Azərbaycan müxalifəti
Ankaranı sərhədləri
açmamağa çağırdı
Azərbaycanın
müxalifət liderləri hesab edirlər ki, rəsmi Ankara
beynəlxalq təzyiqlərə baxmayaraq, Ermənistanla sərhədlərin
açılmasından imtina etməlidir. "Azərbaycanın
bütün siyasi qüvvələri sərhədlərin
açılması ehtimalının qarşısının
alınması üçün mütləq Türkiyənin
hakim dairələrinə, bu ölkənin siyasi təşkilatlarına
birgə müraciət ünvanlamalıdırlar. Bu məsələdə
Azərbaycanın iqtidar və müxalifət düşərgəsində
fərqli düşünən yoxdur" - deyə
"Trend"ə Azərbaycan Milli İstiqlal
Partiyasının lideri Etibar Məmmədov bildirib. O deyib ki,
Türkiyədə indi hakimiyyətdə olan Ədalət və
İnkişaf Partiyası isə geriyə addımları
dalbadal atır: "Bu cür addımlar Şimali Kipr məsələsində
də atılıb. Növbəti mərhələ isə Azərbaycan
və Ermənistanla bağlıdır. Türkiyədə
artıq sərhədlərin açılması
üçün bütün hazırlıq işləri
görülüb. Sadəcə, Azərbaycan hökumətinə
təzyiq göstərib, bununla barışmağa məcbur
etmək istəyirlər. Ermənistanla münaqişə məsələsində
Azərbaycanın yeganə müttəfiqi olan Türkiyə
geri çəkilərsə və sərhədlərini
açarsa, bu o deməkdir ki, Ermənistan çox sürətlə
inkişaf edəcək".
"Türkiyə Azərbaycan
üçün həmişə doğma bir dövlət
olduğundan, Ermənistanla sərhədlərin
açılması bizi təəccübləndirməyə
bilməz". Bu barədə isə Milli Birlik Hərəkatının
(MBH) lideri Lalə Şövkət bildirib. Onun sözlərinə
görə, istər müharibə zamanı, istərsə də
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
üçün aparılan sülh danışıqları
prosesində Türkiyə həmişə Azərbaycanın
mövqeyini dəstəkləyib. Lalə Şövkət
deyib ki, Türkiyənin Ermənistanla sərhədləri
açması məsələsinin gündəmə gəlməsi
təzyiqlərlə bağlıdır.
"Bildiyiniz kimi,
Türkiyə neçə ildir Avropa Birliyinə üzv
olmağa çalışır. Bu qurum isə Ermənistanla
sərhədlərin açılmasını Türkiyənin
qarşısında bir tələb kimi irəli sürür. Ona
görə sözsüz ki, bu məsələ gündəmə
gəlib". Buna baxmayaraq, müxalif hərəkatın lideri
Türkiyənin sərhədləri yaxın zamanda
açacağına inanmır: "Mənə elə gəlir
ki, bu söhbətin gündəmə gətirilməsi ictimai
rəyi öyrənmək üçün nəzərdə
tutulub. Sözsüz ki, Türkiyənin Ermənistanla sərhədləri
açması Azərbaycanın ziddinə olan qərar kimi qəbul
olunacaq".
525-ci qəzet.- 2009.- 9 aprel.- S.5.