"Azərbaycanlılar
bizim canımızdır"
UFUK TANERİ: "DOĞU
AKDENİZ UNİVERSİTETİ AZƏRBAYCAN ALİ MƏKTƏBLƏRİ
İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRMƏK
İSTƏYİR"
Son zamanlar Quzey
Kıprıs Türk Cümhuriyyəti ilə Azərbaycan
arasında xüsusilə təhsil sahəsində əlaqələr
getdikcə genişlənməkdədir. Bakıya bu ölkənin
müxtəlif universitetlərinin rəhbərləri, təmsilçilərinin
səfərlərində də əsas məqsəd ali təhsil
sahəsində əməkdaşlığın daha da
inkişaf etdirilməsidir. Quzey Kıprısın ilk ali təhsil
ocağı olan və təhsilinin səviyyəsinə
görə dünyada tanınan Doğu Akdeniz Universitetinin
rektoru, doktor Ufuk Tanerin də Bakıya səfəri məhz bu
məqsədi daşıyır. Qısa müddətə
paytaxtımızda qonaq olan xanım Taneri "525"ə
müsahibəsində həm Azərbaycanın Təhsil
Nazirliyində, həm də müxtəlif universitetlərdə
çox faydalı görüşlər keçirdiyini
bildirdi.
- Doğu Akdeniz
Universiteti Quzey Kıprısın ilk ali təhsil
ocağıdır. Bu təhsil müəssisəsi
bütün adanın da ilk universitetidir. Bizdə təhsil
ingilis dilindədir. Bu il universitet yaradılmasının 30-cu
ilini qürurla qeyd etdi. İndi bizim 15 min tələbəmiz,
28 min məzunumuz var. Məzunlarımızın çoxu
dünyada tanınmış şirkətlərdə və vəzifələrdə
çalışırlar. Müəllim heyətinin zəngin
beynəlxalq kadr tərkibi var. Universitetimizə 1000 müəllim
heyəti 36 ölkədən cəmləşib. Tələbələrimiz
isə 68 fərqli ölkədəndir. Bizim universitet bir
çox beynəlxalq təhsil qurumlarının da
üzvüdür. Bütün bunlar bir daha sübut edir ki,
Doğu Akdeniz Universiteti beynəlxalq ali təhsil müəssisəsidir.
Çox gözəl düşərgəmiz mövcuddur. Təhsil
və elmi təcrübələri düşərgə həyatı
ilə birləşdirdiyimizdən də çox məmnunuq.
- Azərbaycana budəfəki
səfərinizin məqsədi nədir?
- Azərbaycanlı
qardaşlarımız bizim canımızdır. Bizim
universitetdə azərbaycanlı tələbələr də
oxuyur, hətta buranı bitirən məzunlarımız da var.
Universitetlərlə iş birlikləri qurmaq üçün
buradayıq. Özümüzü daha yaxşı tanıtmaq
istəyirik. Quzey Kıprısa yeni tələbələr cəlb
edilməsinə çalışırıq.
- Hansı universitetlərlə
danışıqlar aparılıb və əlaqələr
qurulub?
- İqtisad universiteti ilə işbirliyimiz var. Turizm institutu, Oksford Kolleci ilə anlaşma imzalamışıq. Xarici Dillər Universiteti
və Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlıqla bağlı
araşdırmalar aparmaları
üçün protokollar
təqdim etmişik.
Bakı Dövlət Universiteti və Qafqaz Universiteti ilə də danışıqlar
aparmağı planlaşdırırıq.
Danışıqlarda əsasən tələbə
mübadiləsi, elmi işlərdə ortaqlıq,
ikili diplomun verilməsi məsələləri
ətrafında müzakirələr
aparılıb. Universitetlərin ehtiyaclarına görə,
bu dəyişə bilir. Məsələn, Turizm İnstitutu
xüsusi təcrübələrin
keçirilməsi və
ingilis dili kursları üçün
də tələbələrini
bizə göndərmək
istəyir. Görünür, bu kurslara bütün
universitet və kursların marağı
var. Bunlar bizim qısamüddətli kurslarımızdır.
Hər cür işbirliyinə açığıq.
- Təhsil Nazirliyində
də görüşləriniz oldu. Təşəbbüsünüz necə qarşılandı?
- Onlar da bu sualları
bizdən soruşdular.
İşbirliyindən çox məmnun
qaldıqlarını dedilər.
Tələbələrinin bizdə çox
etibarlı bir şəkildə ingilis dilində təhsil almalarından razı qaldıqlarını vurğuladılar.
Bizim universitetimizə gələcək
tələbə sayının
artacağı ehtimalını
onlardan da eşitdik.
- Quzey Kıprıs
Türkiyə istisna olmaqla dünyada bir dövlət kimi
tanınmır. Bu baxımdan diplomlarınızın beynəlxalq
səviyyədə qəbul edilməsində hansısa problemlər
yaşanmayacaq?
- Diplomlarımız
Türkiyə tərəfindən tanınır. Keçən
həftə İngiltərədəydim. İngiltərə
bizim diplomlarımıza "UK NARİC" təminatı
verir. Tələbələrimiz universiteti bitirdikdən sonra bu
təminatı da əldə edəcəklər. Bundan əlavə,
beynəlxalq qeydiyyatlarımız var. Bu
diplomlarımızın beynəlxalq səviyyədə
tanınması deməkdir. Avropadakı 16 universitet və
institutla işbirliyimiz var. Bu səbəbdən də
diplomların tanınması baxımından heç bir
narahatlığımız yoxdur. Qeydiyyatlara xüsusi diqqət
yetirməmiz ən güclü nöqtəmizdir.
- Sizdəki hansı
fakültələrə azərbaycanlı tələbələr
daha çox maraq göstərir?
- Universitetimizdəki
riyaziyyat fakültəsinin 5 müəllimi Azərbaycandandır.
Hər bir peşə ilə bağlı burada və orada
ixtisaslar var. Bu səbəbdən də, maraq hər bir
mövzuda ola bilər. Hazırda bizdə Azərbaycandan 38 tələbə,
10 nəfər isə müəllim var.
- Tələbələrin
cəlbi üçün hansısa güzəştlər nəzərdə
tutulur?
- Güzəştlər
var. Bunlar əsasən tələbələrin
bacarığından asılıdır. Tələbə gərək
bir il oxuyaraq özünün nəyə qadir olduğunu
göstərsin. Nazirlə də bu məsələni
müzakirə etdik. Məktəb birincilərinə güzəşt
edilirsə, onların sonradan bizdən də bu güzəştləri
əldə etməsi mümkündür. Bir il vaxt lazım
olması isə tələbəni tanımamamızla
bağlıdır. Müxtəlif assistanlıqlarımız
da var. Tələbələrimiz orada çalışaraq cib
xərclərini çıxarda bilirlər. Maraqlansalar, internet
səhifəmizdə daha geniş məlumatlar əldə edə
bilərlər.
- Bir il ərzində tələbəyə
ümumilikdə Universitetinizdə təhsil almaq
üçün nə qədər vəsait lazımdır?
- Təxminən 14 min
dollar. Buraya həm təhsil, həm də yurd haqqı daxildir.
- Kıprısda tələbələr
tərəfindən Azərbaycanın tanıdılması ilə
bağlı hansısa işlər görülür?
- Orada azərbaycanlıları
çox sevirlər. Çünki türk ortamıdır. Quzey
Kıprısla Azərbaycan arasında çox gözəl bir
dostluq var.
- Azərbaycana belə
maraq göstərməniz nəylə bağlıdır?
- Biz bütün
türk dövlətlərinə böyük maraq göstəririk.
İstəyirik ki, Azərbaycan da daxil olmaqla, bu dövlətlərdən
universitetimizdə təhsil alan tələbələrin
sayı artsın. Çünki dilimiz və mədəniyyətlərimiz
birdir. Buradakı tələbələr üçün orada
təhsil almaq çox rahatdır.
- Sizin
tanıdılmanızla bağlı Quzey Kıprısın
Bakı təmsilçiliyi tərəfindən hansısa
konkret layihələrin reallaşdırılması nəzərdə
tutulub?
- Onlar bizə bu işdə
çox köməklik göstərirlər. Lakin
universitetimizin tanıdılması fərdi qaydada
özümüz tərəfindən aparılır. Mən
özüm qüsa müddətə gəlsəm də,
yardımçılarımız Bakıda qalaraq
tanıdılma ilə bağlı bir sıra
görüşlər keçirməyi
planlaşdırırlar. Həmçinin özüm də Azərbaycanda
olduğum 3 gün ərzində bir çox litseylərə və
universitetlərə baş çəkmişəm. Müxtəlif
görüşlər keçirmişəm. Valideynlər
öz uşaqlarından tam rahat qala bilərlər. Bizim
düşərgəmizdə azərbaycanlı tələbələr
tam rahat şəkildə qalaraq yüksək təhsil almaq
imkanı qazanacaqlar.
- Bir sıra universitetlərə
tanış olmaq üçün protokollar vermisiz. Onlara nə
zaman cavab alacaqsınız?
- Çox yaxın
vaxtlarda cavab almağımızı
planlaşdırırıq. Mən bir ay sonra Bakıya yenidən
gələcəyəm.
525-ci qəzet.- 2009.- 9 aprel.- S.2.