Qənirə Paşayeva:
"Sərhədlərin açılmasından
yeganə qazanan Ermənistan olacaq"
XANIM MİLLƏT VƏKİLLƏRİ
AZƏRBAYCANIN MÖVQEYİNİ TÜRKİYƏLİ HƏMKARLARI
İLƏ BÖLÜŞƏCƏKLƏR
"Ermənistan
işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə
qədər Türkiyənin işğalçı ilə sərhədləri
açması bizim üçün qəbuledilməzdir. Bu,
bütün Azərbaycan xalqının fikridir". Millət
vəkili Qənirə Paşayeva Türkiyə-Ermənistan sərhədlərinin
açılması ilə bağlı məsələyə
münasibət bildirərkən bu açıqlamanı verib.
O bildirib ki, əgər Ermənistan Azərbaycan ərazilərinin
beşdə bir hissəsini işğal altında saxlayırsa
və mövqeyindən geri çəkilmirsə, Türkiyə
sərhədləri açmamalıdır: "Ermənistan
prezidenti Serj Sərkisyan bir neçə gün əvvəl Azərbaycanın
ayrılmaz hissəsi olan Qarabağla bağlı cəfəng,
həyasızlıqla dolu bəyanatlar səsləndirdi. Bu
fonda sərhədlərin açılması Azərbaycan
dövlətinin və xalqının maraqlarına ziddir". Q.Paşayeva
bu mövqeyin Türkiyə rəsmilərinə də
çatdırıldığını bildirib. Əlavə
edib ki, sərhədlərin açılması Türkiyənin
də maraqlarına ziddir: "Türkiyənin Ermənistanla sərhədləri
bağlaması beş səbəblə bağlıdır. Ermənistan
Türkiyənin sərhədlərini tanımır, torpaq
iddiaları irəli sürür. Ağrıdağı Ermənistan
gerbində əks etdirib. Qondarma erməni soyqırımı
ilə bağlı kampaniya aparır və Qarabağı
işğalda saxlamaqda davam edir". Millət vəkili deyib
ki, Ermənistan Türkiyənin sərhədlərin
açılması ilə bağlı irəli
sürdüyü şərtlərin heç birini yerinə
yetirməyib və yetirmək niyyətində də deyil:
"Bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan iki
gün əvvəl bildirdi ki, Türkiyənin şərt
qoyaraq münasibətlər qurulması ilə bağlı
mövqeyini qəbul etmirlər. Belə bir şəraitdə
Türkiyənin Ermənistanla sərhədləri
açması, diplomatik münasibətlər qurması Azərbaycan
kimi Türkiyənin də maraqlarına ziddir. Artıq bu
ölkənin Cumhuriyyət Xalq, Milliyyətçi Hərəkat
və digər partiyaları, türk xalqı ciddi
etirazlarını bildirirlər. İnanırıq ki, rəsmi
dairələr Türkiyə və Azərbaycanın
maraqlarına zidd olan bu addımı atmayacaq". Millət vəkili
hesab edir ki, sərhədlərin açılmasından yeganə
qazanacaq tərəf Ermənistan olacaq: "Ermənistanda bu
gün vəziyyət çox pisdir, daxili iqtisadiyyatı
çöküb, sosial vəziyyət ağırdır. Sərhədlərin
açılması Ermənistanın iqtisadiyyatının
inkişafına müəyyən təkan verəcək,
sosial vəziyyətin düzəlməsinə yol açacaq. Ermənistan
həm iqtisadi, maliyyə imkanları baxımından, həm də
psioxoloji olaraq qazanacaq. Bu da Qarabağ münaqişəsinin həllinə
mənfi təsir edəcək. Ermənilər özlərini
bir az daha güclənmiş hiss edəcəklər. Türkiyə
xalqı buna imkan verməməlidir. Təəssüf ki, Qərbdəki
bir çox qüvvə, Avropa Birliyi Türkiyəyə sərhədləri
açmaq barədə təzyiqlər edirlər. Bunun regional əməkdaşlığa
yol aça biləcəyini vurğulayırlar. Bunlar doğru
yanaşma deyil. Əminəm ki, Türkiyəyə olan xarici təzyiqlərə
türk siyasi qüvvələri, xalqı öz sözünü
deyəcək və bunu daxildə istəyən qüvvələrə
qarşı da münasibətini bildirəcək. İmkan verməyəcək
ki, sərhədlər açılsın". Millət vəkili
ümid edir ki, rəsmi Ankara məsələni geniş təhlil
edəcək və əvvəlki mövqeyi saxlayacaq:
"Xalqımızın gözləntisi də bundan ibarətdir".
Sərhədlərin
aprelin 16-da açılacağı barədə xəbərlərə
toxunan Q.Paşayeva bu fikrin mətbuatda səsləndiyinə
diqqət çəkib: "Türkiyə rəsmilərinin
açıqlamalarından da göründü ki, onlar bu
addımı atmaq niyyətində deyillər. Burda söhbət
hansısa aydan və tarixdən getmir. Ortada şərtlər
var. Ermənistan da onları yerinə yetirməlidir".
Gələn həftə
Azəbaycandan bir qrup qadın millət vəkilinin məsələ
ilə bağlı Türkiyəyə səfər edəcəyini
deyən Q.Paşayeva özünün də həmin qrupun
üzvü olduğunu söyləyib: "Tədbirlərdə
iştirak edib, xalqımızın və dövlətimizin
mövqeyini qarşı tərəfə
çatdıracağıq".
P.SULTANOVA
525-ci qəzet.- 2009.- 10 aprel.- S.2.