"Türkiyə iqtidarı "Bir millət, iki dövlət" prinsipini unutmamalıdır"

 

Dünən Azərbaycanda fəaliyyət göstərən QHT-lər İnsan Hüquqları İnstitutunda Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz kampaniyası təşkil ediblər. Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, hər zaman Azərbaycanın yanında olan Türkiyə iqtidarı indiki məqamda "Bir millət, iki dövlət" prinsipini unutmamalıdır. Onun sözlərinə görə, sərhədlər açılsa, Azərbaycanla qardaş ölkə arasında sədd yaranacaq: "Bu məsələ o anlama gəlir ki, artıq Qarabağ məsələsində tək qalmışıq. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi müvafiq qətnamələr beynəlxalq aləmdə təsdiqini tapıb. Eyni zamanda Azərbaycan bu məsələyə həm də neft və qaz siyasəti ilə öz etirazını bildirməlidir".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, QHT-lərin bu işdə həmrəylik nümayiş etdirməsi sevindirici haldır. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti bu məsələdə həmrəy olduğu təqdirdə beynəlxalq təşkilatlar bu qərarla hesablaşmalı olacaqlar: "Türkiyə iqtidarı Azərbaycanın maraqlarını nəzərə almalıdır. Ermənistanın güclənməsi Qarabağ probleminin yüz illərlə uzanması deməkdir. Hesab edirəm ki, Qarabağla bağlı məsələdə biz buna yol verə bilmərik".

Demokratiya və İnsan Haqları Komitəsinin rəhbəri Çingiz Qənizadə əsrin əvvəllərində türklərin Azərbaycan uğrunda canlarını qurban verdiklərini bildirərək, iki dost ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək addımların atılmamasının vacibliyini qeyd edib.

Sərhədlərin açılmasının Türkiyə xalqının iradəsinin əksinə olduğunu vurğulayan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə Azərbaycan ictimaiyyətinin də sözügedən məsələyə etiraz etdiyini önə çəkib. Onun dediyinə görə, sərhədlərin açılması Ermənistan diasporunun uzun illər göstərdiyi fəaliyyətin nəticəsidir: "Azərbaycan Qarabağ problemindən başqa heç bir məsələdə Türkiyədən güclü dəstək istəmir. Ermənilərin Türkiyəyə qarşı soyqırım iddiaları var və bundan sonra da davam etdiriləcək. Məhz bunun nəticəsidir ki, ermənilər dostlarımızın əliylə kürəyimizdən vurmaq istəyirlər. Hesab edirəm ki, Ermənistan Türkiyə üçün Azərbaycanı itirəcək qədər güclü dövlət deyil və qardaş ölkə hakimiyyəti bunu nəzərə almalıdır".

Tədbirdə çıxış edən digər QHT rəhbərləri də öz etirazlarını bildirərək Türkiyə ictimaiyyətinə ünvanlanan müraciətə imza atıblar. Etiraz aksiyasında qəbul edilən sənəd QHT rəhbərlərindən ibarət nümayəndə heyəti tərəfindən Türkiyənin Bakıdakı səfirliyinə təqdim olunub.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2009.- 8 aprel.- S.3.