Aysun
Yeni
bağ qonşumuz - kənd təsərrüfatı nazirliyində
aqrar sənaye ilə bağlı hansısa böyük bir
idarənin rəisi işləyən Mehman Qulamdarovun bizi təkidlə
evinə qonaq dəvət elədiyini eşidəndə əhvalım
pozuldu. Tanımadığım insanların əhatəsində
olmağın, üstəlik, protokol xatirinə deyilən ənənəvi
sağlıqlar və süni ünsiyyət naminə
quraşdırılan mənasız söhbətlər
yığnağının içinə düşməyin mənim
üçün nə qədər əzablı olduğunu
bilən ərim günah dolu üzlə:
- Yaxşı
deyil, nə qədər olmasa, qonşuluqdu. Deyərlər:
"saymadılar..." - deyəndə, məxsusi olaraq, mənimlə
- "yazıçı qonşuyla" yaxından
tanış olmaq məqsədi
daşıdığını dəqiq bildiyim bu məclisdən
yayınmağın mümkün olmayacağını hiss
edib susdum.
Yaşı
altmışı haqlasa da, seyrək, çal saçları,
iri gözlüklü eynəyinin arxasında kölgələnən
qoca gözləriylə daha ahıl görünən Mehman
Qulamdarov öz ailəsi ilə - bir vaxtlar hansısa uzaq
dağ kəndində şəfqət bacısı işləmiş,
ərə gedib dünyaya bir oğlan uşağı gətirəndən
sonra şəhərə köçmüş, əri
dövlət qulluğuna keçəndən sonra kökəlib,
ağırlaşıb, hərəkətsiz həyatdan və
yağlı yeməklərdən tez-tez qan təzyiqi qalxan
arvadı Zərifə xanımla və artıq evlənib, ailəsi
ilə birgə hansısa uzaq ərəb ölkəsində
yaşayan oğlunun on iki yaşlı qızıyla bizim
bağdan bir neçə həyət aralıda, təmirini
yenicə bitirib başa çatdırdıqları,
zoğalı rəngli kirəmitli damı gün
şüalarının altında qəribə narıncı
bərqlər vuran əzəmətli, üçmərtəbəli
evdə yaşayırdılar. Burda həmçinin, Zərifə
xanımın, həmin uzaq dağ kəndindən özüylə
gətirib gəldiyi bir neçə qohumu da ? orta yaşlı
ər-arvad və balaca oğlan uşağından ibarət
kiçik bir ailə də yaşayırdı. İlin
bütün fəsilləri, evin arxa tərəfindəki,
quş damından bir qədər böyük komada yaşayan
bu adamlar, havalar soyuyanda və ev sahibləri şəhər
evinə köçəndə də burda qalır, səhər-axşam
həyətdə, ya binanın mərtəbələri
arasında təsərrüfat və ev işləri ilə məşğul
olurdular.
Neçə
illərdən bəri yaydan-yaya nəzakət xatirinə,
uzaqdan-uzağa salamlaşdığım, bəzi ötəri
təsadüflərlə çimərlikdə, ya bağ
yolunda rastlaşarkən, həyəcandan pörtüşmüş
üzüylə yolumu kəsib xumarlı, ala gözlərini
süzdürə-süzdürə guya hal-əhval tutan, əslində
isə, ən yaxın məsafələrdən məni, ləzzətli
şərbəti sümürən tək, "qurtum-qurtum
içən" Zərifə xanımın çoxdannan bəri
mənə "göz qoyduğunu" bildiyimdən, bu qəfil
qonaqlığın təşəbbüskarının məhz
o olduğunu həmin dəqiqə anladım.
Qonaqlığa,
bu ailə ilə bizi necəsə, bir gün bağ yolunda
tanış eləyib, sonradan bütün ailə tarixçəsini
danışan çəpər qonşumuz Salman müəllimin
də, həyat yoldaşı Züleyxa xanımla dəvət
olunduğunu biləndə, halım lap xarablaşdı. Bir
vaxtlar ali təhsilini Moskvada başa vursa da, nəhəng
yük maşınlarının satışıyla məşğul
olan böyük bir şirkətin prezidenti Salman müəllimə
ərə gedəndən sonra darıxdırıcı evdar
qadın həyatını sürən, il uzunu bağ evində
yaşadığından və həyət-bacada ağır
ev işləri görməkdən dərisi qaralıb beli
bükülən, maraqsız, məzmunsuz günlərini,
tanış-bilişin "həyat və
yaradıcılığı" barədə necəsə əldə
etdiyi təfərrüatlı məlumatlarla və
düşdüyü məclislərdə, zahirinə
uyuşmayan kübarsayağı opera səsi ilə son təəssüratlarını
bölüşdüyü mütaliə ilə ovudan
Züleyxa xanımın da mənə olan
öldürücü marağını bildiyimdən,
sabahkı axşamın dəhşətindən məni xilas
edə biləcək çıxış yolları barədə
düşündümsə də, anladım ki, burda yeganə
əlac - məclislərdə tost deyib, lətifə
danışmaqdan, sözü qurtaranda, sazı sinəsinə
basıb qədim elə havaları oxumaqdan yorulmayan Salman
müəllimin özünədi.
...Biz,
Mehman Qulamdarovgilin, damlarının rənginə uyğun əzəmətli
bir zoğalılıqla rənglənmiş, taybatay
açıq qapılarına yaxınlaşanda həyətdə
heç kim gözə dəymirdi. Hardansa, evin arxa tərəfindən
havaya aramla dağılan tüstünün ətrindən,
orda kimlərinsə dinib-danışmadan, ehtiyatlı hərəkətlərlə
kabab bişirdiyi bilinirdi.
Ayağımızı
içəri qoymaqla, evin yuxarı mərtəbələrinin
hansıdansa Salman müəllimin, içi həyat sevgisi dolu,
yağlı səsi eşidildi:
- Ay
xoş gəlib səfa gətiribsiz! Bə hardasız
bayaqdannan?.. Zərifə bajı da burda ürəyinin
içini yeyib qurtardı. Dedik, bəs Sevda xanımın (yəni
mənim) olsun ki, yenə bir işi çıxdı...
Salman
müəllim sözünü bitirməyə macal
tapmamış, Mehman Qulamdarovla Zərifə xanım, yerin
içindən pırtlayıb çıxan tək,
qarşımızda peyda oldular. Mehman Qulamdarov bizimlə, kənd
və torpaqla bağlı kobud peşəsinə uyuşmayan
incə bir nəzakətlə - ötəri, utancaq təbəssümlə
salamlaşıb kənara çəkildi. Zərifə
xanım, gün şüalarının altında bərq
vuran daş-qaşlı paltarının uzun ətəklərini
yellədə-yellədə irəli çıxıb:
- A-ay,
nə gözəl adamlar gəlib?!.. - deyərək, məni
bağrına basdı, sonra gözləri, kamına yetmiş
xoşbəxt aşiq şöləsi ilə yana-yana, bizi, evə
tərəf aparan cığırla utancaq tələbə
yerişi ilə müşayiət eləyə-eləyə -
Səhərdənnən gözümüz yolda qalıb. Dedik,
balam, yəni yenə gəlməyəcəklər?.. - deyə-deyə
içəri ötürdü.
...Biz,
binanın ikinci mərtəbəsində yerləşən
geniş qonaq otağına daxil olanda, otağın girəcəyini
kəsdirən Salman müəllimlə üz-üzə gəldik.
- Ay
xoş gəlib, səfa gətiribsiz! - deyən Salman müəllim
yoldaşımla öpüşüb-görüşüb, ev
sahibinin genişürəkliyi ilə bizə süfrənin
yuxarı başında yer göstərdi.
...Otağın
tən ortasında açılmış, üstü müxtəlif
qəlyanaltılar, mer-meyvə və içkilərlə dolu
təntənəli süfrənin arxasında Salman müəllimin
arvadı Züleyxa xanımdan savayı iki yaşlı ər-arvad
və həmin yaşda, bir-birinə bənzər üç
gombul qadın, bir də dolu bədənli, balaca bir qız
uşağı da əyləşmişdi. Bizi görüb
onlar da ayağa qalxdılar və biz onlarla da bir-bir
görüşüb tanış olmalı olduq.
- Bu,
mənim rəfiqəmdi... - hardansa arxamdan, nəfəsini
içinə qısa-qısa danışan Zərifə
xanım əli ilə, yaxınımızda dayanan
cütlüklərdən birini göstərdi. - ...bu da onun
yoldaşıdı. Bu isə Mehman müəllimin iş
yoldaşı və onun xanımıdı. Bu isə mənim
bacımdı... - deyə Zərifə xanım, gombul
qadınlardan birini mənə təqdim elədi və o, qəfildən
sərt hərəkətlə məni özünə
sarı çəkib üz-gözümdən öpdü. -
...bu isə onun qızlarıdı... - bacısının bu
"yersiz" hərəkətindən pərtləşib
pörtən Zərifə xanım o biri gombullara işarəylə
deyib balaca qıza sarı çöndü - Bu da mənim nəvəmdi.
Gələcəkdə sizin kimi yazıçı olmaq istəyir...
Zərifə
xanımın bu sözündən ürəyim
düşdüsə də, özümü o yerə
qoymadım, birtəhər gülümsünüb
ağızucu:
- Afərin...
- dedim.
...Bizim
üçün süfrənin ən mötəbər hissəsində
ayrılmış yerlərimizi tutduqdan sonra ortaya
çaşqınlıq dolu, pərt bir sükut
çökdü. Sonra kimsə evin sahibini - süfrənin
aşağı başında bürüşüb fikrə
dalan Mehman Qulamdarovu dümsüklədi və o ayağa
qalxıb rəngi ağara-ağara, sözlərin
axırını yeyə-yeyə, tələsik bir
"xoşgəldin" dedi, sonra üzünə zillənən
gözlərdən tezcə qurtulmaqdan ötrü, araq dolu qədəhini
heç kimlə toqquşdurmadan, birnəfəsə
başına çəkib yerinə oturdu. Sonra Salman müəllim
ayağa qalxdı, geniş, rahat qarnını qabağa verib,
qayışını, qundağından qılınc sivirəcək
təki, koroğlusayağı ədayla sahmanlayıb,
özünü məclisin tamadası elan elədi və
xırıltılı səsiylə bir xeyli Mehman Qulamdarovdan
- onun hədsiz kövrək və incə təbiətindən,
qayğıkeş ailə
başçılığından, əvəzsiz yol
yoldaşlığından, nazirlikdə qazandığı
hörmət-izzətindən, kənd təsərrüfatı
sahəsində gördüyü misilsiz işlərindən
danışdı...
O
danışdıqca, Zərifə xanım məmnun təbəssümlə
qonaqların nimçələrini qəlyanaltılarla
doldurdu, sonra həyəcan və çaşqınlıq dolu
ala gözlərini mənə süzdürə-süzdürə,
növrəstə qız səsiylə:
-
Hamısı fransız reseptləriylə hazırlanıb. -
dedi - Bilirəm, Avropada tez-tez olursunuz, belə yeməklərə
üstünlük verirsiniz... Məxsusi sizin üçün
bişirilib.
... Mən
onun bu sözünə
nə cavab verəcəyimi bilmədən,
əlimi meyvə dağının üstünə
şabalıdı örtük
kimi salınan üzüm salxımına
uzatdım və həmin dəqiqə də əlimin, bu hündürayaqlı, çini meyvəqabının
böyründən asılan
kiçik ölçülü karton qırığına
toxunduğunu hiss edib bunun, qabın
satış etiketi olduğunu gördüm. Sonra içinə müxtəlif
qəlyanaltılar, şoraba
və salatlar yığılan digər
büllur və çini qabların da, süfrənin üstünə, həmin
qızılı bağlı
satış etiketləri
ilə qoyulduğunu görüb təəccübümü
gizləmək üçün
qablara işarə ilə:
-
Gözəl qablardır... - dedim.
Mənim
bu sözümdən cuşa gələn Zərifə
xanım otağın yuxarı küncünə söykədilmiş
şüşəli bufetə baxa-baxa, gizli qürur dolu qəribə
bir utancaqlıqla:
-
Bunların hamısını çin kataloquyla gətizdirmişəm.
- dedi və mən, adamboylu bufetin rəflərində
böyür-böyürə yığılan
güldanların, meyvə və krüşon qablarının
da burda, mağaza piştaxtasına qoyulan şəkildə - həmin
qızılı bağlı satış etiketləri ilə
düzüldüyünü gördüm.
- Mənim
nəvəm... - Zərifə xanım qəfildən əlini,
bayaqdannan bəri yanında oturub, nəfəs dərmədən,
tər-qan içində yeyən uzun hörüklü, gombul
uşağın çiyninə qoyaraq, söhbəti dəyişdi
- ...elə gözəl şeirlər yazır?!.. İstəyirəm,
sizə oxusun. - dedi və mən söz deməyə macal
tapmamış, nəvəsinə sarı çönüb -
Oxu, qızım... - dedi.
Zərifə
xanımın bu sözündən, əmr almış kimi
ayağa qalxan qız ovurdlarındakını üsulluca udub, əllərini
arxasında çarpazlayıb, ucadan şeir oxumağa başladı.
Məclisə
kövrək bir sakitlik çökdü, hamı
uşağın oxuduğu şeirə diqqət kəsildi.
Şeir
Zərifə xanıma ithaf edilmişdi. Məzmunu təxminən,
uşağa analıq qayğısı göstərən
sevimli nənə haqqında idi və hamının nə
vaxtsa, hansısa dərsliklərdən məcburi qaydada əzbərlədiyi
ənənəvi ana şeirlərinin təkrarı, ya bəlkə
də elə əsli idi.
...Uşaq
şeiri bitirib yerinə əyləşdi, hamı əl
çalıb nəyə görəsə, mənə
baxdı.
- Gözəl
şeirdi. - mən pərtliyimi birtəhər gizlədib dedimsə
də, şeirdən bir o qədər də feyziyab
almadığımı deyəsən, hamı başa
düşdü və ortaya düşən gərgin pərtliyi
aradan qaldırmaq üçün yenə Salman müəllim
işə qarışdı, ayağa qalxıb böyük ədəbiyyatın
və mənim sağlığıma uzun-uzadı, təntənəli
bir sağlıq dedi, hamını da bu sağlığa ayaq
üstə içməyə məcbur elədi.
...İkinci
sağlıqdan sonra evin sahibi Mehman Qulamdarovun rəngi bir qədər
özünə gəlmişdi, elə bil bir az iştahı
da açılmışdı, eynəyini gözünə
yaxınlaşdırıb çəngəl-bıçağını
ehmal-ehmal işlədə-işlədə, nimçəsinə
yığılan yeməklərin içində, nə isə
hədsiz xırda bir şey axtaran tək, eşələnirdi.
Bir
qədərdən sonra məclis "arəstə" həddinə
çatdı. Salman müəllim sağlıq deməkdən
ötrü daha ayağa qalxmır, ürəyindən
keçənləri elə oturduğu yerdə,
ağzındakıları çeynəyə-çeynəyə,
ya da elə dolu ovurdlarla deyir, Züleyxa xanım süfrənin
o biri tayından məhəbbət və maraq dolu gözlərlə
mənə baxır, ağzına qoyduğu xırda tikələri
nəzakətlə çeynəyə-çeynəyə, nə
vaxtsa oxuduğu Robindranad Taqorun, adını heç cür
xatırlaya bilmədiyi hansısa əsərindən misallar gətirir,
"ana və qızlar dəstəsi" onun söhbətini
binəva heyranlıqla dinləyir, kişilər öz
aralarında sağlıq deyib anekdot danışır,
mövzu qurtaranda da süfrəyə düzülən yeməkləri
tərifləyirdilər.
Bircə
Mehman Qulamdarov dinib-danışmırdı. Eynəyinin
arxasından görünməyən gözlərini harasa zilləyib,
çəngəlinə keçirdiyi tikələrdən
ağzına qoyur, həvəssiz-həvəssiz çeynəyə-çeynəyə,
üzünü ona tutub danışanlara baxsa da, heç kimi
eşitmədiyi, bütün vücuduyla,
yaxınlığındakı musiqi mərkəzindən asta
avazla, elə bir birbaşa qulağına süzülən həzin
musiqiyə diqqət kəsildiyi hiss olunurdu.
Mən,
otağı başına götürən hay-küyün
içindən, süfrənin yalnız aşağı
başında eşidilən musiqiyə diqqət kəsildim və
bunun, ölkənin məşhur pop-ulduzu -
yarıçılpaq geyimləri və duzlu ədalarıyla
kişi pərəstişkarlarının xüsusi rəğbətini
qazanmış Aysunun, dillər əzbərinə
çevrilmiş mahnılarından biri olduğunu anladım.
...Məclisin
kuliminasiya məqamı yetişəndə - süfrəyə
aş veriləndə, Salman müəllim qəfildən
ayağa qalxıb əllərini, kimisə qucaqlamağa
hazırlaşan tək, yanlara açaraq:
- Çalın,
oynuyajam! - deyə bağırdı və əl atıb musiqi
mərkəzinin səsini artıraraq, ortaya düşüb,
sirk ayılarının gülməli rəqsini andıran
köntöy hərəkətlərlə oynamağa
başladı.
Hamı
əl çaldı. Qonaqlardan biri də - Mehman Qulamdarovun
iş yoldaşı - balaca, tosqun kişi də ayağa
qalxıb, onunla bir oynamağa başladı və hər ikisi,
yeyib-içməkdən ağırlaşmış
ayaqlarını cəld-cəld tərpədə-tərpədə,
musiqinin ritminə uyğun olmayan hansısa ayrı havanı
oynadılar. Bir qədər sonra rəqsə qadınlar da
qoşuldu. Bayaqdan bəri danışa-danışa,
üst-üstə yediklərini həzmə vermək
eşqiylə, onlar da musiqinin ritminə uyğun olmayan hərkətlərlə
bir xeyli rəqs etdilər...
...Mənimsə
gözüm, bir əlini başına dirəyib oynayanları
eynəyinin arxasından, anlaşılmaz kədərlə
müşahidə edən Mehman Qulamdarovda idi.
Rəqs
bitdikdə və hamı tövşüyüb ləhləyə-ləhləyə
öz yerlərinə qayıtdıqdan sonra o, qəfildən
ayağa qalxdı, araq dolu qədəhi əlində titrəyə-titrəyə,
avazımış üzüylə:
- Səhərdən
oynayırsız... amma bu, oyun havası deyil... - deyib susdu, sonra
dayandığı yerdə elə bil ləngər vurdu.
...
Ortaya yenə pərt sükut çökdü.
Salman
müəllim stuluna yayxanıb, əllərini
qoçusayağı ədayla şalvarının ciblərinə
dürtdü:
- Mən
urusca da oynuyuram! - dedi və bərkdən güldüsə də,
ona qoşulub gülən olmadı.
...Mehman
Qulamdarov hələ də əlində qədəh, ayaq
üstə dayanmışdı... uzun cərrahiyyə əməliyyatından
ayılan xəstənin səsiylə zəif-zəif:
- Mən
bir söz demək istəyirəm... - dedi və
çilçırağın gur işığından
parıldayan eynəyiylə bir-bir hamıya baxdı - Gəlin,
bu badələri Aysun xanımın sağlığına
içək...
Hamı pərt-pərt bir-birinə
baxdı.
- Bu mahnını çox müğənnilər oxuyur...
Türklər də oxuyur, fransızlar da, ruslar da...
Amma əslində, bu mahnını heç kim
oxuya bilmir... - o dedi və susdu.
-
Tay onu sən yaxşı bilərsən!... - kimsə süfrənin
aşağı başından söz atdı və məclisin
kişi cinahı bir-birinə mənalı-mənalı
baxıb hırıldadı.
Zərifə
xanım da pərt bir gülüşlə gülüb
yarızarafatla:
-
Siz gülürsüz, amma vəziyyət doğrudan qəlizdi
ha! - dedi və geriyə qanrılıb, Aysunun müxtəlif
pozalı, yarıçılpaq şəkilləri vurulmuş
divar rəflərini göstərdi. Hamı da onun səsinin
alt qatında közərən gizli, yandırıcı
ağrısını hiss etdi.
-
Balam, niyə özünə bu qədərnə zülm eliyirsən?
Dərdiı de, həll eliyəy da! Bu da əkin
sahəsi almaq döyül ha! - Salman müəllim deyib süni gülüşlə
bərkdən-bərkdən güldü və hamı ona qoşulub
yalandan güldüsə
də, Mehman Qulamdarovun əhvalı dəyişmədi. O, əlindəki
arağı yarıyacan
içib yerinə əyləşdi, hamının
zilləndiyi üzünü
gizləməyə yer
tapmadı və qəfildən:
-
Siz bilirsiniz ki, o, burdan köçüb getmək istəyir?..
- dedi və yenə çilçırağın
işığından alışıb-yanan eynəyinin
arxasından qonaqlara baxdı.
-
İşə düşmədik?.. - kimsə süfrənin o
biri başından dedi və yenə hamı güldü.
Mehman
Qulamdarov qəhərini zorla udub bu dəfə çox ciddi:
-
Siz gülürsüz... o isə gedir... - dedi və
çönüb indi də harasa, pəncərələrə
sarı elə baxdı, elə bil pəncərənin o
üzündə qatara, ya təyyarəyə minməkdə
olan Aysunla vidalaşdı...
-
Gedir, getsin da! - yenə Salman müəllim yerində
qurcalana-qurcalana dedi və niyəsə mənə baxdı -
Heç dəxli var?.. Durub indi yalvaraq ona ki, "sən mənim
canım, getmə"?..
...Zərifə
xanım ortaya düşən pərtliyi aradan qaldırmaq
üçün:
- Bıy,
aş soyudu ki?!.. Niyə dayanmısız?!.. - dedi və
ayağa qalxıb tələsik hərəkətlərlə
nimçələrə aş çəkdi. - Bu
düyünü Mehmana İrandan pay göndəriblər. İran
şahı Pəhləvinin şəxsən özünün
yediyi düyüdü. Bunu orda xüsusi plantasiyalarda
yetişdirillər. Məxsusi adamlar üçün...
Zərifə
xanım ərinin də nimçəsinə aş çəkdi
və özü də oturub, hamıyla bir aş yeməyə
başladı.
...Mehman
Qulamdarov aşa toxunmadı. Onun, yenə hansısa gözəgörünməz,
tük nazikliyində səs yoluyla qulağına
pıçıldayan mahnıya diqqət kəsildiyi,
bütün vücuduyla musiqidə və səsdə əridiyi
göz qabağında idi...
Qonaqların
diqqətini ərindən yayındırmağa
çalışan Zərifə xanım:
- Düyünün
ətrini hiss edirsiz? - deyəndə, qonaqlar bir ağızdan:
"Əladı!" - deyə cavab verdilərsə də,
hamının, ortaya düşən ölümcül
sakitliyin içində getdikcə aydın eşidildilməyə
başlayan Aysunun səsinə diqqət kəsildiyi məlum
oldu.
...Mehman
Qulamdarov məclisin sonunadək dinib-danışmadı, bizimlə
yanaşı otura- otura, həm də hardasa, buralardan
çox-çox uzaqların yandırıcı
iztirablarından üzülə-üzülə,
sağlıq deyib lətifə danışanları heç nə
qəbul eləməyən üzüylə "dinləyə-dinləyə",
yenə həmin məchulluğunda bata-bata qaldı...
...Çay
süfrəsi bitib-başa çatanda və biz, o biri qonaqlarla
bir ayağa qalxıb, evə getmək üçün
binanın artırmasına çıxanda, Mehman Qulamdarov ədəbli
ev sahibinin borcuyla, simvolik şəkildə də olsa, qonaqlarla
vidalaşma mərasimində iştirak etdisə də, onun
özündə olmadığı, qəfildən
ölümcül zədə almış yaralı heyvan hərəkətləri
heç kimin gözündən yayınmadı.
Axır vaxtlar o, çox yorulur. Həm də çox içir... - məclisin yöndəmsiz sonluğundan
tutulmuş Zərifə
xanım bizi çöl qapısına
ötürə-ötürə dedi - ona isə
qəti içmək
olmaz... Həkimi də deyir...
...Bir
neçə gündən sonra biz, Mehman Qulamdarovun, adətən
hər səhər saat 10 radələrində
yollandığı nazirliyə, niyəsə sübhün
ala-toranlığında gedərkən, qəfildən ürəyinin
dayandığını və yüksək sürətlə
sürdüyü maşınını yoğun yol
sütununa çırparaq, həlak olduğunu eşitdik... Özünü
qəza yerinə çatdıranların təsvirlərini -
sütuna çırpılıb qabaq hissəsi
darmadağın olmuş maşının mühərriki
sıradan çıxsa da, maqnitafonundan süzülən
qadın müğənnisinin səsinin qəribə, qorxunc
bir əks-sədayla yuxulu şəhərin
ala-toranlığına dağıldığını
eşidəndə, mən bunun, bir neçə gün əvvəl
Mehman Qulamdarovgildə dinlədiyim Aysun olduğunu anladım.
...Mehman
Qulamdarovun bağ evində qurulan dəfn mərasiminə
yığışanlar, ata-anasının yeganə oğlu
olan bu utancaq adamın, bütün həyatını
ağır zəhmət və əzab içində
keçirdiyindən, hələ məktəb illərindən
gözaltı elədiyi istəklisi olsa da, cavan ikən
dünyasını dəyişmiş əmisinin başsız
qalan ailəsinə dayaq olmaq məqsədi ilə öz əmisi
qızına evlənməsindən, gənc yaşlarından
min əziyyətə qatlaşıb ailəsini və yaxın
qohum-əqrəbasını dişiylə-dırnağıyla
saxlamasından, dövlət işinə keçəndən
sonra kənd camaatı üçün gördüyü
xeyirxahlıqlarından və bütün bu işlərlə
yanaşı hədsiz təvazökar və kövrək təbiətindən
danışdıqca, qadınlar ağlaşır, mənsə,
bu dünyada hər şeyi əldə edib yorulan bu adamı,
necəsə uzaqdan-uzağa bu yeknəsəq həyat
marşrutundan çıxaran və bununla da onun, anlaqsız,
sevgisiz, qurama həyatına son qoyan Aysun haqqında - kişiləri
əlcək kimi dəyişən, bu dağınıq təbiətli,
məsuliyyətsiz estrada ulduzu barədə
düşünürdüm...
Məsud
525-ci qəzet.- 2009.- 11 aprel.-
S.26-27.