Reproduktiv sağlamlıqla
bağlı tədbir
keçirilib
Dünən Abşeron
rayonunun Məhəmmədi kəndində 7 aprel -
Ümumdünya Sağlamlıq Günü ilə bağlı
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən
maliyyələşdirilən ACQUİRE Reproduktiv
Sağlamlıq və Ailə Planlaşdırılması
layihəsinin İcma İnkişafı modeli ilə
bağlı tədbir keçirilib. ACQUİRE Azərbaycan
Reproduktiv Sağlamlıq və Ailə
Planlaşdırılması layihəsinin rəhbəri Mavcudə
Babamuradova bildirib ki, layihə ilə bağlı
iştirakçılara məlumat verib. Onun sözlərinə
görə, layihə çərçivəsində 2008-ci
ilin yanvar ayından başlayaraq Bakı şəhəri və
Abşeron rayonu icmalarında 37 nəfər qadın və
kişi könüllü təlimçi hazırlanıb. M.Babamuradova
təlimçilərin 500-ə qədər icma
sağlamlıq sessiyası keçməklə təxminən
3 min qadın və 1500 kişini mövzu üzrə maarifləndirildiyini
qeyd edib.
ABŞ-ın Azərbaycandakı
səfiri Ənn Dersi bildirib ki, USAİD Azərbaycan hökuməti
ilə sağlamlıq sahəsində əməkdaşlıq
edir. Onun dediyinə görə, bu gün dünyada 200 milyon
qadın ailə planlaşdırılmasından istifadə etmək
istəyir: "Lakin məlumatların əldə edilməsində
yaranan problemlər, həmçinin onların bu istəyinin
ailə və icmalar tərəfindən dəstəklənməməsinə
görə buna nail ola bilmirlər. Mən inanıram ki, gələcəkdə
reproduktiv sağlamlıqla bağlı maarifləndirmə
işləri davam etdiriləcək və yeni nailiyyətlər
əldə olunacaq".
USAİD-in ölkə
üzrə koordinatoru Skot Teylor bildirib ki, ACQUIRE layihəsinin
son dörd il ərzində əldə etdiyi nailiyyətlər
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi kollektivini də
çox sevindirir. Onun dediyinə görə, icma
inkişafı bu layihənin çox mühüm komponentidir və
icma səfərbərliyi modeli üzərində cəmləşir.
O, Azərbaycan hökumətinin bu yanaşmanı bir sıra
digər mühüm səhiyyə problemlərinin həlli
üçün də tətbiq edə biləcəyini
vurğulayıb: "ACQUİRE layihəsinin uğurları
icma, səhiyyə liderləri və Azərbaycan hökumətinin
gərgin iş, əməkdaşlıq və öhdəliyini
bir daha nümayiş etdirir". S.Teylor deyib ki, USAİD Azərbaycanın
bütün qurumları və xalqın yaşayışı
üçün müsbət və uzunmüddətli dəyişikliklər
gətirmək öhdəliyinə sadiq qalır. Onun sözlərinə
görə, təmsil etdiyi qurum Azərbaycan hökuməti ilə
məhsuldar tərəfdaşlığını müsbət
dəyərləndirir.
Tədbirdə Reproduktiv
Sağlamlıq üzrə milli koordinator Faizə Əliyeva,
Abşeron rayon səhiyyə şöbəsinin müdiri
Mehriban Qaralova çıxış ediblər. Layihədə
iştirak edən könüllü təlimçilər
mükafatlandırılıb.
525-ci qəzet.- 2009.- 8 aprel.- S.2.