Söz kamandan əyri çıxanda...
Məşhur
fransız yazıçı Marqaret Düras Amerikanın
mükafatına layiq görüldüyü zaman öz həmyerliləri
tərəfindən üzləşdiyi haqsızlıq haqda
müsahibələrin birində belə demişdi:
"...Mən
nüfuzlu Amerika mükafatına layiq görüldüm... Altı amerikalı
mənim lehimə səs verdi.
Müsabiqənin müxtəlif
mərhələlərində əvvəl yeddi yüz, sonra beş yüz,
üç yüz, nəhayət, daha az insan səs
verirdi. Axırıncı mərhələdə doqquz nəfər səs verməli idi. Altı amerikalı mənim lehimə, üç fransız isə əleyhimə səs verdi. Halbuki o vaxtadək
heç bir fransız Amerika mükafatına layiq görülməmişdi".
Marqaret
Dürasın həmin hadisə zamanı keçirdiyi hissləri
təsəvvür etmək elə də çətin deyil. Bəli,
yaradıcı, istedadlı adam üçün öz
xalqının nümayəndələrindən, həmyerlilərindən
zərbə almaqdan ağır heç nə yoxdur. Özümüzə
qayıdaq...
Novruz
bayramı, baharın gəlişi xalqımıza bu dəfə
daha bir bayram ovqatı yaşatdı. Söhbət Bakıda
keçirilən Beynəlxalq Muğam Festivalından gedir.
İllər
sonrası ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın
sayəsində ikinci nəfəsini alan Azərbaycan
muğamının inkişaf tempi göz
qabağındadır. Amma təəssüf ki, bu yazıda
xoş deyil, naxoş məqamlara işıq tutmaq
zorundayıq. Nədənsə milli musiqimizin bu sahəsi nə
zaman müzakirə predmetinə çevrilirsə - müxtəlif
muğam müsabiqələri, konsert proqramları və s
mütləq kaman ustası Habil Əliyev "şok"
açıqlamalarla gündəmdə görünür. Bakıda
keçirilən Beynəlxalq Muğam Festivalı da istisna
olmadı. Bu möhtəşəm musiqi bayramı başa
çatar -çatmaz Habil müəllim yenə danışdı.
Maraqlı burasıdır ki, Habil müəllimin bəzən
qara eynək arxasından baxmağı
xoşladığını bilən bəzi qələm
adamları bu dəfə onun dəyirmanına su tökməklə
və qondarma "Qarabağ-Şirvan xanəndələri"
qarşıdurmasını ortaya atmaqla çox böyük
yanlışlığa yol verdilər. Adətən, belə həssas
məqamlarda mətbuat və cəmiyyət həmişə
iki qütbə ayrılır. Kimin haqlı, kimin haqsız
olduğunu isə əlinə qələm alan, yaxud "sənətşünas"
adı ilə manipulyasiya edib bu adın kölgəsində
yerlibazlıqla məşğul olanlar yox, diqqətli, musiqini
duyan və bilən, ən əsası isə ədalət
hissindən məhrum olmayan tamaşaçı deyə bilər.
Gələk, Habil müəllimin budəfəki
"narazılığının" mahiyyətinə. O,
festival başa çatan kimi bir qəzetdə
muğamımızı yaşadan qarabağlı sənətçiləri
asıb-kəsməyə başladı. Habil Əliyev fikirlərində
qeyri-obyektiv olmasını yenə də eyni adamları hədəfə
almaqla sübuta yetirdi... O yerdə ki, xalq artistləri Arif
Babayevin, Mənsum İbrahimovun, onların tələbələrinin
adları yaxşıya çəkilir Habil Əliyev mütləq
"danışmalıdır!"
Mötəbər
tədbirlərdə münsiflər kürsüsü etibar
edilməyən Habil Əliyev bu dəfə söhbətə
festivalın etibar edildiyi münsiflərdən başlayıb:
"Açığı, bunun böyük günahı
münsiflər heyətinin üzvlərindədir. Bu
böyüklükdə festival onlara tapşırıldı.
Özü də kimlər tərəfindən? Yığdılar
bir dəstə adamı, onlar da nələr etdi..." Nələr
etdilər, Habil müəllim? Bildiyiniz nəsə vardısa,
niyə oxu atıb, yayı gizlədirdiniz? "Bir dəstə
adam" dediyiniz Arif Babayev, Əlibaba Məmmədov, Ağaxan
Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov
Azərbaycan mədəniyyətini yaşadan, dünyaya
tanıdan və bu gün münsiflər heyəti
kürsüsündə əyləşmək haqqı qazanan
görkəmli şəxsiyyətlərdir. Siz onları o
kürsüyə layiq görənlərdən çoxmu
bilirsiniz?! Bəli bu cür məsuliyyət yalnız elə sənətkarlara
həvalə oluna bilər. O insanların hər biri
özündən sonra məktəb, davamçı qoyub və
həmin gənclər artıq mədəniyyətimizə
öz töhfələrini verməkdədirlər. Bəs siz
neyləmisiniz? Hanı sizin davamçılarınız?
Habil Əliyev
söhbəti yenə yerliçilik amilinə gətirib
çıxarır. Guya birinci yerin sahibi Təyyar Bayramov
qarabağlı olduğu üçün münsiflər onu
qalib elan ediblər. Habil Əliyevin nəzərində
"yerlibazlıq" anlayışı yalnız
qarabağlı olmağı özündə ehtiva edir. Onun
Qarabağ adına allergiyası var sanki. Səbəbini hər
halda, özü yaxşı bilər. Nədənsə, Habil
müəllim başa düşmək istəmir ki,
yerlibazlıq önə çəkilsəydi Babək,
İlkin, Elnur, Qoçaq və s. də ön sırada
olardılar. Axı, nə qədər "kədərli"
də olsa onlar da qarabağlıdırlar. Eyni zamanda özbək,
iranlı, misirli məgər qarabağlıdır ki, Arif müəllim
başqa ölkənin təmsilçilərinin deyil,
onların qalib olmasına çalışdı. Deməli,
istedad, xüsusən ifaçılıq məharəti
yerlibazlıq, regionçuluq sərhədlərini aşıb
keçmək qüdrətinə malikdir.
Seçimin
guya səhv olduğunu və Təyyarın birinci yerə layiq
olmadığını iddia edən Habil Əliyevin
gözündə birinci yer Babəkin idi.
Söz yox,
Babək də çox istedadlı ifaçıdır. Amma bu
dəfə istər daxili müsabiqədə, istərsə də
festivalda Babəkin yol verdiyi ciddi qüsurlar nəzərdən
qaçmadı. Və Babək öz
hazırlıqsızlığı ilə ona bəslənən
ümidləri doğrultmadı. Babəkin "Osmani"
muğamını çox zəif ifa etməsi münsiflərin
nəzərindən qaça bilməzdi. Əgər bu qədər
qüsurlardan sonra o, birinciliyə layiq görülsəydi bu
zaman məhz münsiflər ədalətsizlik etmiş
olardılar. Bəlkə gələcəkdə elə bir
müsabiqə oldu ki, Babək daha ciddi hazırlaşıb Təyyardan
önə çıxdı. Bəlkə Babəkin gələcəyi
digər gənc xanəndələrdən daha parlaq olacaq...
Amma indilikdə söhbət bu festivaldan gedir. Və söhbət
ondan gedir ki, Təyyar məsələn, Canəli Əkbərovun
tələbəsi olsaydı Habil Əliyev onu birinci
"görəcəkdimi"? Qəti cavab vermək çətin
olsa da tərəddüdlər heç də Habil müəllimin
xeyrinə deyil. Bes onda məqsəd Təyyarın müəllimi
olan Mənsum İbrahimova qənim kəsilməkdimi? Bunu
növbəti açıqlamasında Habil Əliyev
özü də təsdiqləyir: "Mənsum İbrahimovun
münsiflər heyətində oturub, kiməsə qiymət
verməsi Azərbaycan xalqı üçün təhqirdir. Bu,
Azərbaycan musiqisi üçün gülüncdür. O,
münsiflər heyətində oturmalı deyil. Heyətdə
ancaq muğam oxuyanlar təmsil olunmalıdır. Mənsum isə
"Məcnun"dur".
Necə yəni,
heyətdə muğam oxuyanlar təmsil olunmalıdır? Mənsum
İbrahimov məgər kaman ifaçısıdır, yoxsa
Habil müəllim, siz muğam ifaçısısınız
ki, işiniz-peşəniz xanəndələrə yersiz irad
tutmaqdır... İllər uzunu xanəndələr
müşayiət etmisiniz. Necə olur ki illər boyu
müşayiətçisi olduğunuz Arif Babayev kimi bir sənətkarda
indi qüsurlar tutursunuz? Əgər Arif Babayev kimi sənətkarların
ifaçılıq sənətinə şübhəniz
vardısa, niyə onları kamanda müşayiət edirdiniz?
"Məcnun"
rolunu oynamaq hər sənətkara nəsib olmur və hər
xanəndənin də bacardığı iş deyil. Mənsum
İbrahimov istehza etdiyiniz həmin "Məcnun"la
neçə-neçə yad ölkədə Azərbaycan
musiqisini tanıdıb, sevdirib. Habil müəllim, siz bu
sözlərlə tək Mənsum İbrahimovu yox, indiyə qədər
"Məcnun"u oynayan bütün sənətkarları təhqir
etmiş oldunuz. 82 il təkcə yaş göstəricisi deyil,
həm də kamilliyi, müdrikliyi özündə ehtiva edir. Ümid
edirik ki, siz ömrünüzün bu ahıl və təbii
ki, bu yaşda olanların hamısı üçün həm
də etibarsız çağında sənətdən kənar
məsələlərə daha az vaxt ayıracaqsız. İstərdik
ki, siz yaddaşlarda və təsəvvürlərdə məhz
sənətkar kimi qalasınız.
525-ci qəzet.- 2009.- 11 aprel.- S.22.