Rus dili ədəbiyyatı həftəsində A.S.Puşkin yad edilib

 

Bakıdakı 160 nömrəli klassik gimnaziyada rus dili və ədəbiyyatı həftəsi başlanıb. Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 210 illiyinə həsr edilmiş musiqili-ədəbi kompozisiya ilə açılan tədbirdə YUNESKO-nun assosiativ üzvü olan tədris müəssisəsinin direktoru, Azərbaycanın əməkdar müəllimi Faina Ələkbərova çıxış edib: "Bu məktəbdə fənn həftələri keçirilməsi ənənəyə çevrilib. İl ərzində bütün fənlər üzrə bu cür həftələr keçirilir. Cari həftə isə rus dili və ədəbiyyatına həsr edilib. Həftə ərzində məktəbin müxtəlif siniflərində müvafiq tədbirlər keçiriləcək". F.Ələkbərova himçinin ilboyu biologiya, kimya, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, coğrafiya həftələri keçirildiyini də xatırladıb və aprel ayında Beynəlxalq Kosmonavtika Gününə həsr edilmiş fizika həftəsi, may ayında isə mədəniyyət və idman həftəsi keçiriləcəyini də vurğulayıb. Direktor hazırda rus dili, rus yazıçılarının və şairlərinin yaradıcılığı haqqında materiallardan ibarət divar qəzetlərinə baxış keçirildiyini nəzərə çatdırıb. Direktorun sözlərinə görə, bu cür tədbirlərin təşkil edilməsi və keçirilməsi ilə rus dili və ədəbiyyatı müəllimlərinin metodik birləşməsi məşğul olur". Bu cür tədbirlər uşaqlar üçün çox böyük tərbiyəvi əhəmiyyət kəsb edir. Onlar ədəbi əsərləri sinifdə öyrənməklə bərabər, teatr sənəti ilə də tanış olur, tamaşaların quruluş prosesini öyrənirlər. Ümumiyyətlə, hesab edirik ki, gimnaziya mühiti tolerant məkandır. Bu baxımdan rus dili zəruri əlaqələndirici vasitədir".
   Tədbirdə İlkin Daşdəmirli (A.Puşkin), Nigar Verdiyeva (Arina Rodionovna), Heydər Hüseynzadə (Dantes), Fərhad Muradov (Aleko), Toğrul Sadıxlı (Onegin), Məryəm Qədimova (Zemfira), Rufan Həsənov (Lenski), Fidan Məmmədova (Tatyana) və başqa şagirdlərin ifasında "Yevgeni Onegin" və "Qaraçılar" poemalarından səhnələr, Puşkinin Danteslə dueli səhnəsi, həmçinin rəqslər və mahnılar təqdim olunub.

Mərasimdə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin, Azərbaycandakı Rusiya icmasının nümayəndələri, Bakı Slavyan Universitetinin gimnaziyada təcrübə keçən tələbələri, eləcə də Rus Mədəniyyət Mərkəzinin, Azərbaycan Xalqlarının Respublika Həmrəylik Cəmiyyətinin ("Sodrujestvo"), Azərbaycanda təhsilin rus dilində olduğu Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının nümayəndələri qonaq qismində iştirak ediblər.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 8 aprel.- S.7.