Birinci olmaq səadəti
Valideynlərimin dediyinə
görə, danışmağa başlayanda ilk sözüm
"Qaqarin" olub. Təbii qarşılayın, 1961-ci ilin
aprelində yaş yarımlıq bir körpə ətrafında
hər kəsdən "kosmos", "kosmonavt",
"sputnik", "Qaqarin" kəlmələri eşidərsə,
nə ola bilər? O vaxtlar Moskvada oxuyan atamın
qucağında ölkə paytaxtının küçələrini
gəzərkən coşqu, sevinc içində bir-birini
salamlayan insanlardan eşitdiyim sözlərin içindən məhz
"Qaqarin"i seçmişəm. Bəlkə də
uşaq dilinə yatımlı söz olduğu
üçün. Və təbii ki, nə ilk sözlərimi,
nə də həmin o ilk uçuşu xatırlamıram. (Bir
dəfə mənə danışmışdılar ki,
Qaqarin uçanda bütün radiolar Levitanın səsi ilə
bu xəbəri verdiklərindən ilkin olaraq "Vnimanie! Vnimanie!
Qovorit Moskva! Rabotayut vse Radiostansiyi Sovetskoqo Soyuza!"
sözünü eşidəndən sonra çox adam qorxub ki,
yəqin müharibə başlayıb). Amma
düşünürəm ki, Qaqarin seçim məsələsində
hər zaman şanslı olub. Əslində o, həm taleyin, həm
tarixin, həm də planetin seçilmişi idi. İndi kimsənin
tükünü də tərpətməyən Kosmonavtika
günü ərəfəsində mən həmin təqvim
tarixinin təntənə ilə qeyd olunduğu vaxtları da
yada salıram. Bir vaxtlar uşaqların kosmonavt olmaq
arzularını yada salıram. Hamının əzbər
bildiyi familiyaları yada salıram. Kosmosu ilkin fəth eləmiş
böyük Sovet xalqının sülhə inamını yada
salıram. Təbliğat vasitələri o qədər
effektli işləyirdi ki, müharibədən ən
böyük itkilərlə, dağıntı ilə
çıxmış vətəndaşları
inandırmışdılar ki, Kosmosun kimin nəzarətində
olması həm də sülhə təminatdır. Yəqin
ki, yalan da deyildi. Və o vaxtlar birinci kosmonavtı
alqışlayan insanlar əslində gələcəkdə hər
raketin uçuşu ilə azadlıqlarının nə qədər
qısıtlandığının fərqinə
varmırdılar. Heç kosmonavtlar özləri də fərqinə
varmırdılar. Birinci kosmos fatehləri guya nəyə
görə uçduqlarını bilirdilərmi? Bildikləri
bir həqiqət vardı - bu sahədə amerikalıları
keçmək. Hətta 12 aprel tarixinin seçilməsi də
Amerika ilə bağlı idi. Gizli məlumatlar okeanın o
tayında uçuş hazırlıqlarından xəbər
verirdi. Baş konstruktor Sergey Korolyova "Vostok" gəmisini
fəzaya amerikalılardan daha tez buraxmaq əmri verilmişdi. Aprelin
11-17-si arası uçuş gerçəkləşdirilməli
idi.
İlkin olaraq müxtəlif
aviasiya polklarından 20 cavan pilot seçilmişdi. Ümumi cəhətləri qısaboylu
olmaqları imiş. Bu parametr Korolyovun istəyi idi. Kosmik raketin içində kosmonavtın oturacağı
yer çox da böyük deyildi. Raket insan uçuşu
üçün yox, nüvə başlığını
daşımaq üçün
nəzərdə tutulmuşdu.
20 nəfərin içindən 6-sı ilk kosmonavt
dəstəsinin siyahısına
düşür. Bu altılığın içindən
isə 2 nəfər axıra qalır. Kosmodromda dövlət komissiyasının iclasında
iki familiya səslənir: Qaqarin və Titov. Bu
iki nəfər isə son ana qədər kimin adının ilk kosmonavt kimi tarixə keçəcəyindən xəbərsiz
olub. Mənə elə gəlir
ki, ruslar tarixə keçəcək
soyadın həm də tarixi olması faktorunu nəzər alıblar.
Qaqarinlər Rusiyada məşhur
knyaz nəslidi. Amma kosmonavtın bu nəslə aid olub-olmadığını
bilmirəm.
Yuri Qaqarin 1934-cü ilin
9 martında Smolenski ətrafı əyalət kəndlərindən
birində doğulub (burda da bir şans məsələsi var.
8 Mart Qadınlar bayramında doğulsaydı bəlkə də
şöhrətinə kölgə düşərdi). Uşaqlığı
alman işğalı dövrünə təsadüf etdiyindən
orta məktəbi doğru-düzgün oxuya bilməyib. Bu səbəbdən
peşə məktəbinə getməli olub. Aviasiya məktəbinə
daxil olanda isə boyunun balaca olması tibb komissiyasını tərəddüddə
qoyub. Sonralar məşq uçuşlarında təyyarəni
yerə endirən zaman zolağı daha yaxşı görmək
üçün oturacağını döşəkçə
ilə hündürləşdirirmiş. Həmin döşəkçəni
də hər zaman özü ilə gəzdirirmiş. Qəribədir
ki, uçuşa mane olan bu keyfiyyət sonra onun seçilməsində
məziyyət olur. Qaqarin bəxti gətirən adam idi.
Bu gün milyonlar ödəyib
turist kimi Kosmosa çıxmaq şansı olan insan
övladı üçün hər şey adiləşib. Amma
o vaxt 1961-ci ilin aprel günlərində insanın Kosmosda
özünü necə aparacağını kimsə bilmirdi. Psixoloqlar
və həkimlər Korolyovu inandırmışdılar ki,
Yerdən uzaqlaşan və öz doğma planetinə kənardan
baxacaq insan ağlını itirə bilər, gəmidəki
idarəetmə sistemini qarışdıra bilər. Məhz bu
səbəbdən sistemi blok edirlər və şifr yazılmış
paketi kabinəyə qoyurlar. Əgər pilotun ağlı
yerində olsa paketi aça biləcək və əlahiddə
vəziyyətdə sistemi idarə edəcək. Əvvəlcədən
ilk uçuş haqqında SİTA-nın üç məlumatı
hazırlanır. Birinci variantda təntənəli, uğurlu
uçuş məlumatı. İkinci halda raket orbitə
çıxa bilməsə, tayqa və ya okeanda harasa
düşsə kosmonavtın axtarışı
üçün müxtəlif ölkələrə
müraciət və üçüncü variant
kosmonavtın faciəli şəkildə həlak olması
haqqında məlumat. Xoşbəxtlikdən ikinci və
üçüncü variant lazım olmur.
108 dəqiqə çəkən
uçuş və ondan sonra sadə kəndli balasının
başına yağan şöhrət yağışı. XX
əsrdə kimsənin şöhrətini onunla müqayisə
etmək olmur. Onu tanıyanların dediyinə görə,
Qaqarin şöhrət imtahanından üzüağ
çıxa bilmişdi. Dünyanın çox məşhur
adamları onunla görüşüb əlini
sıxmağı şərəf bilirdilər. Dünyanı
idarə edən Tanrı başçılar da dünyaya kənardan
baxmış insana Tanrı kimi baxırdılar. Bu şöhrətin
ağırlığını daşımaq böyük
igidlikdi. Ətrafında hər kəs sənə
heyranlıqla, müqəddəs bir kimsə kimi baxırsa,
ağlın çaşa bilər. Sənin təbəssümün
dünyanı məftun edirsə, sən özün də bu
cazibəyə qapıla bilərsən.
Məşhur təbəssümü
ilə bərabər alnındakı çapıq da onun sifət
cizgilərini bənzərsiz edirdi. Bu çapıq haqqında
da o dövrün qəzetçiləri müxtəlif cür
yazırlar. Deyirlər ki, Krımda dincələn kosmonavt dənizdə
batan uşağı xilas edəndə alnı qayaya dəyib
parçalanır və həkimlər onun həyatını
xilas eləməli olurlar. Bir başqaları da yazırlar ki,
sanatoriyada bir tibb bacısı ilə özəl münasibətləri
olur. Görüşdükləri otağa qəfildən kimsə
girəndə qadını pis vəziyyətdə qoymamaq
üçün ikinci mərtəbənin pəncərəsindən
tullanmalı olur. Eniş bu dəfə uğursuz
alınır. Gül ləklərini çevrələyən
kərpiclər alnını dağıdır. Birinci kosmonavt
dəstəsinin kuratoru Kamanin xatirələrində yazır
ki, "Qaqarini qan içində görəndə qorxumdan
intihar haqqında da düşündüm. Onu xilas eləmək
mümkün olmasaydı, yəqin ki, edərdim də". Az
sonra partiya qurultayının qonağı olan Qaqarin və
Titovun şəkillərini çəkmək qəzetçilərə
qadağan olur və KQB əməkdaşları buna xüsusi
diqqət edirlər.
Yenə deyilənlərə
görə, öz "Volqa"sı ilə
qırmızı işıqda keçib bir təqaüdçünün
köhnə "Pobeda"sını vurur. Hadisə yerinə
gələn milis işçisi təbii ki, Qaqarini
tanıyıb farağat durur və "günahkarı" cəzalandıracağını
söyləyir. Qaqarini başqa maşınla hadisə yerindən
uzaqlaşdırırlar. Amma özünün yox,
günahsızın cəzalanacağından ehtiyat edən
Qaqarin yenidən ora qayıdır və günahlarını
yumağa çalışır. Maşını
dağılan təqaüdçünün pulunu verir, onu cəzalandırmağa
qoymur. Bu olaydan sonra xarakterində çox şeylər dəyişməyə
başlayır. Şöhrətin məstedici havasından
ayılmağa çalışır.
Kosmonavt Vladimir Komarovun həlak
olması isə bütün kosmonavtları, ilk növbədə
Qaqarini silkələyir. Komarovun uçuşunda dublyor o
olmalı idi. Yəni həmin vaxt Komarovun yerinə Qaqarin də
uça bilərdi. Kosmosdan ölüm qoxusu gəlməyə
başlayır. Bəşəriyyətin ilk kosmonavtını
belə hadisələrdən sığortalamaq qərarı
alınır və ona uçuş yasağı qoyulur. Kosmonavtların
hazırlıq mərkəzinə rəis vəzifəsini
Qaqarinə tapşırırlar. Bu Qaqarin isə artıq
uşaq təbəssümü ilə hamıya baxan leytenant
deyildi. Hamıya cavabdeh olan, məsuliyyət daşıyan
polkovnik Qaqarin idi. Yeni eksperimental stansiyanın proyekti üzərində
qızğın iş gedir. Və onu sakitləşdirmək
üçün adını ekipajlardan birinin siyahısına
salırlar. Yeni uçuşa hazırlıq həyatının
mənasına çevrilir. Dünyanın bütün ölkələrində
gül-çiçək, sevgi heyranlıqla qarşılanan
dünya oğlunun həyatında adi günlər
başlayır. Hər dəfə Kosmosa çıxan
yoldaşlarına uğurlu uçuş arzulayan Qaqarin
özünün də yenidən uçacağına inanır.
Amma yuxarıların qərarı qəti idi. Ölkənin
simvollarından birinə çevrilmiş bu cavan oğlanı
hər vəchlə qorumaq lazım idi. Yenə deyilənlərə
görə, həmin dövr onun həyatında depressiya
başlayır və içkiyə meyllənir. Sağlığında
müqəvvaya çevrilmək qorxusu onu təqib edir...
Bəzən mənə
elə gəlir ki, hər şey yadımdadı. 1961-ci ilin aprel ayı,
Moskva küçələri. Atamın boynuna
sarılıb ətrafdakı
adamların coşqusunu
seyr edirəm. "Kosmos", "kosmonavt", "Qaqarin"
sözlərini eşidirəm.
Birinci sözümü
seçirəm - Qa-qa-rin!
Təbii
ki, yaşyarımlıq
uşağın bunları
xatırlaması mümkün
deyil. Mənə danışılmış söhbətlərin təəssüratıdı.
Bir də kinoxronikanın.
Sovet hakimiyyətinin tarixində
görünməmiş bir
hadisə - gənc bir leytenantın şərəfinə Moskvada
nümayiş keçirilir.
Ölkənin başçısı onunla bir maşında
xalqı salamlayır.
Yox, deyəsən, səhv elədim. Mənim uşaqlığımda dövlət başçısını
Qaqarinin yanında göstərməzdilər. Brejnevin zamanı idi və Xruşşovun
adına yasaq qoyulmuşdu. Bütün görüntülərdə Xruşşov
kəsilib atılırdı.
Böyüklər danışırdılar ki, bax, təyyarənin
trapından düşən
Qaqarini Xruşşov qarşılayıb, maşında
da yanında odu. Amma uzun müddət
Nikita Sergeyeviçin görüntüləri
rəfə qoyulur.
Brejnev bu şöhrəti onunla bölüşə
bilmir. Amma tarix tarixdi.
Hər şeyi özü öz yerinə qoyur. Bunları söhbətlərdən xatırlasam da Qaqarinin həlak olma xəbərinin televizordan oxunmasını
unuda bilmirəm.
Bu, bir şok
idi. Və o zaman onun ölümünə kədərlənməyən,
təəssüflənməyən Sovet insanının olduğuna inanmıram.
1968-ci ilin mart ayının 27-si. 2-ci sinifdə oxuyurdum. Yadımdadır ki, məktəbdə
də söhbət ancaq bu barədə
idi. Qaqarin martda doğulub,
martda həlak olub. Bu il
Rusiyada Qaqarinin 75 illiyini qeyd elədilər.
Mən düşünürəm ki,
hər halda Kosmonavtika günü bizim, o zamankı Sovet insanlarının hər birinin günüdü. Ən
azından neçə
illər Kosmodromda bütün kosmonavtların
hərbi salam
verib qarşısından
keçdikləri insan
azərbaycanlı olub.
... İndi bu
hadisələrin üstündən
uzun illər keçib. Qaqarinin ölümü ilə
bağlı çox müxtəlif versiyalar səsləndirilir. Hətta həmin
qəzada ölməyib
guya sağ qaldığını iddia
edənlər də olub. Sınaq uçuşunda qırıcı
təyyarəni içkili
vəziyyətdə idarə
etdiyini də deyiblər. Ancaq bütün bunlar o qədər əhəmiyyətsiz
məsələlərdi ki...
Görünür, tale onu
adiləşib hamıya
tay olmaqdan
bu şəkildə qorumuşdu. Şəkillərdən bizə baxan
xoş təbəssümünü
bu şəkildə qorumuşdu. Tale onu Birinci eləmişdi.
İndi Kosmosda stansiyalar da var, kosmonavtlar
uzun illər orda yaşaya da bilirlər, Yerin ətrafında minlərlə süni peyk fırlanır. Həmin peyklərin vasitəsilə
biz dünyanın hər
bir ucqar nöqtəsində nələr
baş verdiyindən xəbər tuturuq, internetə qoşuluruq, mobil telefonla danışırıq. Xüsusi xidmət
orqanları hər hərəkətimizə nəzarət
edə bilir, azadlığımız bu
şəkildə qısıtlanır.
Deyə bilmərəm ilk kosmonavtların
bunların olacağından
xəbəri vardı,
ya yox, onlar
öz işlərini yerinə yetirirdilər, dövlətin mənafeyini
qoruyurdular. Bəzən canları
bahasına. Hər uçuş
zamanı kosmik fəza zibillənir, çirklənir. Yer kürəsinin
anasını ağlatdı
Yer övladı, indi də göylərə
əl uzadır.
Dua üçün yox, dağıtmaq üçün.
Amma xoş təbəssümlü
o cavan oğlanın bütün bunlara dəxli yoxdu. Birinci olmaq səadətini tale ona vermişdi, onu seçmişdi. Elə mən də...
525-ci qəzet.- 2009.- 11 aprel.- S.21.