Çanaqqalada Azərbaycan şəhidlərinin xatirəsinə abidə qoyulacaq

 

Çanaqqalada Azərbaycan şəhidlərinin xatirəsinə abidə qoyulacaq. Artıq bununla bağlı Türkiyə rəsmiləri ilə danışıqlar aparılıb". Bu məlumatı dünən keçirdiyi mətbuat konfransında Çanaqqala döyüşlərinin 94-cü ildönümü ilə əlaqədar Türkiyədə təşkil edilən tədbirlərdə iştirak edən Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev verib. Bildirib ki, bu, həm də son 94 ildə Azərbaycandan Çanaqqalaya təşkil edilən ilk səfər idi. İ.Ağayev əlavə edib ki, məşhur Çanaqqala döyüşlərində türklərlə yanaşı azərbaycanlılar da könüllü şəkildə düşmənə qarşı vuruşub, şəhid olublar. Onun sözlərinə görə, BDM İstanbulda fəaliyyət göstərən "Azərbaycanlıların Dayanışma Dərnəyi" ilə birgə Çanaqqalada şəhid olmuş soydaşlarımızın kimliyinin müəyyənləşməsi, qəhrəmanlıqları barədə məlumatlar əldə edilməsi üçün xeyli vaxtdır, iş görməyə başlayıb. Çanaqqala döyüşlərində 500 mindən artıq insanın şəhid olduğunu bildirən İ.Ağayev deyib ki, onların 3 mindən çoxu azərbaycanlı olub.

Tədbirlər çərçivəsində Azərbaycandan gedən nümayəndə heyəti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Vecdi Könül, Çanaqqala bələdiyyəsinin sədri və valisi ilə də görüşüblər. "Türkiyə rəsmilərinə Çanaqqalada şəhid olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirməyi təklif etdik. Təklif maraqla qarşılandı və deyildi ki, abidənin qoyulması məqsədi ilə Türkiyənin Mədəniyyət Nazirliyinə və Nazirlər Kabinetinə müraciət etməliyik". İ.Ağayev deyib ki, belə bir abidənin qoyulması şəhidlərimizin ruhunu da şad edər.

Baş nazir Ərdoğanla görüşdə son günlər Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı xəbərlərdən Azərbaycanda yaşanan narahatlıq da diqqətə çatdırılıb. Ərdoğan isə bildirib ki, belə hadisə baş verməyəcək və onlar əvvəlki siyasətlərini davam etdirəcəklər. İ.Ağayev bir neçə aydan sonra yenidən Çanaqqalaya səfər edəcəklərini bildirib: "Oradakı azərbaycanlıların qəbrləri üzərində "Bakıdan, Gəncədən, Tiflisdən, İrəvandan gəlib" kimi sözlər yazılıb. Konkret niyə adların yazılmadığına gəlincə isə bizə deyildi ki, indiyə kimi Azərbaycandan nümayəndə heyəti bura səfər etməyib. Bundan sonra isə məzarlar üzərinə adlar yazılacaq".

BDM-nin sədr müavini, professor Vaqif Arzumanlı bildirib ki, Yeni Zellandiyadan, Avstriyadan nümayəndələr hər il Çanaqqalada əcdadlarının şərəfinə qoyulan abidəni, onların məzarlarını ziyarət edirlər. Həmçinin adıçəkilən ölkələrdə hər il 6 aylıq kurslar təşkil olunur. Kursları uğurla başa vuranlara sertifikatlar verilir və onlar Çanaqqalaya 10 günlük səfər edərək əcdadlarının qəbirlərini ziyarət edirlər. Azərbaycanda bu hadisəyə yanaşmada biganəlik olduğunu deyən V.Arzumanlı əlavə edib ki, BDM-nin bu istiqamətdəki fəaliyyəti xüsusi qiymətləndirilməlidir: "Mərkəz artıq ilk addımı atıb və düşünürük ki, bu addım uğurlu olub. Mərkəz həmçinin Çanaqqala döyüşlərində iştirak etmiş soydaşlarımız haqqında ayrıca kitab hazırlamağı da nəzərdə tutub".  

 

 

Sultanova P.

 

525-ci qəzet.- 2009.-  4 aprel.- S.2.