"Sərhədlərimiz bizim namusumuzdur"
PROFESSOR YUSUF HALACOĞLU: "ERMƏNİSTAN XOŞLUQLA
İŞĞAL ETDİYİ TORPAQLARDAN ÇƏKİLMƏLİDİR"
"Ermənistanla sərhədlərin
açılması sadəcə Türkiyənin məsələsi
olmadığına görə, burada Azərbaycanın bir kənarda
tutulmasından söhbət gedə bilməz. Diplomatik həmlələrin
çox normal şəkildə qəbul edilməsi
lazımdır". Bu açıqlamanı APA-ya qondarma
"erməni soyqırımı" iddialarına
qarşı mübarizənin liderlərindən biri, Türk
Tarix Qurumunun keçmiş rəhbəri, professor Yusuf
Halaçoğlu verib. O, problemin müzakirələr yolu ilə
həll edilməsinin son dərəcə vacib olduğunu
bildirib: "Təbii ki, Azərbaycan torpaqları işğal
altında qaldığı müddətdə heç kim
Türkiyənin sərhədləri açacağını
gözləməməlidir. Bu, Türkiyədə ictimaiyyətin
çox sərt reaksiyasına səbəb olar. Hökumətin
də bu işi görə biləcəyini zənn etmirəm.
Ona görə də narahatlığa əsas yoxdur. Azərbaycanın
bu məsələlərlə bağlı Türkiyə ilə
ciddi müzakirələr aparmasında fayda var. Bu, Azərbaycan
və Türkiyədən başqa ABŞ-ı da yaxından
maraqlandıran bir məsələdir. ABŞ Qafqazda sabitliyə
nail olunması baxımından indiyə qədər əldə
edilmiş razılaşmalara Ermənistanın da daxil edilməsini
istəyir və Türkiyədən bəzi şeylər tələb
edir. Burada ən önəmli məsələ budur -
işğal altında olan Azərbaycan torpaqları tamamilə
azad edilib Dağlıq Qarabağ əvvəlki statusuna
qaytarılmadan heç bir saziş imzalamaq mümkün
olmayacaq".
Yusuf Halacoğlu bir
neçə gün əvvəl Qars bölgəsində
söylədiyi sözləri bir daha təkrarlayıb: "Mən
orada sərhədlərimizin bizim namusumuz olduğunu təkrarladım.
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından
çıxmadıqca bölgədə sülh olmayacaq.
Çünki o vaxt hər kəs başqa ölkənin
torpağını işğal edər və iş bitib gedər.
Bu məntiqlə yanaşsaq, Türkiyə də gedib Ermənistanı
işğal edər. Ona görə də sərhədlərə
hamı hörmət etməlidir. Biz qondarma
"soyqırım"ı qəbul etməyəndən sonra
Ermənistan istədiyi qədər bizə böhtan ata bilər.
Bizim sərhədimizi də qəbul etməyə bilər.
Çünki Ermənistanın bizim sərhədlərimizi dəyişdirməyə
gücü yoxdur. Bütün dünya bizim sərhədlərimizi
qəbul edərkən, Ermənistan qəbul etməsin, guya nə
olacaq ki? Ona görə də Ermənistan xoşluqla
işğal etdiyi torpaqlardan çəkilməlidir. Ondan
sonrakı müzakirələr daha asandır".
525-ci qəzet.- 2009.- 9 aprel.- S.5.