"Almanlar Azərbaycanda" mövzulu beynəlxalq elmi-praktik konfrans keçirilir

 

Bakı Slavyan Universitetində (BSU) almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunan "Almanlar Azərbaycanda" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Qeyd edək ki, sözügedən konfrans və fotosərgi Bakı Slavyan Universiteti, Mədəniyyət və Turizm Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir.

Konfransda çıxış edən BSU-nun rektoru, professor Kamal Abdulla deyib ki, elmi-praktiki konfransda Ankara Qazi Universiteti (Türkiyə), Almaniya Bonn Universiteti, Rusiya Almanların elmi Araşdırma Cəmiyyəti - "Moskva-Berlin", Tiflis Universiteti (Gürcüstan), həmçinin AMEA-nın institutları, Bakı Dövlət Universiteti, Prezident yanında İdarəetmə Akademiyası, Bakı Dövlət Tibb Universiteti, Qərb Universiteti, Azərbaycan Dövlət Arxivi və bu kimi digər elm və təhsil ocaqlarından çox sayda qonaqlar iştirak edir. Konfrans çərçivəsində mütəxəssislər tərəfindən iştirakçılara almanların Azərbaycanda məskunlaşma səbəbləri, yaşadıqları əsas ərazilər, alman xalqının qədim adət-ənənələri barədə ətraflı məlumatlar veriləcək. Onun sözlərinə görə, konfransda "Rus İmperiyası, Elenendorf məktəbi və bir ailənin tarixi", "Alman arxeoloqları Azərbaycanda", "Cənubi Qafqazda alman koloniyalarının məskunlaşma spesifikası", "Azərbaycanda alman koloniyalarının yaranma tarixi ", "Azərbaycanda alman mədəniyyəti elementləri" və digər mövzularda maraqlı məruzələr təqdim olunacaq: "Tədbir çərçivəsində qonaqlar Bakıdakı alman abidələri ilə yaxından tanış olacaq və Bakı Slavyan Universitetinin Alman Tədris və Mədəniyyət Mərkəzində tələbələrlə görüş keçirəcəklər". Rektorun dediyinə görə, rəhbərlik etdiyi ali təhsil müəssisəsində bu tədris ilindən Roman-German filologiyası ixtisası tədris olunmağa başlayıb. Universitetdə həmçinin bu yaxınlarda A.Humvold adına Alman mədəniyyət mərkəzi də açılıb. KöAbdulla qeyd edib ki, Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunan "Almanlar Azərbaycanda" adlı elmi-praktik konfransın mövzusu çox maraqlıdır: "Azərbaycan alman xalqları arasında tarix boyu dostluq əlaqələri mövcud olub. Bu gün Bakı Slavyan Universitetində təşkil olunan bu konfrans vasitəsilə isə iki xalq arasındakı tarixi, mədəni, iqtisadi əlaqələrə bir daha nəzər salmış olacağıq. Mən əminəm ki, yüksək səviyyədə təşkil olunan bu elmi-praktik konfrans tədbirdə iştirak edən xarici ölkələrin nümayəndələri tərəfindən razılıqla qarşılanacaq". K.Abdulla almanların Azərbaycanda məskunlaşmasını ölkəmizin çox maraqlı bir tarixi kəsiyi adlandırıb: "Öz tariximizi daha dərindən anlamaq üçün tarixin bütün mərhələlərini dərindən öyrənməli və dərk etməliyik. Bu bizim Avropaya inteqrasiyamıza da xidmət edəcək". Rektor əlavə edib ki, konfransın davamı aprelin 12-də Göy-göl rayonu Alman-Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək: "Aprelin 12-də isə konfrans iştirakçıları Göy göl rayonuna yollanacaqlar. Onlar Göygöldəki Alman-Azərbaycan Mədəniyyət Mərkəzində (Alman Kirxası) Forer ailəsinin və bu rayonda anadan olmuş alman ailələrinin üzvləri ilə görüşəcəklər. Konfrans Göygöldəki almanların iştirakı ilə bu bölgədə davam etdiriləcək".

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Firudin Qurbanov almanların Azərbaycanda çox böyük irs qoyduqlarını, Azərbaycan iqtisadiyyatına, xüsusən də kənd təsərrüfatına böyük təsir göstərdiklərini, mədəni həyatında oynadıqları roldan danışıb. O bildirib ki, nazirlik tərəfindən 300 çox alman evi tarixi abidə kimi qorunur. Şöbə müdiri qeyd edib ki, 190 il bundan əvvəl Almaniyada vəziyyətin gərginliyi almanları Şərqə doğru hərəkət etməyə məcbur edib. "Bu zamandan etibarən onlar Azərbaycanda da məskunlaşmağa başlayıb və ölkəmizin kənd təsərrüfatı, sənaye, mədəni həyatında dərin izlər buraxıblar. Hazırda Şəmkir, Ağstafa, Xaçmaz, Göygöl və digər bölgələrdə çoxlu sayda alman abidələri nazirlik tərəfindən qeydiyyata alınıb və dövlət tərəfindən qorunur".

Millət vəkili Məlahət Həsənova bildirib ki, Azərbaycan xalqı digər xalqlara qarşı həmişə tolerantlıq göstərib. Bu da başqa millətlərə qarşı olan hörmətdən irəli gəlir.

Millət vəkili Asim Mollazadə isə vurğulayıb ki, Bakı Slavyan Universitetində Azərbaycanda yaşayan bütün xalqların tarixinə, mədəniyyətinə xüsusi diqqət yetirilir: Təhsil müəssisəsində tələbələrə bütün ölkələrin qədim tarixi, mədəniyyəti barədə ətraflı məlumat verilir: "Mən BSU-da bu səpkili beynəlxalq konfransların keçirilməsini çox yüksək qiymətləndirirəm". Millət vəkilinin fikrincə, qloballaşma dövründə Azərbaycanın öz mədəni köklərini, adət-ənənələrini saxlamaq şərtilə Avropaya inteqrasiyası vacibdir.

Xatırladaq ki, konfransda almanların Azərbaycanda məskunlaşması tarixinin təhqiqatçıları, ziyalılar, deputatlar, almanların məskunlaşdığı Göy göl, Şəmkir, Ağstafa rayonunun təmsilçiləri də iştirak ediblər.    

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 8 aprel.- S.2.