Böyük ədibin dünya şöhrətinin yeni üfüqləri

 

Görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycan ədəbiyyatının dünya şöhrəti qazanmış qüdrətli nümayəndəsidir. Böyük demokrat ədibin əsərlərindən nümunələrin XX əsr boyu ingilis, fransız, alman, rus, türk, ukrayna, polyak, moldovan, özbək, fars, türkmən, gürcü, qırğız dillərinə çevrilərək, nəşr edilməsi onun yaradıcılığına beynəlxalq aləmdə, xüsusən Avropada və Mərkəzi Asiyada böyük maraq oyadıb. Son illərdə isə böyük demokrat ədibin əsərlərinin və haqqında kitabların ərəb və urdu dillərində çap edilməsi Cəlil Məmmədquluzadənin Şərq aləmində, müsəlman dünyasında geniş miqyasda tanınmasına böyük yol açıb. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin 2004-cü ildə İslamabadda "Seaf Publikations" nəşriyyatında urdu dilində çapdan çıxmış "Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərləri ilə" kitabı qüdrətli yazıçının əsərlərinə Cənubi Asiya ölkələrində - Pakistanda, Hindistanda və Əfqanıstanda rəğbət qazandırıb.

Son vaxtlarda Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində akademik İsa Həbibbəylinin ərəb dilində nəşr edilmiş iki kitabı Cəlil Məmmədquluzadə irsinin Afrika qitəsində və müsəlman dünyasında geniş yayılmasına təkan verib. "Azərbaycanın milli yazıçısı Cəlil Məmmədquluzadə" adlanan birinci kitabda akademik İsa Həbibbəyli görkəmli yazıçının həyatının əsas məqamlarını, "Molla Nəsrəddin" jurnalı ilə bağlı məsələləri və ədibin yaradıcılığının ana xətlərini elmi şəkildə ərəbdilli oxuculara təqdim edib. Bundan başqa, "Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas tarixləri" adlı xronoloji qaydada hazırlanmış icmalın kitabda iki dildə - ərəb və ingilis dillərində verilməsi əsərin yayılma dairəsinin genişləndirilməsinə və istifadə imkanlarının daha da artmasına səbəb olub. Böyük tirajla çap olunmuş kitaba Misirin Əl Həzər Universitetinin müəllimi Həmdi Məhruz Basyuninin yazdığı ön sözdə bütövlükdə Azərbaycan haqqında, Cəlil Məmmədquluzadənin şəxsiyyəti və yaradıcılığı, həmçinin akademik İsa Həbibbəylinin fəaliyyəti barədə əhəmiyyətli fikirlər öz əksini tapıb.

Geniş həcmə malik "Azərbaycanın milli yazıçısı Cəlil Məmmədquluzadə" kitabında əlavə olaraq böyük ədibin irsindən örnəklərə də yer ayrılıb. Beləliklə, Cəlil Məmədquluzadənin "Ölülər" tragikomediyası, "Danabaş kəndinin əhvalatları" povesti, "Poçt qutusu", "Dəllək", "Pirverdinin xoruzu", "Quzu", "Saqqallı uşaq", "Xanın təsbehi" və başqa hekayələri ərəbdilli oxuculara çatdırılıb. Bu, Cəlil Məmmədquluzadənin əsərlərinin ərəb dilində kitab halında ilk təqdimatı kimi də mühüm əhəmiyyətə malikdir.

Akademik İsa Həbibbəylinin Qahirənin "Mədəniyyət nəşrləri evi"ndə çapdan çıxmış "Azərbaycanın milli yazıçısı Cəlil Məmmədquluzadə" kitabını və ölməz sənətkarın əsərlərini ərəb dilinə Qahirə Universitetinin professoru Cəlal Səid əl-Hifnəvi tərcümə edib. Professor Cəlal Səid əl-Hifnəvi iki dəfə Naxçıvan Dövlət Universitetində olub, böyük ədibin dünyaya gəldiyi diyarla tanışlıq imkanı qazanıb, yazıçının ev muzeyini ziyarət edib. Muxtar Respublikaya səfərlər, Naxçıvan Dövlət Universitetində keçirilən görüşlər, aparılan müzakirələr professor Cəlal Səid əl-Hifnəvinin tərcümə prosesində Azərbaycan koloritini, orijinalın xüsusiyyətlərini mümkün olduqca daha çox qoruyub saxlamasına imkan yaradıb.

Akademik İsa Həbibbəylinin Misir Ərəb Respublikasında, Qahirə şəhərində çap edilən "Azərbaycanın yeni dövr yazıçısı Cəlil Məmmədquluzadə" adlı ikinci kitabında böyük ədibin həyatı və yaradıcılığı haqqındakı araşdırmalar ərəb və ingilis dillərində oxuculara çatdırılıb. Əsərdə Cəlil Məmmədquluzadənin əsərlərinin yayılma dairəsi və yazıçının nəsil şəcərəsi barədə də məlumatlar verilib. Kitaba Cəlil Məmmədquluzadənin məşhur "Poçt qutusu" və "Bəlkə də qaytardılar" hekayələrinin ərəb dilinə tərcümələri əlavə edilib. Kitabı ərəb dilinə Qahirə Universitetinin professoru Həni Əs-Sisi çevirib. Misir Ərəb Respublikasının Azərbaycandakı sabiq səfiri Yusif Əhməd Şarkavinin kitaba yazdığı ön sözdə Cəlil Məmmədquluzadənin yaradıcılığı İsa Həbibbəylinin fəaliyyəti ölkələrarası münasibətlər müstəvisində dəyərləndirilib.

Qahirə şəhərində Cəlil Məmmədquluzadə haqqında çap olunmuş kitablarla bağlı Misir Ərəb Respublikasının dövrü mətbuatında geniş informasiyalar yayılıb.

Akademik İ.Həbibbəylinin Misir Ərəb Respublikasında çap olunmuş kitabları görkəmli alimin böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının tədqiqi və təbliği sahəsindəki çoxillik ardıcıl fəaliyyətinin məntiqi davamıdır. Bu kitablar qüdrətli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin Şərq aləmində, müsəlman dünyasında daha geniş miqyasda, əsaslı şəkildə tanıdılmasına xidmətin ifadəsidir. Qahirə şəhərində çap edilmiş kitablar Azərbaycan-Misir əlaqələrinin yeni əhəmiyyətli səhifələridir. Təqdim edilən kitablar Cəlil Məmmədquluzadənin Azərbaycan prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə ölkəmizdə geniş qeyd edilən 140 illik yubileyinə layiqli hədiyyədir.

Akademik İsa Həbibbəyli böyük sənətkar haqqında yapon dilində tanıtma kitabının hazırlanması və ədibin əsərlərindən seçmələrin yapon dilinə tərcüməsilə də əlaqədar iş aparır.

  

 

Yavuz AXUNDLU,

 Naxçıvan Dövlət Universitetinin professoru

 

525-ci qəzet.- 2009.- 10 aprel.- S.7.