Gecə gözlü qadının yazılmamış şeirləri

 

Gecəni sevə-sevə

Gözlərinə köçürmüşdü.

Gözü üstə yer vermişdi

bir cüt hilala,

Gecə gözlü qadın.

 

Bu misralar gecə gözlü qadının - Həyat Şəminin bir şeirindən götürülüb. Həyat Şəmi qarabağlıdır, Füzulidə anadan olub.

Boya-başa çatdığı, ilk şeirlərini yazdığı bayatı ab-havalı Qarabağ düşmən işğalı altındadı, Vətənin Qarabağ yarası köz tutmamış bir yaradı. Bu gün bütün qarabağlı türk qadınları "gecə gözlü qadınlardı". Onlardan biri də bu misraları qələmə almış şairin özüdür.

 

Saçlarını ağardan şəhid anası,

Başın üstündə

Dərdə ağ bayraq qaldırma!

Qırmızıya boya qara günləri,

Al-qana boya...

Ocaq qala,

Bizi döyüşə səsləsin,

Şəhid anası!

 

2009-cu il Həyat Şəmi üçün uğurlu olub. Bu il iki kitabı işıq üzü görüb. "Gecə gözlü həyat" Bakıda "E.L" Nəşriyyat və Poliqrafiya şirkətində,"Yazılmayan şeirlər" isə Ankarada "Özləm Yayınevi" tərəfindən nəfis şəkildə çap olunub. Bundan öncə "Adamlar" adlı ilk şeir kitabını oxumuşdum.

Həyat Şəminin şeirlərində gecə, ay, yuxu, işıq, səhər, torpaq, vaxt və bəxt sözlərinə tez-tez rast gəlirik: "Bir yol gəldin vaxtlı, vaxtsız, bəxtli, bəxtsiz"; "O qız da Aya oxşayırdı"; "Torpağının altı üstündən qiymətlidir bu məmləkətin"; "Ana torpaq gözəllərin gözəli, bu gözəlin laylasına qurbanam"...

Bir şair kimi Həyat Şəminin oxucu ilə dialoqu səmimidir. Misralar arasında, sevib-sevilən, hardasa bir az sadəlövh görünən qadın ürəyinin çırpıntıları duyulur:

 

Yadına düşür,

Orucunu göz yaşınla açdığın gün?

 

Yaxud:

 

Gəldim, ötürəm dünyadan,

Ötürəm, ay adamlar...

Daha bir örnək;

Göylə Yer arasında

Bir ömür sıxır məni.

Yer yerdən itələyir,

Göy göydən yıxır məni...

 

Şairin Qarabağ torpağında doğulub boya-başa çatdığını, orada ilk şeirlərini yazdığını yuxarıda qeyd etmişdik. Təsadüfi deyil ki, Qarabağ mövzusu Həyat xanımın yaradıcılığından qırmızı, bəlkə də qanlı xətt kimi keçir. Çünki Həyat Şəmi bu şeirləri yurd nisgilli ürəyinin qanı ilə yazır:

 

Ay yurduma gedən elli,

Qarabağlı şirin dilli,

Gözləri həsrətdən selli,

Vətən iyi gətirərsən.

 

"Dədəli düzündən gələn güllə səsləri üzümə dəydi 23 avqust Füzulisində..." deyən Həyat xanımın bu ruhda yazılmış onlarla dəyərli şeiri var.

Ankarada çap olunmuş "Yazılmayan şeirlər" kitabını Türkiyə türkcəsinə Oqtay Hacımusalı, Özkan Özan və Dəniz Gölpınar uyğunlaşdırıblar. Sivas Cumhuriyyət Universitetinin İlahiyyat fakültəsinin dosenti Alim Yıldız kitaba yığcam bir ön söz yazıb. Kitabda xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının "Həyat Şəmi yaradıcılığına baxış" adlı məqaləsi də yer alıb. Bu nəşrin oxucular üçün maraqlı ola biləcək bir cəhəti də orada Həyat Şəminin sevdiyi şairlərdən etdiyi tərcümə nümunələrinə də yer verilməsidir və bu bölümdə 4 şairin 15 şeiri toplanıb. İnanıram ki, bu kitab Həyat Şəminin önəmli yaradıcılıq nailiyyəti olmaqla bərabər, həm də onun yeni uğurlarının müjdəçisidir.

 

 

Ayan MİRSEYİD

 

525-ci qəzet.- 2009.- 10 aprel.- S.7.