Abbas Abdulla: şəxsiyyət
və şair kimi
DƏYƏRLİ BİR
KİTABIN TƏSİRİ İLƏ QƏLƏMƏ ALINAN
DOST QEYDLƏRİ
Bakıya
gəldiyim günün səhəri orta məktəbdə
eyni sinifdə oxuduğumuz mehriban bir dostumu görmək arzusu
ilə Azərbaycan Yazıçılar Birliyinə üz
tutdum. İkinci mərtəbədə bir nəfərdən
Abbas Abdullanın hansı otaqda olduğunu soruşdum və o mənə
həmin otağı göstərdi. Birinci gedişim
uğursuz oldu və əziz dostumu görə bilmədim.
Aradan bir neçə gün keçdi və nəhayət,
onu öz otağında tapdım. Hər şeydən əvvəl
divarındakı lövhələrə fikir verdim. Bu otaq
şair Fikrət Sadıq, şair Balaş Azəroğlu və
Beynəlxalq Ədəbi Əlaqələr şöbəsinin
müdiri şair Abbas Abdullanındır. İçəri girərkən
şair Fikrət Sadığı və əziz dostum Abbas
Abdullanı gördüm, Abbasla görüşdük,
öpüşdük, bir az da köhnə xatirələri
yada saldıq. Həmin anlarda sevincimin həddi-hüdudu yox idi.
Azı 15 il olardı ki, onu görmürdüm.
Ayrılıb
evə dönəndə Abbas müəllim mənə
özünün 2007-ci ildə çapdan
çıxmış, türklük və Türk
dünyasına şeirlərindən seçmələr
toplanmış "Urum Kırım Arası"
kitabını bağışladı.
Bu kitabda
Abbas Abdulla haqqında görkəmli şəxsiyyətlərin
fikirləri verilib. Nə artıq bir söz, nə də təmtəraqlı
təriflər var burada. Onlardan bir neçəsini ara-sıra
verməyi özümə borc bildim.
Elçibəy: "Nə
yaxşı ki, bizim türk dünyamızın Abbas
Abdullası var"
Anar:
"Abbas Abdulla gerçəkdən türkçüdür,
indi də türkçüdür, qırx il bundan qabaq da
türkçü idi. Doğulub göz açdığı
torpağın ab-havasında, körpəlikdən eşitdiyi
dilin dadında-duzundadır bu türkçülük".
İndi isə
istəyirəm, bir oxucu kimi şeirlərdən
aldığım ləzzəti öz biliyim əhatəsində
təhlil edim.
1984-cü ildə yazılan
"Ankara" şeirinin dolğunluğuna fikir verin.
Görün şair Ankarada olduğuna və türkcə
danışdığına və bunun Azərbaycan dili ilə
eyni olduğunu görərək nə cür sevinc hissləri
keçirir:
Ankarada,
1984
Aralıkda
Heç
bir şey yoxdu ortalıqda
Sevgi
vardı
Sayğı
vardı,
Bir-birimizə
qayğı vardı.
Bir də
eyni dildə qonuşmanın
Bəxtiyarlığı
vardı.
Türkiyədə
olan bütün şəhərlər Abbas Abdulla
üçün doğmadır, əzizdir.
"İstanbul" şeirinin
sonluğu çox maraqlıdır.
Çox
gözəl tanıyıram bu şəhəri –
Çocuq
ana-babasını tanıyan kimi. Başqa bir
şeirində - Ali Yavuz Akpınara həsr etdiyi
"İzmir-mart 1990"da rus qoşunlarının Bakıda
törətdiyi vəhşiliklərdən, günahsız
cavanların ömürlərini şəhid kimi qurban vermələrindən
təsirlənən şair dostuna müraciətlə deyir:
Bəxtimiz
qaralandı,
Bakımız
yaralandı,
Məzarlar
sıralandı,
Köksündə
dağlar kimi.
Abbas Abdulla sevilib-seçilən
şairdir. O, yığcamlığı sevir, uzunçuluqdan
qaçır, böyük məna kəsb edən kəsərli,
tutarlı söz deməyi bacarır.
Türkmənistanlı
şair və alim Nazar Gullayeva müraciətlə
yazdığı "Türkmən dastanı"nda onun
"Nəsimi türkmən şairidir. Nə
üçün ona sahib çıxırsınız?" -
sualından incimir, əksinə bizim hamımızın
türksoylu olduğumuzu ona başa salır və kökü
türk olan dahiləri "sənin, ya mənim" - deyə
bölmür:
Parçalama
Türkmənin soyunu,
Uzun
sürür bu dünyanın oyunu,
Gəl bir
içək bir bulağın suyunu,
Çox sənindir,
kəm mənimdir,
kəm mənim.
Qulağında
Nəsiminin səsimi?
Məhdumqulu
mənim olsun,
bəsimmi?
Yabançılar
yemimizi yesinmi?
Yem sənindir,
yem mənimdir,
yem mənim.
Bu
kitabı oxumamışdan əvvəl mənə demişdilər
ki, Abbas Abdulla bir neçə dəfə ürəyindən əməliyyat
olunub, onda fikrimdən nələr keçdi...
Haqsızlıqlar, ədalətsizliklər dağ boyda, ürək
isə yumruq boyda. Bir də o adamların ürəyi tez
sıradan çıxır ki, onlar qohumları,
yaxınları, dostları çətinliyə düşərsə,
həyəcanı, onların keçirdiyi stressi özü də
keçirə. Sözün düzü, Abbas Abdullanı
"təcili yardım"a bənzətmək olar. Türk
dünyasından bir dara düşən varsa Abbas onun dərdini
çəkir. İzmirdən Hüseyn Tuncər belə
yazır:
"...
Şeirlərində və yazılarında Azərbaycan
türkcəsiylə Türkiyə türkcəsini birləşdirməyə
çalışan şair doğmalaşdırma tərəfdarıdır".
Ağəddin
Mansurzadənin fikirləri də çox maraqlıdır. O,
yazır:
"... Abbas bu
gün bir Azərbaycana sığışmır. Və o,
bütöv bir Türk dünyasının xəritəsini
yaratmaq arzusu ilə yaşayır". İçərisində,
ürəyində, qəlbində neçə-neçə
hazır əsərlər yatan Abbas Abdulla hansı səbəbdənsə
susmağı üstün sayır:
Dilim var,
lal kimi susan olmuşam,
Dəryalar
içində suzan olmuşam,
Dərd
çəkib, qəm yeyib ozan olmuşam
Bu dərdim,
bu qəmim sazla deyilməz.
Şairin Vaqif
Səmədoğluya məktublar silsiləsindən şeirlərində
də pessimizm duyulur:
Gülmək
istər, güləməz,
Haqdan
heç nə diləməz,
Ölmək
istər öləməz,
Bir gün
ölməli qardaş.
Həmişə
nikbin duyğularla yaşayan, öz duzlu məzəli söhbətilə
adamı valeh edən Abbas Abdullanın neçə illər
bundan əvvəlki şuxluğu yadıma düşür.
Görün
Abbas Abdulla kimdir?
Şair,
yazıçı, jurnalist, tərcüməçi, pedaqoq,
siyasi xadim... Bu qədər titulu olan şəxs ancaq və
ancaq sevinməlidir. O, nəinki Azərbaycanın, eləcə
də Türkiyənin, Ukraynanın, Gürcüstanın və
bütün Türk Dünyasının şairidir.
Heç
kitabın adından söz açmadım, Borçalı
bölgəsində uşaqlıq vaxtından
yadımdadır. Bir məşhur adamı, yaxud yaxşı,
xeyirxah adamdan söhbət gedəndə belə deyərdilər
ki, filankəs çox məşhur adamdır və belə
adam heç Urumda-Qırımda da yoxdur.
Abbas
müəllim, mənim əziz dostum! Tanrı səni qorusun,
ilhamın sönməsin. Yeni əsərlərini gözləyirik!
Tofiq RƏSULZADƏ
Gürcüstan,
525-ci qəzet.- 2009.- 10
aprel.- S.7.