Tarixin ibrət dərslərini unutmaq olmaz

 

Artıq xeyli vaxtdır Ermənistan kütləvi informasiya vasitələri yaxın zamanlarda Türkiyə-Ermənistan sərhədinin açılacağı və iki ölkə arasında diplomatik münasibətlərin qurulacağı barədə xəbərlər yaymaqdadır. Sərhədlər hələ açılmamış bədnam qonşularımızın ekspertləri sevincək halda tələm-tələsik öz erməni təxəyyüllərinə məxsus fikirləri geniş ictimaiyyətə çatdırmağa çalışırlar. Onlar iddia edirlər ki, rəsmi şəxslərin bu məsələdə susması artıq sərhədlərin açılması anlamına gəlir. Ermənisayağı düşünən ekspertlər ABŞ prezidenti Barak Obamanın Türkiyəyə dünən başa çatan rəsmi səfərinə ümidlər bağlayır, Türkiyənin xarici işlər nazirinin aprelin 16-da Yerevana nəzərdə tutulan görüşdə iştirakına xüsusi məna verirlər. Panarmenian.net saytında dərc olunmuş erməni politoloqunun şərhində bildirilir ki, guya "Ermənistanla Türkiyə arasında münaqişə yoxdur, Dağlıq Qarabağ problemi heç vəchlə Türkiyə ilə bağlı deyildir. Axır ki, Ankara "Bakı asılılığı"ndan qurtarmağa qərar verdi".

Ermənistanın "dərin düşüncə sahibləri" unudurlar ki, Azərbaycanla Türkiyə qardaşlığı dərin tarixi köklərə söykənir və heç nə, hətta öz məkrliyi ilə seçilən erməni hiyləgərliyi də bu dostluğa və qardaşlığa xələl gətirə bilməz.

Təbii ki, Türkiyənin də öz dövlət maraqları var. Azərbaycan da qardaş Türkiyənin mövqeyinə hörmətlə yanaşır. Ancaq Ermənistan tərəfi isə sərhədlərin açılmasını Türkiyənin Şərq əyalətlərinə, onların təbirincə desək, "Qərbi Ermənistana" çıxış kimi dəyərləndirir. "Türkiyənin səsi" radiostansiyasında erməni dilində verilişlərin yayıma başlamasını isə qonşu dövlətin "gəlin dostluq şəraitində yaşayaq" yalvarışları kimi şərh edir. Budur əsl erməni məkrinin mahiyyəti.

Azərbaycan tərəfi, təbii olaraq, öz milli maraqlarından çıxış edərək Türkiyə-Ermənistan danışıqlarını diqqətlə izləyir və Türkiyənin Azərbaycana hər hansı bir şəkildə xələl gətirəcək addım atacağına inanmır, çünki biz mərhum dövlət başçısı Heydər Əliyevin təbirincə desək, "bir millət iki dövlətik". Türkiyə ictimaiyyəti, heç şübhəsiz, ermənilərin Türkiyəyə torpaq iddialarını, uydurma "erməni soyqırımı"nı, qardaş dediyi Azərbaycanın 20 faiz ərazisinin erməni qəsbkarları tərəfindən işğalını, Xocalıda erməni daşnaklarının törətdikləri vəhşilikləri, bir milyondan çox azərbaycanlının öz torpağında qaçqın-köçkünə çevrildiyinin yaxşı bilir. Tarixin ibrət dərslərini unutmaq ancaq yeni fəlakətlərə yol aça bilər.

Son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində şərh olunan bu məsələ təbii ki, Azərbaycan ictimaiyyətini də narahat edir. Çünki, bədnam qonşularımızın Azərbaycan ərazilərində dəfələrlə apardıqları etnik təmizləmə siyasətindən və erməni terrorundan əziyyət çəkmiş azərbaycanlılar Türkiyə-Ermənistan sərhədlərinin asılmasından yaxşı heç nə gözləmirlər.

Heç də təsadüfi deyil ki, Milli Məclisin 3 aprel tarixli iclasında parlamentin sədri cənab Oqtay Əsədov bu məsələyə toxunaraq bildirib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın xeyrinə deyil. Spikerin sözlərinə görə, bəzi politoloqlar Türkiyə-Ermənistan sərhədinin açılmasının guya Azərbaycanın xeyrinə olacağını əsaslandırmağa çalışırlar. "Amma bu, heç də belə deyil. Biz bu istiqamətdə işləməli və fəaliyyətimizi gücləndirməliyik" - deyə spiker vurğulayıb. O.Əsədov onu da qeyd edib ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycan parlamentinin qadın deputatlarını bu ölkəyə səfərə dəvət edib. Qadın millət vəkilləri hazırda Türkiyəyə səfərə hazırlaşırlar. Səfər çərçivəsində Türkiyənin Ermənistan siyasəti də ciddi müzakirə olunacaq. O.Əsədov həmçinin bildirib ki, bundan başqa Türkiyə parlamentində təmsil olunan partiyaların nümayəndələri də Azərbaycana dəvət olunublar.

Bu baxımdan, Azərbaycan ictimaiyyəti inanır ki, Türkiyə hökuməti və ictimaiyyəti Azərbaycan-Türkiyə dostluğuna xələl gətirə biləcək hər hansı bir qərara imza atmaz və atmayacaq. Çünki tarixin ibrət dərsləri unudulmamalıdır.

 

  

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2009.- 8 aprel.- S.5.