Şairin ilk kitabı təqdim olunub
Gözdən Əlil
Uşaqlar üçün Respublika İnternat Orta Məktəbində
gözdən əlil Şəhriyar Həsrətin
"Dünya, aç qapını çıxım gedim"
kitabının təqdimat mərasimi keçirilib. Tədbir
"Uşaq ili" çərçivəsində
"Qafqaz Media" İctimai Birliyinin (İB) dəstəyi ilə
baş tutub.
Təqdimat mərasimində
çıxış edən məktəbin direktoru Namidar
Hüseynquliyev, şair Ədalət Əsgəroğlu,
"Qafqaz Media" İB-nin sədri Azadə Taleh və
başqaları yeni kitabla bağlı fikirlərini
bölüşüblər.
Çıxış edənlər
bildiriblər ki, dünyəvi gözəllikləri öz
ürəyində yaşadan, duyğularını kövrək
misralara çevirən Şəhriyar Həsrət gələcəyin
böyük şairi ola bilər: " Onun şeirlərində
Vətənə məhəbbət, həyata sevgi, gələcəyə
inam hissi üstünlük təşkil edir".
Şair-publisist, filologiya
elmləri namizədi Xədicə Muradın dəstəyi ilə
Azərbaycan Universitetinin nəşriyyatında çap olunan
kitabda Şəhriyar Həsrətin 300-ə yaxın şeiri
yer alıb.
Tədbirdə Təhsil
Nazirliyinin nümayəndələri və ayrı-ayrı
şəxslər məktəbli şairə hədiyyələr
bağışlayıblar.
Sonda Şəhriyar Həsrət
xeyirxah insanlara minnətdarlığını bildirib, yeni
şeirlərini oxuyub.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 8 aprel.- S.7.