Mehmet Nuri Güneş: "Obama qərar verəndən sonra Türkiyə Ermənistanla sərhədlərini
açacaq"
DTP-li BƏLƏDİYYƏ
BAŞÇISINDAN ERMƏNİSTANLA SƏRHƏDLƏRİN
AÇILMASINA ETİRAZ EDƏNLƏRƏ XƏBƏRDARLIQ:
"BİZ BUNA İMKAN VERMƏYƏCƏYİK"
Türklər demiş,
iştə Mehmet Nuri Güneş! O Günəş ki, əhalisinin
böyük əksəriyyəti Azərbaycan kökənli
olan bir şəhərin - İqdırın kürd kökənli
və separatçı ideologiyalı bələdiyyə
başçısı seçildi. Bu barədə gələn
saylarımızda yazacağıq. Yəqin ki sürpriz nəticənin
qəhrəmanı olan və təhlükəli ideologiyaya
xidmət edən bir şəxsin Azərbaycanla həmsərhəd
və on minlərlə soydaşımızın
yaşadığı bir şəhərə rəhbərlik
etməsi Azərbaycan üçün yeni fəaliyyət
istiqamətini müəyyənləşdirmək
üçün əsas olacaq. "525"in müxbirinin
Mehmet Nuri Güneşlə müsahibəsi də
İqdırın Azərbaycanla bundan sonrakı əlaqələri,
eləcə də onun azərbaycanlılarla bağlı fəaliyyəti
ətrafındadır.
- İqdır bələdiyyəsinin
yeni rəhbəri kimi Azərbaycanla əlaqələrdə nələri
vəd edirsiniz?
- Biz mövcud əlaqələri
daha çağdaş, insana yaraşan səviyyəyə yaxınlaşdıracağıq.
Bu günə qədər İqdırda biryönlü idarəetmə
vardı. Biz çağdaş, insana yaraşan, irqçilik
qoxumayan, insanı insan kimi görən bir idarəetmə
prinsipi ilə işləyəcəyik. İnsana dəyər
verən, insanı insan kimi görən, insanı kiçiltməyən
bir anlayışla çalışacağıq. Məqsədimiz
dostyana əlaqələr qurmaqdır. Bundan təbii nə ola
bilər ki?! Bundan öncə necə olduğunu bilmirəm,
amma biz əlimizdən gəldiyi qədər daha
çağdaş, topluma faydalı olan əlaqələri
inkişaf etdirəcəyik.
Mənim babam 118 il əvvəl
irqçiliyin üstündən xətt çəkərək
azəri ilə evlənib. Nənəm İrəvan
xanının qızıdır. Biz irqçiliyi
qırmışıq, sizlər isə hələ də yox.
- DTP-nin əhalisinin əksəriyyətinin
azərbaycanlılardan ibarət İqdır bələdiyyəsini
qazanması Azərbaycanda təəccüblə
qarşılanıb. Hətta belə fikirlər də var ki,
kürd partiyasının seçkilərdə qələbəsi
İqdırda azərbaycanlıların sayının
azalmasına və onların İqdırdan köçməsinə
səbəb olacaq...
- Bu günə qədər
bu işə təpki göstərənlərin bir az özlərinə
nəzər salmalarına ehtiyac var. İndiyə qədər
İqdırda təkyönlü və sadəcə,
özünü düşünən yönətim vardı. Biz
isə onlardan daha çağdaşıq, daha çox
demokratık, bizim insanlara önəm verən idarəetmə
anlayışımız var. Kimsənin narahat olmasına gərək
yoxdur. Biz çağdaş düşüncəyə
üstünlük verəcəyik. Bizim fəaliyyətimizi izləyib
görəcəksiniz.
Bəziləri burda
kresloya yiyələnmək, iqtidarda olmaq üçün 80
ildir irqçiliyi rəhbər tutur. Buna heç kim təsir
etməyib. İqdırda solçu olub MHP-ləşən
insanlar var. Amma onlar utanacaqlar. Bələdiyyə xidmət
qapısıdır - biz hər kəsə bərabər
hüquqla yanaşacağıq.
- İqdırın həm
də Ermənistanla sərhədi var. Sizin Ermənistanla sərhədlərin
açılması ilə bağlı düşüncələriniz
necədir?
- Bu bizim səlahiyyətimizə
aid məsələ deyil. Biz istərdik ki, hər kəs
bir-biri ilə dostcasına əlaqələr qursun. Sərhədlərin
açarı Obamanın əlindədir - Obama qərar verəndən
sonra Türkiyə Ermənistanla sərhədlərini
açacaq. Türkiyənin də, Azərbaycanın da
açarı Obamanın əlindədir. Şəxsi fikrim isə
budur ki, insanlar bir- birinə düşmən
olmamalıdır. Biz dostyana əlaqələr qurmaq istəyirik.
Bəziləri bu məsələdə xalqı narahat etməyə
yönəlmiş fəaliyyət göstərir. Biz buna imkan
verməyəcəyik.
- Otağınızda,
başınızın üzərində Atatürkün
böyük portreti var. Atatürk ideologiyasına münasibətiniz
necədir və bu portreti saxlayacaqsınızmı?
- Belə şeyi
soruşmaq ayıbdır. Atatürk qurtuluş mücadiləsi
verən, hər kəsin qəbul etdiyi dəyərdir.
İlhamə QASIMLI,
İqdır
525-ci qəzet.- 2009.- 10 aprel.- S.7.