Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı naminə daha bir addım

 

PARLAMENTLƏRARASI DOSTLUQ QRUPUNUN DƏSTƏYİLƏ HAZIRLANAN YENİ NƏŞRLƏR İCTİMAİYYƏTƏ TƏQDİM EDİLİB

 

Ötən gün Atatürk Mərkəzində Mirzə Məmmədoğlunun "Qədim Tiflis", Alxan Binnətoğlunun "Teatr haqqında söhbətlər", Nəriman Əliyevin ingilis dilindən çevirərək tərtib etdiyi "Erməni xəyanəti və Gürcüstan", Mədət Çobanoğlunun "Azərbaycan və Gürcüstan ədəbi əlaqələri" kitablarının təqdimatı olub. Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun dəstəyilə çap olunan kitablar haqqında söz açan xalq şairi Zəlimxan Yaqub bu nəşrlərdə Borçalı azərbaycanlılarının Gürcüstan ədəbi-mədəni mühitində oynadıqları rolun, ermənilərin törətdiyi türk qırğınlarının öz dolğun əksini tapdığını vurğulayıb. Millət vəkili, Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva Gürcüstan-Azərbaycan mədəni əlaqələrinin genişlənməsinin əhəmiyyətindən, ədəbiyyat nümunələrinin hər iki dilə tərcüməsinin vacibliyindən danışıb. Q.Paşayeva bildirib ki, bu istiqamətdə görülən işlərin miqyası daha da genişlənəcək və gənclərin milli ruhda tərbiyəsində xüsusi rol oynayacaq. Millət vəkili gələcəkdə də bu ənənənin davam etdiriləcəyinə əminliyini vurğulayıb. Q.Paşayeva təqdim olunan kitabların aktual mövzuları işıqlandırdığını qeyd edib və bu mövzular barədə fikirlərini bölüşüb.

"Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva kitab nəşri və tərcümə işi sahəsilə bağlı çox önəmli fəaliyyət göstərir. Qənirə xanım Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixinin davamlı təbliğinə çalışan az sayda millət vəkillərimizdən biridir. Onun vətəndaşlıq mövqeyindən çıxış etməsi hər zaman diqqəti çəkir. Qənirə Paşayevanın tez-tez Gürcüstanda yaşayan azərbaycanlılarla görüşdüyünün və diqqət ayırdığı sahələrdə əzmlə çalışdığının şahidi oluruq. Bu gün təqdim olunan nəşrlərin ərsəyə gəlməsində də Qənirə xanımın xüsusi rolu var. Arzu edirəm ki, digər millət vəkilləri, ictimai-siyasi xadimlər və iş adamları ondan nümunə götürsünlər". Bu fikirləri isə tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid söyləyib.

Professor Camal Mustafayev və digər çıxış edənlər də Gürcüstan azərbaycanlıları ilə bağlı məsələlərə hər zaman diqqət ayrılmasının vacibliyini vurğulayıblar. Çıxışlarda Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafında mədəni təmasların rolu önə çəkilib və təqdim edilən kitabların bu baxımdan xüsusi əhəmiyyət daşıdığı bildirilib.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 7 aprel.- S.7.