Bakıda yaşayan türk iş adamları və tələbələr etiraz
aksiyası keçirdilər
AKSİYA İŞTİRAKÇILARI TÜRKİYƏ
İQTİDARININ ERMƏNİSTANLA SƏRHƏDLƏRİ
AÇMAQ İSTƏMƏSİNƏ QARŞI ÇIXDILAR
Azərbaycanda yaşayan
türk iş adamları və tələbələr
Türkiyə-Ermənistan sərhədlərinin açılmasına
etiraz olaraq dünən aksiya keçiriblər. APA-nın məlumatına
görə, Nərimanov parkında keçirilən etiraz
aksiyasına azərbaycanlılar da qatılıb. Əllərində
"Qarabağı unutma", "Öncə Qarabağ"
sözləri yazılmış plakatlar tutan aksiya
iştirakçıları sərhədlərin
açılmaması üçün Türkiyə prezidenti
Abdullah Gülə müraciət də ünvanlayıblar:
"Hazırda Azərbaycan torpaqlarının 20 faizi erməni
işğalı altındadır və bir milyona yaxın azərbaycanlı
Dağlıq Qarabağdakı yurdlarından uzaqda yaşamaq məcburiyyətində
qalıblar. Masada heç bir şey Qarabağdan önəmli
deyil. Çünki Dağlıq Qarabağ əsil Azərbaycan
torpağıdır və heç bir şey uğrunda Vətən
torpaqlarından vaz keçilməz. Bir burada imzası olanlar
Dağlıq Qarabağ probleminin həll olması yolunda Azərbaycan
prezidenti cənab İlham Əliyevin siyasətini sonadək dəstəkləyirik".
Müraciət müəllifləri hər iki xalqın ortaq
problemi olan Dağlıq Qarabağın geri alınması və
qaçqınların öz evlərinə dönə bilməsi
üçün Türkiyənin indiyədək olan dəstəyinin
və qardaşlıq münasibətinin davam etməsinin və
Ermənistanla sərhədlərin
açılmamasının milli mənafelərimiz
üçün önəmli məqam olduğunu bildiriblər.
Aksiyada toplanan imzalar Türkiyənin Azərbaycandakı səfirliyinə
təqdim olunub.
Azərbaycanlı iş
adamı Murat Əroğlu APA-ya açıqlamasında
bildirib ki, etiraz aksiyası üç gün davam edəcək.
Bu gün aksiyanın Hüseyn Cavid parkında və Xocalı
soyqırımına həsr olunmuş abidənin önündə
keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın
aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom"
şirkətinin prezidenti Ali Ağan da Türkiyə ilə Ermənistan
arasında sərhədlərin açılmasının əleyhinədir.
Bu barədə A.Ağan APA-ya verdiyi açıqlamasında
bildirib. "Azercell"in siyasətə
qarışmadığını bildirən A.Ağanın
sözlərinə görə, regionda ölkələr
arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi
üçün həmin dövlətlər arasında siyasi əlaqələr
yaxşı olmalıdır.
"Lakin bir Türkiyə
vətəndaşı olaraq, mən Türkiyə ilə Ermənistan
arasında sərhədlərin açılmasının əleyhinəyəm.
Bu, mənim şəxsi fikrimdir. Azərbaycan Türkiyə ilə
qardaş ölkədir, dost tapmaq olar, amma qardaş yox. İqtisadi
inkişaf isə siyasi stabillikdən asılıdır.
Ümid edirəm ki, bizim bölgədə siyasi problemlər
tezliklə aradan qalxacaq".
A.Ağan həmçinin
Azərbaycanla Türkiyənin strateji layihələrdə
müttəfiqlik etdiyini, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum,
Bakı-Tiflis-Qars layihələrini birgə işlədiyini
qeyd edib: "Ermənistan Azərbaycanın 20 faiz
torpağını işğal edib ki, bu da, milyonlarla
insanın qaçqın və köçkün olmasına səbəb
olub. Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, Ermənistanın
Türkiyəyə qarşı irəli sürdüyü
uydurma "erməni soyqırımı" məsələsi
və Qarabağ münaqişəsi problemləri aradan
qalxmayınca, sərhədlərin açılmasının əleyhinəyəm".
Türkiyə ilə Ermənistan
arasında sərhədlərin açılacağı təqdirdə
bir sıra Türkiyə şirkətinin ora sərmayə
yatırmaq niyyətində olması barədə yayılan xəbərlərə
gəldikdə isə, A.Ağan ilk növbədə qeyd edib
ki, Azərbaycan Ermənistanı makroiqtisadi göstəricilərə
görə xeyli qabaqlayır və Ermənistana sərmayə
yatırılması Azərbaycana yatırılan investisiyaların
səmərəliyini verə bilməz.
"Qarabağ problemi həll
olunmadan Türkiyə - Ermənistan sərhədinin
açılmasını düzgün saymıram". Bunu isə
Türkiyənin Bakıda fəaliyyət göstərən
"Cen Telecom" şirkətinin rəhbəri Mehmet Eren
deyib. Sərhədin açılmayacağını
düşünən iş adamı hesab edir ki, belə bir
addımın Türkiyəyə heç bir faydası
olmayacaq: "Biz illərdir, türk milləti olaraq erməni
problemi ilə üz-üzəyik. Ona görə də sərhədin
açılacağına inanmıram. Bu baxımdan Azərbaycanla
Türkiyə arasında da hər hansı problem də
yaranmayacaq. Çünki biz erməni probleminə görə
hər zaman birlikdə hərəkət etmişik, bundan sonra
da belə olacaq. İqtisadi olaraq da, millət olaraq da dost və
qardaşlığımız davam edəcək".
M.Eren bildirib ki, Ermənistan
ticarət və iqtisadi yatırımlar baxımından
heç vaxt Azərbaycanı əvəz edə bilməz:
"Türkiyə illərdir, Azərbaycanda iqtisadi işlər
həyata keçirir, buna yeni başlamayıb. Onun
üçün də Ermənistanla münasibətlərin
Türkiyə üçün iqtisadi faydasından
danışmaq belə düzgün deyil. Çünki
heç vaxt bu mümkün olmayacaq".
"Merd Petrol" Azərbaycan-Türkiyə
Birgə Müəssisəsinin təsisçisi Ercan Turan da Azərbaycan
və Türkiyənin tarix boyu yaşadığı eyni kədəri,
eyni sevinci paylaşdığını, hələ ötən
əsrin əvvəlində Azərbaycana köməyə gələn
Nuru Paşanın rəhbərlik etdiyi türk ordusunun
Bakının azadlığı uğrunda apardığı
döyüşlərdə həlak olmuş əsgərlərin
Azərbaycan paytaxtının ən uca yerində uyuduğunu
qeyd edib: "Ötən əsrin 90-cı illərinin əvvəlində
Azərbaycanın yenidən dövlət müstəqilliyini əldə
etdikdən sonra Türkiyənin hər zaman Azərbaycanın
yanında olduğu, həmçinin iki ölkənin birgə
səyi nəticəsində bir çox layihənin həyata
keçirildiyi bizlərə yaxşı bəllidir. Lakin son
günlər Türkiyə və Ermənistan arasında sərhədlərin
açılması ilə bağlı aparılan
danışıqlar bütün Azərbaycan xalqını
narahat edir. Azərbaycan ərazilərinin 20 faizinin
işğal olunması, 1 milyondan çox vətəndaşın
öz doğma torpaqlarından qovulması, Xocalı
soyqırımının törədilməsi bütün
dünyaya məlumdur. Bununla bərabər, ermənilərin
Şərqi Anadolunun bir hissəsinin "Qərbi Ermənistan"
olaraq qəbul etmələrini, Ağrı dağını
"Ermənistan Milli Simvolu" olaraq gördüyünü
bilirik. Qarabağ məsələsi çözülməyincə,
Ermənistan öz Konstitusiyasından Türkiyəyə
qarşı ərazi iddiasını çıxarmayınca,
Ağrı dağının Ermənistanın simvolu
olmasından imtina edilməyincə, İrəvanla hər
hansı münasibət qurulması yolverilməzdir. Biz əminik
ki, Türkiyə dövləti bütün bunların həlli
üçün əlindən gələni edəcək. Prezident
Abdullah Gülün də qeyd etdiyi kimi, Qarabağ məsələsində
qaneedici irəliləyiş olmadan Türkiyə-Ermənistan əlaqələrində
çox sürətli inkişafın baş verməsi çətindir".
E.Turanın fikrincə,
heç bir Türkiyə Cümhuriyyəti hökuməti Ermənistanı
qarşılıq görmədən sözdə qazanmaq
uğrunda qardaş Azərbaycanı itirməyə və
gözdən çıxarmağa hazırlaşmamalıdır:
"Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət,
iki dövlətik. Bu, bütün tarix boyu da belə olacaq.
Türkiyə və Azərbaycan bu günə qədər
öz xalqlarını müdafiə etmək kimi tarixi məsuliyyət
daşıyır. Türkiyə Cümhuriyyəti vətəndaşı
olaraq inanıram ki, Türkiyə hər zaman olduğu kimi, yenə
də Azərbaycanla bərabərdir. Bizim heç birimizin Azərbaycan
türkünü incitməyə, onun sevgi və
sayğısını itirməyə haqqımız
yoxdur".