ən yaxşı
tələbələrin qəbul edilməsi, ən
yaxşı professorların işə götürülməsi
də təmin edilməlidir.
Dünya səviyyəli
ali təhsil müəssisələrinin yaradılmasında
dövlətin böyük təsir gücünə malik
olması şübhəsizdir. Bununla yanaşı, bu məsələnin
uğurlu həlli xeyli dərəcədə universitetin
özündən, tətbiq etdiyi strategiyadan, həmin
strategiyanın konkret proqram və məsələlərə
çevrilməsindən asılıdır. Burada strateji
istiqamətin düzgün seçilməsi də həlledicidir.
Yeri gəlmişkən, qeyd edim ki, hətta dünyanın ən
yüksək səviyyəli universitetləri də
bütün istiqamət və sahələr üzrə
üstün cəhətlərə malik olmur və çox
ehtimal ki, bunu həyata keçirmək də mümkün deyildir.
Burada ən vacibi odur ki, hər bir universitet əvvəlcədən
özünün aparıcı yer tutmaq istədiyi və tuta
biləcəyi sahələri dəqiq müəyyənləşdirsin.
Bir neçə misalla
fikirlərimi izah etmək istəyirəm. Məsələn,
geniş dünya ictimaiyyəti tərəfindən bir nömrəli
ali təhsil müəssisəsi hesab edilən Harvard
Universiteti də bütün ixtisaslar üzrə ən
yaxşı reytinqə malik deyil. Onun iqtisadiyyat, tibb, təhsil,
siyasətşünaslıq, hüquq, işgüzar fəaliyyət,
ingilis dili və tarix sahəsində əldə etdiyi nailiyyətlər
xüsusi olaraq qeyd edilir. Hindistan Texnoloji İnstitutları bir
neçə texniki ixtisaslar üzrə fərqlənirlər.
London İqtisadiyyat Kolleci daha çox iqtisadiyyat, ictimaiyyətşünaslıq,
siyasətşünaslıq və insanşünaslıq sahələrində
görkəmli uğurlar qazanması ilə məşhurdur.
Dünya səviyyəli
universitetə çevrilməyə can atan ali təhsil müəssisələrinin
strateji planlarında nəzərə alınmalı
mühüm məsələlərdən biri də vaxt-zaman məsələsidir.
Məlumdur ki, qısa müddətdə üstünlük əldə
etmək, məqsədlərə nail olmaq mümkün deyil, nəzərdə
tutulan dəyişikliklərin və inkişafın
ardıcıllığını əvvəlcədən dəqiqliklə
planlaşdırmaq lazımdır. Bununla bağlı
Çinin təcrübəsinə diqqət yetirək.
Hazırda bu ölkənin ali təhsil sahəsində
dünya səviyyəsinə çatmaq planlarının
müəyyən maneələrlə rastlaşması əlamətləri
ekspertlər tərəfindən müşahidə olunur.
Narahatlığa səbəb
olan birinci maneə ondan ibarətdir ki, Çin universitetləri
çox böyük sürətlə genişlənir və
bu zaman təlimin keyfiyyəti aşağı
düşür.
İkincisi, çevik nəticələr
əldə etmək tələbi innovativ və uzunmüddətli
tədqiqatların inkişafına mane olur.
Üçüncü
maneə elm və texnika sahəsində dərin biliklərə
malik yuxarı kurs tələbələrinin kifayət qədər
olmamasıdır. Aydındır ki, yüksək
hazırlığa malik məzunlar olmadan, hətta birinci dərəcəli
professor-müəllim heyəti ilə laboratoriyalardan səmərəli
istifadə etmək mümkün olmayacaq.
Dördüncüsü,
Çində elmi fəaliyyət azadlığının
olmaması ciddi problem hesab edilir. Professorlar və tələbələr
ən mühüm məsələlərin müzakirəsində
geniş iştirak etmək səlahiyyətində
olmadıqlarından, onlarda yaradıcı təfəkkürün
inkişafı üçün stimul yaranmır.
Çin universitetlərinin
bütün sahə və ixtisaslar üzrə
üstünlüyə can atması, bunun əvəzində
ayrı-ayrı dünya səviyyəli fakültələrin,
institutların və ya kolleclərin yaradılmasına diqqət
yetirilməməsi də müşahidə olunan problemlərdəndir.
Ali təhsil müəssisələrinin
dünya səviyyəli universitetlərə çevrilməsini
sürətləndirən amillərdən biri də beynəlmiləlləşdirmə
imkanlarından səmərəli istifadə edilməsi,
qabiliyyətli əcnəbi tələbələrin ali məktəbə
qəbuludur. Onların ali məktəbə qəbulu nəticəsində
fərqli mədəniyyətlərin təsiri təlimin
keyfiyyətinin yüksəldilməsinə müsbət təsir
göstərir. Bununla əlaqədar proqramların xarici dildə,
xüsusilə ingilis dilində tədris edilməsi
güclü cəlbedici amil kimi çıxış edir. Təsadüfi
deyildir ki, "Tayms" jurnalının 2008-ci il reytinq cədvəlində
100 ən yaxşı universitetdən yalnız 11-i qeyri-ingilis
dilli ölkələrdə yerləşir və həmin
ölkələrdə də doktorantura proqramları ingilis
dilində tədris olunur (Danimarka, Finlandiya, İsrail,
Hollandiya, Norveç, İsveç, və İsveçrə).
Ötən məqalədə
qeyd olunduğu kimi, əcnəbi professorların və tədqiqatçıların
cəlb edilməsi universitet üçün
üstünlüyə nail olmağın həlledici amillərindən
biridir. Digər ölkələrdən ən yaxşı
kadrları qısa və orta müddətdə cəlb etmək
üçün universitetlər onlara həvəsləndirici
şərtlər, o cümlədən yaxşı iş
şəraiti və əmək haqqı təklif etmək
iqtidarında olmalıdır. Həmin kadrlar mövcud
fakültələrin müasirləşdirilməsinə, yeni
sahələr üzrə doktorantura proqramlarının və
tədqiqat mərkəzlərinin yaradılmasına kömək
edə bilərlər. Bəzi hallarda universitetlər
professorları tam məşğulluq şərtləri əsasında
deyil, müvəqqəti qaydada işə götürməkdən
başlaya bilər, aparıcı ölkələrin
nüfuzlu ali məktəbləri ilə məhsuldar tərəfdaşlıq
əlaqələri yarada bilərlər. Hindistan Texnoloji
İnstitutları təşəkkül dövrlərinin ilkin
mərhələsində bu təcrübədən istifadə
etmişdilər.
Yeni yaranan dünya səviyyəli
universitetlərdən biri olan Sinqapur Milli Universiteti
inkişafının nisbətən sonrakı mərhələsində
Massaçusets Texnoloji İnstitutu, Harvard Universiteti, Dyuk
Universiteti, Con Hopkins Universiteti, Hollandiyanın Eyndhoven Texnoloji
Universiteti, Avstriyanın Milli Universiteti və Çinin Sinxua
Universiteti ilə strateji tərəfdaşlıq əlaqələri
yaratmışdı və geniş təcrübə
mübadiləsi aparırdı.
Hindistan və
Çin öz diasporlarından səmərəli şəkildə
istifadə etməklə beynəlmiləlləşdirmə
sahəsində böyük uğurlar qazanıb. Pekin
Universiteti xaricdə işləyən çinli müəllimlərin
və alimlərin fəaliyyətini diqqətlə izləyir və
onların Çinə qayıtması üçün
münasib şərait yaradır, yüzlərlə çin
mənşəli müəllimi işə götürür.
Dünya səviyyəli
universitetlərin göstəricilərindən biri də
universitet əməkdaşlarının dünyanın
tanınmış nəşrlərində elmi məqalələrinin
çapı və çap olunmuş məqalələrə
istinad edilməsidir. Məlumdur ki, elmi məqalələr təhsil
müəssisələrinin və mütəxəssislərin
nüfuzunun yüksəldilməsində həlledici amillərdən
biridir. Dünyada elə jurnallar var ki, məhz bunlarda çap
olunan məqalələr beynəlxalq miqyasda elmi əsərlər
kimi qəbul olunur. Belə jurnalların sayı təxminən
6 mindir. Müqayisə üçün deyim ki, Rusiya
Federasiyası kimi böyük bir ölkədə nəşr
edilən çoxsaylı jurnallardan cəmi 100-ü həmin
siyahıya düşmüşdür. Təəsüf ki, Azərbaycanda
da belə bir jurnal, ümumiyyətlə yoxdur və o nəşrlərdə
məqalələri çap edilən alimlərimizi barmaqla
saymaq olar.
Əlbəttə, onu da
qeyd etmək lazımdır ki, yüksək səviyyəli
alimlik məqalələrin sayı ilə deyil, onların
nüfuzlu mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilməsi və elmin
inkişafına verdiyi töhfə ilə
ölçülür. Bu yerdə Azərbaycanın məşhur
riyaziyyatçı alimi, uzun müddət bərabər
çalışdığım fizika-riyaziyyat elmləri
doktoru professor Arif Babayevin heç zaman yadımdan
çıxmayan sözlərini oxuculara çatdırmaq istərdim.
70-80-ci illərdə SSRİ məkanında adı hörmətlə
çəkilən Arif Babayev deyirdi: "Bu günə qədər
cəmi 34 elmi əsərim çap olunub,
düşünürəm ki, bu say da çoxdur". Halbuki
Arif Babayev bir neçə elmlər doktoru, 30-dan çox elmlər
namizədi yetişdirmişdi, SSRİ-nin müxtəlif şəhərlərində
onlarla doktorluq və namizədlik dissertasiyalarına uğurla
opponentlik etmişdi.
Digər tərəfdən
nüfuzlu jurnallar əsasən ingilis dilində tərtib
olunur, ona görə də elmi-tədqiqatların nəticələrinin
ingilis dilində yayılması imkanı təhsil müəssisəsinin
nüfuzunu möhkəmləndirən mühüm amilə
çevrilir. Bundan əlavə təlim ingilis dilində olan
universitetlər bu istiqamətdə uğur qazanmaqda daha
çox imkana malikdirlər. Bəzi hallarda yenidənqurma
dövründə universitetə rəhbərlik etmək
üçün kənardan, yəni başqa ölkələrdən
peşəkar kadrlar dəvət etmək məqsədəuyğun
hesab edilir. Son illərdə Cənubi Koreya, Böyük
Britaniya və Avstriyada bu təcrübə daha çox tətbiq
edilir. Təbii ki, bu yanaşma heç də hər zaman
müsbət qarşılanmır. Aparıcı universitetə
rəhbərlik etmək üçün kənardan şəxsin
dəvət edilməsi milli qürur hissəsinə toxuna bilər
və yalnız az sayda ölkə universitetlərdə ən
yüksək rəhbər vəzifələri tutan şəxsləri
əvəz etmək üçün beynəlxalq müsabiqə
elan edirlər.
Nəhayət, onu da qeyd
etmək lazımdır ki, universitetlər tərəfindən
nəzəriyyənin işlənib hazırlanması və
strategiyanın planlaşdırılması birdəfəlik tədbir
olmayıb, davamlı olaraq həyata keçirilməlidir. Məlumdur
ki, məhz öz müştərilərinin tələbatlarını
ödəməyin ən yaxşı və ən səmərəli
üsullarının axtarışı əsasında
yorulmadan qarşılarına yeni məqsədlər qoyan
işgüzar və elmi dairələr ən böyük
uğur qazanırlar. Ali təhsil müəssisələri
heç zaman keçmiş uğurları və nailiyyətləri
ilə kifayətlənməməli, hər zaman dünyada ən
yaxşı olmağa imkan yaradan rəqabət mühiti
yaratmalıdır.
Tədqiqatçılar
tərəfindən dünya səviyyəli universitetlər
yaradılarkən diqqət yetiriləcək bir sıra
ümumiləşdirici və yönəldici suallar müəyyənləşdirilmişdir
və onları aşağıdakı ardıcıllıqla təklif
etmək olar:
1.Ölkə
səviyyəsində:
-Neçə
dünya səviyyəli universitet yaratmaq məqsədəuyğundur?
-Hansı
strategiya ölkədə mövcud olan şəraitə
uyğundur: mövcud ali təhsil müəssisələrinin
müasirləşdirilməsi, birləşdirilməsi, yoxsa
yenisinin yaradılması?
-Birinci və
ikinci halda ali təhsil müəssisələri necə
seçilməlidir?
-Nəzərdə tutulan
islahatlar necə maliyyələşdirilməlidir?
-İslahatlar
prosesində hansı idarəetmə qaydaları
yaradılmalıdır?
-Bu prosesdə
dövlətin vəzifəsi nədən ibarət
olmalıdır?
2.Universitet
səviyyəsində:
-Universitetdə
peşəkar rəhbər heyət varmı?
-Universitet
hansı məqsədlərə nail olmaq istəyir?
-Universitet tədris
və elmi tədqiqatların hansı istiqamətlərində
üstünlüyə nail olmağı çalışacaq?
-Universitetin
beynəlmiləlləşdirilməsi necə həyata
keçiriləcək?
-Təklif
olunan islahatların həyata keçirilməsinin ehtimal edilən
dəyəri nə qədər olacaq və o necə maliyyələşdiriləcək?
Hörmətli
oxucu, bu, "525-ci qəzet"də çap olunmuş
dördüncü yazımızdır. Həmin yazılarda, əsasən,
dünyada ali təhsil, universitet təhsili,
dünya səviyyəli universitet yaratmağın yolları,
bu sahədə məşhur tədqiqatçı alimlərin
fikir və mülahizələrini diqqətinizə təqdim
etmişik.
İlk növbədə,
"525-ci qəzet"in rəhbərliyi və kollektivinə
bu imkanı yaratdığına görə təşəkkür
edirəm.
Bundan sonrakı
yazılarımızda isə daha çox ölkəmizdə
təhsilin, o cümlədən ali təhsilin problemləri, Azərbaycanda
dünya səviyyəli universitet yaratmağın yolları
barədə mülahizələrlə Sizi tanış etməyə
çalışacağıq.
(ardı var)
Misir MƏRDANOV,
zərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2009.- 4 aprel.- S.10-11.