Dubaydakı Azərbaycan Cəmiyyəti Türkiyə
rəhbərliyinə müraciət
etdi
"ERMƏNİLƏRİN TARİX BOYU TÜRK XALQINA
QARŞI TÖRƏTDİYİ SOYQIRIM UNUDULMAMALIDIR"
Birləşmiş Ərəb
Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət
göstərən Azərbaycan Cəmiyyəti Türkiyə
Cümhuriyyətinin prezidenti Abdullah Gülə və baş
naziri Rəcəb Tayyib Ərdoğana bəyanat
ünvanlayıb. Diasporla İş üzrə Dövlət
Komitəsinin mətbuat xidmətindən "525"ə verilən
məlumata görə, bəyanatda deyilir ki, son günlərdə
Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin
normallaşacağına dair yayılan xəbərlər
soydaşlarımızı ciddi narahat edir: "Bu addım bəlkə
gələcəkdə regionun inkişafına səbəb ola
bilər, amma ermənilərin tarix boyu türk xalqına
qarşı törətdiyi soyqırım və digər faciələri
unutdura bilməz" deyən cəmiyyət rəhbərliyinin
fikrincə, Türkiyə dövləti ermənilərin
türk xalqının başına gətirdiyi müsibətləri,
həmçinin Azərbaycanla Türkiyəni bir-birinə
sıx bağlayan dostluq, qardaşlıq tellərini nəzərə
alaraq Ermənistanla sərhədlərin açılması məsələsinə
daha həssas yanaşmalı və bunun yolverilməzliyini
bütün dünyaya nümayiş etdirməlidir. Dubaydakı
Azərbaycan Cəmiyyətinin bəyanatında bildirilir ki, erməni
hərbi birləşmələri işğal etdikləri Azərbaycan
torpaqlarını tərk etmədikləri halda Türkiyənin
Ermənistanla sərhədləri açmasını təkcə
Azərbaycan və türk xalqları deyil, dünya ictimaiyyəti
Türkiyənin Azərbaycan xalqına xəyanəti kimi qiymətləndirə
bilər.
PƏRVANƏ
525-ci qəzet.- 2009.- 9 aprel.- S.5.