Azərbaycan opera səhnəsinə yeni Leyli və Məcnun
gəlir
Tamaşaçılar
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının səhnəsində yeni Leyli və Məcnun
görəcəklər. Teatrın mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, mayın 3-də
nümayiş etdiriləcək "Leyli və Məcnun"
operasında Vüsalə Musayevanın Leyli, İlkin Əhmədovun
isə Məcnun kimi debüt ifası yer alacaq.
Məlumatda bildirilir ki,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı fəaliyyətində
gənclərin önə çıxmasına böyük əhəmiyyət
verir. Teatr rəhbərliyinin Bakı Musiqi Akademiyası, Milli
Konservatoriya, A.Zeynallı adına Bakı Musiqi Kolleci və digər
tədris ocaqları ilə sıx əməkdaşlığı
nəticəsində istedadlı gənc muğam və vokal
ifaçıları teatra cəlb olunublar.
Son illər keçirilən
muğam müsabiqələri də opera səhnəsinə gənc
muğam ustalarının gəlişinə müsbət təsir
göstərir. 2005-ci ildə keçirilən Ü.Hacıbəyov
adına I ümumrespublika müsabiqəsinin qalibləri Təyyar
Bayramov, Elnur Zeynalov və Elşad Aydınoğlu teatrın
solistidirlər. V.Musayeva və İ.Əhmədov da həmin
müsabiqənin iştirakçısıdır.