Cəfərəli Taşbağ:
"Biz iqdırlılar
Ermənistanla sərhədlərin
açılmasından narahatıq"
"TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİ
AÇILSA, ŞƏXSƏN MƏN ETİRAZÇILARIN
ÖNÜNDƏ GEDƏCƏYƏM"
İqdırlılar həyəcan
təbili çalır! Çox yaxşı olardı ki, Azərbaycandan
bir dövlət orqanı səlahiyyətləndirilsin,
İqdırın ziyalılarından, nüfuzlu iş
adamlarından, ağsaqqallarından nümayəndələr
seçilsin, burada və ya Bakıda İqdırda yaşayan
azərbaycanlıların bərabərliyi yolları
müzakirə olunsun, ortada olan problemlər,
anlaşılmazlıqlar aradan qaldırılsın. Bu gün
Bərzani və ya təlabani İraqda oturub Türkiyədəki
kürdün problemindən danışa bilir, bizim
haqqımızda niyə danışmasınlar? Bizim
günahımız nədir ki, Araz torpağı ikiyə
bölüb və biz bu tərəfdə qalmışıq?!
"525"in
müxbirinin suallarını İqdırın nüfuzlu şəxslərindən
biri - iş adamı, Mustaş LTD şirkətinin sahibi Cəfərəli
Taşbağ cavablandırır.
- Cəfərəli bəy,
Ermənistan-Türkiyə sərhədlərinin
açılması ilə bağlı mövqeyiniz necədir?
- Mən sərhədlərin
açılmasının tərəfdarı deyiləm. Mən
bununla bağlı öz mövqeyimi neçə illər
bundan əvvəl bildirmişəm. Nədənsə, 3-4 il əvvəl
sərhədlərin açılması ilə bağlı
müzakirələr gedəndə bəziləri bundan öz
siyasi məqsədləri üçün istifadə edirdilər.
Amma iqdırlıların əksəriyyəti sərhədlərin
açılmasına qarşıdır. Burda hər birimiz Ermənistanla
sərhədlərin açılmasından narahatıq. Biz azəri
türküyük. Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın
işğalı altındadır, bir milyondan artıq
qaçqını var. Yaxşı Azərbaycanla bağlı
məsələni qoyaq bir kənara, bəs, Türkiyənin
özünə qarşı irəli sürülmüş
iddialar?! Ermənistanın Türkiyəyə qarşı da
torpaq iddiası var. Bundan başqa, xaricdə nə qədər
səfirlərimizi, konsullarımızı öldürüblər.
Bu məsələdə Türkiyədəki bəzi qüvvələr
ya Avropanın, Amerikanın oyununa giriblər, ya da məcbur
qalıblar. Ümumiyyətlə, səbəbini anlamaq olmur.
Son dövrlərə qədər "Qarabağ problemi həll
olunmayınca, qaçqınlar yurdlarına qayıtmayınca
sərhədlər açıla bilməz" deyən
insanlar bu gün sanki bütün problemlər həll
olunmubmuş kimi davranırlar. İndiki vəziyyətdə sərhədlərin
açılması düzgün qərar deyil. İlk növbədə
qaçqınlar yurd-yuvalarına dönməli, işğal
olunmuş Azərbaycan əraziləri qaytarılmalı, ermənilər
Türkiyəyə qarşı torpaq iddialarından geri
çəkilməlidir. Sərhədlərin açılması yalnız Türkiyə rəhbərliyinin qərarı
əsasında həll
olunmamalı, Azərbaycan
xalqının istəyi
də nəzərə
alınmalıdır. İndi
İqdır camaatı
elə bilir ki, əhalinin hamısı sərhədin
açılmasından faydalanacaq.
Necə ki, Azərbaycanla sərhədlərin
açılmasından hamı
yararlana bilmədiyi, hamı iş qura bilmədiyi kimi, Ermənistan qapılarının açılmasından
da hamı yararlana bilməyəcək...
...1992-ci ildə Sədərək
gömrüyü açılanda İqdırda adam əlindən
tərpənmək olmurdu. Şokaladın, saqqızdan
tutmuş, pal-paltara qədər hər şey alırdılar.
Amma Azərbaycandakı qardaşlarımızın çoxu
zaman keçdikcə gördülər ki, İqdır pul
qazanmaq üçün çox kiçik yerdir və
artıq alış-veriş üçün istehsal müəssisələrinə
getdilər. Ermənilər onsuz da təyyarə ilə
İstanbula gedib alış-veriş edir. Daha yaxşı
imkanlar varsa, erməni gəlib iqdırlı ilə alış-veriş
etməz, İstanbulda oturan erməni ilə alver edər. İqdır
olsa-olsa tranzit yol kimi sərfəli ola bilər. Yəni, bu məsələnin
İqdıra bir xeyri yoxdur. Onsuz da ermənilər
Gürcüstan üzərindən türk mallarını
alırlar, ticarət həmişə olub. Hökumət rəhbərlərinin
açıqlamasından da məlumdur ki, 70 min erməni
qaçaq yolla İstanbulda yaşayır. Bir halda ki erməni
İstanbula gedib-gələ bilir, İqdır qapısı niyə
bu dərəcədə əhəmiyyət
daşıyır?!
- Cəfərəli bəy,
son bələdiyyə seçkiləri nəticəsində
separatçı kürd təmayüllü DTP İqdır rəhbərliyinə
sahib oldu. Qarsda sərhədlərin açılması ilə
bağlı tendensiya İqdırda da davam edə bilərmi?
- Türkiyə-Ermənistan
sərhədlərinin asılması məsələsi
dövlətlərin verəcəyi qərardır. Amma biz xalq
olaraq bu məsələ ciddiləşəndə yolu kəsməli,
boykot, mitinqlər etməliyik və edəcəyik də. Şəxsən
mən etirazçıların önündə gedəcəyəm.
Çünki sərhədlərin açılması bizə
ziyan verəcək. 1992-ci ildən əvvəl - Turqut
Özalın zamanında Avropa ölkələrindən Ermənistana
göndərilən yardımı İqdırdan keçirmək
istəyirdilər. Burda yaşayan azərbaycanlılar Yunis
dağı tərəfdə tir maşınlarının
önünə keçdi, onların getməsinə əngəl
oldu və geri qaytardı.
Azərbaycan rəhbərliyindən
yeganə xahişimiz budur ki, İqdırda
soydaşlarının yaşadığını
unutmasınlar. Biz onlardan tək bir şey istəyirik - bizə
sahib çıxsınlar. Azərbaycan telekanallarına baxanda
görürəm ki, Gürcüstandakı azərbaycanlılara
yüksək diqqət və qayğı göstərilir,
onlara hər bir məsələdə maddi və mənəvi
dəstək göstərirlər. Demirik ki, bizə maddi
yardım etsinlər. Mənəvi olaraq dəstək olsunlar
bizlərə. Burda bizlərin var olduğunu bilsinlər.
İqdırda yaşayan azərbaycanlıların 100 faizi Azərbaycan
üçün canlarını belə verməyə
hazırdır. Onlardan biri də mənəm.
Çox yaxşı
olardı ki, Azərbaycandan bir dövlət orqanı səlahiyyətləndirilsin,
İqdırın ziyalılarından, nüfuzlu iş
adamlarından, ağsaqqallarından nümayəndələr
seçilsin, burada və ya Bakıda İqdırda yaşayan
azərbaycanlıların bərabərliyi yolları
müzakirə olunsun, ortada olan problemlər,
anlaşılmazlıqlar aradan qaldırılsın. Bu gün
Bərzani və ya təlabani İraqda oturub Türkiyədəki
kürdün problemindən danışa bilir, bəs, bizim
haqqımızda niyə danışmasınlar? Bizim
günahımız nədir ki, Araz torpağı ikiyə
bölünüb və biz bu tərəfdə
qalmışıq?!
İlhamə QASIMLI,
İqdır
525-ci qəzet.- 2009.- 10 aprel.- S.2.