Aqil Abbas Gənc Ədiblər Məktəbinin üzvlərilə
görüşüb
M.F.Axundov adına Milli
Kitabxanada Gənc Ədiblər Məktəbinin (GƏM)
növbəti toplantısı oldu. GƏM-in rəhbəri, Azərbaycan
Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid gənc
yazarların yaradıcılıq yolunda uğurla irəlilədiklərini
önə çəkdi. R.Məcid "Ulduz"
jurnalının aprel sayının bütünlüklə GƏM
üzvlərinin ixtiyarına verilməsini və bütöv
bir nömrədə gənc ədiblərin əsərlərinin
dərcini ciddi uğur kimi dəyərləndirdi.
GƏM-in budəfəki
qonağı tanınmış yazıçı və publisist,
millət vəkili Aqil Abbas idi. R.Məcid qonağa söz verməmişdən
əvvəl yazıçının həyat və
yaradıcılıq yoluna qısa ekskurs etdi, Aqil Abbasın
"Batmanqılınc", "Çadırda Üzeyir
Hacıbəyov doğula bilməz", "Dolu" və digər
dəyərli əsərlərin müəllifi olduğunu
söylədi.
A.Abbas gənclərin ədəbiyyatla
ciddi maraqlanmalarını təqdir edərək, GƏM
üzvlərindən bir çoxunun gələcəkdə ədəbiyyatı
özlərinə əsas həyat tərzi kimi seçəcəklərinə
inandığını vurğuladı. Mütaliə ilə
az məşğul olmağı indiki gənclərin əsas
nöqsanı hesab edən A.Abbas ədəbi
dünyagörüşün artması üçün
mütaliəni zəruri vasitə kimi səciyyələndirdi.
Yazıçı gənc ədiblərə həm Azərbaycan,
həm də dünya ədəbiyyatı nümunələri
ilə ətraflı tanış olmağı, davamlı
şəkildə kitab oxumağı tövsiyə etdi.
Özünün yaradıcılıq
prosesindən söz açan yazıçı adətən
xarakterinə uyğun olaraq tələsik
yazdığını, bəzən də gərgin əhval-ruhiyyə
ilə qələmə aldığı əsərlərində
"müəyyən bir həddi
aşdığını" da dilə gətirdi:
"Xarakterimdəki tələskənlik yazılarıma da
sirayət edir. Hərdən də əsərlərimdə
hadisələr elə inkişaf edir ki, nəzarətdən
çıxır və bir də görürəm, söz məni
alıb haralarasa aparıb". Yazıçının gənclərlə
söhbətinin əsas mövzusu bir müddət öncə
çapdan çıxmış və böyük maraq
doğurmuş "Dolu" romanı ətrafında oldu. Qarabağ
müharibəsinə həsr edilən roman haqqında
geniş söz açan və gənc ədiblərin
suallarını cavablandıran A.Abbas əsəri rəmzi
adlar əsasında yazmasının səbəbini
açıqlayıb: "Əsər həyati hadisələr
əsasında yazılıb. Lakin mən konkret adlar əvəzinə
şərti və rəmzi isimlər verməklə,
Qarabağda həlak olan 25 min həmvətənimizin
hamısının qəhrəmanlığını yad etməyi
nəzərdə tutmuşam".
Tənqidə
qarşı dözümlü olduğunu qeyd edən A.Abbas bəzən
gənclərin hansısa yazıçının əsərini
oxumadan tənqidə məruz qoymalarından
xoşlanmadığını gizlətmədi: "Məni
adətən az tənqid edirlər. İndiyədək
yalnız bir neçə dəfə siyasi görüşlərimə
görə tənqid olunmuşam. Amma bilirəm ki, bir qrup gənc
var, hansısa yazıçının əsərini oxumadan,
yaradıcılığına bələd olmadan onu tənqid
edirlər. Bu düzgün hal deyil. Yazıçını,
şairi tənqid etmək üçün onun
yaradıcılığını öyrənmək
lazımdır".
Qarabağın
düşmən tapdağından azad olunacağına
inamını ifadə edən yazıçı gənclərə
uğurlar dilədi, onların gələcəkdə Azərbaycan
ədəbiyyatında layiqli mövqe tutmalarını
arzuladı.
GƏM-in bu
toplantısında gənc şairlər Mirbəhram Əzimbəyli,
Sevinc Mürvətqızı, Vəlixan və başqaları
öz şeirlərini oxudular.
Toplantı
yazıçı A.Abbasın gənclərə hədiyyə
etdiyi kitablarını imzalaması ilə yekunlaşdı.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 7 aprel.- S.7.