"Məktub" janrında minnətdarlıq

 

Əziz Elçin müəllim! Sizin 10 cildlik "Seçilmiş əsərləri"nizə ön sözdə çox sərrast deyilmiş bir fikriniz var ki, "mətbuat həvəskarın yox, professionalın əsərini çap etməlidir və mətbuat yazıçı olmaq istəyən adamın yazıçı olmasına qədər keçdiyi yolu öz səhifələrində əks etdirməyə borclu deyil!" İndi mətbuat azadlığı, söz və fikir müstəqilliyindən sui-istifadənin coşub-daşdığı bir zamanda, "sənətkar ordusunun" meydan suladığı dövrdə yalnız nəzəri fikirlə deyil, yüksək bədii-estetik səviyyəsi ilə seçilən, örnək olan əsərlə qarşıya çıxmaq əslində Siz və sizin kimi mütəffəkir yazıçılarımızın, ədiblərimizin taleyinə yazılan əzablı, iztirablı bir Tanrı payıdır... Əlbəttə, bunu Siz, zəmanəmizin canlı klassiki (bu mənim birmənalı inandığım qənaətdir) olaraq, çox gözəl bilirsiniz. Mənə bu sətirləri yazdıran "525-ci qəzet"in 4 aprel 2009-cu il tarixli sayında dərc edilmiş "Canavarlar" oldu. 1959-cu ildə dərc olunan "O inanırdı" adlı ilk hekayənizdən düz əlli il sonra yazılan bu əsər sizin Azərbaycan dilinə canü dildən xidmətinizin parlaq nümunəsidir. "Canavarlar"la tanışlıq "Külli-məxluqatın ən zəifi insandır..." (İlyas Əfəndiyev) fikrini təsdiqləməklə bitmir, həm böyük ümid yaradır ki, Azərbaycan ədəbiyyatının 1960-cı illər mərhələsini yaradanlardan biri kimi məşhurlaşan xalq yazıçısı Elçin mütəfəkkir-filosof təbiəti ilə hələ bundan sonra da oxucularının maraq dairəsində olacaq...

Əsər bir sıra məziyyətləri ilə yaddaşıma hakim kəsildi, lakin hər şeydən çox Allahın yaratdığı hər bir məxluqun yaşamaq haqqına tərəfdarlıq ideyası rəğbət doğurdu. Bu mənada "Canavarlar" müasir Azərbaycan ədəbiyyatının güzidə (şedevr) nümunəsi sayıla bilər nədənsə E.Heminqueyin "Qoca dəniz"ni T.Drayzerin "Dahi", "Kerri bacı", "Cenni Herhard" romanlarını xatırlatdı. Yaranmışların yaşamaq haqqını qorumaq yaradanın da istəyincədir onu bilməyənlərə anlatmaq, sahabkı nəsillərə çatdırmaq yenə Sizin kimi görkəmli yazıçımızın nəsibidir. Düzünü deyim ki, bu "məktub" janrlı yazını Sizə "525-ci qəzet"də "Sarı gəlin" çap olunanda yazmaq istəyirdim. Lakin nədənsə vaxt uzandı. Şükür Allaha ki, varsınız daha böyük əzmlə yenə yazıb-yaradır, ədəbiyyat təşnələrinin ruhuna təsəlli olursunuz. bir onu deyim ki, 50 illik yaradıcılığınız müddətində sübut etmisiniz ki, yalnız Azərbaycanın, Qafqazın, MDB məkanının deyil, dünyanın yazıçısısınız. İnanmayanlar "Canavarlar"ı oxusunlar mənim fikrimi tərəddüdlə qarşılayanlar 10 cildliyə baş vursunlar.

Hörmətli Elçin müəllim! "Canavarlar"ın süjet xətti, kompozisiyası, böyük sənətkarlıq özəllikləri orijinallığı kimi nəzəri-estetik məsələlərdən, onun ideya yönündən, əlbəttə, geniş bəhs açmaq olar. Xüsusən Sizin dərin qatlarda, geniş, əhatəli təsvir anlarında konkret-bədii məntiq məqamlarını təqdim etməyiniz, lirik-psixoloji təhkiyədə satirik-sarkastik fikir söyləmək məharətiniz yeni düşüncə üfüqləri açır, çağdaş ədəbiyyat cəmiyyət qarşıdurmasında ədəbiyyatın ictimai faydalılığına bir daha haqq qazandırır. Bədii şərtilik, dramatik gərginliklə müşayiət olunan hadisələrin axarında çağdaş dünyanın yaşantılarına aydınlıq gətirilir, indiki qloballaşma dövrünün Şərq Şimal tərəf-müqabilliyində yaşam haqqının Tanrı payı olduğuna işarə edilir. Zənnimcə rəmz, simvol bədii eyhamlar, alleqorizm əsərin obraz möhtəşəmliyinə mürəkkəbliyinə vasitə olur. Belə ki, Boz Ana canavarın Şərqə doğru "qurtarmaq bilməyən ac yolçuluğu" ilə "Şimala doğru gedən o insanlardan barıt iyi gəlmirdi" mülahizələri əsərin rəngarəng təfərrüatlı təsvir məqamları içərisində intellektual oxucunun yaddaş arxetipini qorumağa kömək edir, onda müasir dünya ictimai hadisələr barədə əlvan duyğular oyadır...

Hörmətli Elçin müəllim! Sizin həm tanınmış ədəbiyyatşünas-alim, tənqidçi nəzəri fikir adamı olduğunuzu bildiyimə, daimi oxucunuz kimi prinsiplərinizi qiymətləndirdiyimə görə "Canavarlar" haqqında geniş danışmağı indi uyğun görmürəm. Sizə Tanrıdan cansağlığı arzulayır, yeni-yeni əsərlərinizin yolunu gözləyir, "525-ci qəzet"in yaradıcı kollektivinə, gözəl bir yaz gecəsində böyük məmnunluqla oxuduğum "Canavarlar"ı işığa çıxardıqlarına görə, minnətdarlığımı bildirirəm...

 

   

Şamil VƏLİYEV,

 filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2009.- 11 aprel.- S.20