"Şair,
hökmdarın hüzurundasan!.."
Tarix boyunca neçə-neçə
şair taleyi hökmdarın qəzəb və mərhəmətindən,
bir də səxavətindən asılı olub və orada -
hökmdarın hüzurunda da həll edilib. Hökmdar əlini-əlinə
vurub gah xəzinədarı çağırıb, gah da cəlladı.
Bir çoxları üçün şan-şöhrətin
yolu hökmdarın hüzurundan başlayıb. Hökmdar səxavət
göstərərək birinə var-dövlət
bağışlayıb, başqasına dar ağacı. Qurğuşun
hədəfinə çevrilənlər də olub. Belə
şeylər yaxın tariximizdə də baş verib, yaxın
tariximizin səhifələrində də yazılıb.
Şair-hökmdar problemi Azərbaycandan da yan keçməyib. Söz sərraflarımızdan Xaqani
zindana atılıb, Nəsimi diri-diri soyulub...
Hökmdarın
hüzurunda sınağa çəkilənlərdən biri də
böyük şair və dövlət xadimi M.P.Vaqif olub. M.P.Vaqif
1797-ci ildə Şuşada İran hökmdarı Ağa Məhəmməd
şah Qacarın hüzurunda dayanmışdı...
Molla Pənahın
nəslindən olan başqa bir böyük şairimiz- Səməd
Vurğun öz ulu babası haqqında əsərini -
"Vaqif" pyesini 1937-ci ildə qələmə alıb... Elə
həmin il S.Vurğun şəxsi məsələsi ilə əlaqədar
düz dörd dəfə "hökmdarın hüzuruna"
- respublika rəhbərinin yanına
çağırılıb. Əlbəttə, elə həmin
vaxt "hökmdar" düyməni basıb təltif
işinə baxan əməkdaşı da çağıra
bilərdi, NKVD-nin meşin gödəkçəli əməkdaşlarını
da.
Şübhəsiz,
həmin vaxtlar şair başqa yerlərə də
çağırılırdı. Bunları və burada nədən
söhbət getdiyini 1937-ci ildə heç kəs bilmirdi. Şairin
özündən başqa. O isə məhz həmin günlərdə
"Vaqif" pyesini yazırdı, ədəbiyyatımızın
incilərindən birini yaradırdı.
Şairin
qardaşı Mehdixan Vəkilovun xatirələrindən:
"Bu əsər ("Vaqif" - A.B.) 1937-ci ilin
axırlarında heyrətamiz bir sürətlə, 3-4 həftə
ərzində yazıldı. Belə böyük bir əsərin
az müddətdə yazılması ona görə
mümkün oldu ki, Səməd Vurğun illər uzunu Vaqifin
həyatı və yaradıcılığı üzərində
düşünmüşdü... O, yazacağı əsərin
mövzusunu, süjet xəttini xəyalında çoxdan
işləyib hazırlamışdı. Səmədin
dodaqları daim - oturanda da, gəzəndə də, məclislərdə
də, hətta çörək yeyəndə də tərpənirdi.
O, şəxsi söhbətlər zamanı da bəzən
özünü dinləyirmiş kimi göstərir, sadəcə
müsahibinin üzünə baxır, fikrən, xəyalən
başqa yerdə, öz aləmində olurdu... Səməd
Vurğun "Vaqif" dramının bütöv bir şəklini
aşıq havası üstündə əzbərində
bişirirdi və ona görə də bir oturuma (səhərə
qədər) böyük bir səhnə
yazılırdı".
Bu, təbiidir.
Sənətkar üzərində işlədiyi əsərlə
nəfəs alır, bütöv parçalar müxtəlif
yerlərdə və bəzən adi olmayan şəraitdə
meydana gəlir.
Deməli,
şair qələmə aldığı müddətdə
"Vaqif"lə nəfəs almış, buna görə də
əsərin ayrı-ayrı parçaları müxtəlif yerlərdə,
bəzən qeyri-adi şəraitdə meydana gəlmişdi. Mehdixan
Vəkilovun, şairin digər müasirlərinin xatirələrindən,
ilk dəfə işıq üzü görən materiallardan,
"Vaqif"in nəşr olunmamış
parçalarından, muzey və arxiv sənədlərindən
əsərin ayrı-ayrı misralarının, bütöv
parçaların yarandığı "ünvanlar",
habelə bu parçaların yaranmasına təsir etmiş
ovqatlar da məlum olur.
Bu gün əlimizdəki
materiallardan o da məlum olur ki, "Vaqif"in
yarandığı şərait və dövr əsərə
ciddi təsir göstərib. Görkəmli ədəbiyyatşünas-alim,
mərhum Yaşar Qarayev "Vaqif"dən danışanda
belə yazıb: "Müstəbid və ziyalı problemi həm
Vaqif-İbrahim xan, həm də Vaqif - Qacar xətlərində
qoşa davam etdirilir. Bu xətlərin hər ikisində tarixi
təfərrüatla yanaşı müasir, fərdi-avtobioqrafik
məqamlara da aşkar işarələr var. Nəzərə
alsaq ki, "Vaqif" 1937-ci ildə yazılıb və 1938-ci
ilin 5 oktyabrında tamaşaya qoyulub, onda burada təsvir olunan
XVIII əsr hadisələrində 1937-ci ilin
"podtekstini" tapmaq çətin olmaz".
"Hökmdarın
hüzurunda" olmuş görüşlərdən birini
xalq şairi Süleyman Rüstəm əlli ildən sonra belə
xatırlayıb: "1938-ci ildə Səmədlə məni
yanına çağırtdırmışdı. (M.C.Bağırov
nəzərdə tutulur - A.B.). Getdik ki, Topuridze - NKVD-nin o
vaxtkı rəisi də yanındadır. Səməd irəli
yeriyib əl uzatdı:
- Salam,
yoldaş Bağırov...
- Çək
qanlı əlini! Mənə uzatma! Oturun görüm!
Çaş-baş
halda oturduq.
- Stolun
üstündəki papkaları görürsünüz? Bunlar
sizin "delo"larınızdır. Sizi aparmaq istəyirlər.
Dedim, əvvəl çağırım, özüm dindirim,
sonra aparsınlar".
Həmin
dövrdə S.Vurğunla bağlı hadisələrə aid
tədqiqatlar aparmış filologiya elmləri doktoru Bədirxan
Əhmədov bildirir ki, M.C.Bağırovun şairin
salamını almaması faktı S.Rüstəmin xatirəsi
ilə yanaşı, tarixin yaddaşında da yaşayır,
özü də fərqli şəkildə. Tədqiqatçının
üzə çıxardığı "tarixin
yaddaşı" şairin "qələm
dostlarından" birinin S.Vurğun haqqında verdiyi danosdur. Şairin
"millətçi" olmasını sübuta
çalışan danosçu M.C.Bağırovun ona əl
verməməsi faktını da özünə söykənəcək,
dayaq edərək yazıb: "...təsadüfi deyil ki, AK/b/P
MK-da Bağırov yoldaş bir çox yazıçılarla
vidalaşarkən S.Vurğuna əl verməmiş və
bildirmişdir ki, Səməd buna layiq deyil..." Tədqiqatçı
onu da sübut edir ki, bu hadisə 1938-ci ildə yox, məhz
1937-ci ildə baş verib.
...Belə
"görüş"lərdən biri "Vaqif"in o
zaman yaranmaqda olan səhnələrindən birinə
köçüb:
"Vaqifi
gətirirlər.
Qacar:
(heyrətlə)
- Aha,
baş əyməyir hüzurumda bu!
Şeyx:
- Yoxdur
vicdanında qanun qorxusu
.
Qacar:
(Vaqifə)
- Şair,
hökmdarın hüzurundasan!"
Görəsən,
bu misra nə vaxt gəlib Vurğunun beyninə? O bu misranı
qələmə alanda hansı hissləri keçirib, kimlər
düşüb yadına? 1797-ci ili xatırlayıb, yoxsa
yaşadığı 1937-ci ili? O, şair babası Vaqifin
taleyini düşünüb, yoxsa özünün, qələm
dostlarının? M.Vəkilov həmin günləri belə
xatırlayıb: "...qələm dostlarının taleyi onu
narahat edirdi. Səməd Vurğun ziddiyyətli
düşüncələr içində hər gün, hər
gecə qocalırdı. Məhz belə bir zamanda, od kimi
yandıran iztirablar, daxili ürək
çırpıntıları və tərəddüdlər
içində o, "Vaqif"i yazdı. S.Vurğun öz
taleyinə əvvəlcədən acıyaraq Vidadinin dili ilə
deyirdi:
Şairdir,
qəlbi var, şirin sözü var,
Böyük
bir ölkənin onda gözü var.
O ölsə...
dağlar da dil deyib ağlar,
Əfv
edin, yaxşılıq qalır yadigar".
Məlum
hadisələr Səməd Vurğuna da ciddi təsir göstərmişdi
və onun həbsinə hazırlıq
görülürdü. Bunu bu gün əlimizdə olan sənədlər
bir daha sübut edir. Azərbaycan
yazıçılarının 1937-ci il iyunun 10-12-də
keçirilmiş ümumi yığıncağı barədə
mətbuatda oxuyuruq: "İttifaqın rəhbərləri
S.Şamilovun, S.Vurğunun və sabiq rəhbəri M.K.Ələkbərlinin
çıxışı qənaətbəxş
olmamışdır... ASYİ katibi Səməd Vurğun
"Kommunist"də dərc olunan
"Averbaxçılığın kökünü kəsməli"
adlı məqalənin əhəmiyyətini anlamamış,
partiya qrupuna verdiyi bəyanatında bu məqaləni partiya
orqanı tərəfindən ittifaq əleyhinə
çevrilmiş bir böhtan kimi qiymətləndirmiş və
ancaq kəskin tənqiddən sonra səhvini etiraf etməyə
məcbur olmuşdur".
İclasda
belə bir ittiham da irəli sürülür ki, məhz
Seyfulla Şamilovun və Səməd Vurğunun "sinfi
sayıqlığını itirməsi, siyasi korluğu,
çürük liberalizmi sayəsində xalq düşmənləri,
yapon-alman faşist agentləri, trotskiçi, nasional-uklonist,
müsavatçı, pantürkist ünsürlər (Əli
Nazim, Əhməd Cavad, Hüseyn Cavid, Sanılı, Yusif Vəzir,
Seyid Hüseyn, Musaxanlı, Müşfiq, Salman Mümtaz...) Azərbaycan
Sovet Yazıçıları İttifaqına
soxulmuşlar".
Adı
çəkilənlərdən bir çoxunun taleyi artıq məlum
idi. Bu yığıncaqdan bir az sonra S.Şamilov da həbs
edildi. S.Vurğunun həbsi barədə isə yazılı qərar
çıxarılmışdı. O isə "Vaqif"i
yazırdı. "Hökmdarın hüzurunda"
özünü ləyaqətlə aparır, hər cür
ittiham və iftiraları cəsarətlə rədd edirdi.
...Aradan
neçə illər keçəndən sonra şairin
yazıçı oğlu Yusif Səmədoğlu
özünün məşhur "Qətl günü"
romanında hökmdarın dilindən belə yazacaq: "Deməli,
Məğrib ulduzu boyda daş-qaşlardan imtina etdilər, hind
füruzəsini istəmədilər... Əvəzində, məndən
qaladakı şairin başını istəyirlər...
(Söhbət hökmdarın qəsb etdiyi ölkənin
şairlərinin istəyindən gedir - A.B.). Belə məmləkətin
bir qalasını yox, cəmi qalalarını almaq olar. Belə
məmləkəti yerlə yeksan eləmək olar... Mən
çox məmləkətlər görmüşəm, amma
şairi şairinin başını istədiyi məmləkəti
görməmişdim... Şükür
verən gününə,
ulu Tanrı, bunu da gördük".
Qeyd etməliyik
ki, şair "Vaqif"i yazdığı illərdə həm
də maddi sıxıntı içərisində olub. O,
qızı dünyaya gələndə doğum evinin
qapıçısına bağışlamağa bir manat
tapmır, qardaşının sonuncu
"üçlüyünə" papiros alırdı. S.Vurğunun
həyat yoldaşı Xavər xanım həmin vaxtlar
şairin təqib olunması barədə ürək
ağrıdan faktlar söyləmiş və belə bir hadisə
danışmışdır: "Şamaxı yolunda cəmi
bir neçə çarpayılıq doğum evi vardı. 1937-ci
il sentyabrın 9-da həmin doğum evində Aybəniz
(şairin qızı - A.B.) dünyaya gəldi. Yusifdən
(şairin böyük oğlu - A.B.) sonra qızımız
olduğundan çox sevindik. Səmədin uçmağa bircə
qanadı yoxdu. Bir neçə gündən sonra Səmədlə
birlikdə Mehdi qağa (yazıçı Mehdi Hüseyn -
A.B.) bizi xəstəxanadan çıxarmağa gəlmişdi.
Mən qapıçıya vermək üçün Səməddən
bir manat istədim. Səməd ciblərini yoxladı, bir
şey çıxmadı. Mehdiyə: "Əlini cibinə
sal, gör bir manatın varmı?" - dedi.
- Yoxdu,
hamısını yığıb fayton tutduq".
Xavər
xanımın dediklərini akademik Teymur Bünyadov qələmə
alaraq mətbuatda dərc etdirib.
O vaxtlar həbs
olunanlar işgəncələrə dözməyərək
istənilən adamı, o cümlədən S.Vurğunu da
öz ifadələrində çox asanlıqla "xalq
düşməni" çıxarırdılar. Ruhulla
Axundov 1937-ci il aprelin 9-da dindirilmə zamanı müstəntiqin
"Sizə AK/b/P üzvü olmayan hansı burjua millətçiləri
bəllidir?" sualına belə cavab verib: "Çobanzadə,
Salman Mümtaz, Yusif Vəzir, Seyid Hüseyn, Üzeyir Hacıbəyov,
Sanılı, Səməd Vurğun, Müşfiq, Əhməd
Cavad, Hüseyn Cavid..."
1937-ci il
repressiyasının qurbanlarından biri Gülara Köylü
qızı istintaq zamanı fiziki işgəncələrə
dözməyərək bu sözləri deyib:
"Düzdür, sayıqlığımı itirmişəm...
Mədəniyyət sarayında xalq düşmənləri Əhməd
Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun kimilərilə...
görüşlərə yol vermişəm".
Bəli,
S.Vurğunun adı artıq istintaq sənədlərinə
"xalq düşməni" kimi daxil edilmişdi.
Şübhəsiz,
hər dəfə bu cür ifadələrdən sonra şairi
"lazımi yerə" çağırır, bəzən
səhərədək saxlayır,
"günahlarını" sübuta yetirməyə
çalışırdılar. 1937-ci ilin payızında həmin
"görüşlərin" birindən yalnız səhər
qayıdan S.Vurğun öz qardaşına belə demişdi:
"... onlar (NKVD - A.B.) mənim "Azərbaycan"
şeirimdən bərk yapışıblar. Başa
düşə bilmirlər ki, bu şeir mənim həyatımın
və bütün yaradıcılığımın mənasıdır,
rəmzidir... Mən bütün insanlara, bütün xalqlara və
millətlərə səadət arzulayıram və bu yolda
çalışıram. Lakin bütün bunlarla bərabər
məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır.
Ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili
və şeiri mənim vicdan səsimdir, o mənim doğma
anamdır. Əgər buna görə məni millətçi
etmək istəyirlərsə, qoy etsinlər. Bir gün gələr,
tarix həqiqəti açar".
Xavər
xanım şairin həmin vaxtlar dəfələrlə gecələr
evə gəlməməsini, "Nə qəribə
zamandı, nə ağlasığmaz dünyadı. Di gəl
baş çıxar, ağı qaradan seç,
yaxşını yamandan ayır" - deməsini də
acı-acı xatırlayıb.
S.Vurğun
"Vaqif"i məhz belə bir şəraitdə qələmə
alıb və təbii ki, bütün bunlar əsərin ən
dramatik səhnələrinin, misralarının yaranmasına,
hadisələrin təbii axarına ciddi təsir göstərib.
S.Vurğun
əsəri yazıb başa çatdırdıqdan sonra onun
taleyindən çox narahat olub. O, "Vaqif"i bir müddət
gizli saxlayıb və qardaşına belə deyib: "Əgər
məni aparsalar, sən tez mənim əsərimi götür
və etibarlı yerdə gizlət. Əsərin yerini Xavər
bilir".
Təsadüfi
deyil ki, şair "Vaqif"i əvvəlcə məhz faciə
kimi qələmə alıb, teatra "dörd pərdəli
mənzum faciə" kimi təqdim edib. Əsərin qəhrəmanı
Vaqifin ölümü hadisələrin təbii axarı ilə
bərabər həm də pyesin qələmə
alındığı dövrün obyektiv gerçəkliyindən
və tələbindən doğurdu.
Pyesin
Vaqifin qətli ilə bağlı hissəsini əsərin
vaxtilə teatra təqdim olunmuş ilk nüsxəsindən
götürüb, olduğu kimi burada veririk:
"(...Vaqifi
oğlu Əli bəylə gətirirlər)
Şeyx:
-
Dayanın!
Vaqif:
(kinayəli)
- Mümkünmü
durub dayanmaq?
Şeyx:
(Əli bəyə)
- Oğlum,
sən allahın qüdrətinə bax.
Əli bəy:
- Uzun
mırıldama satılmış alçaq
Səni də
udacaq bu qara torpaq!
Nə oldu, tez gəlsin, deyin cəlladlar.
Şeyx:
(ətrafa)
- Əstəğfurullah!
Kafirə bir bax
.
Vaqif:
(Qürub
etməkdə olan günəşi seyr edərək oğluna)
- Günəş
qürub edir, donur kainat,
Əzəldən
belədir vəfasız həyat.
(Günəşi
göstərərək)
O mənim
ömrümün timsalıdır, bax!
Sönən
bir varlığın xəyalıdır, bax!
Mən də
yaradıldım, mən də parladım,
Gözəllər
ağzından düşmədi adım.
İndisə...
yelkənim toxundu daşa
Bir insan
ömrünü vurmadım başa.
Oğlum,
alışıram, yanıram, aman!
Səni
öldürürlər mənim ucumdan.
Qoy
uçsun başıma qayalı dağlar!
Əli bəy:
- Ata!
Sənin
günəş boyda bir vicdanın var-
Çiynində
el dərdi daşıyacaqdır,
Bu
dünya durduqca yaşayacaqdır.
(cəlladlar
gəlirlər)
Şeyx:
- Kəlmeyi-şəhadət
alın dilinizə!
Vaqif:
(oğlunu
bağrına basaraq cəllada tərəf)
- Nə qədər
olsa da, qanın var, cəllad!
İnsana canından
şirindir övlad.
Məni
qorxutmayır bu vaxtsız əcəl
İnsaf
et, qabaqca məni öldür, gəl.
Gözlərim
görməsin övlad qanını!
Uçurma
könlümün xanimanını.
Şeyx:
(kinayəli)
- Yenə
rənginizdə bir sarılıq var.
Vaqif:
- Qafil! Gün batanda rəngi saralar!
Şeyx:
- Bu fani
dünyanı artıq unudun,
- İndi
yönünüzü qibləyə tutun!
(Uzaqdan cənginin
səsi gəlir. Cəllad əvvəl Əlibəyi arxadan
vurur)
Vaqif:
(Başını
əlləri arasına alaraq)
-Of... Sənin
gözlərin kor olsun, cəllad!
- Sənə
demədimmi şirindir övlad?!
(Cəllad
Vaqifi də vurur, Vaqif yıxılır)
Şeyx:
- Meyitlər
soyusun səhərə qədər.
(Hamı
çəkilir. Vidadi pəjmürdə halda gəlir. Vaqifi
görən kimi acı bir fəryadla)
Vidadi:
- Vaqif!
Vaqif:
(zəif səslə)
- Vidadi!
Qardaşım, sənmisən, gəl, gəl...
Bizi
ayrı saldı bimürvət əcəl.
Vidadi:
(onun
başını dizləri üstə qoyaraq)
- Gəldim
sağlığına görüşək yenə,
İnsan
aldanırmış xəyal deyənə.
Kor olsun
gözlərim nələr görürəm
Günəşi
tutulmuş səhər görürəm.
Vaqif:
-
Ağlama, qardaşım! Sən yaşa, yarat,
Yaxındır
gözlənən azad bir həyat.
(Deyib
keçinir. Vidadi onun alnından öpərək)
Vidadi:
-
Söndü...Şerimizin günəşi söndü...
Həqiqət
əbədi xəyala döndü.
Susdu
bağçamızın şeyda bülbülü,
Saraldı
yurdumun qönçə bir gülü.
Vaqif!
Gözlərini aç, aləmə bax!
Buludlar
qaralır matəm tutaraq
Ölməz
böyük dili şerin, sənətin!
Vaqif! Sən
oğlusan əbədiyyətin!
(ayağa
qalxaraq göylərin dərinliyinə əllərini
qaldırır, dəhşətli bir səslə)
Daşdan
yaranmayıb, ətdəndir ürək
Tfu sənin
təxtinə, ey çərxi-fələk..."
S.Vurğunu
millətçilikdə günahlandırır, ana dilini,
öz xalqını sevdiyinə, "Vaqifin şirin dili"
ifadəsini işlətdiyinə görə ittiham edirdilər.
Vaqifi də öz elini və dilini müdafiə etdiyinə
görə qətlə yetiriblər. Bu da şair
ilhamının məhsuludurmu?..
"Vaqif"
belə başlayır: "Vidadi tək ağac altında
namaz qılır. Namazın arasında əllərini göyə
qaldırıb, titrək və təsirli bir səslə:
Xudaya!
İnsanın halı yamandır,
Nələr
çəkdiyimiz sənə əyandır.
Mənası
varmıdır min təriqətin?
Aç...
aç qapısını sən həqiqətin.
Nə
olur, bir yeni işıq ver bizə,
Bizim kor
yaranmış gözlərimizə-
Bəlkə
də yaxşını seçək yamandan...
Ta ki,
cansız keçən bir güzərandan
Biz də
ilham alaq, sevinək barı.
İşıqlat
bu dibsiz qaranlıqları...
Yazıqdır
dünyanın əşrəfi insan,
Böyüksən,
adilsən, keç günahından.
Qoyma ki, yerlərdə
sürünsün bəşər,
Dünyada
qalmasın nə pislik, nə şər.
Yaxşılıq
insana bir sənət olsun,
Dünya
başdan-başa qoy cənnət olsun..."
Vidadinin bu
monoloqunun altı misrası ixtisar edilib və şairin
kitablarına salınmayıb. Özünün "muzey
ömrünü" yaşayan misralar bunlardır:
İlahi!
Bir gətir insanı yada
Göz
yaşı qalmasın qara dünyada.
Sən ki
iradənlə bizi yaratdın,
Neçin
qəlbimizi vaxtsız qanatdın?
Söylə
bir, insanın nədir günahı?
Aciz bəndələrə
qıyma, ilahi...
Görəsən,
ömrünün ixtiyar çağında,
qayğısız günlərini yaşayan Vidadi namaz
üstündə nə üçün tanrıya
giley-güzar edir?
Bütün
bunlar barədə dərindən düşünəndə
belə bir qənaətə gəlirsən ki, bu ürək
ağrıdan və üsyankar şikayət 1797-ci ilə yox,
məhz 1937-ci ilə aiddir.....
Şairin
oğlu Vaqif Səmədoğlu yazır: "Lap gəncliyimdə
mənə elə gəlirdi ki, Səməd Vurğun Vaqif
simasında özünü, Vidadi obrazında Osman Sarıvəllini
yaradıb. İkisi Salahlıdan, ikisi Şıxlıdan....
Ancaq sonra bu röya yavaş-yavaş gözlərimin
önündən çəkilib getdi. Hayıf..."
Bu qənaəti
araşdırdığımız materiallar da sübuta
yetirir. 1797-ci ilin hadisələrində 1937-ci ilin
"podtekstini" üzə çıxarır, tarixin
müxtəlif vaxtlarında "hökmdarın
hüzurunda" dayanan böyük söz sərraflarının
taleyini yada salır. Acı da olsa...
525-ci qəzet.- 2009.- 10 aprel.- S.7.