AzTV - Azərbaycan
efirinin yeniliklər mənbəyi
Əslinə baxanda, rəmzi olaraq köhnədir. İndi
isə orda hər şey - yerdən, çöldən,
divardan tutmuş bütün otaqlara, avadanlıqlaradək təptəzədir.
Və Onun qapısından çoxdan
çıxmış insanların
nostalji duyğularını
başa düşmək
çətin deyil. Rəsmi etiraf etməsələr belə,
eşidirəm ki, hamısı o qapıdan yenə daxil olub, Onun
Havasını udmaq istəyirlər. Lap əslinə baxanda başqa necə ola bilər ki, illərin o yanında qoyub gəldikləri yer, hələ də Məbəd olaraq qalır. AzTV-nin "Şinel"indən çıxmış
yeni efir məkanlarını Quran Adamlar nə Sizləri unudublar, nə Siz unudulursunuz.
Sadəcə, Zaman belə istədi: " Sizsiz yazılmışdı
bu tale, bu baxt".
Bu gün fəaliyyətilə
illərin ənənəsini özündə qoruyub saxlayan Azərbaycan
Televiziyasının ölkənin efir məkanında xalqa,
millətə, dövlətə etdiyi xidmət illərdən
sonra aydınlaşır. Aydınlaşır ki, öz
verilişlərinə güya müasir görünən dəbdəbəli
adlar qoymasa da, xalqın əsrlər boyu qoruyub
saxladığı maddi-mənəvi nailiyyətlərinin, yəni
Böyük Mədəniyyətinin keşiyində daha
çox dayanır. AzTV məktəbi keçməyən, Onun
auditoriyalarını gəzməyən, AzTeleRadio nəhənglərindən
dərs almayan xeyli gənc qarışıq, yaşlı sənət-peşə
sahiblərinin yaratdığı yeni üslub dilimizə,
münasibətlərimizə hələ nə qədər zərbə
vuracaq, onu Gələcək göstərəcək.
Hərdən
çoxlarının güya bəyənmədiyi AzTV-də
indi və butun zamanlarda heç kim əllaməçiliyin
şahidi olduğunu soyləyə bilməz. Heç vaxt ucuz
tamaşaçı zövgünə köklənməyən
AzTV-nin əzəməti artıq, bugünkü efir məkanında
daha çox hiss edilir. Sabir demişkən:
"Çalxalandıqca,
bulandıqca zaman nehrə kimi,
Yağı yağ
üstə çıxır, ayranı ayranlıq olur"
Bəli, efirlərdə
deyilməyən söz qalmadı, abırsızlıq,
düşükluk az qala balalarımıza ETALON səviyyəsində
təqdim olunur.
Gəlin keçək əməli
işə, görək AzTV bu gün Azərbaycan
tamaşaçısına nə göstərir, nə deyir:
geniş tamaşaçı auditoriyası Muğam
festivalının bütün Türk dünyasında
doğurduğu rezonansın təkcə
tamaşaçısı deyil, həm də Azərbaycan
Muğam məktəbinin SƏVİYYƏsini AzTV-də
gördü. Bu Böyük Mədəniyyət hadisəsinin
ucuz SMS dilənçiliyi xəcalətindən uzaq
olmasını məhz AzTV-yə etibar edildi. Və mənə
elə gəlir ki, Muğam Festivalı həm sayını
itirdiyimiz "yeni ulduz", həm də ciddi poeziyanın əbədi
kölgəsində qalan efirlərdə tüğyan edən
"Meyxana" yarışmalarına efirdə
CİDDİLİK dərsi verdi.
Bu gün dünyanın
böyük dəyərlərə daha çox ehtiyacı
var. Və hər bir xalq gələcəyini
tapşıracağı xələflərinə tarixin
yaxın, uzaq keçmişindən qalmış maddi abidələrinin
hansı mədəni ənənələr üzərində
qurulduğunu öyrədir. Orta və ali təhsil müəssisələrimiz
dərsliklərlə yetərincə xələflərimizi
öyrədir. Ancaq etiraf etməliyik ki, bu gün uşaqlar
kitabdan da çox televiziya və kompüter
monitorlarının qarşısında dayanırlar. Hərdən
bu uşaqların diqqəti "Daş nağılı"na
sataşanda, hamısı olmasa da,
özünü-sözünü bilənlər tarixi abidələrimizi,
xalqın daş yaddaşını varaqlaya bilir. Dəyərlərin
ucuzlaşmağa doğru getdiyi belə məqamda AzTV
"Daş nağılı" ilə tarixi-etnoqrafik bilgilərə
kökləyir tamaşaçısını. İstər
"Təmas nöqtəsi", istər "Tələbə
dünyası", istər "İntellekt", "Təhsil,
tərəqqi", istərsə də digər proqramlar
müasir tamaşaçı zövqünə
uyğunlaşmaqla yanaşı, mahiyyətində vətənpərvərlik,
humanistlik, intellektuallıq, mərdlik, ləyaqətlilik, yəni
sözün həqiqi mənasında əsil Azərbaycançılıq
daşıyır.
Danışır Azərbaycan
Radiosu! Gəlin, artan radioların fonunda Azərbaycan Radiosunun
yayımdakı verilişlərinin məna tutumuna,
yükünə, çəkisinə nəzər salaq:
yarım əsrə yaxın Türk dünyasını öz
mənəvi cazibəsində saxlayan "Bulaq" verlişini
efirdən çıxarsaq, nə baş verər? Bütün
radio efirlərimizə təsir edə biləcək mənasızlıq!
Və bunun nə qədər dinləyici itkisi demək
olduğunu anlamaq çətin deyil. Eləcə də
"Elçi daşı", "Axşamınız
xeyir" və Gənclik redaksiyasının
hazırladığı canlı verilişlər buna misal ola
bilər. Dediyimiz bu faktlar Azərbaycan Radiosu haqqında təsəvvür
yaratmaya bilməz.
Ümumiyyətlə,
bütün dövrlərdə AzTV özünün Azərbaycançılıq
ənənəsini qoruyub bu gün də ləyaqətlə
saxlamaqdadır. Arif Alışanovun rəhbərliyilə indi
Azərbaycan televiziyası öz yoluna uğurla davam etməkdədir.
Azərbaycan tamaşaçısı və dinləyiçisi
tam əmin ola bilər ki, AzTV kanalı ilə evlərinə
davamlı şəkildə böyük ənənələrə
söykənən, bir-birindən maraqlı verilişlər
daxil olacaq.
Mahəddin ƏSGƏR,
525-ci qəzet.- 2009.- 7 aprel.- S.7.