İşıq yazısı
– fotoqrafiya
"İLYAS GÖÇMƏNİN
ŞƏKİL DƏFTƏRİ" HAQQINDA SÖHBƏT
Bu yaxınlarda
"Mütərcim" nəşriyyatında şair Səlim
Babullaoğlunun "İlyas Göçmənin şəkil
dəftəri" şeirlər kitabı işıq
üzü görüb. Sözügedən kitab şairin
"Tənha" və "On" kitablarından sonra anadilli
oxucularla üçüncü görüşüdür. İndiyədək
dünya ədəbiyyatından Ç.Miloş, O.Vəli,
F.H.Dağlarca, İ.Brodski və Ş.İataşvilinin
şeir kitablarını Azərbaycan dilinə tərcümə
edən istedadlı tərcüməçi adıçəkilən
son kitabında türkiyəli fotoqraf İlyas Göçmənin
fotolarını SÖZə çevirib. Şairlə söhbətimiz
də həmin kitabla bağlı oldu. Fotolara şeir yazmaq
ideyasının haradan qaynaqlanması və ümumiyyətlə,
şairin son kitabı ilə bağlı
paylaşdığı fikirlərin oxucularımız
üçün də maraqlı olacağını
düşündük.
- Öncə istərdim,
fotoları yeni kitabınızın mövzusuna çevrilən
İlyas Göçməni oxucularımıza
tanıdasınız. Onun şəkil dəftəri əlinizə
haradan keçdi və necə oldu ki, onlara şeir yazmaq fikrinə
düşdünüz?
- Sistem və silsilə
şəklində olmasa da, poeziya tarixində rəsmlərə
və fotolara şeirlər həsr edilib. Belə desək,
şeirin rəssamlığa və eləcə də tərsinə
təsirlərinə rast gəlinir. Şəkillərə
şeir yazmağım təbii alındı.
Tanınmış türk şairi Orxan Vəlinin şeirlərini
hazırlayıb "Dünya ədəbiyyatı" dərgisinin
əlavəsi kimi nəşr eləmişik. Həmin vaxt "Orxan Vəli Şeir Evi" ilə əlaqələrim
quruldu. Orxan Vəlinin ən yaxşı müasir tədqiqatçısı Şərəf
Özsoyun təklifi ilə məni 2006-cı ildə İstanbula, Qəbzə bələdiyyəsinin təşkil
elədiyi "Əskihisar
şeir festivalına"
dəvət etdilər.
Elə o vaxtlar İstanbulda Yasemin Bayerin tərcüməsində "İyunda
oxunan nəğmələr"
kitabım nəşr
olunmuşdu. Həmin vaxt festivalda iştirak etməklə bərabər kitabın təqdimat mərasimində
də oldum. Yasemin xanımın böyük səyləri
ilə bir çox görüşlərə
qatıldım. Elə o
görüşlərin birində
sözügedən kitabın
üz qabığının
dizayneri, Türkiyənin
"Salı" qrupuna
aid məşhur fotoqrafı və Bayerlər ailəsinin dostu İlyas Göçmənlə tanış
oldum. İlyas Göçmən 1980-ci ildən
etibarən bədii foto ilə məşğul
olmağa başlayıb.
Əsərləri
həm Türkiyədə,
həm də xaricdə nəşr olunan çox müxtəlif albom və kitablarda həm tək-tək, həm də silsilə kimi yer alıb.
Dünya miqyasında
49 mükafatın sahibidir.
Tanışlıqdan sonra
fotoqraf mənə
"Türk fotoqrafçıları-40"
seriyasından olan albomunu hədiyyə etdi. Alboma 40 fotonun yer aldığını
öyrənəndə nağıl
şərtlərindən birinin
artıq hazır olduğunun fərqinə vardım. Bayerlərin evində qonaq olduğum o gözəl günlərin
birində Yasəmin xanıma bu fotoların hər birinə şeir yazmaq qərarımı açıqladım. Bunu niyə dediyimi, yaxud bu qərarı
nədən qət etdiyimi axıracan anlamamış, elə həmin axşam "Təsvirə ithaf" adlı ilk şeiri
yazdım.
- Fotolara
şeirlər yazmaq bizim ədəbiyyatımızda yeni bir
ideyadır. İncəsənətin bu növünü
şeirlə qovuşdurmaq ideyası məhz həmin albomu
alandan sonra ağlınıza gəldi, yoxsa bu,
düşüncələrinizi əvvəldən də məşğul
edirdi?
- Riçard
Avedon yazır ki, bütün fotolar dəqiqdi, amma onların
heç biri həqiqət deyil. Məni o şeirləri
yazmağa sövq edən bəlkə də bir az
şüuraltında yatan bu qənaət idi. Hələ
yüz əlli il əvvəl Bodler fotoqrafiyanı ziyanlı sənət
hesab eləmişdi. Daha doğrusu, o varlığın mahiyyətinin
fotoda açılmasını mümkünsüz hesab eləmişdi.
Doğrudumu, yalandımı? Bu haqda mübahisə eləmək
olar. Bu gün biz təsvirin və səsin sözü üstələdiyi
dövrdə yaşayırıq. Əlbəttə,
düşünə bilərlər ki, qrafikliyi və səslənməsi
nəzərə alınarsa söz elə təsvir və səs
deməkdi. Əgər bizə mahiyyət lazım deyilsə,
elədi. Başqa bir yandan baxanda şeir fotoya oxşayır. Süjetin
metafizik xüsusiyyətləri kəskin şəkildə
fokusda cəmlənməlidir və cəmlənib. Şair istəməsə
belə, bir az da fotoqrafdır, hər bir şeyi qeydə
alandır. Fransız fotoqrafı Robert Duano da bu təcrübəni
ümumiləşdirərək poeziyanın fotoqrafiyaya rəssamlıqdan
daha yaxın olduğu qənaətinə gəldiyini deyib. Zənnimcə,
bu fikir də mübahisəlidir. Bu kitabda yer alan şeirlər
qarışıq və ziddiyyətli çək-çevirlərin
arasından sızıb. Mən bu şeirlərdə bəzən
gördüyümü təhlili etmişəm, bəzən
görməli olduğumuzu faş etməyə
çalışmışam, bəzən də şəkillərin
təklif etdiyi reallıqlar ürəyimi açmayanda
başqa bir təklif irəli sürmüşəm. Bu
dövrdə fotoqrafiyanın tarixi ilə bağlı bəzi
məqalələrlə tanış olmuşam. Aristotel,
Platon, Demokrit, Əbu Əli ibn-əl-Həysam, Leonardo da
Vinçi , Bekon, Daqer, Tabott kimi azman el adamları təsvirin
qeydə alınması üçün
çalışıblar, fikir söyləyiblər,
uğurlar əldə ediblər. Ancaq iki min ildən artıq
bir vaxt gərəkib ki, insanın və təbiətin dəqiq
təsvirini çəkmək mümkün olsun. İnsan min
illər sərf edib ki, təsviri qeydə ala bilsin. Amma indi rəqəmsal
fotoaparatlar hər üç aydan bir təkmilləşir. Pis
budu, bu illər ərzində unutmuşuq ki, biz təsviri
yalnız qeydə alanıq, həmin reallıqları yaradan
deyilik. Bu şeirləri qələmə alanda həmin
düşüncəni nəzərə almışam.
- Göy
üzü yorğanımız,
Torpaq
yatağımızdı bizim.
Su, smit,
midya satar,
Ayaqqabı
boyayar,
hər nə
iş desən, gələr əlimizdən.
"Küçə
uşaqları" deyirlər bizə,
Bizlərsə
çöl quşlarıyıq.
Göy
üzü yorğanımız,
Torpaq
yatağımızdı bizim...
Kitabda yer
alan bu şeiriniz kimsəsiz uşaqlara həsr olunub. Fotoda əks
olunan gözləri ümidlə dolu uşaqların
baxışlarından bu şeiriniz oxunur...
- Küçədə
böyüyən uşaqlar çox şey danışa bilərlər,
amma az danışırlar. Bəlkə ona görə ki, mən
onların həyatı haqqında az bilirəm. Həm də həyatı
mərhumiyyətlərlə dolu olan uşaqlar nədənsə
mənə elə gəlir ki, müdrik adamlar kimi az şey
danışmağı sevirlər. Amma onların haqqında
deyilə biləcək ən pis şey bəlkə də
onların "küçə uşaqları"
adlandırılmasıdır. Küçə
çölün sonrakı adıdı, orada relyefi binalar,
arxitektura əvəz eləyir. Küçə bakirəliyini
itirmiş çöldü. Bu uşaqları
"küçə uşaqları" adlandırıb
onları yaralayanlardan fərqli olaraq mən onlara
"çöl quşları" deyib yaralarını
öz nəğmələriylə sağaltmaq istəmişəm.
- Nağıldakı
şərtlərdən birinin
olduğunu dediniz. Sizcə, İlyas Göçmənin
təsvirləri və
sizin şeirləriniz
birlikdə o sirli
40-cı qapını aça
bilibmi?
- Hər
şey bir nağılla bitsəydi, bəlkə də siz deyən
kimi ola bilərdi. Qırxıncı qapı onu açmaq
üçün yox, onun olduğunu anlamaq, onu görmək
üçündü. Nə bilim. Mən sadəcə olaraq
bir silsilə şeir yazdım. Məncə, bundan
artığını demək düz olmazdı.
- Bu təsvirlərin
şeirə çevrilməsi ürəyinizcə oldumu?
- Modernist poeziyada
əyani obrazlılıq
şərtlərdən biridir.
Amma söhbət təsvirin şeirə çevrilməsindən,
özü də bunu silsilə şəklində etməkdən
gedirsə, bunu əyani dilin üslubi hala gətirilməsi ilə etmək lazımdı.
Şeirlərimi yazanda yəqin
mən bu düşüncəylə, amma
intuitiv hərəkət
etmişəm. Fotoqrafiya - işıq
yazısı deməkdi.
Bu təkcə fiziki mənada deyil. Yəni biz də işığın
yazdığı yazılarıq.
Mənim
ilhamverici qüvvəm
bu olub. Bəzən elə olub ki,
bütün günləri
hər gün bir neçə saat olmaqla hər
hansı bir şəklə baxıb sonra yalnız bir neçə misra yazmışam. Olub ki, bir baxışla
şeiri qələmə
almışam. Hərdən də həftələrlə
sadəcə şəkillərə
baxmışam. Kitabda
yer alan
şeirlərin əksəriyyəti
verilibdi, qafiyə sistemi yoxdu. Deyə bilmərəm təsviri şeirə çevirməyi
nə qədər bacarmışam, amma buna çalışmışam.
"O,
şeirdə yalnız binanın fasadını təsvir edir,
bununla da insan münasibətlərinin sosial-mədəni
aspektlərini göstərir, kadrarxasında qalan fotoqrafın
köməyi ilə kimsəsiz çimərliyi təsvir edir,
bununla da ümumiyyətlə təsvir fenomeninin formulunu verir,
ata və uşaq arasındakı ilk baxışdan adi dialoqu
yazır və bu poeziya olur".
Şota İataşvili, şair,
"Mravalsakhovani Qvekana"
("Çoxsimalı ölkə") jurnalının
baş redaktoru, Gürcüstan
"Deyirlər ki,
foto donmuş zaman parçasıdır, bu yanlış ifadədi,
əslində foto donmuş məkan parçasıdı və
onun zamana heç bir dəxli yoxdu. Yəni onlarda zaman
dayanmayıb, onlar zamanın içindədirlər. Səlimin
İlyas Göçmənin fotolarına yazdığı
şeirlər bu məkan parçalarına zaman gətirir. Onlar
şəkil olmaqdan çıxır, canlanır. Bir də həmin
şeirləri oxu təcrübəmdən bildiyimdən deyirəm
ki, bu şeirləri təkrar-təkrar, bir neçə dəfə
oxumaq lazımdı, çünki şeirlərdəki sətiraltı
mənalar və tez-tez rastlanan "ikidiblilik" olduğuna
görə birinci oxu yalnız sözlərin şəklinə
baxmağa icazə verir".
Pərviz Yusif, yazıçı "Şəklin
özü və sözü", "Paritet qəzeti",
29 noyabr -1 dekabr 2008-ci il
"Babullaoğlu
"İlyas Göçmənin şəkil dəftəri"
şeir kitabı ilə yeni yaradıcılıq rakursunda
çıxış edir. Şeirlərini fotoların fonunda
yazması, fikir assosiasiyalarını onlara müraciətən
ustalıqla hörməsi klassik Şərq və dünya
poeziyasına, incəsənət tarixinə retrospektiv
yanaşmadan doğan orijinal cəhddir..."
Filologiya
elmləri doktoru Telman Vəlixanlı, "Təsvirin düsturu"
yazısından, "Yazar" qəzeti, 3-15 dekabr , 2008-ci il
"Onun
poeziyası Avropa və Asiya arasında axan, toxunanda adamı
ayıldan və adi şeylər haqqında sərt həqiqəti
anladan müdriklik energetikası il dolu çaydır. O, novator
şairidir, onun poeziyasını müasir Qafqazda təsadüf
saymaq olmaz".
Dalmira Tilepbergenova, şair, kinorejissor, Mərkəzi
Asiya PEN təşkilatının sədri,
Qırğızıstan.
"Səlimin
şeirləri bizim bir o qədər də
alışmadığımız bədii mətnlərdir-
özünün qeyri-adi ritmi ilə, "qəribə"
poetik sintaksisi, spesifik intonasiyası ilə. Bilmirəm, Səlimin
şeirləri haqqında yazılarda bu cəhət qeyd olunub,
ya yox, amma elə bu cəhət-qəribəlik və gözlənilməzlik
onların həqiqipoeziya kimi dəyərləndirilməsi
üçün yetərlidir. Məhz bu tipli əsələr
nəhəng dünya ədəbiyyatı okeanına
qovuşmağa gətirib çıxara bilər..."
Filologiya elmləri namizədi Məsihağa
Məhəmmədi,
"Sözun şəkli, şəklin
sözü", "Vətəndaş həmrəyliyi"
qəzeti,
26-29 noyabr, 2008-ci il.
525-ci qəzet.- 2009.- 11 aprel.- S.28.