"Qadının
tar çalması çoxuna qəribə gəlsə də,
MƏNƏ ADİ HAL KİMİ
GÖRÜNÜR, ÇÜNKİ HƏYATIMI TARDAN AYRI TƏSƏVVÜR
ETMİRƏM"
İstedadlı gənc
tarzən Humay Qədimova 1986-cı ildə Bakının
Balaxanı qəsəbəsində dünyaya gəlib. Orta təhsilini
və musiqi məktəbini Əhmədlidə bitirən H.Qədimova
hazırda Konservatoriyanın 4-cü kursunda təhsil alır. "Azəri
qızlar" üçlüyündə təmsil olunan tar
ifaçısı artıq bir sıra əhəmiyyətli
uğurlara imza atıb. Musiqimizdə tək-tük tar
ifaçılarından biri olan H.Qədimovayla söhbətimizdə
tar sənəti ilə bağlı gələcək
planları, həyata keçirmək istədiyi layihələrlə
maraqlandıq.
- Qədim musiqi alətimiz
tar adətən kişi ifaçı ilə assosiasiya olunur. Necə
oldu ki, sən məhz tara həvəs göstərdin? Bir ailə
ənənəsi vardımı, yoxsa bu elə öz həvəsinlə
bağlı oldu?
- Ailəmizdə
musiqiçi yoxdur. Lakin valideynlərim hələ kiçik
yaşlarımızdan mənim və qardaşımın
musiqi məktəbində təhsil almağını
arzulayıblar. Buna görə də məni musiqi məktəbinin
fortepiano sinfinə qoymuşdular. Paralel olaraq qardaşım da
tar sinfində təhsil alırdı. Lakin elə əvvəldən
fortepianoya həvəsim yox idi. Tara marağım birdən-birə
yarandı. Qardaşım evdə tar çalıb məşq
edəndə çox qısqanırdım, mən də tar
çalmaq istəyirdim. Beləcə gah simini, gah pərdəsini
qıra-qıra tar çalmağı öyrəndim. Sərbəst
şəkildə özüm bəzi müğam
parçaları, təsnifləri ifa edirdim. Valideynlərim,
xüsusən də anam tarı seçməyimin əleyhinə
idilər. Nə qədər xahiş eləsəm də, məni
tar sinfinə qoymadılar. Lakin sonralar mən tar sinfinə qəbul
olundum və müəlliməm Xuraman Babayevadan dərs
aldım. Məndə tara olan sevgini daha da
artırdığına və tar çalmaq sənətini dərindən
öyrənməyim üçün çəkdiyi zəhmətlərə
görə ilk növbədə ona minnətdaram. Sonralar tara
olan məhəbbətim mənim təhsil yolumu əvvəlcə
Asəf Zeynallı adına musiqi kollecindən, daha sonra
Konservatoriyadan saldı. Çox xoşbəxtəm ki, bu musiqi
məbədində Malik Mansurov, Elxan Müzəffərov kimi
ustadlardan dərs alıram. Tarı öyrənməyimə
yaxından yardımçı olduqlarına görə onlara
təşəkkür edirəm.
- Bu sənətdə
"Qadın hara, tar hara?" stereotipini qırmaqda sənə
kim kömək edib?
- Bəllidir ki, indiyədək
bizdə peşəkar qadın tar ifaçısı "Lalə"
qızlar ansamblının rəhbəri Ceyran Haşımova
olub. Hələ uşaq ikən televiziyadan Ceyran xanımın
ifalarını heyranlıqla dinləyirdim. Evdəkilər mənə
"tar qız üçün deyil" deyəndə cavab
verirdim ki, Ceyran Haşımova xanım-xatın bir
qadındır, amma gözəl tar çalır. Nə
yaxşı ki, o var. Mən ona baxıb çox həvəslənirdim.
Bəlkə də o olmasaydı, mən tarın ardınca getməzdim.
O mənim idealımdır. Bu sənətdə yeni-yeni addım
atmağa başlayanda əvvəlcə valideynlərimdən dəstək
görmədim. Hətta ilk tarımı da müəlliməm
Xuraman xanım alıb. Sonralar da musiqi kollecinə gələndə
şöbə müdiri Rasim müəllim öz
tarını mənə hədiyyə etdi. Adətən
qonşumuzun keçmişdən yadigar qalan və mənə
bağışladığı sədəfli tarıyla efirə
çıxıram. Çox qiymətli alətdir.
Özümü bu sənətdə doğrultmağa
çalışandan sonra valideynlərim yumşaldılar və
bu gün uğurlarıma çox sevinirlər. Qadının
tar çalması çoxuna qəribə gəlsə də,
mənə adi hal kimi görünür, çünki həyatımı
tardan ayrı təsəvvür etmirəm.
- Konservatoriyada tar
ifaçısı olan başqa qız varmı, yoxsa sən təksən?
- Məndən
aşağı kursda bir nəfər də var. Amma
düşünürəm ki, bu çox azdır.
- Artıq bir neçə
ildir fəaliyyət göstərən "Azəri
qızlar" üçlüyü haqqında daha ətraflı
məlumat verməyini istərdim. Üçlük haralara dəvət
olunub, hansı işləri görüb?
- "Azəri
qızlar"ını hələ musiqi kollecində oxuyarkən
yaratmışıq. Doğrusunu desəm, bunu əvvəlcə
planlı şəkildə eləməmişdik. Sadəcə
qızlarla bir yerdə məşq edirdik, bir də baxdıq
ki, artıq bu üçlük hazırdır. Kollecin direktoru
Nazim Kazımov bizim üçlüyün yaranmasına
çox böyük mənəvi dəstək verib. Bizim
dövlət konsertlərində, televiziya efirlərində
çıxışlarımız üçün
yardımçı olub. Üçlük öz üzərində
daha çox işlədikcə bizi dövlət tədbirlərində
tanınmış muğam ifaçılarını
müşayiət üçün dəvət etdilər. İndiyədək
müxtəlif mərasimlərdə, dövlət tədbirlərində
tanınmış muğam ifaçıları Səkinə
İsmayılova, Nəzakət Teymurova, Sevinc Sarıyeva, Almaz
Orucova, Aygün Bəyləri müşayiət etmişik. "Azəri
qızlar" Aygün Bəylərlə birgə Rusiyanın
ORT kanalındakı bir verilişdə də uğurla
çıxış edib. Bu yaxınlarda xalq artisti Mənsum
İbrahimovla birgə Ərəbistanda keçirilən Azərbaycan
günlərinə qatıldıq. İfamızı o qədər
bəyəndilər ki, Ərəbistan hökuməti bizi Kəbə
ziyarətilə mükafatlandırdı. Ötən ilin
sonlarında məşhur türk pop ulduzu Tarkan Bakıda
konsert verməzdən öncə tədbirin təşkilatçısı
Nahid Emiloğlu bizə müğənninin "Yakalarsam"
və "Oynama şıkıdım" mahnısını
tar-kamanla səsləndirməyi təklif etdi. Biz konsertdən əvvəl
ifaları lentə yazdırıb Tarkana göndərdik.
Müğənni ifamızı bəyəndikdən sonra
konsertdə birgə çıxışımız
alındı. Hiss etdik ki, bu duet tamaşaçıların da
ürəyindən oldu. Onu da qeyd edim ki, bu ifalar Tarkanın
yeni çıxacaq diskində də yer alacaq. Bugünlərdə
ölkəmizdə konsert verən Sərdar Ortac da bizim
müşayiətimizlə Baloğlan Əşrəfovun
"Nədəndir" mahnısını və muğam ifa
etdi. İndiyədək Türkiyə, Rusiya, İranda qastrol səfərlərində
olmuşuq və çalışmışıq ki, Azərbaycan
musiqisini, mədəniyyətini layiqincə təmsil edək. Hazırda
"Azəri qızlar" üçlüyündə iki
qız qalmışıq: mən və kaman ifa edən Sevinc
Bağıyeva. Zərb çalan qızımız isə ailə
qurub və üçlükdən ayrılıb. İndi onu
Abbas əvəz edir. Abbas çox peşəkar
ifaçıdır. Ancaq, əlbəttə ki,
üçlüyün tərkibində hamının qız
olmasını istərdik.
Sevinc MÜRVƏTQIZI