Ziyafət Əsgərov:
"Başa düşə
bilmirik, sərhədlər
niyə və hansı məntiqlə açılmalıdır?"
"Türkiyə-Ermənistan
sərhədlərinin açılması Azərbaycanın
milli maraqlarına və mənafeyinə ziddir. Vaxtilə
Türkiyənin keçmiş prezidentləri Süleyman Dəmirəl,
Əhməd Necdət Sezər, həmçinin indiki hakimiyyət
rəsmiləri bu fikri vurğulayıblar". Bu
açıqlama ilə Milli Məclisin birinci vitse-spikeri Ziyafət
Əsgərov çıxış edib. O deyib ki ki, prezident
Abdullah Gül Azərbaycanda rəsmi səfərdə olanda
parlamentdə çıxışı zamanı sərhədlərin
açılmasının üç şərtin ödənilməsindən
asılı olduğunu vurğulamışdı: "Ermənistan
uydurma soyqırım iddialarından vaz keçməli,
Türkiyəyə qarşı ərazi iddialarından çəkilməli
və Azərbaycanın işğal altında olan
torpaqlarından çıxmalıdır. Heç bir şərt
yerinə yetirilməyib. Heç nə dəyişməyib.
Belə olan halda sərhədlər niyə və hansı məntiqlə
açılmalıdır? Biz bunu başa düşə
bilmirik". Z.Əsgərov hesab edir ki, bu şərtlərin
heç birinə əməl edilmədən sərhədlərin
açılması ən azı təəccüb və təəssüf
doğurar. Sərhədlərin açılmasının Azərbaycan-Türkiyə
parlamentlərarası əlaqələr təsirinə gəlincə,
Z.Əsgərov deyib ki, Türkiyə Azərbaycana qardaş
dövlətdir: "Hesab edirəm ki, bu həmişə də
belə olacaq. Türkiyə ilə münasibətlərimiz o
qədər yaxındır ki, bu strateji müttəfiqlikdən
də yuxarıdır. Belə olan halda düşünmürəm
ki, məsələ Azərbaycanın ziyanına həll
edilsin. Tükiyədə yəqin ki, bu məsələ yenidən
ölçülüb-biçiləcək və Azərbaycanın
ziyanına qərar qəbul edilməyəcək". Gələn
həftə Bakıda iki ölkə parlamentarilərinin
iştirakı ilə görüşün keçiriləcəyini
də vurğulayan birinci vitse-spiker orda geniş müzakirələr
aparılacağını önə çəkib.
Bəzi millət vəkillərinin
Türkiyə-Ermənistan münasibətləri ilə
bağlı parlamentin qapalı iclasının keçirilməsi
barədə təklifinə də münasibət bildirən
Z.Əsgərov buna ehtiyac görmür: "Çünki Azərbaycan
ictimaiyyəti məsələ ilə bağlı fikrini,
mövqeyini bildirib".
Z.Əsgərov NATO-Azərbaycan
münasibətlərinə də toxunub. Deyib ki, qurumla Azərbaycanın
əlaqələri həmişə yaxşı səviyyədə
olub. "1994-1996-cı illərdə NATO ilə
imzalanmış sənədlər çərçivəsində
Alyansla çox gözəl əlaqələrimiz var. NATO-nun
60 illik yubiley tədbirlərindən birinin Azərbaycanda
keçirilməsi çox məntiqi bir məsələdir. Çünki
ölkəmiz qurumla münasibətlərdə çox səmimi
olub və Alyansın bütün tədbirlərdə öz səmimiyyətini
həmişə bildirib. Eyni zamanda NATO-nun Parlament Assambleyası ilə də gözəl əlaqələrimiz var. Azərbaycanda
iki dəfə Rouz-Roud seminarı keçirilib. Bu, ölkəmizə
olan inamdan, onun etibarlı tərəfdaş olmasından
irəli gəlir.
NATO rəhbərliyi də bunu yüksək
qiymətləndirir".
Münasibətlərin
çox böyük gələcəyi olacağına
inandığını deyən Z.Əsgərov Azərbaycanın
Əfqanıstanın yenidən qurulmasında hansı formada
iştirakına da toxunub: "Məsələnin detalları
ilə bağlı heç nə deyə bilməyəcəyəm.
Amma ümumiyyətlə
bilirsiniz ki, sülhməramlılarımız orada təhlükəsizliyin
qorunmasında iştirak
edirlər. Lazım olsa, iştirakımızı
bundan sonra da davam etdirəcəyik".
Azərbaycanın sülhməramlıların sayını artıra bilməsinə gəlincə,
Z.Əsgərov bunun şəraitdən asılı
olacağını deyib.
NATO PA-nın yaz sessiyasında hansı müzakirələrin aparılacağı
ilə bağlı da sualı cavablandıran
birinci-vitse spiker deyib ki, may
ayında Osloda tədbir baş tutacaq: "Ümumi məlumat almışıq.
Amma proqramda konkret hansı məsələlərin
olacağını bir
həftəyə qədər
biləcəyik".
525-ci qəzet.- 2009.- 10 aprel.- S.4.