"Televiziya radio yayımı haqqında" qanuna dəyişikliklər edildi

 

Parlamentin dünən keçirilən iclasında "Televiziya və radio yayımı haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsilə bağlı qanun layihəsi müzakirə olundu. Parlamentin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov bildirdi ki, hazırda ölkədə ümumrespublika səviyyəli 8, regional səviyyəli 14 telekanal və 11 radio fəaliyyət göstərir. Təklif olunan layihədə televiziyaların və radioların fəaliyyətini tənzimləyən qanunun ümumilikdə 8 maddəsinə əlavə və dəyişiklik təklif olunur. Birinci əlavədə nəzərdə tutulur ki, özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət qurumuna məlumat verilməlidir. Müvafiq dövlət orqanı dəyişikliyin qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verməlidir. Yalnız bundan sonra dəyişikliklə bağlı sənədlər bir ay ərzində təqdim edilməlidir. Komissiya sədrinin dediyinə görə, hazırda qüvvədə olan qanunda özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində dəyişikliklərin tənzimlənməsi ilə bağlı müddəa yoxdur. Nəticədə bu yaxınlarda özəl yayımçıların təsisçilərinin və payçılarının dəyişdirilməsi ilə bağlı praktika yaşanıb və problemlər meydana çıxıb. Komissiya sədri dedi ki, televiziya ciddi bir struktur olduğundan özəl yayımçının satıldığı yeni sahiblə bağlı müəyyən şərtlər olmalıdır. Təklif olunan dəyişiklik payı alan yeni təsisçinin bu şərtlərə nə dərəcədə cavab verdiyini dəqiqləşdirmək üçün lazımdır.

İkinci dəyişiklik teleradio yayımı sahəsində dövlətin əsas funksiya və vəzifələri ilə bağlı maddəyə nəzərdə tutulur. Əlavədə göstərilir ki, dövlət "Teleradio yayımı haqqında" qanunun müddəaları, verilmiş xüsusi razılığın şərtləri pozulduqda məhkəmə qarşısında iddia qaldırır.

Digər dəyişiklik də dövlətin əsas funksiya və vəzifələri ilə bağlıdır. Qeyd olunur ki, qanunun tələbləri, lisenziyanın qayda və şərtləri pozulduqda dövlət telekanala qarşı inzibati tənbeh tədbirləri həyata keçirir və ya məhkəmə qarşısında iddia qaldırır.

Təklif olunan digər dəyişikliyə görə, dövlət zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsilə yayımı üçün icazə verir.

Təklif olunan digər dəyişiklik telekanallara verilmiş lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və onun qüvvəsinə xitam verilməsi məsələlərini əhatə edir. Belə ki, mövcud variantda lisenziyanın şərtlərini pozan televiziya və radiolara xüsusi razılıq məhkəmənin qərarı ilə 1 gündən 7 günə qədər müvəqqəti dayandırıla bilər. Yeni variantda isə göstərilir ki, xüsusi razılığın şərtləri pozulduqda lisenziyanın müddəti 1 ay müddətinə dayandırılır. Bu barədə qərarı müvafiq dövlət qurumu qəbul edir. Yayımçı bundan narazı qalarsa, məhkəməyə müraciət edir.

Təklif olunan digər dəyişikliyə görə, lisenziya yayımçı müvafiq dövlət orqanı tərəfindən 1 il ərzində ən azı 3 dəfə sanksiyaya məruz qaldıqda da müvəqqəti dayandırıla bilər.

Qanun layihəsinə təklif olunan digər dəyişiklik reklamların yayımı ilə bağlıdır. Mövcud varianta görə, televiziyalarda və radiolarda reklamın və teleticarətin ümumi həcmi gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 20, ayrılıqda reklamın ümumi həcmi isə 15 faizindən çox ola bilməz. İndi isə təklif olunur ki, telekanallarda reklam və teleticarətin ümumi həcmi 1 saatda 12 dəqiqədən çox ola bilməz. Komissiya sədri qeyd etdi ki, əslində, qanunda ciddi bir dəyişiklik edilmir, sadəcə, konkretləşdirmə aparılır. Çünki telekanallar mövcud variantdan sui-istifadə edirlər. Onun sözlərinə görə, əsas reklamlar pik saatlarında verilir. Nəticədə həmin saatlarda vaxtın böyük bir hissəsi reklama həsr olunur. Nəticədə 1 saata düşən reklamın həcmi 12 dəqiqəni xeyli ötür.

Qanuna təklif olunan digər əlavədə göstərilir ki, teleradio yayımçısı bütün ölkə ərazisində ona verilmiş tezlikdə yalnız 1 proqram yayımlaya bilər.

Müzakirələrdə çıxış edən Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı telekanallar üzərində ictimai nəzarətin genişləndirilməsinə ehtiyacın olduğunu bildirdi. Onun sözlərinə görə, belə nəzarət bütün Avropa ölkələrində mövcuddur. Millət vəkili telekanallardan Azərbaycan dilinin qorunması məsələlərinə də xüsusi diqqət yetirilməsini vacib saydı. Onun sözlərinə görə, Az.TV və İctimai Televiziyada bu sahədə vəziyyət yaxşıdır. Özəl telekanallarda isə aparıcıların səviyyəsi aşağıdır. "Milli Televiziya və Radio Şurası bu istiqamətdə addımlar atmalıdır" - deyə millət vəkili vurğuladı.

Müzakirələrdə çıxış edən digər deputatlar da televiziya aparıcılarının ünvanına ciddi tənqidlər səsləndirdilər. Millət vəkilləri həmçinin Milli Televiziya və Radio Şurasının bir qədər əvvəl türk filmlərinin dublyajsız yayımını qadağan edən qərarına da etiraz etdilər.

Aparıcıların nitqindəki qüsurlarla bağlı tənqidlərə spiker Oqtay Əsədov da qoşuldu. O bildirdi ki, əvvəllər diktorluq şərəfli peşə sayılırdı, aparıcıların danışığı və xarici görkəminə fikir verilirdi: "İndi isə bu sahədə çox ciddi problemlər var. Bu məsələ ciddi şəkildə həll olunmalıdır".

Deputatların tənqidlərini cavablandıran Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə bir çox iradı əsassız hesab etdi. O qeyd etdi ki, şura deputatların qəbul etdiyi qanunlarla işləyir: "Təəssüf ki, bəzi deputatlar özlərinin qəbul etdiyi qanunun mahiyyətini başa düşmürlər".

MTRŞ sədrinin bu fikri isə spikerin möhkəm əsəbləşməsinə səbəb oldu. Spiker Şura sədrini sözlərinə diqqət yetirməyə çağırdı: "Mən bayaqdan aparıcıların nitqindəki qüsurlardan danışırdım. Amma indi baxıram ki, əsas problem Milli Televiziya Radio Şurasından qaynaqlanır. Siz Milli Məclisdə danışırsınız. Bir balaca danışığınıza fikir verin. Belə səhvlərə yol verməyin. O deməkdir, deputatlar başa düşmür? Burda oturanların hamısı sizdən yaxşı başa düşür".

Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2009.- 4 aprel.- S.5.