Lentə köçürülmüş ömür

 

Həyatını, taleyini yaradıcılığa, sənətə həsr etmiş adamlarla ünsiyyətdə olmaq hədsiz dərəcədə maraqlıdır. Bir ömürdə iki həyat - bir adi insan həyatı, ayların, illərin sayını, bir də sənət həyatı yaşayan insanlar zəngin mənəvi potensiala malik olurlar. Həyatımla bağlı belə şəxsiyyətlərdən biri görkəmli kinorejissor, kinoşünas alim, ssenarist və yazıçı, professor Tofiq İsmayılovdur. Bu il T.İsmayılovun 70 yaşı tamam olur, o ömrünün və yaradıcılığının müdriklik mərhələsinə daxil olur.

Adətən deyirlər ki, şairlər həmişə özünü yazır. Mən bu fikri bədii sənətlə məşğul olan bütün müəlliflərə, o cümlədən rejissorlara aid edərdim. Rejissor, hər şeydən öncə öz ömrünü köçürür lentə. Sənət sənətkarın içindən süzülüb durulan bulağa bənzəyir. T.İsmayılovun sənəti də belədir. Hansı əsərinə baxırsan orada ən qabarıq görünən rejissorun şəxsiyyətidir. Rejissor şəxsiyyəti T.İsmayılovun filmlərinin kontekstoloji əsasını təşkil edir. Başqa sözlə T.İsmayılov fərdi yaradıcılıq üslubuna və manerasına malikdir, bu isə başlıca şərtdir.

Ssenarist mətnin, aktyor oyunun, rəssam dekorasiyaların, bəstəkar musiqinin, operator lentlərin - rejissor isə filmin müəllifidir. XX əsrin möcüzəsi - sinkretik sənət olan kinoda bütün sənət növləri məhz rejissor vasitəsi ilə birləşir, sintez olunur. T.İsmayılov belə qüdrətli bir rejissordur. Təsadüfi deyil ki, o özü rejissoru "min bir cür sənət bilicisi" adlandırır.

   Rejissor ömrünün lentə köçmüş zəngin salnaməsindən bəzi faktlara nəzər salaq. T.İsmayılov 70 sənə öncə bizim hamımızın arzularının beşiyi olan Bakı şəhərində bu fani dünyaya təşrif gətirib. Sənətə böyük marağının arxasınca o, orta məktəbi bitirib M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna gəlib. Burada aktyorluq fakültəsini bitirib. Gənc və istedadlı aktyorun yeni arzusu çiçək açıb: Rejissor olmaq! Böyük həvəslə rejissor ixtisasına yiyələnən T.İsmayılov Moskvaya Ali kinorejissorluq kurslarına gedib təhsilini təkmilləşdirir. Onun diplom işi olan Ə.Məmmədxanlının eyni hekayəsi əsasında çəkdiyi "Anamın çırağı" qısametrajlı filmi əla qiymətə layiq görülür. Bu ilk filmin ayağı uğurlu oldu. Bu gün T.İsmayılov Azərbaycanda ən çox film çəkmiş rejissordur. O milli kino sənətimizə müxtəlif metrajlı 30 film bəxş edib.

1970-ci ildə gənc və perspektivli kinorejissor T.İsmayılov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yaracılıq fəaliyyətinə başlayır. Və burada ona şöhrət gətirən ilk filmi - "Oxuyur Müslüm Maqomayev" adlı ekran əsərinin yaradır. Bu film kinorejissorun yaradıcılığında yeni bir istiqamətin - musiqili filmlər təmayülünün əsasını qoydu. Onun ardınca "Mən mahnı qoşuram", "Musiqi müəllimi" filmləri yaradıldı. Bu filmlərdə rejissor sənətin ən ecazkar növü olan musiqini həyatı dərk etmsək üçün bir vasitə seçdi. Çətin idi dünyaya və insan taleyinə musiqinin, lirik bir mahnının ritmi ilə nəzər salmaq. Bunun üçün təkcə həssas bir rejissor yox, həm də dünyanı qəlbinin ritmi ilə duyan musiqiçi olmalı idi.

T.İsmayılovun "Oxuyur Müslüm Maqomayev" filmi Tehran Beynəlxalq kinofestivalında, Praqa kino baharı festivalında nümayiş etdirilib. Film Daşkənd televiziya filmləri festivalında Özbəkistan Bəstəkarlar İttifaqının xüsusi mükafatını alıb. Filmin uğurları bununla bağlı idi ki, burada dramaturgiyanın hər iki qəhrəmanı, həm M.Maqomayevin şəxsiyyəti, həm də əlahəzrət musiqi yüksək rejissor sığalından çıxmışdı. Təbii ki, rejissorun ilk uğurları ona ilk təravətli sənət sevincləri ilə birlikdə, həm də ilk qibtələr, ilk rəqiblər və ilk müqavimətlər də bəxş etdi. Lakin T.İsmayılov prinsipial və inadkar adamdır. O, məhz inadkar bir inamla da öz sənət mübarizəsini davam etdirdi. Əsas məsələ yanılmadan işləmək və yaratmaq idi. T.İsmayılov İ.Əfəndiyevin "Körpüsalanlar" povesti əsasında "Çarvadarların izi ilə", Ə.Əylislinin eyniadlı povesti üzrə "Gilas ağacı", "Bizim küçənin oğlanları", "Xüsusi vəziyyət", "Yay günlərinin xəzan yarpaqları", "Sürəyya" kimi uğurlu romantik filmlər çəkdi. Lakin bir film - 1980-ci ildə "Məlikməmməd" nağılı əsasında ekranlaşdırdığı "Əzablı yollar" əsəri rejissorun kino sənətimizdəki mövqeyini möhkəmlətdi, şöhrətini dünyaya yaydı. 80-ci illərin ortalarında ABŞ-da göstərilən ən yaxşı Sovet filmləri sırasında "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Əzablı yollar" nağıl-filmi də var idi. Hələ o zaman filmin qəhrəmanı Məlikməmməd öz novator oyunu, koloriti ilə Amerika tamaşaçılarının mənəvi dünyasını fəth etmişdi.

Yeri gəlmişkən, uşaq filmləri T.İsmayılovun yaradıcılığında ikinci mühüm təmayülü əmələ gətirir. Kinoya ecazkar, saf və büllur uşaq aləmini gətirmək meyli artıq təkcə ssenarist və rejissor T.İsmayılovdan yox, həm də uşaq yazıçısı T.İsmayılovdan gəlir. O, bir yazıçı kimi uşaqların həyat, arzu və talelərindən bəhs edən "Qonşular", "Sevincin yuxusu", "Şəkil teatrı", "Şəkil kino", "Diş ağrısı" əsərlərini yazıb. Bu əsərlər Tofiq müəllimin kino ilə ən ciddi şəkildə məşğul olduğunu on il ərzində - 1976-86-cı illərdə yazılıb. Uşaqlar haqqında yazmaq da, onlarla film çəkmək də olduqca çətindir. Məsələn, "Mən mahnı qoşuram" (1979) filmində T.İsmayılov kənd ağsaqqalı Bəhmən kişi, yeniyetmə istedad Sona və onun atası Xudayar obrazlarının çarpazlaşdığı mühitdə əsas diqqəti Sonanın istedadı üzərində cəmləyir, bütün varlığı, hər günü, hər saatı nəğmə ilə nəfəs alan bu qızın dolğun obrazını yaradır. Yaxud "Nəğmə müəllimi" filmində müəllim (müğənni Sərxan Sərxan) musiqinin qüdrəti ilə bütün kəndi öz işinə cəlb edir. Az müddət ərzində hamı - balaca körpələr də çalıb oxumağa başlayır.

T.İsmayılov öz filmlərində müxtəlif mövzular kontekstində milli-mənəvi varlığımızı narahat edən taleyüklü problemləri lentə alıb. "Babalarımızın torpağı", "Lahıc", Azərbaycan kinosu tarixində ilk çoxseriyalı bədii televiziya filmi olan "Vulkana doğru gedirəm" əsərləri öz koloriti, etnoqrafik özəlliyi və müasirlik imkanları ilə seçilən baxımlı filmlərdir.

T.İsmayılov təkcə kino sənətinin yaradıcısı deyil, həm də tədqiqatçısı və təbliğatçısıdır. Çəkdiyi filmlərin yarıdan çoxunun ssenari müəllifi məhz T.İsmayılov özüdür. Hesab edirəm ki, T.İsmayılovun səmimiliyi, tədqiqatçılığı, onun müəllimliyi, bir pedaqoq kimi fəaliyyəti ilə sıx bağlıdır.

O, 1974-cü ildən indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində kinorejissor pedaqoq kimi fəaliyyət göstərir. T.İsmayılov burada dosent, professor, kafedra müdiri kimi olduqca səmərəli fəaliyyət göstərib. Gənc kinorejissor kadrların yetişməsi üçün bütün varlığı ilə çalışıb.

Mən dostum T.İsmayılovu Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrin canlı körpüsü hesab edərdim. İş elə gətirdi ki, T.İsmayılov 1994-cü ildə Türkiyədə işləməli oldu. O, Memar Sinan Gözəl Sənətlər Universitetində Gözəl Sənətlər fakültəsi kino-TV bölümünün müşaviri kimi fəaliyyətə başlayıb və tezliklə maraqlı işlərinə görə nüfuz qazanıb. 1996-2004-cü ildə İstanbul Böyükşəhər Bələdiyyəsi Kültür İşləri Dairə Başkanlığında danişmən olaraq T.İsmayılov bütün türk xalqlarının mədəniyyətlərini əhatə edən iyirmiyə yaxın tədbirin təşkilatçısı, ssenaristi və rejissoru olub. Təkcə 2002-2004-cü illərdə "Türk Dünyasının Ulduzları" layihəsi üzrə onlarca türk sənət adamının, o cümlədən Ü.Hacıbəyli, Anar, Adil İskəndərov, Qara Qarayev, B.Vahabzadə kimi görkəmli şəxsiyyətlərin ildönümlərini təşkil edib. T.İsmayılovun Türkiyədə türk xalqları mədəniyyətlərinin doğmalaşması naminə gördüyü işlərin həm məzmunu, həm də əhatə coğrafiyası çox genişdir. Onu tanıyanlara yaxşı məlumdur ki, T.İsmayılov hələ gənc yaşlarından TV ilə bağlı olub, burada mütəxəssis kimi çalışıb, "Kinopanoram" verilişini aparıb, sonra da müəllif kimi həmişə sıx əlaqə saxlayıb. O, Türkiyədə də bu istiqamətdəki fəaliyyətini davam etdirib. Bütün bunları bəlkə də onun bir peşə borcu, gündəlik işi hesab etmək olardı.

T.İsmayılovun fəaliyyətinin əsas, qiymətli sahələrindən biri tədqiqatçı kinoşünas kimi gördüyü işlərdir. O, İstanbulda türk dövlətlərinin ədəbi-mədəni birliyinə xidmətlər göstərmiş konfrans, simpozium, müşavirələr, kinofestivallar, teatr tamaşaları, ədəbi-bədii mərasimlər keçirməklə bərabər ardıcıl şəkildə türk xalqlarının kino tarixini yazmaqla məşğul olub. Nəhayət, 2001-ci ildə Türkiyədə "Türk Güzəl Sənətlər Fondu" tərəfindən Azərbaycanın əməkdar incəsənət xadimi, professor T.İsmayılovun "Türk cümhuriyyətləri sinema tarixi" adlı üçcildliyi çap olundu. Kitabın I cildində Azərbaycan, II cildində Qazaxıstan və Qırğızıstan, III cildində Özbəkistan və Türkmənistan olmaqla beş türk dövlətinin kino sənəti öz əksini tapıb. "Türk cümhuriyyətləri sinema tarixi" kitablarını türk kino sənəti haqqında ensiklopedik əsərlər kimi dəyərləndirmək olar. Bu əsərlərin İstanbulda və Bakıda geniş təqdimatları keçirildi, onlar elm və sənət adamları tərəfindən yüksək qiymətləndirildi, mətbuat əsərlərin nəzəri-tarixi əhəmiyyətinə dair məqalələr dərc etdi.

T.İsmayılov bir kinoşünas kimi olduqca fəaldır. O, tez-tez həm Türkiyə, həm Azərbaycan telekanallarında, kino sənətimizin problemlərinə dair çıxışlar edir, maraqlı məqalələr yazır, aktual problemləri araya gətirən müsahibələr verir. Söhbətlərimizdə o, böyük sənətkar yanğısı, vətəndaş ağrısı, dərin təəssübkeşlik hissi ilə kino sənətimizin bugünkü yaradıcılıq taleyindən danışır. Kinoya belə sevgi T.İsmayılovun axtarışlarının da əsasında dayanır. Bir neçə ilə öncə o mənə müdafiə etmək istədiyini bildirdi. Açığı, ömrün şöhrətli və müdrik çağında onun bu həvəsə düşməsi mənə qəribə gəldi. Bu həvəsdə onun həm kino sənətinə məhəbbəti, həm də ciddi alim niyyəti var. Başlıcası isə müəyyən etdiyi mövzu məni tutdu: "Türk xalqları kino sənətinin təkamül mərhələləri". Bu əsər T.İsmayılovun həm rejissor kimi sənət təcrübələrinin, həm də tədqiqatçı kimi axtarışlarının səmərəli yekunu oldu. Əsərdə 5 türk respublikasının kino sənəti eyni mənşəli xalqların mədəni birliyi kontekstində üç təkamül mərhələsi üzrə nəzərdən keçirilirdi. Əsərin birinci fəslində türk xalqları kino sənətinin təşəkkül özünəməxsusluğu, ikinci fəsildə tarixi mövzu və tarixilik, üçüncü fəsildə isə türk kino sənətində mənəvi-əxlaqi axtarışları araşdırılır, bunların mərhələvi xüsusiyyətləri, habelə hər bir mərhələnin tarixi-estetik miqyasları müəyyənləşdirilir.

T.İsmayılovun "Türk xalqlarının kino sənəti" (2008) monoqrafiyası onun namizədlik dissertasiyası əsasında hazırlanıb. Türk kino tarixinə dərindən bələdlik, nəzəriyyə ilə təcrübənin üzvi vəhdəti, zəngin materialın bacarıq və səriştə ilə ümumiləşməsi bu kitabın əsas məziyyətləridir. Bu monoqrafiya beş türk ölkəsinin kino sənətini eyni səviyyədə əks etdirir. Və təbii ki hər bir türk respublikası üçün eyni dərəcədə əhəmiyyətlidir. Türk respublikalarının heç birində bu səviyyəli əsər yazılmayıb.

T.İsmayılovun "Türk xalqlarının kino sənəti" monoqrafiyası müəllifin əsas elmi konsepsiyasını ifadə edən belə bir fikirlə tamamlanır: "Türk xalqları kino sənətinin təkamülü çağdaş türkçülüyün əsas təmayüllərindən biridir. O antitürk ideologiyaya qarşı müqavimətdə formalaşıb. Xalqa, millətə daha yaxın, doğma və səmimi dildə danışan milli xarakteri, etnik-mənəvi psixologiyanı əks etdirən kino sənətimiz yeni, istiqlal dövrünə əzmlə, böyük bədii-fəlsəfi yaradıcılıq uğurları ilə daxil olub. Bu unikal sənətin istiqlal məfkurəsi işığında tədqiqi sənətşünaslığımızın nəzəri-tarixi vəzifələrindəndir. Türkçülük, həm də mədəniyyət vasitəsi ilə türkləri yüksəldən möhtəşəm ideya, tarixi-fəlsəfi təlimdir". Beləliklə, T.İsmayılovun son on beş ildəki fəaliyyətinin məzmunu mədəniyyət vasitəsi ilə türkləri ucaltmaqdan ibarət olub. Türkün mədəni-tarixi gələcəyinə dönməz inam T.İsmayılov sənətinin bədii-fəlsəfi pafosunu müəyyən edir.

 

 

Nizaməddin Şəmsizadə

filologiya elmləri doktoru,

 professor

 

525-ci qəzet.- 2009.- 8 aprel.- S.7.