Bölgə teatrlarında yeni tamaşalar hazırlanır

 

S.Rəhman adına Şəki Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" əsəri əsasında tamaşanın məşqlərinə başlanılıb. Teatrdan verilən məlumata görə tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, rəssamı Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatovdur. Əsas rolları Xanlar Həşimzadə, Akif Yusifov, Sima Şabanova, Əbülfət Salahov və başqaları ifa edirlər. Teatrda eyni zamanda, rumın dramaturqu Ejen İoneskonun "Kral ölür" əsəri üzərində də məşqlər davam etdirilir.

Teatrın direktoru Hikmət Nəbiyevin bildirdiyinə görə yaradıcı heyət "Pəri-cadu", habelə fransız dramaturqu Jan Batist Molyerin "Xəsis" tamaşaları ilə mayın əvvəlində paytaxt tamaşaçıları qarşısında çıxış etməyi nəzərdə tutur. Bununla belə teatr mayın axırlarında Türkiyənin Ankara, İstanbul, İzmir, Amasiya və digər şəhərlərinə, oktyabrda isə Rusiya paytaxtına qastrol səfərləri də planlaşdırır. Yaradıcı kollektiv Moskva səhnəsində Səməd Vurğunun "Vaqif" dramını oynayacaq.

Qax Dövlət Kukla Teatrında isə bu günlərdə A.S.Puşkinin "Qızıl balıq" nağılı əsasında yazılmış eyniadlı nağıl-tamaşaya ictimai baxış keçirilib. Teatrın direktoru Nazim Mahmudovun verdiyi məlumata görə teatr həm də bu il mayın 20-dən 25-dək Estoniyanın Vilyandi şəhərində keçiriləcək "Kukla çamadanda" 13-cü beynəlxalq kukla teatrları festivalında Azərbaycanı təmsil edəcək.

Yaradıcı kollektiv festivalda Abdulla Şaiqin "Tülkü həccə gedir" və "Yaxşı dost" nağılları əsasında Rəhman Əlizadənin qələmə aldığı "Tülkünün uçuşu" ikihissəli nağıl-tamaşanı təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Yusif Abdurahmanov, rəssamı isə Mayis Abdullayevdir. Əsas rollarda teatrın aktyorları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova və başqaları çıxış edirlər.

Direktorun dediyinə görə teatr həmçinin "Cırtdan" xalq nağılı əsasında Əli Səmədlinin qələmə aldığı yeni tamaşanı da məşq edir.

 

 

Mürvətqızı Sevinc

 

525-ci qəzet.- 2009.- 8 aprel.- S.7.