Natiq Rəsulzadə:
"Mən ədəbiyyata
öz mövzumla gəlmişəm"
Azərbaycan
Yazıçılar Birliyində tanınmış
yazıçı-dramaturq Natiq Rəsulzadənin yubileyilə
bağlı tədbir və mədəniyyətşünaslığa
dair seminar keçirildi. Seminarın təşkilatçısı
kulturoloq, filologiya elmləri namizədi Samirə
Mirbağırzadə idi.
Tədbirdə N.Rəsulzadəni
təbrik etmək üçün ilk söz
Yazıçılar Birliyinin sədri Anara verildi. Yubilyarın
şəxsiyyəti və yaradıcılığı
haqqında fikirlərini dilə gətirən Anar ona yeni
yaradıcılıq uğurları arzuladı.
Birliyin katibi Çingiz
Abdullayev N.Rəsulzadənin əsərlərini maraqla
oxuduğunu, onunla qələm yoldaşı olmasından
qürur hissi duyduğunu vurğuladı.
Sonra seminar çərçivəsində
yubilyar yazıçıya suallar ünvanlandı. Rus dilində
yazmasının səbəbindən danışan N.Rəsulzadə
dedi: "Necə düşünürsənsə, elə də
yazırsan. Əgər yazıçı öz
yazısını bəyənirsə, əsərləri
müəyyən bir auditoriya tərəfindən qəbul
edilir, oxunulursa, bu çox yaxşıdır. Əlbəttə,
yazıçı istəyər ki, onun əsərlərini
daha geniş kütlə oxusun. Mən başqa dillərdə
yazmağın tərəfdarıyam. Təki o dildə
yazıb-yaradan başqa yazıçıların əsərlərindən
aşağı səviyyədə olmasın".
N.Rəsulzadə ədəbi
yaradıcılığın mahiyyəti və bu mövzuda
digər məsələlər barədə də fikirlərini
bölüşdü: "Yazıçının əsas vəzifəsi
işığı qaranlıqdan ayırmaqdır. Mən ədəbiyyata
öz mövzumla - "cəmiyyətdə balaca
yaradıcı insanın yeri" ilə gəlmişəm. Ədəbiyyata
ruhən bağlıyam. Ən çətin zamanlarda da ədəbi
yaradıcılıqdan əl çəkmədim. Çalışıram
ki, qəhrəmanlarım da özümə
oxşasın".
Türkan ELÇİNQIZI
525-ci qəzet.- 2009.- 11 aprel.- S.23.