Dünyada qalan İnsan

 

   Dünyadan gör necə insanlar keçib!

   Deyəsən, bu ifadənin müəllifi şəxsiyyətinə və yaradıcılığına böyük hörmət bəslədiyim xalq yazıçımız, indi özü də həyatda olmayan Hüseyn Abbaszadədir.

   Həqiqətən də, yaşadığın illərin arxasından keçmişə boylananda, ömür yolunda rastına çıxan dürlü-dürlü insanları, onların nəcib və xeyirxah əməllərini xatırlayanda istər-istəməz bu sözlər yada düşür.

   Ömrün uzun-qısalığından, içərisində yaşadığın mühitin özəlliklərindən asılı olaraq, hər bir fərdin həyatından minlərlə, yüz minlərlə insanlar keçə bilər.

   Onların arasında yadda qalanlar, daim xatırlananlar isə az, lap az olur.

   Yadda qalmaq üçün gərək minlərdən və milyonlardan seçiləsən, gərək həmişə, hər yerdə öz səsin və öz sözün olsun, gərək həyatda və insanların ürəyində silinməz izlər qoya biləsən.

   Gərək elə ömür yaşayasan ki, sən bu dünyada olmayanda da yerin görünsün, yoxluğun hiss edilsin və səni tanıyanlar ürəklərinin dərinliklərindən gələn bir nisgillə "Dünyadan gör necə insanlar keçib!" - deyə bilsinlər.

   Gözəl alim, saf və səmimi insan, ədəbiyyatımızın cəfakeşi, XX əsr Azərbaycan filologiya elminin inkişafına mühüm töhfələr vermiş akademik Məmməd Cəfər Cəfərovu xatırlayanda hər dəfə onu tanıyanların, onunla ünsiyyətdə olanların hamısı kimi mənim də ürəyimdən bu sözlər keçir.

   Bu il mayın 10-da Məmməd Cəfər müəllimin anadan olmasının 100 illiyi tamam olur. İnanmaq istərdim ki, həmkarları və çoxsaylı tələbələri həmin ərəfədə müasir Azərbaycan ədəbiyyatşünaslığının təşəküllündə mühüm xidmətləri olan görkəmli alimin xatirəsini layiqincə yad edəcəklər.

   Məmməd Cəfər müəllimin özünü yaxından tanımamışdan əvvəl ötən əsrin 70-ci illərində yeganə universitetimiz olan Bakı Dövlət Universitetində onun haqqında dolaşan mifləri eşitmişdim. O, 1969-cu ildə qəbul olan tələbələrə rus ədəbiyyatı tarixindən mühazirələr oxuyurdu. Biz - 1970-ci ildə tələbə adı qazananlar isə bu imkandan məhrum olmuşduq. Cəfər müəllim elmi-tədqiqat işlərinə daha çox vaxt ayırmaq üçün universitetdəki işindən imtina etmək qərarına gəlmişdi.

   Bizdən yuxarı kursların tələbələri onun qəribəliklərindən, xasiyyətinin həlimliyindən və yumşaqlığından çox danışırdılar. Əslində isə, aradan illər keçəndən sonra bizim qəribəlik kimi başa düşdüyümüz bütün bu hərəkətlərin arxasında nəciblik və insaniyyət dayandığı hamımıza aydın oldu. Cəfər müəllim adına, şöhrətinə, titullarına baxmayaraq, tələbələrlə sadə və səmimi davranırdı, onların ürəyinə yol tapmağa çalışırdı, bir sıra həmkarlarından fərqli olaraq, ifrat sərtlik və yersiz tələbkarlıq göstərmirdi, heç kəsi imtahan və yoxlamalarla hədələmirdi. Bütün bunlar isə hələ yeniyetməlik və ilk gənclik çağında olmalarına baxmayaraq, artıq içərisində yaşadıqları cəmiyyətin qayda-qanunlarına alışmış tələbələrə qəribə görünür, hətta qeyri-adi təsir bağışlayırdı.

   Arabir universitetin filologiya fakültəsinin indiki İstiqlaliyyət küçəsindəki binasının dəhlizlərində gördüyüm Cəfər müəllim özünün bütün hərəkətləri, davranışı, düşüncəsi ilə tam bir ziyalılıq nümunəsi idi.

   İş elə gətirdi ki, universitetdə akademikin tələbəsi ola bilmədim. Amma aradan bir neçə il keçəndən sonra elmi sahədə onun aspirantı, yetirməsi olmaq imkanını qazandım.

   Ali təhsili başa vurub orta məktəbdə iki il müəllimlik etdikdən sonra 1977-ci ilin sentyabrında sənədlərimi Azərbaycan EA-nın əyani aspiranturasına vermişdim. Özümü aspirantı kimi görmək istədiyim Nizami adına Ədəbiyyat İnstitutunda cəmisi bir yer vardı. Bu bir yerə isə, səhv etmirəmsə, düz yeddi nəfər iddiaçı vardı. Bir az bəlağətli səslənsə də, həqiqi bilik, intellekt mübarizəsi gedirdi. Heç kim heç kimə güzəştə getmək fikrində deyildi. İmtahanlar başa çatandan sonra qəribə vəziyyət yaranmışdı. Əyani təhsil üzrə elan olunmuş bir yerə iki namizəd qalmışdı. Ən qəribəsi isə bu idi ki, iddiaçılar arasında iki nəfər bütün imtahanlardan əla qiymət almışdı.

   İnstitut rəhbərliyi çətin məsələ ilə üzləşmişdi. Həmin dövr bürokratiyasının əngəllərinə baxmayaraq, bəlkə də vəziyyətin qeyri-adiliyini nəzərə alıb (üç "əla"dan daha yuxarı qiymət almaq qeyri-mümkün idi və belə parlaq imtahan vermiş gənclərdən hər hansı birinin, necə deyərlər, qapı dalında qalması açıq-aşkar ədalətsizlik olardı) bəlkə də əlavə yer əldə etmək mümkün idi.

   Amma bunun üçün kiminsə qabağa düşməsi, qapıları döyməsi lazım idi. İnstitut rəhbərliyi daha asan yolla getdi. İddiaçılardan birinin - universitetdəki tələbə dostum və indiyə qədər də səmimi münasibətlərimizi qoruyub saxladığımız Teymur Kərimlinin fars dilini bilməsi və klassik ədəbiyyatla maraqlanması əsas götürülərək, ona üstünlük verildi. Doğrudur, mənə də, arzuladığım təqdirdə, İnstitutda işə girmək təklif edildi. Amma şəhərə "propiskanın" qeyri-mümkünlüyü bu cəlbedici təklifi elə həmin anda da irreallığa, düzəlməsi mümkün olmayan bir işə çevirdi. Əslində, aspirantura rayonlardan gəlmiş istedadlı gənclər üçün təkcə elmlə məşğul olmağın deyil, həm də paytaxtda qalmağın yolu idi.

   Təbii ki, İnstitutun o zamankı direktoru Mirzəağa Quluzadə başda olmaqla, bizdən qəbul imtahanı götürən alimlər bu vəziyyətdən təəssüflənir, mənim aspirantlar sırasına düşməməyimin ədalətsizlik olduğunu deyir, EA rəhbərliyinə, hamının nədənsə QB (Qasan Baqiroviç) adlandırdığı prezident Həsən Abdullayevə müraciət etməyi məsləhət görürdülər. Özləri isə yaxalarını kənara çəkirdilər.

   Bilmirəm, bəlkə də öz qeyri-adilikləri və gözlənilməzlikləri ilə seçilən QB-nin yanına gedib çıxa bilsəydim, hər şey yaxşılığa doğru dəyişərdi. Amma mən cəsarətsizlikdənmi, ya nədənsə bunu etmədim. Bəxtimi altı aydan sonra yenidən, yaz imtahanları zamanı sınamağı qərara aldım. Üstəlik də vəziyyətdən xəbərdar olanların hamısı növbəti dəfə mənə ən azı ixtisas fənnindən sorğu-sualsız "əla" qiymət yazılacağına, qəbul məsələmin əslində, indidən həll edildiyinə təminat verirdi.

   Altı aydan sonra yenidən aspiranturaya qəbul üçün sənədlərimi hazırlayıb Bakıya gəldim. Abbas Səhhətin məşhur şeirində deyildiyi kimi, "imtahan məclisi qurulmuşdu". İddiaçıların sayı keçən dəfəkindən az deyildi. Doğrudur, vakant yerlərin də miqdarı artırılmışdı və bu dəfə mütləq uğur qazanacağıma inanırdım. Lakin qəribəsi bu idi ki, Ədəbiyyat İnstitutunda, deyəsən, heç kəs mənim həmin "o oğlan" olduğumu xatırlamırdı. Verilən vədlər tamam-kamal yaddan çıxmışdı. Sual-sual dalınca yağırdı (indi EA-dakı bu ciddiliyi və tələbkarlığı yalnız minnətdarlıq və xoş bir heyrət hissi ilə xatırlamaq mümkündür). Suallardan qorxmurdum, amma düşünürdüm ki, altı ay əvvəl mənə qarşı ədalətsizliyə yol verilməsindən gileylənən adamlar nədən hər şeyi belə tez unutmuşdular?

   Birdən imtahan komissiyasının üzvü olan akademik M.C.Cəfərov üzünü həmkarlarına tutaraq soruşdu:

   - Məgər bu cavan oğlan payızda imtahan verib əla qiymət almamışdı?

   Hamı elə bil kim olduğumu və mənə hansı vədlər verdiklərini yalnız bu sözlərdən sonra xatırladı. Onlardan fərqli olaraq Məmməd Cəfər müəllim altı ay qabaq heç bir vəd-filan da verməmişdi.

   - Bəs elə isə bu kişinin oğlunu niyə bu qədər sıxışdırırıq? Aspiranturaya girmək haqqını hələ keçən dəfədən qazanıb. İndi onun günahı deyil ki, biz istedadlı cavanlara vaxtında kömək edə bilmirik...

   Təbii ki, Cəfər müəllimin bu sözlərindən sonra suallara ara verildi. İmtahan başa çatanda o, məni Ədəbiyyat İnstitutundakı kiçik otağına dəvət etdi, hansı mövzularla maraqlandığımı soruşdu və elmi rəhbərim olmaq istədiyini bildirdi.

   Doğrudur, əvvəlcə digər imtahanları da vermək və aspirant adını qazanmaq lazım idi. Lakin istənilən halda nüfuzlu akademikin təklifi mənim üçün həm gözlənilməz, həm də çox sevindirici hadisə idi. Adətən, aspirant və dissertantlar özləri tanınmış, nüfuzlu elm adamlarına yol tapmağa çalışırdılar. Bəzən hətta ortalığa tanışlar, minnətçilər salaraq belə bir alimin rəhbərliyi altında işləmək istədiklərini deyirdilər. Məmməd Cəfər müəllim isə özü məni seçmişdi.

   Aspiranturaya hazırlaşarkən qarşıma məqsəd qoymuşdum ki, mübadilə yolu ilə müttəfiq respublikalardan birinə göndərilməyimə nail olum, orada yerli xalqın dilini öyrənim və ədəbi əlaqələr mövzusunda dissertasiya yazım. Lakin Cəfər müəllimin təklifi məni bu fikrimdən daşındırdı. Ədəbiyyat nəzəriyyəsi ixtisasını seçdim, bədii üslublarla məşğul olmağa başladım və aspirantura təhsilini başa vurandan bir neçə ay sonra "60-70-ci illər Azərbaycan nəsrində üslub müxtəlifliyi" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi adını aldım.

   Aspirantlıq müddətində Cəfər müəllimi hər boş şeyə görə narahat etməməyə çalışırdım. Mövzu aydın idi. Qarşıma qoyduğum məqsəd isə təkcə namizədlik dissertasiyası yazıb elmi ad almaq deyildi. Tədricən ədəbi mühitdə tanınmaq, xarici dil öyrənmək, universitet biliklərimi daha da təkmilləşdirmək istəyirdim. Ona görə də, İnstituta nisbətən az-az gəlirdim. Vaxtımın çoxunu M.F.Axundov adına kitabxanada keçirirdim.

   Bir dəfə təsadüfən EA-nın indiki İstiqlaliyyət küçəsində yerləşən Rəyasət Heyətində elmi rəhbərimlə rastlaşdım. Cəfər müəllim salamımı aldıqdan sonra məni diqqətlə süzüb bu günlərdə mütləq ona baş çəkməyimi tapşırdı. Fikirləşdim ki, bu yəqin aspirantlıq fəaliyyətimlə bağlıdır, məni imtahan etmək, indiyə qədər gördüyüm işlərlə tanış olmaq istəyir. Odur ki, iki-üç gün oturub əməlli-başlı hazırlaşdım, qeydlərimi sahmana saldım, bir sözlə, özümü elmi rəhbər qarşısında ciddi imtahana hazırladım.

   Amma sonra məlum oldu ki, görüşün səbəbi tamamilə başqa imiş. Mənim o zamanlar həddindən artıq uzun və səliqəsiz saç saxlamağım Cəfər müəllimi narahat edibmiş və o günkü söhbətimiz də əsasən bu məsələ ətrafında oldu.

   Bəlkə də hər işdə gözəllik və nizam axtaran Cəfər müəllim aspirantının laubali görkəmindən narahat olmuşdu. Bədii üslubdan yazan, amma hələlik zahiri görünüş, geyim, saç üslubunu tapa bilməyən gənc bir tədqiqatçıya imicinin qayğısına qalmağı da xatırlatmağı zəruri saymışdı.

   O vaxt aspirantların bəziləri elmi rəhbərlərinin ad-sanından, nüfuzundan yararlanıb müxtəlif problemlərini həll etməyə çalışırdılar. Təbii ki, mən Cəfər müəllimə belə məsələlərlə bağlı heç vaxt əziyyət vermirdim. Çünki əvvəla, həqiqi ziyalıların əksəriyyəti kimi onun da ifrat diribaşlıq tələb edən bu işlərdə səriştəsiz, hətta köməksiz olduğunu başa düşürdüm. O biri tərəfdən isə bir alim kimi Cəfər müəllimə hörmətim, ehtiramım o qədər böyük idi ki, onu özümün hansısa problemlərimə qoşmağı, hansısa məmura minnətçi salmağı ağlıma belə gətirmirdim. Amma insafən, Cəfər müəllim aspirantı olduğum dövrdə dəfələrlə ailə vəziyyətimlə, mənzil şəraitimlə, maddi durumumla maraqlanmışdı. Hətta deyərdim ki, o, sırf insan həyatı ilə bağlı belə məsələlərə elmi axtarışlardan daha artıq əhəmiyyət verirdi. Bu da yəqin ki, təbiətindəki insanpərvərlikdən, saflıq və səmimilikdən irəli gəlirdi.

   Amma Cəfər müəllimin himayədarlığından heç istifadə etmədiyimi söyləsəm, həqiqət olmazdı. Sirr deyil ki, 80-ci illərin (təbii ki, keçən əsrin!) əvvəllərində mətbuatda çap olunmaq qeyri-adi dərəcədə çətin idi. Bəzən elə olurdu ki, aspirant, yaxud dissertant elmi işini yazıb başa çatdırırdı, lakin müdafiə üçün tələb olunan üç-dörd məqaləni çap etdirə bilmədiyindən aylarla gözləməli olurdu. Mən sadəcə 3-4 məqalə ilə kifayətlənmək istəmirdim, tənqidçi və ədəbiyyatşünas kimi mətbuat səhifələrində daha tez-tez görünmək haqqında fikirləşirdim.

   XIX əsr ingilis şərqşünası R.Ouslinin "Fars şairləri" adlı kitabı haqqında iri bir məqalə yazmışdım. 1846-cı ildə Londonda çap olunan bu nadir kitab EA-nın Əsaslı kitabxanasında, Bertels fondunda saxlanırdı. Bəlkə də ingilis dilində olduğundan bizim tədqiqatçıların diqqətindən kənarda qalmışdı. Və təbii ki, burada "fars şairləri" kimi qələmə verilən klassik sənətkarların əksəriyyəti Azərbaycan ədəbiyyatının nümayəndələri idilər. Məqaləni "Azərbaycan" (Əkrəm Əylisli baş redaktor təyin ediləndən sonra bu "qalın" jurnalın populyarlığı xeyli artmışdı) və "Ulduz" jurnallarına aparsam da, əhəmiyyət verən olmamışdı. EA-nın "Xəbərlər"ində çap olunmaq üçün isə uzun-uzadı növbə gözləmək lazım idi. Həm də bu jurnal sırf akademik dairələrdə yayıldığından oradakı yazılardan çox az adam xəbər tuturdu.

   Cəfər müəllimin yanına getdim. Məqaləni baxmaq üçün götürdü. Həcmi yetərincə böyük olmasına baxmayaraq, sabah ona baş çəkməyimi tapşırdı. Ertəsi gün yanına gələndə yeniliyinə və axtarış ruhuna görə yazını təriflədi və harada çap etdirmək istədiyimi soruşdu. Aspirantların "Azərbaycan" jurnalına yol tapması nadir hadisə sayılsa da, bu dərginin adını çəkdim. Yanımda Əkrəm Əylislini bir neçə dəfə telefonla aradı. Tapa bilməyəndə, götürüb bir "zapiska" yazdı. Məzmunu təxminən, bundan ibarət idi ki, məqalənin müəllifi mənim aspirantımdır, istedadlı və zəhmətkeş oğlandır, ona kömək etmək lazımdır və s.

   Əkrəm Əylisli, görünür, Məmməd Cəfər müəllimə çox böyük ehtiram bəsləyirmiş ki, bu "zapiskanı" görən kimi "Nizamidən Saib Təbriziyə qədər" adlı yazımı "Azərbaycan"ın növbəti sayına daxil etdi. Hətta tanınmış şair, yazıçı və tənqidçilərin də çap olunmaq üçün növbə gözlədikləri bir şəraitdə bu, görünməmiş hadisə idi. Və şübhəsiz, bu hadisənin baş verməsində elmi rəhbərimin həmin o "zapiskası" müstəsna rol oynamışdı. Beləcə, Cəfər müəllimin xeyirxah himayəsi sayəsində hələ aspirantlığımın ikinci ilində respublikanın ən nüfuzlu ədəbi jurnalının səhifələrinə yol tapa bilmişdim.

   Bir dəfə İnstitutun elmi katibliyindən yenə də Cəfər müəllimin məni axtardığını dedilər. Onun zahiri səliqə-sahmanla bağlı iradından sonra darağa yatmayan, pırtlaşıq və qıvrım saçlarımı nisbətən səliqəli saxlamağa çalışırdım. Odur ki, saç məsələsindən arxayın idim. Amma ürəyimə dammışdı ki, bu yeni dəvətin arxasında da ədəbiyyat söhbəti yox, nə isə elmi rəhbərimin nöqteyi-nəzərindən problematik görünən başqa bir məsələ var.

    - İndi bunu nə edək? - deyə Cəfər müəllim salamımı alıb oturmaq üçün yer göstərəndən sonra masasının siyirməsindən çıxardığı bir vərəq kağızı qarşıma qoydu. - Bunun sonra sənə bir ziyanı dəyməz ki?

   Kağıza baxdım və hər şey mənə aydın oldu. Bir neçə gün əvvəl metronun "Bakı Soveti" stansiyasının yaxınlığında küçəni yeraltı keçiddən yox, məhəccərin üstündən tullanaraq yolun ortasından keçmişdim. Polis nəfəri bunu görmüş, protokol yazıb məni bir rubl cərimə etmişdi. Sən demə, sonra da həmin protokolun surətini iş yerimə - instituta göndərmişdi. Bir qədər xırdaçılığı və nədənsə cavan aspirantlara çox sərt münasibəti ilə seçilən, əlindəki açarları çaqqıldada-çaqqıldada koridorda gəzib iş otaqlarına həbsxana kameralarına baxırmış kimi baxan elmi katibimiz Mirabbas Aslanov da ərinməyib həmin kağızı akademik Məmməd Cəfərə təqdim eləmişdi. Çox güman ki, sovet rejimi şəraitində insanın taleyini bu cür əhəmiyyətsiz kağızların həll etdiyini mənsub olduğu nəslin acı və faciəli taleyindən yaxşı bilən Cəfər müəllim müəyyən narahatlıq keçirmişdi. Odur ki, məsələdən birlikdə çıxış yolu tapmaq üçün məni yanına çağırmışdı.

   Elmi rəhbərimin bu qayğıkeşliyi, həssaslığı məni riqqətə gətirmişdi. Aradan illər keçəndən sonra indinin özündə də həmin hadisəni komik situasiya kimi yox, yüksək qayğı və əsl insani münasibətin təzahürü kimi xatırlayıram.

   Mənə elə gəlir ki, öz övladı olmayan Cəfər müəllim aspirantlarının hamısına övladları kimi yanaşırdı. Onların haqqında hər şeyi bilməyə, hər bir işlərində imkanı çatdığı qədər yardımçı olmağa çalışırdı. Yadımdadır, mərhum alimimiz, Cəfər müəllimin xətrini çox istədiyi tələbələrindən olan Yaşar Qarayevin doktorluq dissertasiyasının müdafiəsi idi. Müdafiə Şurasının elmi katibi doktorantın tərcümeyi-halını oxudu. Burada Yaşar Qarayevin bir sıra digər bioqrafiya faktları ilə birlikdə ehtiyatda olan baş leytenant olduğu da bildirilirdi. Dissertasiyanın müzakirəsi zamanı söz alan Cəfər müəllim çıxışına belə başladı:

   - Mən Yaşar haqqında hər şeyi bilirdim. Amma onun ehtiyatda olan baş leytenant olduğundan xəbərsiz idim...

   Bu sözləri hamı Cəfər müəllimə xas xəfif yumor kimi qarşıladı. Və əslində də, elə belə idi. Amma o zaman da, indi düşünürəm ki, Cəfər müəllim bu faktı bilməməsindən bir qədər narahat olub və təəssüflənib...

   Yaxud o zaman Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsindəki çəkişmələrdən bezib Ədəbiyyat İnstitutuna pənah gətirmiş mərhum professor Arif Hacıyevin Məmməd Cəfər tərəfindən necə böyük qayğı ilə əhatə olunduğunu indi də xatırlayıram. O, bir az qəribəlikləri olan və Akademiya mühitində heç də hamının dərhal qəbul etmədiyi Arif Hacıyevi hər vasitə ilə qorumağa çalışırdı. Onun nəzəri biliklərinin və elmi potensialının tam açılmasına, ən başlıcası isə Azərbaycan Ədəbiyyatına istiqamətlənməsinə yardım göstərirdi.

   İnsanlara münasibətdə bu diqqət və həssaslıq böyük alimin təbiətinin, daxili dünyasının, əxlaq və düşüncə tərzinin ayrılmaz hissəsi idi.

   1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərkən birinci rəsmi opponentim akademik Məmməd Cəfər Cəfərov idi. O, 1985-ci ildə Azərbaycan EA humanitar elmlər bölməsinin akademik-katibi təyin olunduqdan sonra Ədəbiyyat İnstitutundan qismən uzaqlaşmışdı. Amma bizim aspirant-elmi rəhbər münasibətlərimiz heç zaman qırılmamışdı. Akademik-katib olduğu dövrdə tez-tez onun EA-nın Rəyasət heyətinin binasındakı iş otağına gedirdim. Xüsusilə, 1988-ci ilin həyəcanlı hadisələri başlanandan sonra bu gedişlərin sayı daha da çoxalmışdı. O zaman mərhum Aydın Məmmədov humanitar elmlər bölməsinin elmi katibi idi və hər dəfə ona baş çəkməyə gedəndə söhbətlərimiz mütləq Məmməd Cəfər müəllimin iş otağında yekunlaşırdı.

   İşinin çoxluğuna və artıq səhhətində müəyyən problemlər yaranmasına, habelə həyat yoldaşının ağır xəstə olmasına baxmayaraq, Cəfər müəllim mənim opponentliklə bağlı xahişimi tərəddüdsüz qəbul etdi. Həmin günlər bir qədər nasaz olduğu üçün işə çıxmırdı. Ona görə də, Ədəbiyyat İnstitutunda elmi işlər üzrə müavini kimi çalışdığım Yaşar Qarayevlə birlikdə dissertasiyanı Cəfər müəllimin mənzilinə aparmalı olduq. İlk dəfə idi ki, onun özü kimi sadə mənzilinə yolum düşürdü. Bacısı qızı Ulduz xanımın açdığı nəfis çay süfrəsi arxasında xeyli söhbət etdik. Mənim müasir ədəbiyyatın problemləri ilə yanaşı ədəbiyyat tarixçiliyi ilə ciddi maraqlanmağım, doktorluq işi üçün məhz arxivlə, ilkin mənbə və qaynaqlarla bağlı mövzu seçməyim keçmiş elmi rəhbərimin və gələcək opponentimin çox xoşuna gəlmişdi. O biri tərəfdən mərhum Yaşar müəllimlə mən (direktor-elmi işlər üzrə müavin) Ədəbiyyat İnstitutunun rəhbərliyini təmsil etdiyimizdən, həmin gün Cəfər müəllim daha çox yeni şəraitdə ədəbiyyatşünaslıq elmi qarşısında dayanan vəzifələrdən danışır, bu sahənin lüzumsuz nəzəriyyəbazlıqdan uzaqlaşaraq yeni şəraitdə xalqın işinə daha çox yaraması üçün dəyişməsinin, yeniləşməsinin zəruriliyini vurğulayırdı.

   Fikirləşirdim ki, onsuz da kifayət qədər qayğıları olan Cəfər müəllimi opponentliklə çox da əziyyətə salmayım. Ona görə də, ehtiyatla işarə vurdum ki, opponent rəyinin ümumi hissəsini özüm hazırlaya bilərəm, Cəfər müəllim isə tənqidi qeyd və iradlarını əlavə edə bilər. Dissertasiya müdafiələrində rəsmi opponentlərin bəzilərinin bu üsuldan yararlandıqlarını yaxşı bilirdim. Lakin Cəfər müəllim qəti etiraz etdi. Əslində, başqa cür də ola bilməzdi. Oxumadığı əsərə rəy vermək, başqasının qələmindən çıxmış bircə sətrə belə müəlliflik fikrinə düşmək onun alim təbiətinə, alim əxlaqına zidd idi. Beləcə, bir neçə gün ərzində o, təxminən 400 makina vərəqi həcmində dissertasiya işini oxuyub başa çatdırdı və öz xətti ilə yazdığı geniş, əhatəli rəyi mənə göndərdi. Rəyi makinada çap etdirdikdən sonra əlyazmasını özümdə saxladım. Namizədlik dissertasiyamın elmi rəhbəri, doktorluq dissertasiyamın isə birinci rəsmi opponenti olmuş akademik M.C.Cəfərovun bu əlyazması indi də qiymətli bir yadigar kimi şəxsi kağızlarımın arasında saxlanmaqdadır.

   Cəfər müəllimin çoxsaylı yetirmələri arasında Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər vardı. Alim onların hamısına eyni məhəbbət və diqqətlə yanaşırdı. Təbii ki, əslən kiçik vətənindən - Naxçıvandan olan aspirant və dissertantları da yox deyildi. Amma bir dəfə hansı münasibətləsə yerlipərəstlik haqqında öz həyatı ilə bağlı danışdığı bir epizod indiyə qədər yaddaşımdan silinməyib. 40-cı illərin sonlarında Qubada iki illik müəllimlər institutunda işlədiyi dövrdə onu bir qrup ziyalı ilə birlikdə hansısa məsələyə görə Mərkəzi Komitənin katibi Mir Cəfər Bağırovun yanına çağırırlar. "Respublikanın xozeyini" son dövrlər ictimai elmlər sahəsində yaranmış vəziyyətdən narazılığını ifadə edərək çağırdığı adamları yuyub qara sərir. Növbə Cəfər müəllimə çatanda, nədənsə onu diqqətlə süzüb etinasız bir tərzdə:

   - Sən hardan gəlmisən? - deyə soruşur.

   Cəfər müəllim bu sözlərin arxasında "Sən haralısan?" sualından tutmuş "Sən niyə indiyə qədər azadlıqdasan?" təəccübünə qədər ən müxtəlif mənaların gizləndiyini dərk edir. Ona görə də, "hiyleyi-şəriyyəyə" əl ataraq özünəməxsus məsumluqla "sarı simdə" çalmaq qərarına gəlir və:

   "- Qubadan gəlmişəm" - deyə cavab verir. Bu sözlərdən sonra qarşısında "eloğlusunun" dayandığını fərz edən Mir Cəfərin sərt baxışları sanki bir qədər yumşalır, o, daha "Qubadan gəlmiş" cavan müəllimə çox da diqqət yetirməyərək növbəti hədəfinin üstünə düşür.

   Cəfər müəllim belə çətin bir vəziyyətdə hazırcavablıq göstərib qəzəbli M.C.Bağırovun zəif damarını tapmasını ironiya ilə xatırlayırdı. Və yaxşı ki, bir çox həqiqi ziyalılar kimi, həmin "zəif damar" Məmməd Cəfər müəllimin özündə yox idi. Onun meyarı kimin haradan gəlməsi deyil, kimin nə qədər istedadlı və zəhmətsevər olması, kimin öz işinə nə qədər ürəkdən bağlanması və can yandırması idi. Çoxsaylı yetirmələri və davamçıları bir çox digər cəhətləri ilə bərabər, bir də bu xüsusiyyətinə görə müəllimlərinə böyük ehtiram göstərir və ondan öyrənirdilər.

   Akademik M.C.Cəfərov XX əsrdə Azərbaycan filoloji fikrinin, Azərbaycan ədəbiyyatşünaslığının yetirdiyi çox geniş tədqiqat diapazonuna və maraq dairəsinə malik görkəmli elm xadimi idi. O, klassik və müasir Azərbaycan ədəbiyyatının qüdrətli şəxsiyyətləri və köklü problemləri barəsində eyni şövq və mövzuya dərin bələdliklə yazmağı bacarırdı. Aradan onilliklər keçməsinə baxmayaraq, Cəfər müəllimin Nizami və Cəlil Məmmədquluzadə, Füzuli və Cavid, Vaqif və Səməd Vurğun haqqında, eləcə də ədəbi-bədii fikrimizin onlarla digər görkəmli nümayəndəsi barəsində yazdığı əsərlər bu gün də öz tədqiqatçılıq təravətini və elmi aktuallığını qoruyub saxlayır.

   Onun yaratdığı üç cildlik "Rus ədəbiyyatı tarixi" həmin dövrdə keçmiş Sovet İttifaqına daxil olan respublikaların ədəbi-mədəni həyatında diqqətəlayiq hadisə və qiymətli dərs vəsaiti idi. Nəhayət, Cəfər müəllim nədənsə istedadının bu tərəfinin çox da faş olmasını istəməyən özünəməxsus bir nasir idi. Onun, səhv etmirəmsə, Molla Nəsrəddin təxəllüsü ilə yazdığı zəngin yumor hissinə malik hekayələrinin bir çoxunun əlyazmasını İnstitutun Müasir ədəbi proses şöbəsində makinaçı-laborant işləyən Xanımdan alıb elə oradaca oxuyurduq...

   Namizədlik dissertasiyası müdafiə edəndən, hətta Ədəbiyyat İnstitutunun direktor müavini təyin olunandan çox sonra mənim EA-nın Fiziologiya İnstitutunun direktor müavini, akademik Şamxal Tağıyevin bacısı oğlu olduğumu və indiyə qədər bu barədə ona heç nə demədiyimi eşidib xeyli təəccüblənmişdi. Məmməd Cəfər müəllimlə Şamxal müəllim fərqli elm sahələrində çalışsalar da, bir-birləri ilə yaxın idilər. Sözləri-söhbətləri tuturdu. İkisi də heç kimlə alı-qalı olmayan sakit, müdrik təbiətli, iddiasız adamlar idilər. Cəfər müəllim bu qohumluq məsələsindən dissertasiya müdafiəsindən sonra dövrün ənənəsinə uyğun olaraq opponentlərin, bəzi elmi şura üzvlərinin və yaxın adamların iştirakı ilə balaca məclis quranda xəbər tutmuşdu.

   İndiyə qədər bu barədə ona heç nə demədiyimə görə üzdə yüngülcə gileylənsə də, hiss edirdim ki, "Mən Həsən ağanın qohumuyam!" - prinsipi ilə hərəkət etməməyim onun xoşuna gəlib.

   Bəşəriyyətin mövcud olduğu min illər boyu dünyadan yüz milyonlarla, milyardlarla insan keçib gedib.

   Lakin həmişə yeri görünən, arxasınca "Dünyadan gör necə insanlar keçib!" - deyilən şəxsiyyətlər bu milyon və milyardlar müqabilində o qədər də çox olmayıb.

   Hər xalq elm, ədəbiyyat və mədəniyyət tarixindəki belə şəxsiyyətləri ilə haqlı olaraq qürur duyur.

   Və aradan illər, onilliklər ötsə də "Dünyadan gör necə insanlar keçib!" - deyə minnətdarlıqla xatirələrini andığımız, sıralarımızda həmişə yerini gördüyümüz, yoxluqlarından təəssüfləndiyimiz belə şəxsiyyətlərdən biri kimi gözəl insan və həqiqi elm adamı akademik Məmməd Cəfər Cəfərov öz dəyişməz mövqeyi ilə qalmaqda davam edir.

   Əslində, belə insanlar sadəcə dünyadan keçib getmirlər. Onlar həmişə dünyada qalırlar. Xeyirxah əməlləri ilə, xalq üçün gördükləri böyük işlərlə, sağlıqlarında özlərinə qoyduqları gözəgörünməz abidə ilə...

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2009.- 11 aprel.- S.24-25.