"Dolu"nun boşalan vaxtı ya sadəcə Aqil Abbas

 

Gənc Ədiblər Məktəbinin budəfəki toplantısı haqqında yazı yazmaq niyyətim var idi, amma fəxri qonaq qismində dəvət olunan millət vəkili Aqil Abbasın özü ilə gətirdiyi , az qala "bismillah"ı və "ilahi, şükür"ü olan Qarabağ dərdi, vətən həsrəti işimi bir az çətinə saldı. Daha doğrusu, qonağın danışdığı əhvalatlar, sözü gedən hadisələrə subyektiv yanaşma tərzi və bəzən bir-birinin təkzibi olan fikirləri nədən başlayıb, harada bitirməyimi əngəllədi. Bəlkə belə daha yaxşıdı. Reportaj olmasa da ona, oxşar nəsə çıxar, hər halda...

 

Mənim və Aqil Abbasın üzünə sönən işıq

 

Bakı Dövlət Universitetinin yaranmasının 90 illiyi ilə əlaqədar fakültədə keçiriləcək elmi konfransda çıxış etmək üçün mənə verilən mövzu materiallarını M.F.Axundov adına Milli Kitabxanada saf-çürük edəndən sonra onları "kserokopiya"dan keçirmək üçün qaranlıq zirzəmiyə yollandım. Limonlu çay içə-içə alnını ovuşduran adam tərs-tərs üzümə baxıb dodağının altında deyindi:

- Bu boyda adamdır məndən soruşur, işıq yanır, ya yox...

Ona minnətdarlıq edib, əlim ətəyimdən uzun zirzəmidən İŞIĞA çıxdım...

Kataloqların ətrafında yazı-pozu ilə məşğul olan tələbə qızların ucuz ətirlərinin şirin qoxusunu içimə çəkə-çəkə Anarın "Əlaqə" povestini sifariş vərəqinə yazıb kitabxanaçı xanıma verdim. Sonra fikirləşdim ki, Aqil Abbasla görüşə gedirəm, nə isə oxumaq lazımdır. Elə bu niyyətlə də Aqil müəllimin "Dolu" romanını sifariş vermək istəyirdim ki, kitabxanaçı xanım gülümsəyib təəssüfünü bildirdi:

- İşıq yanmır, fonddan kitab götürmək mümkün deyil...

Bu da XXI əsrdə Azərbaycan kitabxanasının problemi... Aqil Abbasla mənim üzümə sönən işıqda hansısa mistik ƏLAQƏ axtarmaq niyyətində olmasam da, adamın ağlına min cür şey gəlir axı...

 

"Yalançı" redaktor

 

İnsafən, Aqil müəllimi istəyənlərin sayı az deyilmiş. Onun emosionallığı, natiqlik məharəti, hətta öz içindəki bəyənmədiyi xüsusiyyətləri rəngsiz, boyasız səmimi etiraf etməsi tədbirin əvvəlindəki rəsmiyyətçilik buzunu büsbütün qırdı. Sən demə, Rəşad Məcidlə Aqil Abbasın dostluğu "qədim dövrlərə" təsadüf edirmiş. Rəşad müəllimin təqdimatı bunu deməyə əsas verirdi: "Aqil Abbas mənim qədim dostumdur..." Elə bu vaxt yazıçı Seyran Səxavətin gəlməsi, deyəsən, qonağımızın keyfinə soğan doğradı: "Seyran müəllim, hardan gəlib çıxdın, mən gop eləmək istəyirdim, sənin yanında eləyə bilməyəcəm axı..."

Auditoriyanı ələ almağın incəliklərinə dərindən bələd olan hörmətli millət vəkili həm də yaxşı statistik yaddaş sahibiymiş. Böyük Vətən müharibəsində Azərbaycan əhalisinin sayı, müharibədə iştirak edən və həlak olanlar haqqında dəqiq məlumata malik olmaq redaktor üçün qeyri-adi göstərici deyilsə də, yalançı patriotizm içində boğulan Azərbaycan cəmiyyətinin bir hissəsi olan auditoriyanı real müharibə həqiqətləri üstündə kökləmək, mübaliğəsiz-filansız, sözün əsl mənasında BÖYÜK məharət idi. Birinci Qarabağ savaşında ermənilərlə yox, bütün dünya ilə savaşan Azərbaycan əsgərinin qəhrəmanlığından danışanda Aqil Abbasın iftixarı açıq-aşkar sezilsə də, zaman-zaman halına acıdığımız fələstinlilərin muzdlu hərbçilərinin erməni silahdaşları olması haqqında söz düşəndə onun əllərinin əsməsini bəlkə də az adam görə bildi. Aqil müəllimin dediyinə görə, müharibənin qızğın vaxtında ermənilərin cəbhədəki itkilərini şişirdib "Ədalət" qəzetində yalan məlumatlar yazmaqda da "ad çıxarıbmış". Hətta adlarını çəkmək istəmədiyi bir neçə həmkarı bu "yalan"ları oxuyub ona etirazlarını bildirəndə cavablarını verməkdən qalmırmış. Dediklərini olduğu kimi yazıram: "Zəng vurub deyirdilər ki, Aqil müəllim, filan döyüşdə filan qədər erməni ölüb axı. Siz ölənlərin sayını yalandan şişirdibsiniz. Mən də deyirdim ki, ə, yaxşı eləmişəm. Qohumun ölməyib, qardaşın ölməyib. Erməni ölüb də. Cəhənnəmə ölsün".

Aqil müəllim bununla təsəlli tapırmış. Hələ dediyinə görə, bu şirin yalanları oxuyub başqa cəbhələrdə ruhlanan əsgərlərimizin yeni igidliklərinin səs-sorağı da gəlirmiş.

 

Kitab dükanındakı qızlar...

 

Günlərin bir günü Aqil Abbas şəhərin kitab dükanlarının birindən kitab alırmış. Onunla bir yerdə kitab almaq istəyən, hansısa universitetin filologiya fakültəsinin tələbəsi olan iki qız axtardıqlarını tapa bilməyəndə Aqil müəllim onların köməyinə gəlir. Qızlara istədikləri kitabın yerini deyəndə satıcı dilini dinc qoymayıb, deyir ki, tanımadınız, Aqil Abbasdır, yazıçı, millət vəkili... Qızlar başlarını yellədib, gözlərini döyürlər.

Bu əhvalat qonağımızın yaddaşında silinməz izlər qoyub, yadında saxlayıb ki, Gənc Ədiblər Məktəbində söhbət açaram. Deyir,belələrini qoyun adlandırmaqdan başqa yol yoxdur. "Filologiya fakültəsinin dördüncü kurs tələbəsi məni tanımırsa..." Aqil Abbas bu məsələni belə qoymayıb. Filologiya fakültələrinin dərs proqramları ilə tanış olanda gördüklərinə inanmayıb, otuz il bundan əvvəl tələbə olarkən nə keçirmişlərsə, indiki tələbələrə də həmin proqram tədris olunurmuş.

Millət vəkili olmaq Aqil Abbasın üzərinə yeni vəzifələr qoyub. Dediyinə görə, qohum-əqrəbasının, dost-tanışının və seçicilərinin problemlərini həll etməyi az qala həyat kredosu kimi görür. Amma gileyləndi ki, üç dəfə kömək edib dördüncü dəfə edə bilməyəndə qınaq yiyəsi olur...

Xalq şairi Məmməd Araz haqqında sualları cavablandıran qonağımız böyük şairlə bağlı maraqlı əhvalatlar da danışdı. Deyir, Məmməd Arazı inandıra bilmirdim ki, dünyada rüşvət adlı bir şey var, əlinə fürsət düşən rüşvət alır. Kişinin beyninə girmirmiş belə sözlər, inanmırmış...

Qaşqabaqlı notlar üstündə köklənməmək üçün axırayaxın eyninizi açacaq bir məqamı yazım: Aqil Abbasın "Qapqara uzun saçlar" adlı povesti iki sevən gəncin saf məhəbbətindən bəhs edir. Gənc qız biləndə ki, sevgilisi "rak" - xərçəng xəstəliyinə yoluxub, gedir xəstəxanaya, sonuncu dəfə onun üzünü görsün. Gecəni oğlanla keçirən sevgilisi bir gecədə ondan hamilə qalır. Ölümündən sonra onun yadigar oğlunu böyüdür. Aqil müəllimin dediyinə görə, bu povesti yazanda universitetdə 10-dan çox qız arasında sorğu keçirib ki, hansı qız bu addımı atardı? Deyəsən, bir qız "mən" deyib, o da yalandan, söz xətrinə. Eyni sualla auditoriyaya müraciət edəndə dostumuz Əli Əlioğludan maraqlı replika gəldi.

- Aqil müəllim, mənim belə qızım olsaydı, özüm "rak" tutardım...

 

"Özünüzü yaxşı aparsanız..."

 

"Mən sizin üçün nə edə bilərəm?" - hə, əsas məsələnin üstünə gəlib çıxdı. "Ədalət" qəzetinin qapısını Gənc Ədiblər Məktəbinin üzünə açıq elan etdi. Ayda iki dəfə qəzetin qoşa səhifəsini bizlərin ixtiyarına verib, Rəşad müəllimin təklifindən sonra, qonarar verməyi də boynuna götürdü. Bilmirəm hansı mənada dedi bu sözləri : "Özünüzü yaxşı aparsanız, həftədə bir dəfə qəzetin "Ədəbiyyat" səhifəsini sizin ixtiyarınıza verərəm". Özünü yaxşı aparmaq necə olur ki?! Hər halda, sağ olun, Aqil müəllim, necə deyərlər, payınız çox olsun... Sabah "Batmanqılınc"ın altında oturub, "Dolu"nu mütləq oxuyacam... Kim bilir, bəlkə "Saçın ucun hörməzlər" deyimini vecimə almayıb, "Günah" qazana-qazana dünyanın "Ən xoşbəxt adamı" da oldum. İndiyə qədər "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" deyirsiniz. Bəlkə doğulub, xəbərimiz yoxdu. Deyəsən, "Ədalət"in gözü ilə baxmağa ehtiyacımız var, axı...

 

 

Cavid Zeynallı

 

525-ci qəzet.- 2009.- 11 aprel.- S.20.