Vilnüslə Bakı arasında memorandum imzalandı
SƏNƏDDƏ QARABAĞ
MÜNAQİŞƏSİNİN AZƏRBAYCANIN ƏRAZİ
BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ
HƏLLİ DƏSTƏKLƏNİR
Azərbaycan və Litva
Xarici İşlər nazirlikləri arasında daha geniş
siyasi dialoqun qurulması üçün memorandum imzalanıb.
Bu barədə dünən litvalı həmkarı Viqaudas
Uşatskasla görüşdən sonra birgə keçirilən
brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
məlumat verib. Onun sözlərinə görə, nazirlərin
həm təklikdə, həm də geniş tərkibli
görüşləri keçirilib. Bu görüşlərdə
ilk olaraq Azərbaycanla Litva arasında vəziyyət qiymətləndirilib.
E.Məmmədyarov vurğulayıb ki, bu münasibətlər
gündən-günə genişlənir. Hər iki ölkə
prezidentlərinin də bir neçə dəfə
qarşılıqlı səfərləri reallaşıb:
"Mən litvalı həmkarımı Azərbaycanda və
bölgədəki vəziyyətlə tanış etmişəm.
Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ətraflı məlumat vermişəm". Nazir
bildirib ki, Avropa Birliyi tərəfindən irəli
sürülən "Şərq Tərəfdaşlığı"
proqramı ətrafında da fikir mübadiləsi
aparılıb. Litva bu proqram çərçivəsində
Azərbaycanla daha geniş əlaqələr qurmaq istəyir. Azərbaycan
da bunun tərəfdarıdır: "Hesab edirik ki, Avropa
İttifaqının bu proqramı həm ölkəmiz, həm
də bütünlükdə bölgə üçün əhəmiyyətlidir.
Humanitar və iqtisadi baxımdan da əlaqələrimiz
inkişaf edir". Nazir dünən iki ölkənin iş
adamlarının birgə iştirakı ilə biznes-forumun
keçirildiyini də xatırladıb. E.Məmmədyarov daha
sonra jurnalistlərin suallarını cavablandırarkən
Türkiyə - Ermənistan sərhədlərin
açılması ilə bağlı yayılan məlumatlara
da münasibətini açıqlayıb. Bildirib ki, artıq
Xarici İşlər Nazirliyi bununla bağlı mövqeyini
ifadə edib və yeni fikir söyləməyə ehtiyac
yoxdur. Nazir Qarabağ münaqişəsinin həlli ilə
bağlı Litvanın mövqeyinə də toxunaraq
vurğulayıb ki, rəsmi Vilnüs Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir.
Litvanın xarici işlər
naziri Viqaudas Uşatskas deyib ki, bu onun Azərbaycana ilk rəsmi
səfəridir. Azərbaycanı bölgədə ölkəsinin
əsas ticarət tərəfdaşı adlandıran nazir
bildirib ki, dünən Bakıda Litva Ticarət Evi də
açılıb: "Bu qurumdan həm biznesmenlər, həm
də turistlər yararlana biləcək". V.Uşatskas iki
ölkə arasındakı münasibətləri dəyərləndirərək
deyib ki, Azərbaycan Avropa üçün yalnız enerji təchizatçısı
kimi yox, həm də bölgənin siyasi və mədəni mərkəzi
kimi vacibdir: "Mən Azərbaycanın "Şərq Tərəfdaşlığı"
proqramında iştirakını müsbət dəyərləndirirəm.
Ölkələrimiz arasında bu il parlamentlərarası əməkdaşlıq
və korrupsiya ilə mübarizə sahəsində iki iri
layihə həyata keçiriləcək".
Qeyd edək ki,
imzalanmış memorandumda Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunması prinsipi öz əksini tapıb.
Azərbaycana səfəri
çərçivəsində V.Uşatskas Fəxri Xiyabanda
Heydər Əliyevin məzarını və Şəhidlər
Xiyabanını ziyarət edib. Nazir jurnalistlərə açıqlamasında
vurğulayıb ki, imzalanmış memorandum Azərbaycanla
Litva arasındakı siyasi dialoqu daha da möhkəmləndirəcək.
O, bu memorandumun ikitərəfli əlaqələrdə təzə
səhifə açacağına inandığını
bildirib: "Azərbaycan enerji məsələsində də
etibarlı tərəfdaşdır. Mənimlə bərabər
Litva biznesmenlərinin böyük qrupu da Bakıya gəlib.
Onlar bura ikitərəfli ticarət əlaqələrini
yaxşılaşdırmaq niyyəti ilə səfər ediblər.
Mən çox şadam ki, Bakının İslam Mədəniyyətinin
Paytaxtı elan olunduğu bir ildə bu şəhərə gəlmişəm.
Vilnüs də bu il Avropa mədəniyyətinin paytaxtı
elan edilib. Biz Azərbaycanla bir yerdə siyasət və
iqtisadiyyat, həm də mədəniyyət əlaqələrini
yaxşılaşdırmaq istəyirik". Dağlıq
Qarabağ münaqişəsinin ancaq sülh yolu ilə həllinin
tərəfdarı olduğunu bildirən V.Uşatskas
vurğulayıb ki, problemin həlli prosesində Avropa
İttifaqının da fəal iştirakını istəyirlər:
"İnanırıq ki, bu, Azərbaycanla Ermənistan
arasında dialoqun yaxşılaşmasına kömək
olacaq".
P.SULTANOVA
525-ci qəzet.- 2009.- 8 aprel.- S.4.