Fateh Teymur

 

1-ci yazı

 

Türk dünyası və Müsəlman Şərqi dünyaya çox fatehlər verib. Onlardan biri də Əmir Teymurdur. Hər il aprelin 9-u Özbəkistanda Şərq və müsəlman dünyasının böyük filosofu, yenilməz sərkərdəsi və 7 dünya hökmdarı Əmir Teymurun doğulduğu gün - müqəddəs bayram kimi qeyd olunur. İstər sağlığında, istərsə də ölümündən 604 il keçməsinə baxmayaraq, bu tarixi və sirli simanın yaşadığı dövrə və şəxsiyyətinə maraq azalmır.

 

Kim idi Əmir Teymur?

 

Nəsil şəcərəsində Çingiz xanın, türk soylu Barlas xanın budaqları olan əmir Taraqay Bahadurun oğlu. 1336-cı ildə Qaşqadərya vilayətinin Keş, indiki Şəhrisəbz kəndində (artıq şəhər statusu alıb) dünyaya gəlib. 7 yaşından babası Hacı Alimin yanında 5 il ərzində mədrəsə təhsili alıb. Kiçik yaşlarından atası Taraqay Bahaduru da qəbilə, tayfa döyüşlərində at belində görmüşdü. 12 yaşında özündən yaşca böyükləri at yarışlarında arxada qoymuş, bəzisini də üzəngidən salmışdı. Türk-monqol ordusunun Keş vilayətinə olan yürüşləri buradakı gənclərin əksəriyyətində döyüş ruhunu yüksəltmişdi. Onların hər biri bir elin, elatın cəngavəri, müdafiəçisi idi.

Zaman-zaman Tarixin və tarix yazanların türk dünyasının bu ziddiyyətli fatehinə qarşı münasibəti ziddiyyətli oldu. Onu kimisi qaniçən, kimisi islahatçı, kimisi isə ədalətli padşah adlandırdı. Hətta barəsində savadsız, təhsilsiz deyənlər də tapıldı. Nə yazıqlar ki, Fateh Teymur haqqında və eləcə də Musəlman Şərqinin tarixi şəxsiyyətləri haqqında "dırnaqarası həqiqətləri" rus imperializminin ideoloqları, tarixçiləri yazırdı. Özlərinə sərf edən kimi. Onların qənaətincə, hər bir müsəlman fatehi başkəsən, zülmkar və qaniçən obrazında qələmə alınmalı idi. Bu yazını yazmazdan əvvəl Daşkənd şəhərində Əmir Teymur Fondunun və "Teymurilər" muzeyinin direktoru professor Məhəmməd Əli, özbək filosofu İsa Cabbarov, dəyərlı özbək şərqşünas alimi Ubaydulla Uvatov, Səmərqənddəki "Guri Əmir" məqbərəsini qoruyan tarixçi alim Əmrillo Abdulloyevlə görüşmüşəm.

Araşdırdığım mənbələrdən də mənə məlum oldu ki, taleyinə ancaq uğurlar, qələbələr yazılmış böyük sərkərdənin yaşadığı dövrün tarixçiləri və şahidləri Şərafəddin ər Yəzdi və Nizaməddin Şami "Zəfərnamə"lərində, İbn Ərəbşah "Teymurnamə" əsərində fatehin yaşadığı dövrü və şəxsiyyətini ustalıqla qələmə alıblar.

Teymurun adının mənası və zədəli ayağı

Tarixdə məlumdur ki, sirli şəxsiyyət olan Əmir Teymur həm də yaşadığı dövrü, gördüyü hər bir iş haqqında "Tüzüklər" adlı salnaməsində yazıb. Həmin salnaməsinin ilk səhifələrində yazır: "Hələ gənc oğlan ikən atamdan adımı nə üçün Teymur qoyduğunu söruşdum. Atam dedi ki, mən dünyaya gəlməmişdən yuxusunda görüb ki, qara qaşlı, qara gözlü bir ərəb oğlan yuxusuna gələrək ona qılınc verir. Atam qılıncı əlnə alaraq havada oynadır və bu zaman bütün dünya nura bürünür. Allaha çox inanclı olan Taraqay Bahadur dərhal vilayətin hörmətli alimi və din xadimi Əmir Külyalın yanına gələrək yuxusunu ona söyləyir. Əmir Kulyal deyir ki, bu peyğəmbərlik deməkdir. Allah sənə bir oğul verəcək, həmin oğlun dünyaya sahib olacaq, islam dinini yayacaq, və torpaqları pislikdən qurtaracaq. Sən dünyaya gələndən sonra Şeyx Şəmsəddinin yanına getdim. Bu zaman Şeyx Quranın "Təbərrək" surəsini oxuyurdu. Mən içəri girəndə avazında dəmir sözü səsləndi. Elə buna görə də səni Teymur çağırdıq (bəlkə də Dəmir). Mən atamdan bu əhvalatı eşidib, dərhal namaz qılıb, Qurandan Təbərək surəsini oxudum".

Əsil adı Teymur (Dəmir kimi möhkəm) olan sahibqiran tarixə bir neçə adlarla düşdü. Yaşadığı dövrdə və özündən sonra da maraq doğuran şəxsiyyətin adını hər kəs bildiyi kimi yazdı: Teymur, Teymur Goruqan, ayağı axsadığına görə düşmənlər "Topal Teymur, Ağsaq Teymur, Avropa dillərində - rişxəndlə və təhqir etmək üçün Teymur ləng - Tamerlan yazdılar.

Teymurun adına "topal" və "axsaq" ayaması qoşanlar onunla müharibəni uduzanlar, eləcə də bizim dövrdə rus imperializminin ideoloqları və tarixçiləri, fatehi oğru, quldur kimi təsvir edərək, sağ ayağını guya qoyun oğurluğuna gedərkən yaraladığını yazırdılar. Əslində isə 1363-cü ildə Siistanda Əfqanıstan və İran arasında geçə döyüşlərinin birində sağ ayağı və qolundan yaralanır. Lakin at belində yenə də əvvəlki kimi oturur, qılınc oynadır, qalxan tutur. Hətta 1379-cu ildə Xarəzm şahı Yusif Sofi Əmir Teymura qalib gələcəyini zənn edib ona təkbətək döyüşə cıxmağı təklif edir. Əmir Teymur təklifi dərhal qəbul edərək "Xan oğlan" adlı atını minib döyüş meydanına gəlir. "Xan oğlan" meydana girib o baş-bu başa cövlan edir, Yusif Sofi isə çadırından çıxmır....

 

Əmir Teymurun yuxuları

 

SSRİ zəncirlərindən qurtaran respublikalar öz müstəqilliyini tapandan sonra ölkələrin öz tarixlərinə yanaşmaları da dəyişdi. Özbəkistan, eləcə də digər respublikaların tarixçiləri, arxeoloqları Fateh Teymuru və onun dövrünü olduğu kimi qələmə almağa başladılar. Hətta dırnaqlarından qan daman rus imperialistləri də deyəsən böyük sahibqiranın ruhundan və xofundan qorxub onun barəsindəki həqiqətlərin bəzi tərəflərini olduğu kimi açıqlamadan çəkinmədilər. Bu haqda "Vokruq sveta" jurnalında Aleksandr Vorobyovun "Velikiy Timur" əsəri də ürəkaçandır. Mənbələrdə və Əmir Teymurun öz tüzüklərində yazılır ki, o Məhəmməd peyğəmbər (s) nəslindəndir. Onda bir övliyalıq və ilahi qüvvə var idi. Hətta Teymur da öz yazılarında müqəddəs ruhlarla görüşdüyünü etiraf edirdi. Fateh Teymurdan bu günümüzə gələn tarixi mənbələrdə ona bir çox xəbərdarlıqların yuxuda verildiyi haqqında xatırlamalar var.

 

Əmir Teymurun Tüzüklərində yazılır:

 

"Bir dəfə yuxumda gördüm ki, böyük bir çaya böyük tor atdım, tor bütün çayı tutdu. Toru cayın kənarına çəkəndə baxdım ki, çaydakı bütün heyvanlar və balıqlar oradadır . Yuxuyozanları saraya çağırıb mənasını soruşdum. Dedilər ki, bu böyük və şərəfli bir şahlıq deməkdir. O qədər güçlü bir şahlıq ki, dünyanın bütün xalqları hakimiyyətim altında olacaq". Bundan sonra şeyx Kamalın məsləhəti ilə yenə övliya Kulyalın yanına getdim. O mənə dedi ki, get, padşahlıq, qələbələr və hakimiyyətlər səninlədir. Mənə xeyir dua verərək əlavə etdi ki, bu padşahlıq mənim nəslimdən nəslimə keçəcək. Bu görüşdən sonra mən nə edirdimsə, ancaq xeyir və uğurla qarşılaşırdım. Allah mənə həmişə kömək olurdu. Rumun paytaxtına yürüş etməzdən əvvəl,, qələbə qazanmaq üçün Şeyx Yəsəvinin məqbərəsini ziyarət etdim. Orada bir yuxu gördüm. Şeyx Yəsəvi yuxuda mənə dedi ki, bir işi başlamazdan əvvəl, çətin vəziyyətə düşəndə, narahatlığın olanda bu bəndi oxusan, həmişə xilas olacaqsan:

 

   " Sən ey gecələri gündüz eləyən, Allahım,

    Sən quru torpaqları gülüstana döndərən, Allahım,

    Bütün müşkülləri asan eləyən , Allahım,

    Bu çətin işimdə mənə kömək ol".

 

Bu dörd sətri əzbərlədim. Keysərlə döyüşə çıxmazdan əvvəl 70 dəfə oxudum və qələbə qazandım.

Görəcəyim işlərin, etdiyim yürüşlərin hər birinin sonluğu mənə yuxularımda əyan olurdu. Tuqluk Teymur Mavəraənnəhrə gəlməzdən əvvəl belə bir röya gördüm ki, bir böyük şahin uçaraq biləyimin üstünə qondu. Elə bu zaman çoxlu inək sürüsü də gəldi, mən onları sağmağa başladım. Yuxuyozanlar dedilər ki, şahinin biləyimin üstünə qonması əzəmət rəmzidir, inək sürüsü isə var- dövlət və mənfəətdir. Həqiqətən də Tuqluk Teymurun gəlib mənə qoşulması hakimiyyətimin möhkəmlənməsinə və mənfəətimin artmasına səbəb oldu.

Bir dəfə isə Səmərqənddən qaçarkən yuxuda özümü ağlayan gördüm, bir qara qarğa çiynimə qondu, hər tərəfdən isə üstümə qara milçəklər hücum çəkdi. Milçəkləri qovub yuxudan ayıldım... Elə bir az keçmiş Tuqluk Bahadır özünün min atlısı ilə mənə hücuma keçdi. Başa düşdüm ki, yuxuda ağlamağım və qara qarğa - gələn bəladan xəbər verirmiş. Çoxlu milçək isə Tuqluk Bahadırın dəstəsidir... Bu döyüşdə də sona kimi vuruşaraq, onun ordusunu darmadağın etdim".

 

Sahibqiran Teymurun hərbi taktikaları

 

Tanrının nəzərində o qədər ucalmışdı ki, yürüş etdiyi bütün ölkələrdə qələbə, zəfər tacı onun başına qoyulurdu. 1381-1404-cü illərdə İran, Azərbaycan, İraq və Suriyaya hərbi yürüşlər edərək bu ölkələri öz bayrağı altında birləşdirmişdi. O, qüdrətli Çingiz xandan qalmış monqolların buynuz ştandartını dəyişib, qızılay ştandartını qəbul etmişdi. Bu da bütün türklərin bir bayraq altında birləşməsinə çağırış idi. Yeni hərb siyasəti ilə Teymur həm də Qızıl Ordanın hərbi-siyasi qüvvəsini sındırırdı. Bu da Qızıl Orda xanlarının, təbii ki, xoşuna gəlmirdi. Əmir Teymurun yeni dövlət idarəçilik siyasəti ilə Qızıl Ordanın daima əsarətdə saxladığı Asiya və Avropa bir növ azadlığa çıxmış olardılar. Əmir Teymurun monqol xanlarını darmadağın etməkdə məqsədi tayfalar, xanlıqlar arasında olan mənəm-mənəmliyə, mübahisəli ərazi üstə müharibələrə son qoymaq, Orta Asiyada Çaqatay ulusunun itirdiyi birliyi yenidən qaytarmaq, ulu Mavəraənnəhri qorumaq və dövlətdəki feodal qanunlarını dəyişmək idi. Onun gücü qarşısında hakimiyyətini itirməkdən qorxan, Səmərqənddə hakimiyyətə gəlmiş Teymurdan təpki alan ibn Tanqrıberdi, sivaslı Əhməd Bürhanəddin, Mərdinin və Türkmən elinin əmirləri, Cəlairlər ittifaq qurub Əmir Teymura qarşı vuruşa başlasalar da, məğlub oldular. Bunların sıralarında şanlı şöhrətli türk imperatoru, bütün döyüşlərdə qələbə qazanan, böyük türk sultanı Bəyazid də var idi. Bəyazidlə Fateh Teymur arasınsa baş verən münaqişə və müharibədən danışmazdan əvvəl şirvanlı Şeyx İbrahimin diplomatiyasından söz açmaq istəyirəm.

Bir qayda olaraq Teymur əzəmətini və gücünü bilən bir çox diplomat hökmdarlar heç bir etiraz etmədən onu itaətlə qarşılayır və müstəmləkəsi altına keçirdilər. Teymurun hakimiyyəti dövründə onun sarayında işləmiş öz dövrünün tarixçi alimi Şərafəddin Yəzdi "Zəfərnamə" əsərində yazır: "...Allahın köməkliyi ilə Teymur Sahibqiran Dərbənddən Bakıya gəldi (təqribən 1383-97-ci ili nəzərdə tutur -müəllif) və əmr etdi ki, buradakı qalanı möhkəmlətsinlər. İlk dəfə 1381-ci ildə Şirvana hücum edərkən Seyx İbrahim sərkərdə Teymurun qabağına 40 dəvə yükü ənamla və 39 qulla çıxdı. Dünyanın alimləri, filosofları ilə məclis quran Teymur tez bu məqamı tutdu və Şeyx İbrahimdən soruşdu: "Qulun biri hanı?" Şeyx ona baş əyərək dedi: "Şahım, məmləkətim və rəiyyətim qul olunca mənim qul olmağım daha əfzəldir". Söz Teymuru tutduğundan, afərin deyib, əlini Seyxin çiyninə qoydu. Onun qayıtması xəbəri dünyaya yayıldı. Dərbənddən başlanan bir çox yürüşlərində onu müşayiət edən Şirvanın hökmdarı Şeyx İbrahim bir neçə gün əvvəl Şabrana gələrək Teymuru qarşılamaq üçün tədbirlər görmüşdü. Teymurun karvanı önündə qələbə bayrağını görən Şeyx İbrahim hazırladığı hədiyyələrlə sərkərdə Teymuru qarşıladı... Teymur Şamaxıda bir neçə gün qaldıqdan sonra Kürün sahillərinə endi. Şeyx İbrahim burada da Əmir Teymura layiq şadyanalıq və qonaqpərvərlik qurdu. Teymurun qulluğunda bir etibarlı qul kimi dayandı. Hökmdar Teymur da onun bu xidmətlərini cavabsız qoymayaraq, Şeyx İbrahimə özünün şəxsi əbasını və əbanın üstündə olan qiymətli daş-qaşlarla bəzənmiş kəmərini bağışladı. Bundan əlavə isə onu Şirvanda öz vassalı elan etdi və dedi ki, bundan sonra Şeyx İbrahim öz ordusu ilə Dərbəndin sərhədlərini qorumalıdır".

Teymurun qələbələri və qələbə ilə müşayiət olunan yürüşləri bir çox Asiya və Avropa, Balkan hakimlərinin ürəyindən idi. Bu ölkələrin hökmdarları Teymurla ittifaq yaratmaqla belə hesab edirdilər ki, Qızıl Ordadan və osmanlı-türk imperatorluğundan canlarını qurtaracaqlar. Hətta Avropa ölkələrinin hökmdarları onun atının üzəngisindən öpmək şərəfinə nail olmaq ücün Səmərqəndə gəlirdılər. Kastiliya və Leonianın hökmdarı III Henrix de Trastamara elçisi Rui Qonsales de Klavixonu ittifaq yaratmaq üçün Səmərqəndə göndərmişdi. Elcı dənizlərdən, səhralardan keçərək Səmərqəndə çatmışdı. Sonralar o, "Əmir Teymurun sarayına qədər səyahət gündəlıyı" kitabını yazır. Bir növ Əmir Teymur dövrünün canlı şahidlərindən biri olan avropalının kitabını oxuyanda görürsən ki, o bir çox qarışıqlıqlıq və anlaşılmazlıqlara yol verib. Bəzən hadisələri təhrif edib, bəzən də təhqiqat aparmaq imkanı olmadığından ağızdan-ağıza eşitdiklərini qələmə alıb.

1391-1395-ci illərdə Terek çayı sahillərində apardığı uzumüddətli döyüş sayəsində Qızıl Ordanın xanı Toxtamışı taxtdan salandan sonra üzünü Osmanlı tərəfə Teymur 1402-si iln yazında Ərzincan vilayətinə çatmazdan əvvəl Sultan Bəyazidə xəbər göndərib deyir ki, ona Kemah qalasıını və vergi versin. Bu barədə Rui Qonsales de Klavixo və Şərafəddin Yəzdi yazırlar: "...Teymurun ordusu Sivasdan çıxanda Sultan Bəyaziddən təhqiramız bir məktub gəldi. Məktubda o, Teymuru ağılsız adlandıraraq, heç bir borcu olmadığını bildirir və hətta and içir ki, Teymurla döyüşüb onun hərəmxanasını götürəcək, böyük xanımını özünə arvad edəcək". Daha sonra müəlliflər qeyd edirlər: "... hökmdar Farsı dolanıb, qışı Qarabağda dincəlmişdi. Yönünü Sivasa tutmuşdu. Bu məktubdan qəzəblənən sahibqiran dərhal ordusu ilə Sivas səhərini mühasirəyə aldı. Bəyazid əvvəlcə oğlu Süleyman Çələbini 200 min əsgərlə şəhəri mühasirədən azad etməyə göndərdi. Özü də döyüşə qatıldı. Çox gözəl hərb taktikasına malik olan Teymur bu döyüşdə də qələbə qazandı".

Bəzi mənbələrdə yazırlar ki, Əmir Teymura döyüşü uduzandan sonra əsgərlər Sultan Bəyazidi dəmir qəfəsdə onun hüzuruna gətiriblər. Əsl həqiqətdə isə Sultan Mahmud xan qolları zəncirli Sultan Bəyazidi cahangir Teymurun hüzuruna gətirəndə Teymur əli ilə "dayanın" əmri verib deyir: "Açın sultanın qollarını. Unutmayın ki, siz mənim hüzuruma şah gətirirsiniz". Bir məqama da diqqət yetirmək lazımdır ki, Bəyazidi Teymurun hüzuruna adi əsgərlər deyil, Sultan Mahmud xan gətirmişdi. Bu da yenə Əmir Teymurun ləyaqətinin, mənəviyyatının göstəricisi idi. Sultan Bəyazidi yanında oturdan Teymur ona belə bir sual verir: "İndi nə deyirsən?" Bəyazid səhv etdiyini bildirib deyir ki, oğlanlarını gətirsinlər. Bir az keçmir ki, çaparlar Bəyazidin iki oğlunu gətirirlər. Oğlanlarına Osmanlı vilayətlərində hökmdarlıq verir. Bu görüşdən iki il sonra etdiyi səhvin xəcalətindən ürəyi qubar gətirir və Ağşəhərdə dünyasını dəyişir. Əmir Teymur Bəyazidin oğlanlarına xəbər göndərir ki, atalarını şahlara layiq dəfn etsin. Və bundan sonra öz oğlu Miranşahı deyil, Bəyazidin oğlunu Osmanlıya hökmdar təyin edir.

Əmir Teymur bütün türk xalqlarını Çin əsarətindən qurtarmaq üçün, Bəyazid isə Avropanı fəth etmək uçun döyüşürdü. İndi bizim üçün nağıl və əfsanə olan 14-cü əsrdə, minlərin və milyonların içərisində çoxları kimi itib-batmadı Əmir Teymur. İnandığı, ibadət etdiyi Tanrısı, zəbt etdiyi 27 dövlətin hər birində yaydığı İslam dini onun dayağı oldu. Apardığı bütün döyüşlərdən qalib çıxdı. Əmir Teymur ilk əvvəl Mavəraənnəhr dövlətini yaradaraq türkləri monqol hücumlarından xilas etdi. 70 illik ömür kitabının səhifələrinə 35 il ərzində böyük döyüşlərdə qazandığı qələbələri yazdi.

Fateh Teymur apardığı döyüşlərlə, tutduğu ölkələri birləşdirməklə, Çingiz xanın istilaları nəticəsində pozulan Uzaq Şərq və Aralıq dənizi ölkələri arasındakı iqtisadi və mədəni əlaqələri yenidən bərpa etdi. Bu gün də dünya liderlərinin yenidən bərpa etməyə can atdıqları Böyük İpək yolunun təməlini qoydu.

 

 

Aida EYVAZLI,

"Azərbaycan Televiziya

Radio Verilişləri"

QSC-nin Qazaxıstan

Orta Asiya ölkələri

üzrə xüsusi müxbiri

 

525-ci qəzet.- 2009.- 9 aprel.- S.4.